Orda bir kənd vardı, başı dumanlı…

Vətənə məhəbbət insanın doğulduğu yuvadan başlayır

Source:
Küsnət kəndi
Küsnət kəndi

Son vaxtlar “vətəni qoyub qaçmaq”, “dədə-baba yurdunu satıb başqa ünvanlara köçmək,” “əzizlərini zillətdə qoyub mühacirət etmək” kimi eyhamlı ifadələr dəbdədir. Bundan həm də ən çox o adamlar ləzzətlə danışırlar ki, heç xəyallarında o vəziyyətlərdə olmaq istəməzlər və olsaydılar da fərqli nümunə göstərməzdilər. O adamlar bu barədə susurlar ki, belə sınaqların hamısından ləyaqətlə çıxıblar və ömürlərinin sonuna qədər eyni cür çıxarlar.

Məqsədim nə bezib gedənləri, nə dözüb qalanları ittiham və yaxud müdafiə etmək, nə də onları müzakirə obyektinə çevirmək deyil, illəröncə yazdığım yazıdan bəzi hissələri təkrar xatırlatmaqdır. Səbəb Qəbələdə daha bir dağ kəndi Abrıqın boşaldılacağı barədə gedən söz-söhbətdir ki, ciddi nəticəyə kimsənin şübhəsi yoxdur. Çünki illərlə keçilməz xəndəklərdə, körpüsüz çaylarda, cəhənnəm əzabı çəkən əhalinin səsini eşitməyənlər indi həmin istiqamətdə milyonlarla vəsaiti yollara töküb “cənnət” yaradırlar. Heç nə… Səfalətə düçar edilmiş çarəsiz vətəndaş asanlıqla onu bu günə qoyanların toruna düşəcək. İnsanlar artıq qeydsiz-şərtsiz ev-eşiklərini tərk etməyə razıdırlar ki, ya birdəfəlik buralardan getsinlər, ya da təzə ünvanlarda təzə dərdlərlə uğraşsınlar. Qalanı təfərrüatdı…

“Vətənə məhəbbət insanın doğulduğu yuvadan başlayır”, “evini sevməsən, elini sevə bilməzsən”- deyərdilər. Məhz deyərdilər, çünki indi belə aforizmləri dilinə gətirən adam ən azından istehza, lağ hədəfi olar. Tükənməz problemlər, yaşamaq uğrundakı heyvani çabalar, tapdanan haqlarımız, səbəbsiz aşağılanmalar və sairə qeyri-insani durumlar böyük amallara olan bağlarımızı qırdı. Bu hakimiyyət yalnız çörəyimizə əl qoymadı, ən əsası ürəyimizə əl qoyub ordakı bütün dəyərləri iflic etdi. Bu gün hətta məktəbli belə vətən mövzusunda inşanı məcburi bir tapşırıq yerinə yetirirmiş kimi həvəssiz yazır.

Gələcəyimizin keçmişi

Küsnət qədim və gözəl kənd idi. Artıq nə qədimdi, nə də kənddi, heç gözəl də deyil. Çünki bütöv bir ölkənin gözü qarşısında bu kənd yerlə-yeksan edilib tarixin xəritəsindən silindi. Səbəb? Qəbələnin gözə xoş gələn axırıncı qarış torpağı da bu yerə sahiblənən acgöz zümrənin əlində cəmlənib. Küsnət də məhz əsrarəngiz təbiəti ucbatından prezident iqamətgahı üçün peşkeş edildi. Təbii ki, yuva dağıtmadan bənzər boş yerlər də tapmaq olardı, amma buna vaxt itirməkdənsə əldə olanı “seçmək” qərarına gəldilər.

O zamanlar rayonun aktivi-passivi bu vəhşəti ictimailəşdirməyə çalışarkən bəzi istisnalar xaric artıq küsnətlilər hakimiyyətlə bazarlığa getmişdilər. Nəticədə hər bir Küsnət köçkünü kredit və dükan borclarını ödəməklə rayon mərkəzində ev-eşik sahibi olmaq imkanı qazandı. Ellikdə isə doğulub böyüdükləri vətən parçasına hətta yaxınlaşmaq haqlarını itirdilər. Söhbət hər hansı təpəgöz məmurun daxma villasından deyil, hər yerdən qorunan prezident iqamətgahından gedir…

Operativ söküntülər zamanı bir məsələ xeyli müddət açıq qaldı: Küsnətin ta qədimdən yeni tarixə qədərki qəbristanlığı… Sakit yeraltı məkanın axıra qalması əslində təbii haldı. Amma bu halda belə qəbirlərin açılmasını emosional, gərgin qarşılayan varisləri də anlamaq olar. Digər tərəfdən bunun əksini düşünən küsnətlilər şeyx nəsrullahların rəhmətlik ölüləri qəbirləri sökmədən köçürəcəklərinimi düşünürdülər?

Bəs küsnətlilər kəndi niyə tərk etmişdilər? Ona görə ki, başqaları onların kəndini alıb şəxsi mülkiyyətə çevirsinlər. Doğma ocaqları, kəndin məscidi, kitabxanası yerlə yeksan ediləndə küsnətlilər özlərini texnikanın qabağına niyə atmadılar? Çünki xəyalların gerçəkləşməsi məhz bu dağıntıdan keçirdi. Əlbəttə, rahat şərtlərlə yaşamaq hər kəsin haqqıdır. Amma bizim ölkədə bu işin mütləq ağır bir ödənişi vardır. Hərçənd ilk təəssüratın sehri çəkilən gündən başlayan o ödənişin faizinə hər ürək tab gətirməz. Zəif olduğuna görə deyil, zərif olduğuna görə…

P.s. Binayi-qədimdən əsas məşğuliyyəti dulusçuluq olan küsnətlilər bu sənətin usta biliciləri idilər. İlk günlərin kənddən çıxmamaq dirənişində bəlkə irsi sənətkarlığın zəif işartısı vardı ki, o da soyuq məntiqə təslim oldu. Elastik insanlar ölkəsində sınan əşyalara nə ehtiyac? Ucuz, keyfiyyətli və dözümlü bazar var ikən…


Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəOrda bir kənd vardı, başı dumanlı…