Dalğa qrupu Bakıda

Source: Google

Caption: Dalğa qrupu Bakıda

Respublika sarayında “Arazın səsi”... gəlmədi

Bir konsertə sözardı

Noyabrın 14-də güneyli aşıq Çingiz Mehdipurun rəhbərliyi ilə “Dalğa” qrupunun konserti olacağı xəbərini dostlardan biri dedi. Çox sevdiyim aşığı canlı-canlı dinləmək fürsəti qazanmağımıza hədsiz sevindim. Ancaq konsertə getmək üçün internet üzərindən bilet axtaranda çox məyus oldum. Konsertə sayılı günlər qalmasına baxmayaraq, bilet satışı çox zəif idi. Respublika sarayında (indi ora Heydər Əliyev adına saray deyilir) keçiriləcək konsertə, güneyli məşhur aşığın gecəsinə marağın olmaması ovqatımı korladı. Konsert gününə qədər hər gün sayta girib vəziyyətin dəyişib-dəyişmədiyini yoxlamağa başladım. Yerlər boş idi. Bu konsert üçün biletlərin qiyməti 20-120 manat aralığındaydı. Maraq üçün başqa konsertlərin də bilet qiymətinə və satılmış yerlərə də baxdım. Noyabrın 30-da sarayda konserti olacaq bəstəkar və müğənni Aleksey Çumakovun (qüsura baxmayın, bu ad mənə heç nə demir) konsertinə bilet qiyməti 30-300 manat aralığındadır və demək olar, bütün yerlər satılıb. Dekabrın 20-də xalq artistimiz Emin Ağalarovun da həmin sarayda konserti var, onda da qiymətlər 30-300 manatdır. Artıq yerlərin çoxu satılıb. Bilməyənlərə xatırlatma: Sarayın tamaşaçı tutumu 2 min 500 nəfərə yaxındır...

***

Anlaşılandır, son illər paytaxtda yenidən “rusdillilər” erası başlayıb, hakimiyyətin sevgisi xalqa da keçib. Bu məsələdə xalqın hakimiyyətlə “həmrəyliyi” isə səbəbsiz deyil, iş yerlərində üstünlük verilən dillərdən sayılır rus dili. Yəni bu dili bilirsənsə, işsiz qalmazsan. İş təklif edənlərin şərtlərində də yazılır: ingilis və rus dilini mükəmməl bilmək. Rəsmi dövlət dilini mükəmməl bilmək vacib deyil, keçmiş Baş nazir Artur Rəsizadə, indiki Xarici işlər naziri Elmar Məmmədyarov, ya da AZAL şefi Cahangir Əsgərov səviyyəsində bilmək yetər. Bu dil az qala rəsmi dövlət dili statusundadır. Ölkə başçısı İlham Əliyev 16 illik prezidentliyi dövründə 1 dəfə Azərbaycan dilində Mirşahinə, az qala 24 dəfə rus dilində “Rossiya-24” kanalına müsahibə verib... İndi yenidən avtobuslarda, mağazalarda, apteklərdə, xəstəxanalarda bu dil önə çıxıb, ədalı həkim xanımlar öz dilində danışan xəstələrə yuxarıdan aşağı baxmağa başlayıb. Nə isə, konsert mövzumuzdan uzaqlaşmayaq.

***

Görünür, mənimki əvvəldən düz gətirməmişdi. Noyabrın 14-də sarayın qapısı ağzında xalq şairi Sabir Rüstəmxanlı ilə görüşüb aralanmaq istəyirdim ki, qulağıma tanış səs dəydi: “Sabir müəllim, sizi narahat edən videobloger Ata Abdullayevdi”. Aha, dərd də azar kimi gələndə batmanla gəlir – burda deyiblər. Tərs kimi zalda da yerlərimiz yaxın idi. O, konsertə niyə gəlmişdi, heç anlaya bilmədim. Çünki adam yerində oturmurdu, tez-tez aşağı düşüb nəzarətçiylə danışır, kiməsə zəng vururdu. Konsert təzəcə başlamışdı ki, yoxa çıxdı; bilmədim getdi, yoxsa yerini dəyişdi. Yeri gəlmişkən, konsert boyu zalda hərəkət dayanmadı, tamaşaçılar səhnəyə sarı enir, orda nəzarətçi onları qarşılayıb geri, gəldikləri yerin yanındakı çıxışa qaytarırdı.

Problem bununla da bitmədi. Konsertin 10-15 dəqiqə yubanması da, yəqin, zalın yarısının boş qalmasına görəydi. Sonra sevimli kanalım olan İTV-nin “Ozan məclisi” verilişinin aparıcısı Qorxmaz Tofiqoğlu göründü. Sən demə, bu konsertə də aparıcılıq ona tapşırılıbmış. “Ulu öndər”, “möhtərəm prezident”, “hörmətli I vitse-prezident” sözlərini bu konsertdə də eşitmək qismətdəymiş. 19.00-a elan olunan konsert 19.30-da başladı. Musiqi səsi eşidilənə qədərsə aparıcı Qorxmaz Tofiqoğlu Sabir Rüstəmxanlını səhnəyə çağırdı. O da Güney-Qüzeydən danışıb sonra da zalın boşluğundan gileyləndi: “Neyləyək, güneyli qardaşımız Çingiz Mehdipurun da Filipp Kirkorov kimi dayısı yoxdur ki, zalı doldursun...”

***

Dərindən nəfəs alıb özümüzü konsertə kökləmişdik ki, aparıcı bizi xəyaldan gerçək həyata qaytardı: “İndi də güneyli aşığın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə bəstələdiyi mahnıya Məhsəti Cabbarovanın ifasında qulaq asın”.

Konsertin təşkilatçısı və ya təşkilatçılarının kim olduğunu bilmədim, çünki aparıcı çox adamın adını çəkib tamaşaçılardan alqış istədi. İnsafən, azsaylı tamaşaçılar hər dəfə bu istəyə bacardıqları qədər reaksiya verdi. Sonra tamaşaçılar ekranlardan tez-tez gördükləri Ayşən Mehdiyeva, Telli Borçalı və gənc aşıqlarımızdan bir neçəsinin ifasına qulaq asdılar; həm də dəfələrlə. Hələ Elza Seyidcahandan da bir mahnı oxundu. Məhsəti Cabbarova isə sanki solo konsert verirmiş kimi az qala hər ifaçıyla çıxıb oxuyurdu. Ancaq etiraf edim ki, bu xanımı da tanımırdım, səsinisə çox sevdim, baxmayaraq, mən, eləcə də başqa tamaşaçılar Çingiz Mehdipur və “Dalğa” adına konsertə getmişdik. Güneyli qardaşımızın Nəsimidən çox gözəl oxuduğu qəzəl gecənin pozulmuş ovqatına təsəlli oldu...

Qorxmaz Tofiqoğlusa dincəlmək bilmirdi, fürsət düşən kimi tamaşaçılardan alqış istəyirdi; təşkilatçılara, sarayın rəhbərliyinə, salondakı şairlərə, şair olmayanlara. Ara yerdə Rəşid həkimə (Mahmudov) həm tamaşaçılardan alqış aldı, həm də 81 yaşı münasibətilə “Dalğa” qrupu adından təbrik məktubu (indi dəbdə olan dillə desək, Qramota) verdi. Belə yaltaqcasına təbriklərdən vaxt olanda “Dalğa” qrupu da tamaşaçıları sevindirməyə çalışırdı. Yeri gəlmişkən, biz daha çox yerli şairlərimiz – Zəlimxan Yaqub, Abbas Abdulla, Nəriman Həsənzadə, Rüstəm Behrudi, Ramiz Rövşən və başqalarının şeirlərinə bəstələnmiş mahnılara, həm də aşıq yox, əsasən instrumental musiqilərə qulaq asdıq. Güneyli aşıq Çingiz Mehdipur yalnız konsert başa çatandan sonra, görünür, tamaşaçıları qırmamaq üçün, bir neçə dəqiqəlik solo ifa elədi. Deyəsən, təşkilatçıların bu repertuar seçimi heç onun da ürəyincə olmayıb... Ancaq istənilən halda “Dalğa” qrupuna böyük təşəkkür düşür; Arazın səsini dünyaya yaydıqları üçün.

Əslində güneyli-quzeyli birgə konsert vermək çox yaxşıdır, ancaq o konserti məddah-şouya çevirməklə, kimlərisə yersiz tərifləməklə, kimlərəsə yaltaqlanmaqla bu birliyimizi pozuruq. Bütün bunlar, iki saat yarımda gördüklərimiz, bəlkə də, xoş olan niyyətin üstündən çalın-çarpaz xətt çəkdi, bizi ikiyə bölən Araz kimi. Konsertin adı da “Arazın səsi”ydi. Yenə yaralarından qan axıdırdılar...

Biletlərin qiyməti

Biletlərin qiyməti

Source: Screenshot

Biletlərin qiyməti

Biletlərin qiyməti

Source: Screenshot

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/50vs4d

Most Viewed