“Qərar verdim ki, artıq atamla birgə yaşaya bilmərəm”

“Evdə mübahisə yarandı, həmin gün məni çox pis döydü, hirsi soyumadı, mətbəxdən bıcağı götürüb üstümə gəldi”

Source: Specify Source


"Öz ayaqlarının üstündə durmağı bacaran qadınların əxlaqsız olmadığını sübut etmək istəyirəm"

22 yaşlı Banu (ad şərtidir) özünü məişət zorakılığının qurbanlarından hesab edir.

O, ailəsində atası, anası və qardaşı tərəfindən psixiloji və fiziki təzyiqə məruz qaldığını deyir.

Banunun sözlərinə görə, ibtidai sinif müəllimliyi ixtisasını bitirib. Ailəsi onu müəllim olmağa məcbur etdiyi üçün bu ixtisası seçib.

İndi isə məhşur restoranların birində inzibatçı işləyir.


“Bacım araya girib həyatımı xilas elədi”

“Uşaq olanda atam mənimlə çox mehriban idi, ən sevimli uşağı idim. Böyüdükcə mənə qarşı rəfdarı dəyişməyə başladı. Öz ayaqlarımın üstündə durmağım onu narahat edirdi. Atam düşünürdü ki, qız uşağı işləməz, axşam 9-dan sonra evə gəlməz. Mən isə yaxşı maaş təklif etdikləri üçün restoranda işləməyə başlamışdım. Bəzən işdən gec çıxmalı olurdum. Atam isə bu vəziyyəti qəbul etmirdi. Nə vaxt ki ona pul verirdim, yaxşı övlad olurdum. Elə oldu ki, kreditə telefon aldım və atama artıq əvvəlki kimi pul verə bilmədim. O zaman mənim şiddət hekayəm başladı. Atam bir dəfə mənim qonaqlıqda spirtli içki içdiyimi öyrəndi. Evdə mübahisə yarandı, həmin gün məni çox pis döydü, hirsi soyumadı, mətbəxdən bıcağı götürüb üstümə gəldi. Bacım araya girib mənim həyatımı xilas elədi. O gün qərar verdim ki, artıq atamla birlikdə yaşaya bilmərəm”, – deyə Banu başına gələnləri belə ifadə edir.

O, özünü özünü müasir gənc hesab edir və deyir ki, qadınlarla kişilər bərabərhüquqludur: “Necə olur ki, qardaşım gecə əylənə, spirtli içki içə, siqaret çəkə bilər, amma mən məhz qız olduğum üçün bunları edə bilmərəm?”

Ailəsindən ayrılandan sonra Banunun köməyinə aylıq maaşı çatıb, kirayə ev tutaraq tək yaşamağa başlayıb: “Tək yaşamağım da ailəmin təzyiqlərindən uzaqlaşmağa mane olmur hər gün zəng edirlər: "Qohumlar səni axşam çöldə görməsin, evə tez get”. Əslində narahatlıqlarının səbəbi mənim başıma bir hadisə gəlməyi yox, qohumların məni gec saatlarda küçədə görməsidir. Valideynlərim üçün başqalarının fikri mənim xoşbəxtliyimdən daha önəmlidir”.


“…qadınların özgüvəni zədələnir”

2020-ci ilin rəsmi statistikasına görə, Azərbaycanda 987 nəfər məişət zorakılığının qurbanı olub. Onlardan 41 qadın zorakılıq zəmində qətl edilib.

Ekspertlər deyir ki, Azərbaycanda məişət zoraklığına məruz qalan minlərlə qadın var, lakin onların bir çoxu bununla barışaraq yaşayır.

Sosial işçi Afaq Hüseynova həmkarı Könül ilə birlikdə “Qadın üçün” adlı sosial layihə həyata keçirib. Onlar “Qaynar xətt” yaradıblar. Buna səbəb isə zorakılığa məruz qalan qadınlara dəstək verməkdir.

Afaq Hüseynova deyir ki, 24 saat açıq olan "Qaynar xətt" xilas olmağın yolunu axtaran qadınlar üçün yeni ümid qapısıdır: "Azərbaycanda, xüsusən son dövrlər artan qadına qarşı zorakılıq halları cəmiyyətin həssas kəsimini narahat edir. Adətən, məruz qaldıqları fiziki, psixoloji təzyiqlər nəticəsində qadınların özgüvəni zədələnir, ətrafa olan marağı azalır. Bu, həm də ailədə olan uşaqların sağlam böyüməsinə mənfi təsir edən amillərdən biridir. Belə problemləri nəzərə alaraq biz, “Qadın üçün” təşəbbüs qrupu yaratdıq və mövcud problemlə sistemli, ardıcıl işləmək qərarına gəldik. Beləliklə, məqsədimiz zorakılığa məruz qalan qadınların problemlərini sosial işçilər tərəfindən dəyərləndirib onlara təmannasız hüquqi və psixoloji dəstək vermək, qadın hüquqları ilə bağlı maarifləndirmə işləri aparmaqdır. Buna görə biz, “Qadın üçün” təşəbbüs qrupu, ölkədə baş verən bu kimi hadisələrə həssas yanaşan psixoloqlar və vəkilərlə birgə şiddətə məruz qalan qadınlara real və təmannasız dəstək vermək qərarına gəldik”.

O, qadınları zorakılığa qarşı etiraza səsləyir: "Bu layihənin bir məqsədi də qadınları təlimatlandırmaqdır. Azərbaycanda qadınlar məişət zorakılığından daha çox əziyyət çəkir. Təəssüf ki, qadınlara qarşı məişət zorakılığı, onların fiziki, psixoloji şiddətə məruz qalması toplum tərəfindən də loyal qarşılanır. Hətta bu hal qadınların özlərinə belə o qədər aşılanıb ki, onlar zorakılığı müəyyən mənada “haqq etdiklərini” düşünür və bir çox halda susmağa, bununla barışmağa üstünlük verirlər. Halbuki bu qadınların taleyi və ya layiq olduğu cəza deyil. Heç kim zorakılığa və təhqirə layiq deyil və bu, normal olmamalıdır”.


Atılacaq addımlar…

Afaq Hüseynova zorakılığa məruz qalan şəxsin özünü qorumaq üçün ata biləcəyi müəyyən addımları da sadalayıb: “Bunlardan ilkin olanı Daxili İşlər Nazirliyinin "102" nömrəli Çağrı Mərkəzinə zəng edib üzləşdiyiniz zorakılıqla bağlı məlumat verməkdir. Zorakı şəxslə birlikdəsinizsə və sizin ondan uzaqlaşmaq imkanınız yoxdursa, polisi hadisə yerinə çağıra bilərsiniz. Bədəninizdə hər hansı bir zorakılıq izi, xəsarət varsa, həm sağlamlığınız, həm də zorakılığın sübut edilməsi üçün həkim müayinəsindən keçmək, xəsarət izləri ilə bağlı arayış almaq vacibdir. Belə ki, siz ya hər hansı bir xəstəxanadaki həkimə müraciət edə və ya "103" – Təcili Tibbi Yardım xidmətinə zəng edə bilərsiniz. Əlavə olaraq, polis zorakılıqla bağlı araşdırma etdikdə müstəntiq, tədqiqatçı və ya polisin sizin tibbi ekspertizaya yönləndirməsini tələb etməniz zorakılığın sübut edilməsi üçün vacib amildir”.

Azərbaycanda gender əsaslı zorakılığa məruz qalmış şəxslər, xüsusilə zorakılıqla üzləşmiş qadın və qızların müraciəti üçün nəzərdə tutulmuş qaynar xəttin nömrəsi "860"dır. Bakı ərazisindən ev telefonu ilə birbaşa "860", mobil nömrələrdən və ölkənin regionlarından isə "012 860" yığmaqla “qaynar xətt”lə əlaqə saxlamaq mümkündür.

“Qaynar xətt”ə müraciət edənlər gender əsaslı zorakılıq və məişət zorakılığı, eləcə də müvafiq dəstək xidmətləri ilə bağlı məlumatlar ala, zəruri hallarda təmənnasız psixoloji konsultasiya ilə təmin edilirlər.

Afaq Hüseynova həmçinin bildirib ki, onların layihəsi olan “Qadın üçün təşəbbüs qrupu” zorakılığa məruz qalmış qadınlara təmənnasız olaraq yardım göstərir. Sosial işçilər ilkin qiymətləndirmə aparıb lazım olduqda həm hüquqi, həm də psixoloji konsultasiya ilə təmin edir.

Məişət zorakılığının qurbanı olan qadınlar +99455 646 69 86 nömrəsi ilə əlaqə yarada bilərlər.


“Öz ayaqlarım üstündə…”

Banu isə hər gün səhər saat 6-da yuxudan oyanır, makyajını edir, dikdaban ayaqqabılarını geyinərək işə gedir. İndi onun həyatda tək devizi ailəsinə öz ayaqları üstündə duran qadınların əxlaqsız olmadığını sübut etməkdir. O, gələcəkdə Türkiyədə yenidən təhsil almağı da planlaşdırır.

Deyir ki, bu dəfə isə ixtisasını ailəsinin yox, öz seçimi ilə edib baytar kimi Bakıya dönəcək…

Ana səhifəBölgə“Qərar verdim ki, artıq atamla birgə yaşaya bilmərəm”