Panik atak və yeri zibilləyənlər

Necə deyərlər, ətraf mühit – bizimlə, sizsiniz

Source:


Necə deyərlər, ətraf mühit – bizimlə, sizsiniz

Keçən yaz böyük avtobusla Lənkərandan Bakıya qayıdanda orta yaşlı bir qadının əlindəki çirkli salfetləri açıq qapıdan yerə atdığını gördüm. Avtobusumuz hansısa rayonda dayanıb yarım saatlıq fasilə götürmüşdü ki, sərnişinlər yemək və tualet ehtiyaclarını ödəsinlər. İndi nədənsə hansı rayonda dayandığımızı xatırlamıram. Onsuz da bunun elə bir əhəmiyyəti yoxdur. Əlqərəz. Artıq fasilənin müddəti qurtarmaq üzrə idi və sərnişinlər yavaş-yavaş avtobusa doluşurdular. Mənim oturacağımdan bir-neçə sıra irəlidə iki orta yaşlı qadın əyləşmişdi.

Onlardan biri ayaq üstə durub, yanındakı yol yoldaşı ilə nədənsə danışırdı. Ayaq üstə duran ağbəniz qadın hicablı idi. Deyəsən danışdıqları mövzu da elə dinlə bağlı idi. Fikirim onlarda olmasa da, ara-sıra qadınların bəm səsi qulağıma çatırdı.

Avtobus hələ tam dolmamışdı. Birdən ayaq üstə olan həmin qadın əlindəki çirkli salfetləri qapıdan çölə tulladı. Mən bunu görüb bir anlıq tutuldum. Nədənsə o qadından belə hərəkət gözləmirdim. Adətən belə olur, sən, nəsə hətta heç tanımadığın adamdan belə rəzil hərəkət gözləmirsən. Onun xarici görünüşünə, üzünə baxıb, haqqında müsbət fikir formalaşdırırsan. Heç bunu xüsusi olaraq düşünmürsən. Sadəcə qeyri-şüurlu belə düşüncə əmələ gəlir və sən həmin adamdan əxlaqazidd, təhlükəli davranışların gələcəyini ummursan. Bu, beynimizin özünəməxsus təbii düşüncə motividir.

Məndə isə bu illüziyanı elə qadının başının bağlı olması, din motivi yaratmışdı. Qeyri-şüurlu, passiv şəkildə beynimdə o nəticəyə gəlmişdim ki, “yox e, kimdən olsa da, bu qadından belə tərbiyəsizlik gözləmirəm”. Amma və lakin belə şeylər mümkündür.

Onun bu hərəkəti məndə təəccüb hissindən daha çox sarsıntı yaratdı. Bu kiçik hadisə məni bərk əsəbiləşdirdi. Əslində həmin hadisə nəticə etibarı ilə “kiçik” məna kəsb etmir. Vallah, şişirdib-eləmirəm. Nə bilim bəlkə də daha həssas zamanıma düşmüşdü.

Bu cür davranışlar ətrafı çirkləndirənlər üçün bir növ təbliğat rolunu oynayır. Digərləri də belə tərbiyəsiz davranışları görüb, həmin xoşagəlməz aktları “norma” kimi qəbul edir və elə özləri də o şəkildə davranmağa başlayırlar.

Bizim evdə Qazaxıstandan bir qız qonaq qalırdı. O, hər dəfə deyirdi ki, şəhəriniz, ölkəniz çox qəşəngdir, bircə onu belə zibilləyənlər olmaya. Bu sözə görə utanırdım.

Nə isə, qayıdaq söhbətə. Əvvəl istədim bərkdən qışqırıb, o qadını həmin davranışına görə biabır edim. Sonra özümü ələ aldım ki, bəs mənim o cür aqressiv reaksiyam, onunkundan heç də fərqlənməyəcək. Fikirləşdim ki, ictimai yeri o cür həyasız şəkildə zibilliyən adam, özünün lap idbar və şüvən halını ortaya qoyub, tumanın başına çəkə bilər. Hətta üstümə də şığıya bilər. O qadında həmin potensialı görürdüm.

Sonra qadını astaca səsləyib, yerdən zibili götürməsini xahiş və tələb edəcəyimi düşündüm. Məndə adətən belə olmur. Çox vaxt oxşar hadisələrə vaxtında reaksiya verir və adekvat emosiya sərgiləyirəm. Bu dəfə elə olmadı. Yuxarıda qeyd etdiyim kimi, kimdənsə gözləmədiyim addım, ya öz vəziyyətimin həssaslığı necəsə beynimi tormozlamışdı.

Gərgin idim. Qadına iradımı bildirdiyim halda, daha yüksək aqressiya ilə qarşılaşacağımı da hiss edirdim. Bu, qorxu idimi? Yox, axı onun nəyindən qorxacaqdım. Bəlkə aqressiv reaksiyanın gətirəcəyi mübahisə və intriqadan ehtiyatlanırdım?

Özümə əmin idim. Çünki mübahisə və intriqa yaransa belə bu situasiyada haqlı tərəf mən idim. Beynimdə həm də onu fikirləşirdim ki, mübahisə anında ətrafdakılar bizim mübahisəyə görəsən necə reaksiya verəcəklər. Həm də qadının bu davranışına heyrətlənən və təəccüb formasında reaksiya verən görmədim. Ətrafdakıları həmin vaxt diqqətlə müşahidə etmişdim.

Camaatın vecinə deyildi. Bilirdim ki, heç kim məni müdafiə etməyəcək. Hətta daha da betər, onlar qadını müdafiə edə bilərdilər. Buna şübhə etmirdim.

Mənim müdafiəçiyə ehtiyacım yox idi. Onlar birləşsə də, sözümü deyəcəm, ictimai davranış xislətimi sərgiləyəcəkdim.

Elə ağzımı açıb onu səsləmək istəyirdim ki, qadın mobil telefonu öz qulağına tutdu. Sözüm ağzımda qaldı. Artıq hamı avtobusa dolmuşdu və bir az sonra yola çıxdıq. 5 dəqiqə keçdi, 10 dəqiqə keçdi, sonra yarım saat da keçdi, qadın hələ də telefonla danışırdı.

Ona təxminən bu sualı verəcəkdim: “axı siz müsəlmansınız, peyğəmbərimiz demişdi ki, “təmizlik imandandır,” zibili niyə yerə atdınız?”

Bir saata yaxın çəkən danışıqdan sonra qadın ayağa durdu və yerini dəyişdi. Lap yanıb-töküldüm. Həm hadisənin üstündən bir saat da vaxt keçmişdi. İndi bəlkə də o, yeri zibillədiyini belə unutmuşdu. Hadisənin “istiliyi” də aradan qalxmışdı. Elə sona qədər də belə oldu. Fiziki məhdudiyyətimə görə də durub onun oturacağına yaxınlaşa bilmədim.

Sözümü deyə bilmədiyimə görə, yerindəcə adekvat reaksiya vermədiyim üçün “panik atak” yaşadım. Bir müddət hadisənin əziyyətini çəkdim.

Panik atak nədir?

Panik atak narahatlıq və ya qorxuların şəxsə anidən hücum etməsi halıdır. Uzun müddət ərzində toplanan və ya qəfil baş qaldıran qorxular şəxsi əhatə edərək bir müddət öz əsirinə çevirir. Panik atak bəlli bir hadisədən sonra və ya səbəbsiz şəkildə ortaya çıxa bilər. Panik atak qorxu və narahatlıq halında üzə çıxır. Bu hal çox zaman bir dəqiqədən xeyli az vaxt ərzində baş versə də, əlamətləri 10-15 dəqiqəyə, bəzən 20-30 dəqiqəyə qədər öz təsir qüvvəsini itirmir. Bunun nəticələri hələ bir müddət şəxsdən əl çəkmir.

İnsanların daxilində yığılıb qalan narahatlıq, gərginlik nəticəsində məruz qaldığı “panik atak” onlara rahat yaşamaq imkanı vermir. Bu, onları inkişafdan geri atır. Evdə valideynlər, iş yerində rəhbərlik, çöldə polis tərəfindən haqsızlıq görüb susan kəslər panik ataka tutulurlar. Belə yığılıb qalmış əsəblər insanlarda enerjinin tükənməsinə səbəb olur.

Nə etməli?

Gərək hər hansı bir hadisə yaşanarkən yerindəcə adekvat emosiya sərgiləyib, vəziyyətə uyğun reaksiya verəsən.

Panik atak müstəqil və azad olmayan şəxslərin ölkəsində bolluq təşkil edir. İndi yəqin başa düşürsünüz də ətrafda niyə bu qədər laqeyd adam çoxdur?!

O gün gecə taksi ilə Sumqayıtdan gəlirdim. Sürücü gənc və ünsiyyətcil oğlan idi. Yolda o, boş qazlı şirə butulkasını yerə atdı. Yerindəcə etiraz etdim. Dedim ki, onu götürüb zibilqabıya tullasın. O da dediyimi elədi. Yolda gedərkən söylədim ki, küçələri zibilləmək olmaz! Oranı anamız yaşında qadınlar yığışdırır. Bilmirəm dediklərim həmin sürücüyə dərs oldu, ya yox, ancaq mən bir vətəndaş və insan kimi mövqe nümayiş etdirdim.

Necə deyərlər, ətraf mühit – bizimlə, sizsiniz.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəPanik atak və yeri zibilləyənlər