“Niyə çəkilən filmlərin büdcəsi açıqlanmır?

“Maliyyə nazirinin səsləndirdiyi fikirlər isə öncəki rəhbərliyə aiddir”

Source: Specify Source


Maliyyə nazirinin iradlarına cavab verilib

Maliyyə naziri Samir Şərifov Milli Məclisin iyunun 8-də keçirilən plenar iclasındakı çıxışında Azərbaycan kinematoqarfiya sahəsindəki çatışmazlıqlardan danışıb.

Nazir deyib ki, Mədəniyyət Nazirliyinə kinoların çəkilməsi ilə bağlı vəsait ayrılsa da, bu sahədə hər hansı mühüm dəyişikliklər yoxdur.

“Azərbaycan Kinematoqafiyasının İnkişaf Konsepsiyası” bir neçə dəfə Maliyyə Nazirliyinə təqdim olunub. Ancaq biz onu qəbul etməmişik. Çünki orada hər hansı bir dəyişiklik görməmişik. Vəsaitlər ayrılır, ancaq nəticədə hər hansı ekran əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir”, – nazir deyib.

Mədəniyyət Nazirliyi maliyyə nazirinin kino sahəsi ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib.

Nazirlikdən “Report”a bildirilib ki, kino sahəsində mühüm işlər görülür. Bir müddət öncə “Böyük Qayıdış” film layihələri müsabiqəsi keçirilib. 1982-ci ildən bugünədək ilk dəfə olaraq 2021-ci ilin əvvəlində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına kinotexnika avadanlıqları alınıb. “Fəryad 2”, “Məryəm” və “Mərmər Soyuqu” tammetrajlı bədii filmlərin istehsalına başlanılıb.

Məsələyə kino mütəxəssisləri münasibət bildirib.

Kino tənqidçisi Sevda Sultanova Meydan TV-yə açıqlamasında maliyyə naziri Samir Şərifovun söylədiyi hər bir fikrində haqlı olduğunu deyir. Əlavə edir ki, uzun illərdir dövlət büdcəsindən kino sahəsinə pul ayrılsa da, ölkədə kino sənayesi formalaşmayıb:

“Kinoya məsul olan məmurlar hesabat vermirlər, maliyyə şəffaflığı yoxdur. Çox ümid edirdim ki, gənc, proqressiv Rüfət Həsənov kino şöbəsinin rəhbərliyinə keçəndən sonra bu sahədə nəsə bir dəyişiklik olacaq. Amma hələ ki əksi baş verir. Samir Şərifovun açıqlaması ilə bağlı kino şöbəsinin yaydığı mətndə irəli sürülən arqumentlər çox kəsərsizdir. Mətndə deyilir ki, nazirlikdə Qarabağ müharibəsinin nəticələri ilə bağlı “Böyük Qayıdış” qısa film müsabiqəsi keçirilib. Kino şöbəsinə məsləhət görürəm ki, Qarabağ mövzusundakı layihəni tez-tez gözümüzə soxmasın. Qarabağ kimi əhəmiyyətli məsələylə bağlı qısa yox, tammetrajlı film müsabiqəsi keçirilməliydi. Tammetrajlı filmin effektini qısa film vermir. Kino şöbəsinin Qarabağa qısametrajlı formatı layiq görməsini anlaya bilmirəm. İkincisi, qısametrajlı filmlər kinoistehsalatı stimullaşdırmır, çünki gəlir gətirmək üçün film kinoteatrda göstərilməlidir. Qısametrajlı film isə kinoteatrda göstərilmir. Qısametrajlı filmin festivalda iştirak edib, xarici telekanallarda satılması üçün isə film yüksək keyfiyyətdə çəkilməlidir. “Böyük qayıdış” bu mənada kinoistehsalata fayda verməyəcək növbəti dəfə havaya sovrulmuş pullardır. Çox təəssüf edirəm ki, havaya sovrulmuş pullarda Qarabağın adından istifadə olunur”.

1.png
Tahir Tarhiroviç, Sevda Sultanova və Əlisa Cabbarov

Sevda Sultanova deyir ki, film layihələri seçimində şəffaflıq gözlənilmir. Kino şöbəsi hər filmlə bağlı maliyyə hesabatı verməlidir:

“Kino şöbəsi açıqlamasında deyir ki, ölkəmizdə ilk dəfə layihələrin açıq pitçinq (kino layihələrinin təqdimatı və müdafəsi-red) yolu ilə seçilməsi mexanizmi tətbiq olunub. Rüfət Həsənova sual verirəm ki, niyə “Fəryad 2”, “Məryəm” və “Mərmər Soyuqu” tammetrajlı bədii filmlərin pitçinqi keçirilməyib? Niyə bu filmlərin büdcəsi açıqlanmır? Nazirliyin açıqlamasında deyilir ki, “Azərbaycanfilm” üçün yeni kinoavadanlıqlar alınıb. Məndə olan məlumata görə, bu avadanlıöa 3 milyon manat xərclənib. Niyə avadanlığa xərcələnən maliyyə açıqlanmır və hesabat verilmir? Biz necə əmin olaq ki, vəsait düzgün xərclənib? Suallar çoxdur. Sadəcə, bir qismini səsləndirdim. Samir Şərifovun parlamentdəki açıqlamasına kino şöbəsi tutarlı cavab verməlidir. Ümumiyyətlə, bir halda ki, illərdir, kinoya ayrılan vəsait kinosənayeyə fayda vermir, yaxşı olardı ki, dövlət kinoya daha maliyyə ayırmasın. Kino şöbəsi isə ləğv olunsun. Dövlət sadəcə, kinoistehsalının stimillaşması üçün müəyyən qərarlar qəbul etsin. Misalçün, film istehsalına, yerli film yayımına tətbiq olunan vergilər müəyyən müddətə ləğv olunsun. Onsuz da nazirliyin maliyyə dəstəyi olmadan film çəkən, festivalda uğur qazanan rejissorlar var. Kommersiya kinosu da dövlətin maliyyə dəstəyi olmadan çəkilir”.

Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov “Azərbaycan Kinematoqafiyasının İnkişaf Konsepsiyası”nda edilən yeni dəyişiklikləri uğurlu hesab etdiyini deyir:

“Yeni konsepsiya ideal olmasa da, işimizi kifayət qədər qabağa aparacaq. Həmin sənəddə Amerika kəşf etməmişik. Müxtəlif xarici ölkələrin təcrübəsi əsasında toplanan sənəddir. Layihə hazırlananda Professional Kinorejissorlar Gildiyası və Kinematoqrafçılar İttifaqı öz ideyalarını verib. Kino şöbəsi tərəfindən həmin təkliflər arasında qəbul olunanları da var. Maliyyə məsələsinə gəlincə, Samir Şərifov deyir ki, Mədəniyyət Nazirliyi iş stilində, xüsusilə maliyyənin xərclənməsində yeniliklər etməyib. Onun sözlərindən belə anlaşılır ki, xərclənən pulun əvəzində ortada iş yoxdur. Maliyyə işlərini nazirlik bilir. Biz nəticəni -hazır filmləri görürük. Mədəniyyət Nazirliyinin əvvəlki Kino şöbəsinin rəhbərliyinin nöqsanları vardı. Buna görə rəhbərlik işdən çıxarıldı. Maliyyə Nazirliyi 2019-cu ildə kinonun büdcəsini əyintilərə görə azaltmışdı. Büdcəni 2020-2021-ci illərdə bərpa etdilər, 6,5 milyon manat ayrıldı. Qeyd edim ki, bu məbləğə Azərbaycanda on-iyirmi tammetrajlı film çəkmək olar. Amma çəkilmir. Ola bilsin ki, bu nəzərdə tutulub. Hazırda yeni rəhbərlik çalışır, müəyyən işlər görülür. Hesab edirəm ki, bu sahədə PR düzgün aparılmır. Ola bilsin ki, Maliyyə Nazirliyində dəqiq təsəvvür yoxdur. Bu da dövlət strukturlarının öz məsuliyyətsiliyidir”.

Rejissor Tahir Tahiroviç deyir ki, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində kadr dəyişikliyi yeni olub. Maliyyə nazirinin səsləndirdiyi fikirlər isə öncəki rəhbərliyə aiddir:

“Yeni rəhbərlik və kadrlar çalışır. Hesab edirəm ki, onlara qısa zaman verib, gözləmək lazımdır. Müqayisə etsək, son bir ildə Azərbaycan kinosunda xeyli canlanma var. Üç bədii, onlarla sənədli filmlər istehsalata buraxılıb.

“Böyük Qayıdış” mesabiqəsi çərçivəsində qısametrajlı bədii, sənədli və animasiya filmləri çəkilib. Yəni canlanma var, iş var. Samir Şərifovun dediklərini yeni kadrlar öz üzərinə götürməməlidir. Bundan sonra çox yeniliklər olacaq”.

Kinematoqrafiya şəbəsinin rəhbəri Rüfət Həsənov məsələyə münasibət bildirməyib:

“Bununla bağlı dəfələrlə danışılıb. Hansı işlər görülüb, məlumdur. Dəfələrlə eyni mövzuda müsahibə almaq istəyi hay-küy yaratmaqdır”.

Ana səhifəMədəniyyət“Niyə çəkilən filmlərin büdcəsi açıqlanmır?