Fərhad Mehdiyev və Ələsgər Məmmədli

Source: Foto: Meydan TV

Caption: Fərhad Mehdiyev və Ələsgər Məmmədli

“Polis hökumətin imicinə zərbə vurur, təxribat edir”

“Yeni Yasamalda polisin addımları adekvat deyildi”

Yasamal rayonu, Dadaş Bünyadzadə, 13 saylı binada iyunun 7-də baş verənlər medianın və mətbuatın ən çox müzakirə etdiyi məsələyə çevrilib.

Meydan TV olay ətrafında yaranan suallara cavab almaq üçün hüquqşünaslar Ələsgər Məmmədli və Fərhad Mehdiyevə müraciət edib.

- Baş vermiş hadisə və ona qarşı reaksiya adekvatdırmı?

Ələsgər Məmmədli: Doğrusu, hadisə haqqında əhatəli məlumata malik deyiləm. Amma sosial mediada yayılan görüntülər və yayılan xəbərlər çərçivəsində qiymətləndirmə edə bilərəm. Təbii ki, Azərbaycanda həftəsonu günləri üçün tətbiq olunan qadağa ayrı-ayrılıqda hüquqi mübahisələndirilə bilər. Çünki bütün ölkə üzrə hər yeri qapatmaq, hətta çörək dükanlarını da bağlamaq məqsədə adekvat deyildi. Eyni zamanda, şəxsin həyətə düşüb zibil atması küçəyə çıxmaq qadağasının mahiyyətini pozmurdu. Nəticə etibarı ilə zibil evdə qalıb iylənib insanı xəstəliyə yoluxduracaqsa, məqsəd insanları xəstəliyə yoluxdurmamaqdır. Yəni zibili həyətdəki zibil qabına atmaq pozuntu olmamalıdır. Buna baxmayaraq kiməsə qarşı tətbiq olunan hərəkətin adekvat ölçüsü olmalıdır. Əgər şəxs inzibati pozuntuya yol veribsə, onu dayandırıb protokol tərtib edilir, ardınca küçəyə çıxmamaq tapşırığı verilir. Yox, tabe olmursa, polis bölməsinə aparılır. Yəni polisin küçəyə çıxanlarla düşmən kimi davranması yolverilməzdir. Son görüntülərdə polisin vətəndaşlara yönəlik aqressiyası “Polis haqqında qanun”un 5-ci maddəsinə ziddir. Faktiki olaraq, bu, həm də polisin hökumətin yaxşı niyyətinə kölgə salmasıdır. Ümumiyyətlə, polisin aqressiyasına şəxslərin hansısa formada eyvanda qışqırması, əllərindəki yumurtanı, yaxud meyvəni yerə atması bir etirazdır. Bu etiraz olduğu üçün onu hansısa formada terror kimi qiymətləndirmək yolverilməzdir. Əlbəttə, arzuolunan deyil ki, hər kəs polisin başına bir şey atsın. Etirazı daha sivil formada göstərmək olar. Amma dünyanın hər yerində görürük ki, baş nazirlərin başına yumurta, yaxud pomidor atırlar.

Fərhad Mehdiyev: Təbii ki, adekvat deyil, ciddi qanun pozuntusudur, hətta mən faciə adlandırardım. Mən ilkin videonu izləmişdim. Polislərin üstünə zibil atılmasını, bəli, qınayıram və bəyənmirəm. Ancaq kimlərin zibil atdığını müəyyən etmək mümkün deyil. Yəni hansı eyvandan atılması görünsəydi, evi müəyyənləşdirdiklərini deyib gedərdilər. Beləliklə, şəxslər müəyyən edilmədən əməliyyatı həyata keçiriblər və kollektiv cəzalandırma olub. İkinci, məhkəmə qərarı almadan insanların mənzilinə o şəkildə daxil olmaq qanunsuzdur. Üçüncü, səhər tezdən insanların qapısını döyüb bölməyə alt paltarında aparmaq olmaz. Bundan əvvəl çağırış olmalıdır. Ancaq insanları yuxudan oyadıb bölməyə aparıblar, evdə azyaşlı uşaqlar da olub. Bu, kollektiv cəzalandırma istəyinin olduğunu göstərir, yəni məhəllənin cəzalanması. Əlbəttə, yolverilməzdir, belə şey olmamalıydı.

- Bəziləri polisin haqlı olduğunu və insanların ona zibil atdığını əsas gətirirlər. Beynəlxalq təcrübədə hakim necə qərar verir?

Ələsgər Məmmədli: Polisin güc tətbiqi adekvat deyil. İnzibati pozuntuya yol verən adamı 5 adam döyə-döyə maşına mindirirsə, artıq qanun pozulur. Qanun pozulursa, vətəndaşın etiraz etmək hüququ var, Konstitusiyada göstərilir ki, hər bir vətəndaşın qanunlardan sui-istifadə edənlərə qarşı etiraz etmək hüququ var. Ona görə vətəndaşın qışqırması da vətəndaşın hüququdur. Orda hansısa əşya atıblarsa da, şəxs müəyyən olunandan sonra rəsmi qaydada tətbir görülməlidir. Amma səhər saat 6-7 radələrində insanları məhkəmə qərarı olmadan evdən aparmaq, yaxud hadisədə adamların iştirakı müəyyənləşdirilmədən kütləvi şəkildə təqib etmək polisin səlahiyyətlərindən doğru istifadə etmədiyinin göstəricisidir. Ona görə də rəsmi strukturlar polisin hərəkəti ilə bağlı dərhal tədbir görməlidir. Çünki polis hökumətin imicinə zərbə vurur, yaxşı işləri də bərbad vəziyyətə salır, bəlkə də daha kobud desək, təxribat edir.

Fərhad Mehdiyev: Vətəndaşın törətdiyi hüquq pozuntusu ona qarşı davranışın qanunun göstərdiyi hədlər çərçivəsində tətbiqinə imkan verir. Hadisədə hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməyin əsassız olduğunu düşünürəm. Belə ola bilərdi. Əgər yerə atılan əşyalar ağır idisə və polisə dəysəydi, həm də zədələsəydi, o zaman cinayət işi əsasında araşdırma başlatmaq olardı. Amma məişət tullantısı atıblarsa, cinayət Məcəlləsində hər hansı maddə nəzərdə tutulmayıb.

- Onların hərəkətində cinayət var idimi, yoxsa bu İnzibati Xətalar Məcəlləsiylə baxıla bilərdi?

Ələsgər Məmmədli: Cinayət Məcəlləsi fövqəladə vəziyyət rejimində keçərli ola bilər. İndiki halda inzibati məsuliyyətdən söhbət gedə bilər. Yəni şəxs həyətə zibil atmağa düşüb, xəstəlik yaymır. Əgər xəstəlik daşıyıcısı olsaydı, qəsdən yaymağa qalxsaydı, o zaman hansısa cinayət məsuliyyətindən danışa bilərdik. Məlum hadisə sadəcə karantin qaydalarını pozmaqdır. Binanın həyətinə düşmək küçəyə çıxmaq qadağası deyil. Hər bir insanın sağlam yaşamaq hüququ var. Hətta hökumətin müvafiq qanunvericlik əsasında bununla bağlı öhdəliyi də var. Adam 20 kvadratmetr mənzildə yaşayır və 2 sutka hərəkətsiz qalsa, onun qan dövranı pozulacaq, nəticədə xəstıliyə yoluxma riski artacaq. Həmin şəxslərin həyətə çıxıb idman etməsinə şərait yaradılmalıdır və bu, karantin qaydalarını pozmaq deyil. Üstəlik də iş günləri açılıb, metro nəqliyyatı işləyir, əgər ciddi təhlükə olsaydı, bu gün qapalılıq tətbiq etməliydilər.

Fərhad Mehdiyev: İnzibati Xətalar Məcəlləsinə görə təhqiqat başladılsa, vətəndaşı evdən zorla aparmaq nəzərdə tutulmayıb. Vətəndaş bölməyə çağrılmalıdır. Gəlməsə, məhkəmə qərar verməlidir. Əgər məhkəmə qərar verərsə, polis gəlib aparmalıdır. Bir daha deyirəm, baş verənlər kollektiv cəzalanmadır. Belə şeylər orduda olur. Hansısa əsgərin hərəkətinə görə bütün bölüyü cəzalandırırlar, o da əsgərin kimliyini müəyyən etmək mümkün olmayanda. Hüquqda məsuliyyət subyektivdir, yəni hər kəs öz hərəkətinə görə məsuliyyət daşıyır.

- İnsanın çılpaq şəkildə evindən çıxarılıb aparılması hansı qanunun pozuntusudur?

Ələsgər Məmmədli: İşgəncənin müxtəlif formaları var. Baş verənlər isə işgəncənin pis rəftara məruz qalma formasıdır. Heç bir hal şəxsin ləyaqətini aşağılama hüququ vermir. Hətta şəxs pozuntuya yol versə belə polis onu normal olaraq dəvət edə bilər. Gəlməsə, məhkəmənin qərarı olmalıdır. Amma bunların heç biri olmadıqda, fərdi çılpaq şəkildə yataqdan aparmaq onun şəxsiyyətini və ləyaqətini aşağılamaqdır, pis rəftara məruz qoymaqdır.

Fərhad Mehdiyev: Bu, layaqətə zidd hərəkətdir, Avropa İnsan Haqları Konvensiyasının 3-cü maddəsinin pozulmasıdır. Həmin hərəkət zəruri olmayan bir şeydir. İlk növbədə insanların paltarlarının geyinməsinə icazə verilməli idi. Ümumiyyətlə, insan ləyaqətinə zidd rəftar hüququn ümumi bir prinsipidir və bu cür addım qadağandır. Yalnız istisna hallar var. Məsələn, adam küçədə lüt gəzərsə, polis onu zorla maşına mindirib apara bilər, geyindirmək üçün.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/tjelxn

Most Viewed