Əlizamin Salayev

Source: Foto: Meydan tv

Caption: Əlizamin Salayev

Oğlu Əlizamin Salayevlə görüşüb

Article was updated on :  24 January 2020

“Həkim əməliyyata ehtiyac olduğunu deyib”

On bir gündür ki, həbsdə olan AXCP fəalı Əlizamin Salayev yanvarın 24-də ailə üzvlərilə görüşə bilib. Bu barədə Meydan TV-yə onun oğlu Oqtay Salayev məlumat verib.

Oğlu deyir ki, Ə.Salayevin üzündə olmasa da, bədənində xəsarət izləri hələ də qalır. Ə.Salayev oğlu ilə görüşdə iki gün əvvəl Meydan TV-də yayımlanan məktubu özünün yazdığını təsdiqləyib, orada yazılanların həqiqət olduğunu vurğulayıb.

"Atam dedi ki, bu gün - mənimlə görüşdən əvvəl onu Daxili İşlər Nazirliyinin hospitalına müayinəyə aparıblar. Orada həkim deyib ki, mütləq əməliyyata ehtiyac var. Çünki işgəncə nəticəsində "qrıja" partlayıb. Bədənində həmin hissəyə həkim işarə də qoyub ki, əməliyyata qədər muğayat olsun", - deyə O.Salyev bildirib.

Oğlunun sözlərinə görə, Ombudsman Aparatının əməkdaşları da Ə.Salayevlə görüşüb: "Atam dedi ki, başına gələnləri onlara da danışıb".

Oqtay deyir ki, atasının durumu ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinə də müraciət edib.

Ə.Salayev yanvarın 13-də polisə müqavimət ittihamıyla həbs olunub. Səbail Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsilə ona 30 sutka inzibati həbs verib. İddia olunur ki, o, sərxoş vəziyyətdə ictimai asayişi pozub, onu intizama dəvət edən polisin tələbinə tabe olmayıb.

Ə.Salayev isə bu ittihamı rədd edir və kafedə partiya yoldaşları ilə yemək yeyərkən polisin onları tutub apardığını bildirir. Ə.Salayevin vəkili Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Amma hələlik apelyasiya məhkəməsinin vaxtı məlum deyil.

Həbsindən sonra ailə üzvlərilə görüşə bilməyən Ə.Salayev yaxınlarına göndərdiyi məktubda işgəncəyə məruz qalmasından yazıb. O bildirib ki, yanvarın 13-də Səbail Rayon Məhkəməsində onun haqqında 30 sutkalıq həbs qərarı çıxarılandan sonra Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə qaytarıblar:

“İkinci mərtəbəyə qaldırdılar, sola dönəndə tualetin yanında bir otağa saldılar. Bölmənin rəisi gəldi, 20-yə qədər də polis dəhlizdə düzüldü. Məni otaqdan çıxarıb, tualetə apardılar. Video vasitəsilə tualeti yumağa məcbur etmək istədilər. Mən imtina edəndə rəis dedi ki, “döyün”. Qolumu qandalla arxadan bağladılar. Tualetin içində döyməyə başladılar. Rəis dedi ki, “başını soxun unitazın içinə”. Sonra yerə yıxıb, üstümə çıxıb təpikləməyə başladılar. Bir saata yaxın tualetdə döydülər. Bədənimin hər yeri xəsarətdir. Sonra məni Səbail Rayon Polis İdarəsinin rəisinin otağına apardılar. O, məni nalayiq söyüşlərlə təhqir etdi, vurdu, sonra da dedi ki, “aparın “podvala”, sındırın”. Məni “podvala” düşürdülər. Rəisin üç müavini və əməliyyat qrupu paltarlarımı soyundurdular. Lüt formada, videokamera ilə çəkilişlə tualeti və yeri yumağa məcbur etmək istədilər. İmtina elədim. Dişlərim üstdə yerə oturmağa məcbur elədilər. Etiraz elədim, qoluma arxadan qandal vurub, döyməyə başladılar. Qarnımın üstündə oturub, partlatdılar. Başımı da partladıblar. Gecə saat 12 radələrində məni inzibati həbs yerinə gətirdilər”.

Daxili İşlər Nazirliyi isə Ə.Salayevin məktubunda yazılanların yalan olduğunu, onun işgəncəyə məruz qalmadığını bəyan edib.

"Qəti şəkildə bildirirəm ki, Əlizamin Salayevin saxlanma şəraiti, həmçinin ona qarşı təzyiqlərin olması və işgəncəyə məruz qalması barədə səsləndirilən iddialar əsassızdır. İnzibati qaydada həbs olunan Əlizamin Salayev bu gün vəkili Cavad Cavadlı ilə görüşüb. Vəkili onun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb. Hətta bu gün Əlizamin Salayevin oğluna zəng edilərək atası ilə görüşmək təklif olunub. Oğlu isə işi olduğu üçün sabah görüşə biləcəyini deyib. Bir daha qeyd edirəm ki, sosial şəbəkələrdə yayılan məlumatarın heç bir əsası yoxdur və yalandır", - deyə nazirliyin mətbuat xətmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib.

Həmin gün Ə.Salayevin oğlu isə Meydan TV-yə bildirmişdi ki, özü atası ilə görüşə gedib. Ondan apardığı sovqatı götürsələr də, özünü görüşə buraxmayıblar.

Ə.Salayev yanvarın 13-də partiyanın digər fəalları Nicat Abdullazadə və Ceyhun Novruzovla birlikdə saxlanılıb. N.Abdullazadənin sözlərinə görə, onlar kafedə yemək yeyərkən polislər gəlib aparıb. 8-ci polis bölməsində onun və C.Novruzovun haqqında xırda xuliqanlıqla bağlı protokol tərtib olunub, hər birini 50 manat cərimələyiblər, Ə.Salayev isə həbs olunub: “Protokol tərtib etdilər ki, guya biz kafenin qabağında söyüş söymüşük”.

AXCP isə Ə.Salayevin sifarişlə həbs olunduğunu iddia edir. Çünki Ə.Salayev həbsindən bir neçə gün əvvəl "youtube" sosial şəbəkəsində Salyan Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizovu videoya çəkərək paylaşmışdı. O, videoda H.Əzizovu 21 yaşlı qıza təcavüzdə ittiham edirdi. Polis rəisi isə Ə.Salayevin dediklərini təkzib edir, ona "qızın nəslində kişi yoxdur ki, sən bu məsələyə qarışırsan?" deyə cavab verirdi.

Yanvarın 24-də AXCP üzvü olan bir qrup qadın Ə.Salayevə azadlıq tələbi ilə Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  24 January 2020
Featured in:  
Shortlink:   http://mtv.re/piu2u1

Most Viewed