Oğurlanmış saatla bağlı ilkin ifadə dəyişdirilib

Əvvəllər SOCAR-ın inkar etməsinə baxmayaraq, gənc Abdullayev hekayənin az bir hissəsini qəbul etmək qərarına gəlib

Source: OCCRP

İspaniyada 1,35 milyon dollarlıq “Richard Mille” markalı saatın oğurlanması Azərbaycanda iddialara və ittihamlara yol açdı. Belə ki, bu saatdan cəmi 75 ədəd istehsal olunduğu və ən bahalı saat olduğu deyilir. Saatın sahibi Qafqazın nəhəng dövlət neft şirkəti SOCAR-ın rəhbərinin oğludur. Bu məsələ ciddi siyasi nəticələrə gətirib çıxara bilər. Azərbaycan mətbuatında yayılan məlumata görə İbiza polisinin hesabatında iyunun 19-da oğurluğun qurbanı olaraq 25 yaşlı Rəşad Abdullayev göstərilir. Buna cavab olaraq ARDNŞ-in mətbuat katibi bu hadisəni "saxta" adlandırıb və bunu Abdullayevin atası, neft şirkətinin prezidenti Rövnəq Abdullayevə qarşı qərəzli addım olduğunu deyib. Polis hesabatında olan şəxsi məlumatlara əsasən məlumatların hamısı – şikayətçinin adı, doğulduğu tarix və anasının adı Azərbaycan vətəndaşlarının məlumat bazasında göründüyü kimi ARDNŞ-nin rəhbərinin oğlunun şəxsi məlumatlarına uyğun gəlir. Onun polis hesabatında göstərilən e-poçt ünvanı da 2014-cü ildə Linkedin-də qeydə alınan profillər sırasındadır. Polis hesabatını araşdıran təqaüdçü ispan polis məmuru OCCRP ilə müsahibəsində keçmiş həmkarları tərəfindən aldığı məlumata əsasən bu hadisəni təsdiqlədi. Bu məlumatı əldə etmək səlahiyyətinə malik olmadığı üçün adının açıqlanmamasını istəyən polis məmuru müstəntiqlərin bu oğurluq iddiası ilə təəccübləndiklərini bildirdi. "Onlar heç vaxt belə şey görməyib,"-o əlavə etdi. İbiza şəhərinin müstəntiqləri hələ də şikayətin düzgün olub-olmamasını bilmirlər. "Əvvəlcə başqa bir azərbaycanlı gəncin saatın sahibi olduğu iddia edilib. Timur Əhmədov öz “Youtube” kanalında ailəsinin korrupsiya ilə ittiham olunduğunu xatırladaraq, saatın Abdullayevə məxsus olduğunu deyib.

“Azərbaycan neft şirkətinin rəhbərinin oğlu keçən həftə İbizada saatını oğurladıb” deyə Əhmədov 28 iyun tarixində yayımladığı videoda bildirib: “Ancaq Azərbaycan mediasında yazılır ki, bu saat mənimdir. Mənim milyonlarla pound dəyərindəki saatları xoşladığım deyilir. Ancaq həqiqətdə mən saat taxmıram və mənim saata ehtiyacım yoxdur, mən onları sevmirəm. Bu adam açıq-aydın öz arxasını xilas etməyə çalışır".

Yeni hekayə

Əvvəllər SOCAR-ın inkar etməsinə baxmayaraq, gənc Abdullayev hekayənin az bir hissəsini qəbul etmək qərarına gəlib.

Öncəki polis şikayətinə düzəliş edərək saatın Rəşad Abdullayevə deyil, Seymur Mehdiyevə məxsus olduğu iddia edildi. OCCRP-nin jurnalistləri gəncin 25 yaşındakı vəkili vasitəsilə ilkin polis şikayətinə sonradan olunan düzəlişi, saatın kimə məxsus olduğunu və dəyərini görüb. Lakin dəyişiklikdə Abdullayev saat məsələsindən uzaqlaşdırılır, lüks əşyanın onun özünə məxsus olmadığı və başqa birindən borc aldığı deyilir. Saatın əsas sahibi kimi təqdim edilən Seymur Mehdiyevin ünvanı kimi Moskva şəhərinin mərkəzindəki tarixi Tverskaya küçəsi göstərilir. Reportyorlar Rusiya, Azərbaycan və Böyük Britaniyada Seymur Mehdiyev adında şəxslər tapdılar, lakin informasiyanın az olması bu şəxsin kimliyini müəyyən etməyə imkan vermir. Reportyorlar bu adamlardan hər hansı birinin belə bir saatı satın alma imkanı olan iş adamı olması ilə bağlı heç bir sübut tapa bilmədilər.

RashadAbdullayev.jpg
SOCAR prezidentinin oğlu Rəşad Abdullayev

Moskvada daşınmaz əmlak qeydlərinə görə polis hesabatında Mehdiyevə məxsus olduğu deyilən mənzil əslində Rusiya Federasiyasının keçmiş maliyyə naziri və Şimali Osetiya-Alaniya Respublikasının Baş nazirinin müavini Oleq Kalaevə məxsusdur.

"Bəli, bu, mənim mənzilimdir. Moskvada olduğum müddətdə biz burda yaşayırıq," – deyə Kalaev OCCRP-yə bildirib.

“Mən Seymur Mehdiyev adlı bir insanı tanımıram. Nə isə səhv olmalıdır. Mən uzun illərdir bu mənzili almışam. Bu mənzildə yalnız üç nəfər qeydiyyatdadır: Mən, oğlum və qardaşım. Bu, yüz faiz səhvdir" – deyə Kalaev bildirib.

Təvazökar məmurlar

Azərbaycanın prezidenti İlham Əliyev 2003-cü ildən bəri ölkəyə rəhbərlik edir. Ölkədə azad mətbuat və siyasi müxalifət tez-tez təzyiqə məruz qalır. Ölkə rüşvətlə idarə olunur.

O, ən azı dəyişiklik etmək istəməsi ilə bağlı təəssürat yaradır

"Dövlət məmurları təvəzökar davranmalıdır. Onlar və onların ailə üzvləri" – Prezident ötən il öz çıxışında bildirib:

"Onlar insanlarla birlikdə olmalı, özlərinin xüsusi statusu olduğunu düşünməməlidirlər. Onların missiyası insanlara xidmət etmək və onların problemlərini həll etmək olmalıdır".

ARDNŞ-ın illik hesabatına görə isə 2018-ci ildə şirkətin prezidenti və 12 vitse-prezidentinin maaşları və qazancları ümumiyyətlə 1,28 milyon manat (755,000 ABŞ dolları) olub. Bu oğurlanmış saatın dəyərindən daha aşağıdır. (Abdullayev saaatın dəyərinin 1,2 milyon avro və ya 1,35 milyon dollar olduğunu bildirib. Bu model saatın əvvəllər 1 milyon dollardan ucuz satıldığı deyilir).

WatchComparison.jpg
Rəşad Abdullayevin daha bir milyonluq saatı

Rəşad Abdullayev daha öncə də OCCRP tərəfindən araşdırılıb və 21 yaşında olanda ARDNŞ ilə bağlı iş strukturlarında çalışdığı və Türkiyədə minlərlə azərbaycanlı şagirdi dəstəkləyən neft şirkəti ilə əlaqədar bir yardım dərnəyinə rəhbərlik etdiyi məlum olub. Araşdırmaya görə, o, 17 yaşında olanda SOCAR şirkətində işə başlayıb. Əgər İspaniyada oğurlanan saat həqiqətən ona məxsusdursa, bu, Rəşad Abdullayevin ilk dəyərli əşyası deyil. 2017-ci ildə prezidenti olduğu “Səbail” Futbol Klubunun görüşündə çəkilmiş fotolarda onun dəyəri 1 milyondan çox olan “Roger Dubuis Excalibur Quatuor” markalı saat taxdığı görülür. Adbullayevin atası, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev oğlunun taxdığı saatlar dəyərində olmasa da, bahalı saatlar taxır. "Bu, ARDNŞ-in yüksək vəzifəli məmurlarının və yaxınlarının rəsmi əmək haqqı ilə bağlı ciddi suallar doğurur," – korrupsiyaya qarşı mübarizə aparan və daha öncədə Azırbaycanın neft nəhəngini araşdıran “Global Witness” təşkilatının kampaniyaçısı Barnabey Pace bildirib.

“Yenə də ARDNŞ ilə müqavilə bağlayan faktiki işçilər haqqında ictimaiyyətə açıq məlumatların olmaması ilə bağlı narahatlığımız artır. Lakin jurnalistlər və vətəndaş cəmiyyəti fəalları korrupsiya ilə bağlı suallar verdikdə şiddətə və təzyiqlərə məruz qalırlar. Azərbaycanın neft sərvətindən kimlərin faydalandığı şübhəlidir" – deyə o əlavə edib.

Nə Rəşad Abdullayev, nə də ARDNŞ şərh istəklərimizə cavab vermədi.

Ana səhifəAraşdırmaOğurlanmış saatla bağlı ilkin ifadə dəyişdirilib