Elnur Astanbəyli

Source: Foto: Meydan TV

Caption: Elnur Astanbəyli

Qaranlıqdan qeydlər

(Bir azərbaycanlının gündəliyindən...)

Ənənəvi mesaj

Hakim dairələr 9 fevralda baş tutan növbədənkənar parlament seçkisinə, daha dəqiq, növbədənkənar seçki biabırçılığına qarşı MSK-nın qarşındakı dinc etirazı amansız zorakılıqla dağıdaraq növbəti dəfə bu mesajı verdi: "Saxtakarlıq – ali siyasətimizdir, dəyişməz normativimizdir, mövcudluq səbəbimizdir, əsl mahiyyətimizdir, sizsə saxtakarlığa görə sadəcə müəllimləri-zadı günahlandıracaq qədər sadəlöhvsünüz!"

***

İbrətamiz

Bəh, bəh! Xəbərə gəl, xəbərə: Əli Həsənovun qəzetlərinə hökumətdən pul yardımı kəsilib, ardınca bu qəzetlər ölkə başçısına müraciət imzalayaraq yardımın bərpası üçün kömək istəyiblər.

Halbuki illər uzunu tənqidçi mətbuatı "xalq düşməni", "vətən xaini" kimi damğalayır, onların ləğvinə, bağlanmasına çağırırdılar, məsələn, "Azadlıq" kimi müxalif KİV-lərin nəşri min hoqqa ilə dayandırılanda bundan toy-bayram düzəldirdilər. Tənqidçi mediasız özlərinin də qara qəpik dəyərinin olmayacağını anlamır, yaxud anlamaq istəmirdilər, ümumiyyətlə, mətbuatı vəzifəli şəxslərin qoltuğuna məhkum etməyin hansı acı nəticələr doğuracağı veclərinə də deyildi.

Qısası, Azərbaycanda yaşamağın bircə ləzzəti var: hərdən belə ibrətlik hadisələr də baş verir...

***

Məşğulluq idarəsində

Qazaxda xeyli vaxtdı işsiz olan bir nəfər çarəsiz qalıb məşğulluq idarəsinə yollanır. İdarə rəisi oturdur bunu qarşısında, bir az ordan-burdan sorğu-sual eləyəndən sonra qayıdır ki: "Nə əcəb Urusetə işləməyə getmirsən?"

***

Hiyləgər yaltaqlar

Azərbaycanda ənənəvi yaltaq olmadıqlarını nümayiş etdirmək, belə deyək, yaltaqlıqlarını bir növ "intellektuallıq" pərdəsi altında gizlətmək istəyənlərin üç sığınacağı var:

  1. Cümhuriyyət (Rəsulzadə və digər qurucu babalar)
  2. Ateizm (Mirzə Fətəli Axundzadə və digər aydınlıqçılar)
  3. 1937-ci il repressiyası – "qırmızı terror" və onun qurbanları)

Monarxiyanı mədh edirlər, ancaq yeri gələndə Cümhuriyyət barədə ağızdolusu danışa bilirlər.

Ədalətsiz düzəni vəsf edirlər, ancaq insanların yerdəki ədalətsizlikdən bezib göylərdəın ədalət gözləmək məcburiyyətində qaldıqlarını görmürlər.

Gözlərinin qarşısında insanların fikirlərinə, düşüncələrinə görə şərlənib həbsə atılmasına, təqib və təzyiqlə üzləşməsinə susur, ancaq 137-ci il repressiyası qurbanlarına acıyırlar.

Halbuki indi sağ olsaydılar Rəsulzadə də, Axundov da, repressiya qurbanları da öz müti mahiyyətlərini bu üç mövzunun arxasında gizlədənlərə sadəcə gülərdilər.

***

Ağıllı gediş

Bizim ölkədə müxalifətçiliyin ülvi bir adı, havası, romantikası var.

İndi guya hakimiyyətin tənqidi ilə məşğul olan aqrar qoxulu "yutub" kanalları, moderator, spiker qiyafəli "yutub" personajları ilə onu gözdən salır, onu urvatsızlaşdırırlar. Müxalifətçiliyi səviyyəsizliklə, söyüşlə, bozbaşlıqla, aqrarlıqla assosiasiya etdirirlər. Müxalifətçiliyi eybəcərləşdirir, adamları bu ruhdan, havadan, romantikadan iyrəndirirlər.

Ağıllı gedişdi...

***

The end

Özümə bir Vətən düzəldəm gərək,

Qapısı ağzında iri bir köpək

Bura pis niyyətlə gələnə hürsün,

Bizə lap uzaqdan hürənə hürsün.

Heç bir kəsə quyruq bulamasın qoy

Heç bir vaxt qab dibi yalamasın qoy.

Özümə bir Vətən düzəldəm gərək... – yazan şairin axırda özündən xalq şairi düzəltdilər.

***

Şərhsiz...

Saytlardan: "Əzim Əzimzadənin xatirə muzeyinin əməkdaşı Xalidə xanım deyir ki, hər il aprelin 30-da – görkəmli rəssamın doğum günündə muzeyin “Facebook” səhifəsində bununla bağlı paylaşım edirlər və belə təbriklər alırlar: “Yüz yaşa”, “Allah sizə uzun ömür versin”, “İşlərinizdə uğurlar”, “Yaradıcılığınızda müvəffəqiyyətlər”, “Xoş arzular”. Axırda Xalidə xanım yazıb ki, Əzim Əzimzadə həyatda yoxdur, 1943-cü ildə vəfat edib"...

***

Problem yanıltmacı

Hakimiyyətin islahat söhbətlərinə həmişə gülmüşəm, yenə də gülürəm.

Niyə?

Cavab yanıltmac kimi səslənsə də yazacağam: ölkəyə bu qədər problem yaradan adamlardan həmin problemləri həll edəcəklərini gözləməyin özü də başqa bir problemdir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/mz5dkg

Most Viewed