İlkin Rüstəmzadə

Source: Meydan TV

Caption: İlkin Rüstəmzadə

Qərbin vecinəyikmi?

Article was updated on :  29 June 2020

"Biz tamamilə təkbaşınayıq"

Trampın Milli Təhlükəsizlik üzrə müşaviri olmuş Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyev haqqında xoş sözlər yazması, bir neçə gündür demokratik ictimaiyyət tərəfindən müzakirə olunur. Bu məlumatın yayılması beyinlərdə "Qərbin Azərbaycanda demokratiya və insan haqları ilə bağlı əsl siyasəti nədir?" sualları doğurmaqdadır.

1953-63-cü illərdə MOSSAD şefi vəzifəsini icra edən, sonradan yaxalanan və edam olunan, lakin İsrail kəşfiyyatına misilsiz məlumatlar ötürən məşhur agent Eliyahu Cohenin Suriyaya yerləşdirilməsi əməliyyatının siyasi müəllifi olmuş İsser Harrel öz qeydlərinin birində bildirir ki, Suriya ilə sərhəddəki gərginliklər əgər bir gün tammiqyaslı müharibəylə nəticələnsə, İsrail təkbaşına döyüşməli olacaq. O, əlavə edirdi ki, "nə Amerika, nə də dünyada heç kim, yəhudilərin daha bir qırğınla qarşılaşmaması üçün öz övladlarını ölümə göndərəcək. Tamamilə təkbaşınayıq".

Belə baxanda haqsız deyildi. Almaniyada yəhudi dükanlarına hücumlar edildiyi "Kristel Naxt"-ın( kristal gecə) yaşandığı ərəfələrdə, ABŞ nəhəngləri Almaniya iqtisadiyyatına bir-birinin ardınca investisiya etməkdə idi. Bunlardan biri olan "Ford"-un sahibi, "Beynəlxalq yəhudilik" kitabının müəllifi Henri Ford qlobal yəhudi problemiylə bağlı daha bir məqaləsini çap etdirmiş, Hitler Polşaya hücum etdikdə "şirkətinin bu cür kiçik beynəlxalq prosesdən təsirlənməyəcək qədər güclü" olduğunu bildirmişdi. “Ford”, “General Motors” və digər ABŞ şirkətləri müharibənin sonunadək yəhudilərin ölüm kamplarına aparıldıqları avtomobillər, qatarlar üçün ehtiyat hissələri istehsal etməkdə davam etdilər. Henri Vatson rəhbərliyindəki IBM isə daha da irəli getdi və yəhudilərin ölüm düşərgələrinə göndərilməsinin və məhv edilməsinin mükəmməl sxemini özündə ehtiva edən kodlaşdırma sistemini Hitler Almaniyasına satdı. Həmin vaxt ABŞ prezidenti olan F.D.Ruzvelt bütün bu rəzalətin əleyhdarı olsa da, olduqca güclü biznes elitasının davranışlarını dəyişdirməyə gücü çatmırdı.

Dünya, böyük güclərin hesaba almadığı bəzi kağızlar və qəşəng binaları olan bəzi təşkilatları çıxsaq, demək olar ki, dəyişməyib. Biznes maraqları, bu gün də hər cür dəyərin üstündədir. Arada bundan hiddətlənən qrupların spontan etirazları olsa da, sistem ümumilikdə dəyişilməzdir.

6 (bəzi mənbələrdə 7-9) milyonluq nəhəng soyqırıma məruz qalan yəhudilər müharibədən sonra öz dövlətlərini qurmaq qərarına gəldikdə, bunun üçün hansısa beynəlxalq təşkilata müraciət etmədilər. Geniş kütlələrin bildiyinin əksinə, bu işdə çox şeyi onlar dünyanın deyil, öz güclərinin hesabına bacardılar. Başlanğıcda dünyanın hər yerindən böyük məbləğlər göndərən yəhudi icmalarının maddi dəstəyi ilə Avropadan onminlərlə mühaciri və Çexoslovakiyadan aldıqları hərbi texnikanı gizli yollarla İsrailə soxdular, İngiltərənin 300 minlik silahlı qüvvələrini MOSSAD, İrgun, Palmah, Lehi kimi təşkilatların terror hücumları ilə bezdirərək regiondan qovdular, ardınca təşkilatlanmış şəkildə ordu və dövlət qurdular. Dünyanın hər yerindən güclü yəhudi beyinlərini "vətən"-ə geri qaytardılar və qurduqları sistem bugünədək mükəmməl şəkildə işləyir.

İsrail dövləti bu gün, başqa avtoritar rejimlərin öz xalqlarına yəhudilərin yaşadıqlarını yaşatması üçün hər cür yardımı etsə və hər cür təchizatı göstərsə də, bu artıq başqa mövzudur. Eləcə də əlahəzrət həqiqəti dəyişmir. Bu həqiqət isə odur ki, uğurun başlanğıcı reallıqları olduğu kimi dərk etməkdir.

Bu gün Azərbaycanda demokratiyanın və insan haqlarının olması azsaylı fədakar insan haqları təşkilatlarını və onların kollektivini çıxmaqla, dünyada heç kimin vecinə deyil. Reallığa qalanda, bu Azərbaycanda demokratiya və insan haqlarının olması heç qərb güclərinə də sərf etmir. Azərbaycan dövlətinin və xalqının milli maraqlarına santimentsiz sadiq qalan hökumət, qərbin maraqları baxımından elə də sərfəli deyil. Onlara Nyu-Yorkda oğlanlarına 4.2 milyon dollara villa alan Xarici işlər nazirinin mənsub olduğu hakimiyyət daha sərfəlidir.

Qərbdən insan haqları məsələsində gələn təpkilər heç də təsirsiz və ya lazımsız deyil, lakin növbətçidir və güc nisbətində, eləcə də bizim hakimiyyətin davranışlarında əsaslı dəyişiklik etmək gücündə deyil.

Əgər öz ölkəmizin gələcəyi üçün nəsə etmək istəyiriksə, bunu anlamalıyıq ki, bizim azadlığımız, hüquqlarımız və demokratiyamız üçün bizdən başqa heç kim mübarizə aparmayacaq. Qısası, MOSSAD şefinin dediyi kimi: "Biz tamamilə təkbaşınayıq".

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  29 June 2020
Featured in:  
Shortlink:   http://mtv.re/p12dbh

Most Viewed