Rasim Əliyevin ölümünə görə həbs olunan şəxsin şikayətinə baxılır

Vəkil məhkəmədən vaxt istəyib

Source:
Rasim Əliyev
Rasim Əliyev
Rasim Əliyev
Rasim Əliyev


Vəkil məhkəmədən vaxt istəyib

İyunun 13-də Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Rasim Əliyevin ölümü ilə bağlı kassasiya şikayətinə baxılıb. Şikayəti jurnalistin döyülüb öldürülməsində ittiham olunan beş nəfərdən biri – Samir Mustafayev verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilmiş S.Mustafayev kassasiya şikayətində təqsirsiz olduğunu, R.Əliyevi vurmadığını, onun ölümündə heç bir rolu olmadığını yazıb. O, haqqındakı hökmün qanunsuz və əsassız olduğunu qeyd edərək, Ali Məhkəmədən bəraət istəyib.

İyunun 13-də keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi (bu halda, mərhum jurnalistin anası) və onun nümayəndəsi iştirak etməyib.

Həmçinin bildirilib ki, S.Mustafayevin müdafiəsinə yeni vəkil qoşulub. Həmin vəkil Bəxtiyar Hacıyev məhkəmədən vaxt istəyib.

Jurnalistin ölümü ilə bağlı kassasiya şikayətinə baxış avqustun 29-na qədər təxirə salınıb.

S.Mustafayev və R.Əliyevi döyüb öldürməkdə təqsirləndirilən daha dörd nəfər – Kənan Mədətov, Camal Məmmədov, Elşən İsmayılov və Arif Əliyev Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Bu maddədə 9 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

S.Mustafayev bildirir ki, o, nəinki mərhum jurnalisti, onu döyənləri də tanımayıb. R.Əliyevi isə döyməyib, əksinə, ona kömək edib: “Kamera görüntülərinə baxmaq kifayətdir ki, bunu görəsən”.

Jurnalistin ölümü ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən beş nəfərdən S.Mustafayev və Kənan Mədətov 9, Camal Məmmədov 11, Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il (son iki nəfər həm də R.Əliyevi döydükdən sonra onun pul qabısını və telefonunu götürməkdə ittiham olunur) azadlıqdan məhrum edilib.

Futbolçu Cavid Hüseynov da bu hadisəyə görə həbs olunmuşdu. Çünki olayın kökü R.Əliyevin “Facebook” səhifəsində futbolçu haqqında yazdığı tənqidi statusdan başlayıb. Jurnalistlə C.Hüseynovun bibisi oğlu arasında sosial şəbəkədə mübahisə yaranıb, daha sonra onların görüşündə – 2015-ci il avqustun 8-də bu hadisə baş verib.

İstintaqın sonunda Cavid Hüseynov haqqında cinayət işi digər beş nəfərin işindən ayrıldı. O, Cinayət Məcəlləsinin 307-ci (cinayəti bilib xəbər verməmə) maddəsi ilə təqsirli bilinib, 4 il azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apelyasiya Məhkəməsi ötən də onun cəzasını 1 il 2 aya endirib, 2016-cı ilin oktyabrında həbsdən buraxıb.

Zərərçəkmiş tərəf həm Cavid Hüseynovun cinayəti bilib xəbər verməməyə görə məsuliyyətə cəlb olunub, daha sonra buraxılmasından, həm də hadisədən sonra Kliniki Tibbi Mərkəzdə R.Əliyevi müayinə və müalicə etmiş həkimlərin cəzalandırılmamasından narazı qalıb.

Ana səhifəXəbərlərRasim Əliyevin ölümünə görə həbs olunan şəxsin şikayətinə baxılır