Qadınlar niyə ağılsızdır?

Bakı Dövlət Universitetinin fəlsəfə və məntiq müəllimi Elmar Hüseynov, qadınların ağlını şübhə altına qoyur.

Source:

Azərbaycanda oxuyanda müəllimlər tərəfindən qadın tələbələrə qarşı ayrı-seçkiliyi çox müşahidə etmişəm. Daha sonra təhsilimi xaricdə davam etdirərkən heç bir müəllimin dilindən“qadınlar filan şeydir” və ya “kişilər filan cürdür” deyə bir cümlə də eşitmədim. Davranışlarda qeyri-ixtiyarı ayrı-seçkilik olurdu bəzən. Təəssüflər olsun ki, hələ də qadınlara qarşı stereotiplər tamamilə aradan qaldırılmayıb, amma heç bir müəllim qadınları və kişiləri ayırıb hansısa cümlə işlətməyə cəsarət edə bilməz. Əminəm ki, hətta hansısa müəllim çaşıb “qadın zərif məxluqdur” və ya “qadınlar daha duyğusaldır” belə desəydi, tələbələr həmin anda müəllimi susdurub etiraz edərdilər.

Lakin Bakı Dövlət Universitetinin fəlsəfə və məntiq müəllimi  Elmar Hüseynov, qadınların ağlını şübhə altına qoyur. Tələbələrin etiraz cümlələrinə arqument tapmayanda isə “Facebook”-da status yazır. Bu, bilirsiz nəyə bənzəyir? Qaradərili tələbələrin olduğu auditoriyaya girib, “sizin oxuduğunuz bütün nəzəriyyələr ağdərililər tərəfindən yazılıb, onun üçün də qaradərililər heç vaxt ağdərililər qədər intellektə sahib deyillər” deməyə. Belə deyəni anında irqçi adlandırırlar, biz isə qadınlar barədə bu cəfəngiyyatı danışana “müəllim” demək məcburiyyətindəyik.

“Bütün fundamental konsepsiya, nəzəriyyə, elmi fərziyyələrin” niyə əsrlərboyu əzilmiş  qadınlar tərəfindən deyil, kişilər tərəfindən irəli sürülməsinin məntiqi səbəbini “məntiq müəllimi” dərk edə bilmir. Elm dəfələrlə sübut edib ki, bioloji olaraq qadın beyni ilə kişi beyni arasında heç bir fərq yoxdur. Hətta aşağı sinif şagirdləri arasında qızların və oğlanların eyni dərəcədə  riyaziyyat, informatika, fizika və bu kimi fənlərdə uğurlu olduğunu

müşahidə ediblər

. Lakin cəmiyyətdəki stereotiplər qadınları humanitar elmləri seçməyə və yalnız müəyyən sahələrdə işləməyə vadar edib (əgər hələ işləməyə icazə veriblərsə). “Elm və tibb üzrə Nobel qadın mükafatçılarının sayının xeyli az” olmasının da səbəbi budur.

Tarixən əzilən, burnunu çölə çıxarmağa icazəsi olmayan, hətta ən xoş zamanlarda belə stereotiplərlə mübarizə aparmağa məcbur olan qadınların niyə elmdə kişilər qədər uğurlu olmadıqlarına dair sual sədəcə gülüncdür. Bütün bunları bilərək, hələ də elmdə qadınları axtaranlar və yetərincə tapmadıqda qadının ağılsız olduğuna dair nəticəyə gələnlər var. Ələlxüsus da bizimki kimi, qadınların doğulmağa belə kişilər qədər haqları olmayan cəmiyyətdə.  Selektiv abortların sayı, qız uşaqlarının doğulduqdan sonra öldürüldükləri barədə yəqin ki, məlumatınız yetərincə var. Doğulub məktəbə və universitetə getmək üçün şanslı olan qadınların bir çoxunun da diplomu cehizlik olub.

Bu il məktəbə gedən uşaqların 63 faizi oğlandır, 37 faizi isə qız. İndi fikirləşin, bu 37 faizin neçə faizi məktəbi ərə getmədən, son siniflərdən çıxarılmadan bitirə biləcək? Neçə faizi universitetə girə biləcək?  Oğlanların valideynləri “pullu da olsa yaz, təki universitetə qəbul ol”  deyərkən, neçə faiz qızın valideyini ona “eybi yox, əsas odur ki, bəxtin açılsın, ərə gedəsən” deyəcək?  Universitetə qəbul olan qadınların neçə faizi Elmar Hüseynov kimilərinin ucbatından elmdən, təhsildən soyumayacaq? Yerdə qalanının neçə faizi universiteti bitirsə də, diplomundan sadəcə cehiz etməyəcək? Sonda, yerdə qalan qadınlardanmı, yoxsa  67 faiz bu il məktəbə gedən oğlanlardanmı alim çıxma ehtimalını hesablamaq üçün xüsusi riyazi biliklər lazım deyil.

Digər proqressiv ölkələrdə də vəziyyət yalnız son zamanlar dəyişib, həmin ölkələrin qadınlarının aqibəti bizimkindən daha yaxşı olmayıb. Amma bütün bu maneələrə baxmayaraq, qadınlar yenə dişləri, dırnaqları ilə elə fundamental elmlərdə də Nobel mükafatçısı olublar. Hətta ilk dəfə Nobel mükafatını 2 dəfə alan da qadın olub –Mari Küri, həm fizikada həm kimyada olan nailiyyətlərinə görə.

Bu yaxınlarda Harvard Universiteti 23 yaşlı qadını (Sabrina Gonzalez Pasterski) yeni Eynşteyn adlandırıb. Hal-hazırda kvant qravitasiyası üzrə araşdırma aparan bu qadının nəzəriyyəsi sübut olunarsa,

dünyaya baxışımız dəyişəcək

.  Lakin biz hələ də oxuduğumuz məktəbdən tutmuş işlədiyimiz müəssisələrə qədər daima mübarizə aparmaq məcburiyyətindəyik. Kişinin işlədiyinin 10 qatını işləməliyik ki, qadın olduğumuza görə bizi ciddiyə almayanlar, heç olmasa kişiyə verdiyi maaşın yarısını versin. Ətrafda addımbaşı qadınlarla bağlı zarafatları oxumuşundan da eşidirik, cahilindən də.  Amma özünə “müəllim” deyənin belə cümlələri dilə gətirməsi artıq təhsil sisteminin fiaskosudur.

Bu adamla bağlı dünən Təhsil Nazirliyinə müraciət etmişəm. Bu adam nəinki qadınları alçaldıb, təhqir edir, onların elmə olan maraqlarını öldürür (axı, hansı qadın tələbə bu sözlərdən sonra elmə, təhsilə meyl duyacaq, alim olmaq istəyəcək?), həmçinin prezident İlham Əliyevin “Gender bərabərliyi haqqında” imzaladığı qanunu pozur. Əgər nazir bu yazını oxuyursa, bir daha xahiş edirəm ki, ya bu kimi müəllimlərin kənarlaşdırılması ilə bağlı bir tədbir görülsün, ya da universitetlərdə müəllimlərə gender və tələbələrə hörmət edilməsi mövzularında xüsusi təlimlər təşkil edilsin.

Yazını oxuyan tələbələrə isə demək istəyirəm ki, müəllim sizi təhqir edəndə, sizə qarşı hər hansı bir səbəbdən hörmətsizlik nümayiş etdirəndə mütləq və mütləq etirazınızı bildirin. Müəllim sizi sevməyə bilər, amma hörmət etməyə borcludur.

Əziz tələbələr, mən bir müəllimə olaraq deyirəm ki, bizim heç birimizin səhvinizə, görünüşünüzə, fikrinizə, cinsinizə görə sizi alçaldıb, gülüb, lağa qoymağa haqqımız yoxdur, amma sizin bizim səhvlərimizə etiraz etməyə haqqınız var.


Redaksiyadan

: Yazıda adı keçən Elmar Hüseynov Meydan TV-yə məqalə müəllifini tanımadığını və ona gender bərabərliyi ilə bağlı düşüncələrini öyrənmək üçün müraciət etmədiyini söyləyib:

“Əgər konkret bu kontekstdə Təhsil Nazirliyinə şikayət etməyə hər hansı ciddi səbəb olsaydı, bunu çox böyük gümanla mənim tələbələrim  etmiş olardılar. Jurnalist tələbələr arasında istər dərs zamanı, istər biliklərin qiymətləndirilməsi prosesində, istərsə də dərsdən sonra normal müəllim-tələbə münasibətləri çərçivəsində gender əsasında hər hansı ayrı-seçkiliyə yol verib-vermədiyim barəsində rəy sorğusu keçirməli və daha sonra hər hansı qənaəti formalaşdırmalı idi. Hər halda bu faktın üçün peşəkar jurnalistika üçün onun tərəfindən atılmış tələsik və arzu olunmaz haldır”.

Ana səhifəMənim FikrimcəQadınlar niyə ağılsızdır?