Qayıtmağa da, normal yaşamağa da ümidi olmayanlar: köçkünlüyü bitməyən müvəqqəti köçkünlər

Qayıtmağa da, normal yaşamağa da ümidi olmayanlar

Rəsmi məlumatlara görə, 90-cı illərdə gedən hərbi əməliyyatlar zamanı milyona yaxın azərbaycanlı məcburi köçkünə çevrilmişdi. Müharibə nəticəsində evsiz-eşiksiz qalan insanlara ilk vaxtlar çadır düşərgələri salınırdı. Daha sonra onlar üçün qəsəbələr, yaşayış kompleksləri tikməyə başladılar. Bununla belə, onların çoxu hələ də keçmiş yataqxanaların, məktəblərin, uşaq bağçalarının yarıuçuq binalarında, hətta vaqonlarda yaşayırlar və uzun illərdir ki, normal mənzil sahibi olmaq üçün növbə gözləyirlər. Nə qədər paradoksal olsa da, torpaqların işğaldan azad olunması onların, uzun illər sürən mənzil problemlərinin tezliklə həll olunacağı ilə bağlı ümidlərini doğrultmadı.

Qarabağ uğrunda Azərbaycanla Ermənistan arasında gedən müharibə 2020-ci il noyabrın 9-da başa çatıb. İki ölkə arasında Rusiyanın vasitəçiliyi ilə bağlanmış razılaşmaya əsasən, Dağlıq Qarabağın böyük hissəsi, o cümlədən ətraf rayonlar Azərbaycanın nəzarəti altına keçib. Yenə eyni razılaşmaya görə, 90-cı illərdə gedən hərbi əməliyyatlar zamanı işğal olunmuş bölgələri tərk etmiş qaçqınlar və məcburi köçkünlər artıq doğma torpaqlarına qayıda bilərlər. Sentyabrın 27-də başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi zamanı vaxtilə öz evlərini tərk etməyə məcbur qalan insanların əksəriyyəti işğal altında olan ərazilərin azad olunması ilə bağlı xəbərlərə münasibətlərini “Mən artıq məcburi köçkün deyiləm!” cümləsi ilə ifadə edirdilər.

Ölkə Prezidenti İlham Əliyev də yanvarın 6-da keçirilən 2020-ci ilin yekunlarına dair onlayn müşavirədə onların yanılmadıqlarını təsdiqləyıb və azad olunmuş bölgələrdə qeydiyyatda olan insanların məcburi köçkün statusunun ləğv olunduğunu söyləyib. Həmçinin prezident onu da əlavə edib ki, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri məqsədilə sözügedən ərazilərdə bərpa işləri başlayıb, qayıtma prosesi könüllülük əsasında olacaq, lakin yataqxanalarda, uşaq bağçalarında məskən salmış bu insanlar üçün nəzərdə tutulan evlər artıq onlara verilməyəcək və köçkünlər üçün evlər ancaq azad olunmuş torpaqlarda tikiləcək: “Mən bilirəm ki, onlar uzun illərdi bu evləri gözləyirdilər, amma indi torpaqlar azad olunub, – prezident öz çıxışında deyib. – Ona görə, keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır”.

Öz növbəsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli də keçmiş məcburi köçkünlər üçün inşa edilən mənzillərin artıq Qaçqaınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansından çıxarılıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi ilə bağlı işlərin başladığını

bildirib.


“Pərdə ilə üç hissəyə bölünmüş dar bir otaqda yaşayırıq”

Beləcə, uzun illərdən sonra təzə-təzə normal yaşamağa başlayan insanlar, indi hər an təkrar köçməyə hazır olmalıdırlar. Böyük ehtimalla, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması bu tezliklə mümkün olmayacaq. Çünki azad olunmuş ərazilər minalardan təmizlənməli, yaşayış üçün yararlı hala salınmalıdır. Bu isə o deməkdir ki, yüzminlərlə insan, ən yaxşı halda, daha 3-5 il ağır şəraitdə yaşamağa məhkumdurlar.

“İki oğlum, bir qızım var. Oğullarım evləniblər, hərəsinin iki uşağı var. On adam – yoldaşım rəhmətə gedəndən sonra doqquz – dar bir otaqda yaşayırıq. Oranı pərdə ilə kəsib üç balaca otağa çevirmişik, qazımız yoxdur”, – bunu ağdamlı məcburi köçkün Məryəm Məmmədova deyir.

Əksər həmyerliləri kimi Məryəm müəllimə də 1993-cü ildə, Ağdam rayonu işğal olunanda ailəsi ilə birlikdə evini tərk etməyə məcbur qalıb. Ailə, tezliklə geri qayıdacağı ümidilə üç ilə qədər Ağdama yaxın kəndlərdə yaşayıb. 1995-ci ildə isə Bakıya gəliblər və o vaxtdan yataqxanada məskən salıblar. “Qaçqınkom”dan zəng vurub geri qayıtmaq istəyib-istəmədiklərini soruşanda Məryəm müəllimə də, oğulları da qayıtmaq istədiklərini deyiblər. Ancaq bunun nə vaxt mümkün olacağını bilmirlər.

“Bizi ev üçün qeydiyyata almışdılar, dekabrda köçməli idik. Müharibə başlayanda burda qonşularla birlikdə qərara gəlmişdik ki, o evlərdən imtina edək, onlar şəhid ailələrinə, qazilərə verilsin, biz öz torpaqlarımıza qayıtmaq istəyirik. Amma indi bilmirik, bu, nə qədər çəkəcək. Heç olmasa, iki-üç ilə olsa, yaxşı olardı. Su ümumidir, hamam-tualet ümumidir, Altıncı-bazar günləri hamam-tualetin qarşısında növbə yaranır. Çox çətindir. Heç olmasa, müvəqqəti də olsa, köçürsəydilər, yaxşı olardı. Sonra qayıtmağa icazə veriləndə yenə qayıdardıq. Balaca bir yerdə üç ailəyik, heç olmasa, birini köçürəydilər”, – Məryəm müəllimə deyir.

Füzuli rayonundan məcburi köçkün olan tibb bacısı Validə Yusifova da keçən ilin dekabrında ailəsi ilə birlikdə yeni mənzilə köçməli idi, ancaq bu, artıq olmayacaq. O, həyat yoldaşı ilə birlikdə doğma kəndinə qayıdana qədər yataqxanada yaşamalıdır.

“1994-cü il avqustun 15-dən bu günə qədər yataqxanadayam. İndi yoldaşımla birlikdə yaşayıram, hava yoxdur deyə oğlum burda qalmır, kirayə ev tutub. Biz bura gələndə bircə hörgü vardı, otağı özümüz tikmişik. Qaz əvvəldən olmayıb. Bircə işıq normal gəlir. Odur ki, elektrik plitəsindən istifadə edirik. Yaxşı ki, kommunal xərclərimizi dövlət ödəyir. Biz yenə özümüzə yaxşı-pis şərait düzəltmişik, hamam-tualetimiz ayrıdır. Yuxarı mərtəbələrdə vəziyyət çox pisdir”, – Validə Yusifova deyir.

Validə xanım da qaçqınkomun qayıdıb-qayıtmamaqla bağlı sualına “hə” cavabı verənlərdəndir: “Burda evimiz yoxdur, niyə qayıtmayaq? Demək olar ki, çoxu qayıtmaq istəyir. Bu şəraitdə kim qalmaq istəyər ki?! Amma məncə, qayıtmaq, ən azı, 3-4, ən çoxu 5-7 il çəkə bilər. Eybi yox, 27 il dözmüşük, 5-6 il də dözərik”.

tikili 2.jpg
Evin vəziyyəti


“Belə görürəm, ora sadəcə basdırılmaq üçün gedəcəyik…”

Dövlət tərəfindən məcburi köçkünlərə verilən güzəştlər, onlar üçün tikilən evlər, yerləşdirilməsi – bunların hamısı müvəqqəti xarakter daşıyır və onların mülkiyyətinə verilmir. İndi məcburi köçkünlüyün əsasını təşkil eləyən səbəblər aradan qalxdığına, yəni torpaqlar işğaldan azad olunduğuna görə, artıq həmin şəxslər faktiki olaraq məcburi köçkün deyillər. Çünki istədikləri vaxt gəldikləri yerə qayıda bilərlər. Lakin hüquqşünas Xalid Bağırovun fikrincə, “istədikləri vaxt” ifadəsi qeyri-müəyyəndir, ona görə ki, onlar hələlik qayıda bilmirlər.

“Dövlət, o insanların məcburi köçkün statusunu yalnız bütün problemləri aradan qaldırandan sonra ləğv edə bilər. O vaxta qədər həmin şəxslərin məcburi köçkün statusunun ləğvi hüquqi baxımdan doğru sayılmır”, – Xalid Bağırov deyir.

Digər tərəfdən prezidentin “məcburi köçkünlər üçün evlər yalnız azad olunmuş ərazilərdə tikiləcək” ifadəsi də aydınlıq tələb edir. Hüquq müdafiəçisi Anar Məmmədlinin fikrincə, dövlət bu məsələdə iştirakçılıq prinsipini əsas götürməlidir və məcburi köçkünlərin istəkləri nəzərə alınmalıdır.

“Yaxşı olardı ki, məcburi köçkünlərlə bağlı komitə əvəzinə reinteqrasiya ilə bağlı dövlət komitəsi yaradılsın, azad olunmuş torpaqların yenidən qurulması ilə bağlı məsələlər vətəndaşların və mütəxəssislərin iştirakı ilə həll olunsun. Biz, prosesləri, təsadüfən, prezidentin və ya hansısa məmurun açıqlamalarından öyrənirik. Halbuki həmin yerlər elə şəkildə bərpa olunmalıdır ki, insanlar orda yaşamağa həvəsli olsunlar”, – özü də keçmiş məcburi köçkün olan Anar Məmmədli izah edir. Onun fikrincə, hökumətin hazırda atdığı addımlarda planlı yanaşmadan daha çox tələskənlik hiss olunur.

Hərçənd hökumət, hələlik məcburi köçkünlərin Qarabağa nə vaxt qayıdacaqları ilə bağlı heç nə demir və azad olunmuş torpaqlara getməmək barədə tövsiyələr verməklə kifayətlənir. Hələ keçən ilin noyabr ayında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov jurnalistlərə bildirmişdi ki, minalı sahələr həddindən çox olduğuna görə, Qarabağda erməni işğalından azad edilmiş ərazilərin 80%-dən çoxu hələlik təhlükəli hesab olunur. Onun sözlərinə görə, sözügedən ərazilərin minalardan tamamilə təmizlənməsi 3-5 il çəkəcək.

“Əgər növbəti on il ərzində orda yaşayış üçün normal şərait, sosial-iqtisadi mühit yaradılmazsa, bu gün onlara “burda sizə mənzil verilməyəcək, toqraqlarınıza qayıdın” demək doğru yanaşma deyil”, – Anar Məmmədli belə hesab edir.

Hələlik isə köhnə yataqxananın yarıuçuq, yaşamaq üçün heç bir şəraiti olmayan binasında yaşayan məcburi köçkün Nailə Zamanova hökumətdən xahiş edir ki, doğma torpaqlarına qayıdana qədər onlara “kiçik də olsa, bir mənzil” versin:

“Bu, nə qədər çəkəcək? İki-üç il? Bəlkə heç o günləri görə bilməyəcəyik, ölüb gedəcəyik. Burda çəkdiyimiz əziyyətlərdən sonra, belə görürəm, biz ora ancaq basdırılmaq üçün gedəcəyik…”

Rəsmi statistikaya görə, qaçqın və məcburi köçkünlər Azərbaycan Respublikası əhalisinin 1,2 milyonunu, yəni 12,4%-ni təşkil

edir.

Ana səhifəVideoQayıtmağa da, normal yaşamağa da ümidi olmayanlar: köçkünlüyü bitməyən müvəqqəti köçkünlər