Qarabağda vuruşan erməni: Kəlbəcəri Azərbaycana vermək intihardır

Vova Vartanov

Vova Vartanov

''Sizin bütün zirehli texnikanız müqabilində nə isə güzəştə gedə bilərik''

“1988-ci ildə Qarabağ münaqişəsi başladığı zaman mən meydanda mitinq edənlər arasındaydım, amma sonra başa düşdüm ki, bu, azdır, hərəkət etmək lazımdır”.

Bunu “Turan” agentliyinə müsahibəsində Qarabağ müharibəsinin iştirakçısı, ermənilərin ilk kəşfiyyat dəstəsinin komandiri Vova Vartanov bildirib.

O deyib ki, 1989-cu ildə “Qarabağ” komitəsinin üzvlərinin həbsindən sonra hərbi təcrübəmi nəzərə alaraq, ona Azərbaycanla sərhədə gedib özünümüdafiə dəstələri təşkil etməyi təklif etdilər. V.Vartanov deyib ki, o, keçmiş SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı qoşunlarında xidmət keçib.

“1989-cu ilin noyabr-dekabr aylarında biz ilk dərin kəşfiyyat dəstəsini yığdıq və ilk dəfə 1990-cı ilin yanvarında Azərbaycanın Qazax rayonuna çıxdıq. Digər əməliyyatlarımız haqqında danışmayacağam”, deyən Vartanov müxtəlif əməliyyatlarda və döyüş əməliyyatlarında iştirak etdiyini təsdiq edib, amma onlar haqqında məlumatı açıqlamaq istəməyib.

Onun sözlərinə görə, 1992-ci ilin yanvarında döyüş dəstələrinin formalaşdırılmasına başlanılıb, sonradan onlar erməni ordusunun tərkibinə daxil olublar.

“Onda mən məsləhətçi kimi çıxış edirdim və eyni zamanda erməni qüvvələrinin komandanı, faktiki olaraq isə müdafiə naziri Vazgen Sarkisyanın yanında xüsusi dəstənin tərkibində idim. Erməni kəşfiyyatının taktiki və strateji məsələləri bizim vəzifəmiz idi”.

Döyüş əməliyyatlarından birinin mahiyyətini açıqlamaq xahişinə cavab olaraq Vartanov düşündükdən sonra deyib ki, 1990-cı ilin yanvarında onun qrupu Sovet Ordusunun döyüş sursatlarının çıxarılması haqqında məlumatı yoxlamaq üçün Qazax rayonuna daxil olub.

“Rəsmi versiyaya görə, sovet qoşunları döyüş sursatlarını və silahları Gürcüstana aparırdılar. Amma biz Qazaxa daxil olduq və müəyyən etdik ki, döyüş sursatları Ermənistandan Azərbaycana, Qazaxdan onlarla kilometr məsafədə yerləşən anbara daşınırdı”, deyə həmsöhbətimiz bildirib.

Bu gün o, niyə gəncləri döyüş əməliyyatlarına hazırlayır, sağ qalmaq məharəti öyrədir, Azərbaycanla müharibə aparmaq zərurətindən danışır? Bu suala cavabda Vartanov deyir ki, o, döyüş yoldaşları ilə birlikdə sağ qalmaq kursları təşkil edib, onların hərbi təyinatı da var: soyuq və odlu silahla davranış, ekstremal şəraitdə, o cümlədən şəhər şəraitində sağ qalmaq bacarığı.

Yetişdirdiyi gənclərin Azərbaycanla mümkün müharibədə iştirak edib-etməyəcəyi haqqında dəqiqləşdirici suala cavabda Vartanov deyib ki, onlar artıq 2016-cı ilin aprel müharibəsində iştirak ediblər.

“Yetirmələrim Qarabağın cənubunda və şimalında döyüşlərdə könüllü kimi iştirak ediblər və özlərini yaxşı göstəriblər və Azərbaycan qüvvələrinin irəliləməsini dayandırmağa kömək ediblər”, deyə o bildirir.

Ermənistan tərəfi aprel döyüşlərini “blitskriq”(sürətli müharib-red), bəziləri isə “kəşfiyyat döyüşü” adlandırıb. Bu qiymətləndirmə düzgündür? Həmsöhbətimiz bu qiymətləndirmə ilə razı deyil, həmin hadisələri daha çox Ermənistan tərəfə təzyiq göstərmək məqsədilə “siyasi aksiya” hesab edir.

“Əminəm ki, Azərbaycan tərəfi Qarabağın mərkəzindəki qüvvələri şimalda Talış dağına və cənuba - Lələ Təpəyə tərəf sıxışdırmaq istəyirdi. Mərkəzdəki qüvvələri sıxışdıraraq, Azərbaycan tərəfi Ağdama və daha sonra Əskərana hücum etməyi planlaşdırırdı. Amma mərkəz istiqamətində qüvvələrimizin kifayət qədər çox olması bu fikri həyata keçirməsinə imkan vermədi”, deyə Vartanov bildirib.

Azərbaycan ordusunun bugünki döyüş qabiliyyətini necə qiymətləndirirsiniz? “Düzünü desəm, ciddi qiymətləndirirəm. Sizin orduya xərclədiyiniz pul vəsaiti nəticə verməyə bilməzdi. Ordunuz pis deyil - normal silahlar, təlim. Xoşum gəlir, amma motivasiya problemi var”, deyə həmsöhbətimiz bildirib.
Erməni ordusunun döyüş qabiliyyətini necə qiymətləndirdiyi barədə suala cavabda Vartanov deyib ki, ermənilərin elə də müasir silahları olmasa da və silahı

Azərbaycanda olduğundan daha az olsa da, təlimləri Azərbaycan tərəfinki qədər olmasa da, ermənilərin kifayət qədər silahı var və təpələrə nəzarətləri var.

“Bu isə təkcə sizin ordunuzu deyil, Osmanlı ordusunu belə dayandırmaq üçün ən vacib şeydir. Mən artıq motivasiyadan danışmışdım. Ermənilərin və Azərbaycanlıların motivasiyası nə ilə fərqlənir? Sizin motivasiyanız incimiş heysiyyətinizdir, - belə ki, say üstünlüyünüzə baxmayaraq, müharibədə sizə qalib gəldilər, - bizdə isə sağ qalmaq arzusu”, deyə Vartanov bildirib.

Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri Qarabağ döyüşlərində iştirak etməyib, belə ki, onlar türk ordusunun hücumunu gözləyirdilər və onu geri çevirməyə hazırlaşırdılar. “1992-93-cü illərdə bu, real idi”, deyə Vartanov bildirib.

Bəs onda 1994-cü ildə atəşkəs imzaladıqdan sonra 1995 və 2016-cı illərdə Naxçıvan istiqamətində döyüşlər zamanı ermənilərin yalnız geri çəkilməsini və ərazi itirməsini necə izah etmək olar? Onların motivasiyası güclüdürsə, niyə belə oldu?

Bizim həmsöhbətimiz bunu Azərbaycan qüvvələrinin dəfələrlə üstün olması ilə, briqadanın alaya hücum etməsi kimi izah edir.

“Yalnız ilk dövrlərdə belə ola bilər. Bu, ilk hücum edənin üstünlüyüdür. Amma sonradan motivasiya, qoşunların təlim səviyyəsi işə düşür. Mən insan itkisindən qaçmaq üçün 2016-cı ilin aprelində sizə təslim etdiyimiz məntəqələrə qarşıdan hücum etməyin əleyhinəyəm. Sizin gözləmədiyiniz başqa yerləri götürmək və sonra mübadilə təklif etmək olardı. Amma Ermənistan rəhbərliyi bu ideyadan imtina edib və Moskvadan daxil olan əmri yerinə yetirib”, deyə həmsöhbətimiz bildirib.

Azərbaycanla razılıq əldə edib, Qarabağ ətrafındakı əraziləri azad etmək və əvəzində nə isə almaq, münasibətləri yoluna qoymaq və normal şəkildə inkişaf etmək yaxşı olmazdı? Axı yeni müharibə olsa və ermənilər ərazi itirsələr, onda əvəzində çətin nə isə almaq olar. Ermənistanda belə bir ssenari ehtimalı var?
Buna cavabda həmsöhbətimiz deyib ki, əlbəttə, sülh müharibədən yaxşıdır. “Amma mən razı deyiləm ki, istənilən sülh müharibədən yaxşıdır. Bu torpaqları götürsəniz, bununla kifayətlənməyəcəksiniz. Sizin Türkiyə ilə birləşməyinizə imkan verməyən bir Ermənistan var, siz isə Yerevanı ələ keçirməyə hazırlaşırsınız”, deyə Vatranov bildirib.

Ermənistanda da Gəncənin və Kürə qədər olan ərazilərin ələ keçirilməsi, talışları və ləzgiləri ayağa qaldırıb Azərbaycanda federasiya yaradılması haqqında danışıldığı barədə qeydə cavabda həmsöhbətimiz bildirib ki, Azərbaycanda İsveçrə kimi milli kantonlardan ibarət olan federasiya yaratmaq lazımdır.

“Bu, sizin təcavüzkar olmamağınıza imkan verəcək. Niyə ermənilərə, talışlara, ləzgilərə və avarlara muxtariyyət yoxdur? Sizin yeganə variantınız Qarabağ ermənilərini Azərbaycanda qalmağa cəlb edərək, federativ dövlətə çevrilmək idi”, deyə Vartanov bildirib.

Ermənilərin və Azərbaycanlıların bir-biri ilə uyğunsuzluğunun nədə olduğu barədə suala cavabda o deyir ki, mentallıq fərqlidir. “Sizdə köçərilik, bizdə isə oturaqlıq mentallığı var. Buna görə bizim birlikdə yaşamağımız çətindir”, deyə o dəqiqləşdirir.

Hər iki xalqın başına gələn faciəni nəzərə alsaq, Qarabağ hərəkatına başlamağa dəyərdi? Ortaq dil tapıb bütün problemləri dinc şəkildə həll etmək yaxşı olmazdı?
Vartanov Qarabağın ayrılması üzrə addımlar atılması təşəbbüsünün erməni ziyalılarına aid olduğu və Moskvanın səhlənkarlığı səbəbindən separatçı hərəkata çevrildiyi haqqında fikirlə razı deyil. Onun fikrincə, Azərbaycanın tərkibində ermənilər üçün perspektiv yox idi. “Necə bir arada yaşamaq olardı, Naxçıvan ermənilərinin taleyini nəzərə alaraq, qarabağlılar necə Azərbaycanın tərkibindən çıxmağı tələb etməyə bilərdi? Bilirsiniz, Naxçıvan muxtariyyəti yaranarkən bu ərazidə çox sayda erməni əhalisi var idi. Bəs onlar indi haradadır?”, deyə Vartanov sual edir.

Buna cavab olaraq mən özüm sual verirəm: elə həmin dövrdə Yerevan əhalisinin yarısını Azərbaycanlılar təşkil edirdilər, bütünlükdə Ermənistanın çox sayda Azərbaycanlı əhalisini demirəm, bəs onlar indi haradadır?

Buna cavada Vartanov deyib ki, 17-ci əsrdən etibarən “erməni ərazisində” Şah Abbas məskunlaşmışdı, o, erməniləri buradan çıxarır və buraya türkləri yerləşdirirdi.

“Ermənilər qayıtmağa çalışırdılar, amma kütləvi qayıdış yalnız 19-cu əsrdə rus-türk və rus-fars müharibələrindən, Birinci Dünya Müharibəsindən və 1915-ci il hadisələrindən sonra baş verib.

Bundan sonra erməni əhalisinin yerləşməsi dalğası baş verdi, Stalinin planına əsasən, 1940-cı illərdə ermənilər sovet ordusu ilə birlikdə şərqi Türkiyə ərazisinə yerləşdirilməli idi. Ermənistandakı əhalinin faiz nisbəti belə dəyişib”, deyə o bildirib.

Şərqi Türkiyədə öz dövlətini qurmaq məqsədi qoyan Osmanlı Türkiyəsi ermənilərinin hərəkatının səbəbi nə idi?

Vartanovun fikrincə, səbəb Osmanlı hökumətinin erməni əhalini sıxışdırmasında, qeyri-loyal vətəndaşlar kimi ermənilərə və xristianlara qarşı münasibətdə idi. “Və ümumiyyətlə, Türkiyə hakimiyyətinin vəhşiliyi”, deyə o qeyd edib.

Ənvər Paşa Birinci Dünya Müharibəsi döyüşləri zamanı mühasirəyə düşüb və onu ermənilərin yığdığı hissələr xilas edib, bununla belə, o, erməni könüllü dəstələri Rusiya tərəfinə keçdiyinə görə bütün eməniləri satqın elan edib. “Bəlkə də bu, sadəcə olaraq torpaqları təmizləmək, talan etmək üçün bəhanə idi?”, deyə Vartanov sözünə davam edir.

Ermənilər fərarilik edirsə, düşmən tərəfinə keçirsə və öz dövlətinə qarşı döyüşürsə, onlar türk hakimiyyətindən nə gözləyirdilər? Bu suala cavabda Vartanov deyib ki, fərariləri həbs etmək və mühakimə etmək lazımdır, “amma qadınların, uşaqların bunda nə günahı var?”

Onun sözlərinə görə, kürd və ərəb fərarilər heç də az deyildi, amma onların əhalisinə qarşı repressiya olmayıb, yalnız ermənilərə və asuriyalılara qarşı olub.
Yəni ermənilər təqib üçün xüsusi bir səbəb verməyiblər? Buna cavabda həmsöhbətimiz belə deyir:

“Fərari səbəb verib, buna görə xalqı cəzalandırıblar. Bu, ədalətlidir?”.

1988-ci ildə də belə bir hadisə olub, həmin vaxt silahsız və heç bir günahı olmayan erməni vətəndaşlar əzab çəkir və həlak olurdu. Yalnız ona görə ki, kimsə haradasa nə isə edib. “Bax, sizdə bu, dəfələrlə baş verib”, deyə Vartanov bildirib.

Ermənistanda azərbaycanlılara qarşı qanunsuz əməllər olmayıb? Bu suala cavabda həmsöhbətimiz təvazökarlıqla belə cavab verib: “Bilmirəm, bəlkə də olub. Amma Bakıdakı, Sumqayıtdakı kimi vəhşiliklər olmayıb”, deyə o inandırıb.

Quqarkda azərbaycanlıların kütləvi qətlləri haqqında suala cavabda o bildirib ki, belə bir şey olmayıb. “Heç olmasa bir ad çəkin”, deyə o bildirib. Həmsöhbətimiz bu işlərin araşdırmasını hələ SSRİ prokurorluq orqanlarının və Daxili İşlər Nazirliyinin apardığı, azərbaycanlıların çoxsaylı qətllərini təsdiq etdiyi barədə qeydin üstündən keçərək, Quqarkda azərbaycanlıların zorakılıqla qətlə yetirilməsi barədə qeydə alınmış faktları təqdim etməyi tələb edib. Eyni zamanda, o bildirib ki, Ermənistanda bir neçə azərbaycanlıların döyülməsi hadisəsindən xəbəri var.

Bu, ermənilərin azərbaycanlılara qarşı hərbi cinayətlər törətmədiyi deməkdir? sualına cavabda o deyir: “Əminəm ki, törədiblər, çünki hamıya nəzarət etmək mümkün deyildi. Əminəm ki, hərbi cinayət adlandırıla biləcək aktlar olub. Amma bizdə mülki əhaliyə qarşı cinayət olmayıb”, deyə Vartanov iddia edib.
Sabah yenə müharibə olsa, onun yetişdirmələri cəbhədə döyüşəcəklər? Bu suala cavabda Vartanov deyir ki, “hamısı döyüşəcək”.

Sülh bağlayıb, ərazilərin bir hissəsini qaytarıb Azərbaycanla münasibət qurmaq daha yaxşı olmazdı? Buna cavabda Vartanov deyib ki, bu, qeyri-mümkündür.

“Hansı rayonu nə ilə dəyişdirmək olar? Heç birini. Kəlbəcəri Azərbaycana vermək intihardır. Bu, bizi bölmək və ayrı-ayrılıqda məhv etmək imkanı əldə etmək deməkdir. Biz bu axmaqlığı etməyəcəyik. Qubadlı, Laçın, Zəngilan da eyni şeydir.
Qubadlı, Cəbrayıl, Füzuli Kür çayının vadisidir, onları güzəştə getsək sizə böyük zirehli texnika, piyada, artilleriya qüvvələri ilə manevr etmək imkanı vermək,

Qarabağı cinahdan mühasirəyə almaq imkanı vermək deməkdir. Füzulini ələ keçirsəniz, elə bir yerə çatacaqsınız ki, ən bəsit güllələrlə Qarabağı atəşə tuta bilərsiniz, Ağdam da eynilə”, deyə Vartanov bildirib.

Yəni ermənilər Qarabağ ətrafında heç nəyi qaytarmayacaqlar? Buna həmsöhbətimiz belə cavab verib:

“Nəyisə qaytarmaq olar, sizin bütün zirehli texnikanız - 560 tank, bütün artilleriya və raketləriniz müqabilində sizə nə isə güzəştə gedə bilərik”, deyən Vartanov konkret olaraq nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Ermənilərin neçə faizinin belə düşündüyü barədə suala həmsöhbətimizin cavabı 85 faiz olub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/zefbrx

Most Viewed