Polis Müsavat Partiyasının iclasının keçirilməsinə imkan verməyib

Gülaga Aslanlı qeyd edib ki, indiyədək 45 rayonda iclaslar keçirilib və müxtəlif toplantılara polis müdaxiləsi olub

Source: Meydan.TV


20-yə yaxın polis əməkdaşının Arif Hacılının ata evinə gəldiyi deyilir

Martın 25-də Zaqatala Rayon Polis Şöbəsinin 20-yə yaxın əməkdaşı Arif Hacılının ata evinin həyətinə daxil olaraq Müsavat Partiyasının yerli təşkilatının iclasının keçirilməsinə imkan verməyib. Bu barədə Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müsavatçılardan bir neçə nəfər, o cümlədən Mustafa Ağayev və Veysəl Ağayev polis maşınına mindirələrək aparılıb. Amma sonradan sərbəst buraxılıblar.

İclasda iştirak etmək üçün Bakıdan Zaqatalaya getmiş Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da təzyiqlə üzləşib. Gülağa Aslanlı bildirib ki, o, iclasın keçiriləcəyi evə daxil olduqdan dərhal sonra evə bir neçə polis əməkdaşı gəlib:

"Əvvəlcə polis mayoru Aqşin Gülməmmədov dedi ki, icra hakimiyyətindən icazə almadığınız üçün iclas keçirə bilməzsiz. Ona izah etdim ki, bu, partiyadaxili iclasdır və bunun üçün icazə almaq lazım deyil. Dedi, iclası bir şərtlə keçirə bilərsiz ki, burada qiyama çağırışlar olmasın. Bildirdim ki, Müsavat qiyama qarşıdır, öz fəaliyyətini həmişə qanun çərçivəsində qurub. Amma bu vaxt məlum oldu ki polis iclasa gələn müsavatçıları saxlayır, onlara təzyiq edir".

Gülağa Aslanlı bildirib ki, polis müsavatçıların iclas keçirməyə israrlı olduqlarını gürüncə həmlə edib:

"Bir neçə dəqiqə sonra həyətə 20-yə yaxın polis daxil oldu. Aralarında podpolkovnik rütbəsi olan polislər də vardı. Zaqatala polis rəisinin müavini Niyazi Məmmədov dedi ki, onlara şikayət daxil olduğu üçün iclasın keçirilməsinə imkan verilməyəcək. Ondan kimin və nədən şikayət etdiyini soruşduqda cavab verə bilmədi".

Gülaga Aslanlı qeyd edib ki, indiyədək 45 rayonda iclaslar keçirilib və müxtəlif toplantılara polis müdaxiləsi olub:

"Amma bu şəkildə açıq və kobud müdaxilə hələ olmamışdı. Bu, polisin siyasətə qanunsuz müdaxiləsidir və bu qanunsuzluqla bağlı hüquqi prosedurlara başlayacağıq.

Zaqatala Rayon Polis Şöbəsindən Meydan TV-yə bu barədə məlumatsız olduqlarını deyiblər.

DİN-in mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb.


Mayın 24-də

Zaqatalanın bir qrup polis əməkdaşının Müsavat Partiyasının başqanı Arif Hacılının ata evinə getdiyi haqda məlumat yayılmışdı. Bildirilirdi ki, polislər qonşulardan Vaqif Hacıbəyli və Mustafa Hacıbəylinin harada olduğunu soruşublar. Onlara hər ikisinin Bakıda olduğu söyləndikdən sonra polislər Zaqatalada Müsavat Partiyasının yerli təşkilatının iclasının planlaşdırıldığını və buna imkan verilməyəcəyini bildiriblər.

Ana səhifəXəbərlərPolis Müsavat Partiyasının iclasının keçirilməsinə imkan verməyib