''Nəvələrim gəlir ki, nənə, quru çörək ver, yeyək''

Yenikənddə iki ailə acından ölür...

Yenikənddə - Siyəzənin əhalisinə görə ən böyük kəndində onların evini bizə hamıdan əvvəl nişan verirlər. Dəmiryolu relslərinin lap kənarında, üz-gözündən nimdaşlıq yağan yanaşı iki daxma... Hər ikisində Cığəliyevlər yaşayır. Əslində, yaşamaq uğrunda mübarizə aparırlar.

Heç bir sənədi olmayan ailə

Bizi ailənin böyüklərindən Sevil xanım qarşılayır. Bir az sonra həyat yoldaşı Kiçikağa da gəlib çıxır. Öyrənirik ki, üç övladlarından ikisi onlarla birlikdə yaşayır. Ailənin yeganə qızı Günel həyat yoldaşından ayrılıb, oğlu Tunarla valideynlərinə sığınıb. Qızı Aysun öz atasıyla Göyçaydadır.

Günel danışır ki, nə özünün şəxsiyyəti təsdiq edən sənədi var, nə də uşaqlarının. Onun doğum haqqında şəhadətnaməsi doqquz il əvvəl - həyat yoldaşı ilə nikah bağlayarkən itib. Buna görə evdə heç birinin sənədi yoxdur:

“Həyat yoldaşım həbsxanadan çıxmışdı. Qan düşmənçiliyi olduğuna görə həbsdən sonra valideynlərinin yanına qayıtmamışdı, bizim qonşu kənd olan Kolanıda çoban işləyirdi. Bir müddət orada yaşadıq. Sonra alınmadı. Ayrılandan iki ay sonra oğlum dünyaya gəldi. Uşaqların hər ikisi məndəydi. Aldatdılar ki, nənəsi qızımı görmək istəyir. Alıb apardılar, qaytarmadılar. Atam bir dəfə borc eləyib arxasınca getmişdi, verməmişdilər. İndi səkkiz yaşı var. Sənədi olmadığından məktəbə də getmir. Telefonla danışırıq, ağlayır. Elə-hey deyir, ana, gəl məni apar...”

Sevil xanım deyir ki, sənədləri imkansızlıqdan bərpa edə bilmirlər:

“Bəlkə də, 50 manat versəm, düzəldərlər”.

“Yadıma gəlmir, axırıncı dəfə evə nə vaxt ət almışam”

Kiçikağa dəmiryolu idarəsində fəhlə işləyir. Dediyinə görə, məvacibi kommunal xərcləri ödəməyə güclə çatır:

“Bu ay 88 manat qazpulu vermişik. Qaz yandırmayanda nəvəm gəlib deyir ki, baba, soyuqdan ölürəm. Çox pis vəziyyətdə yaşayırıq. Yadıma gəlmir, axırıncı dəfə evə nə vaxt ət almışam. 57 yaşım var, neyləyim, gedib oğurluq eləyim?”

Sevil xanım söhbətə qoşulur. Deyir, evdə nə təqaüd alan var, nə də sosial yardım. Günelin şəxsiyyət vəsiqəsi olmadığından, qızı aliment də ala bilmir:

“Yoldaşım, bizimlə qalan kiçik oğlum gedib qapılarda işləyir ki, evdə yemək olsun. Böyük oğlum qonşuluqda yaşayır, dörd övladı var, acından ölürlər. Bir də görürsən nəvələrim gəlir ki, nənə, quru çörək ver, yeyək. İş olsa, gedib işləyərik. Vəziyyətimiz çox ağırdı. Gedib camaat üçün kartof əkirik ki, üç-beş manat pul versinlər. Bir dəfə Yenikənd bələdiyyəsindən gəlmişdilər, təxminən iki il əvvəl. Dedilər, sizə kömək eləyəcəyik. Çox şey söz verdilər, amma o gedən getdilər”.

“Qohumlara zəng vurub deyirəm ki, acından ölürük”

Biz kənddə olanda Cığəliyevlər ailəsinin böyük oğlu, valideynlərinin qonşuluğunda yaşayan Arif evdə yox idi. Heç bir yerdə işləmədiyindən balıqçılara qoşulur, onlara kömək etməklə ailəsini saxlamağa çalışır. Amma evin görünüşündən hiss olunur ki, çox acınacaqlı vəziyyətdə yaşayırlar. Sevil xanım danışır ki, hər dəfə möhkəm külək əsəndə elə bilirlər, oğlunun getdiyi qayıq batacaq, dənizdən geri qayıtmayacaq:

“Telefonuna zəng çatmayanda o dünyanı görüb gəlirəm. Kənddə ailə var, evin iki oğlu da dənizdə batıb”.

Arifin həyat yoldaşı Cahan dörd uşağı saxlamağın çətinliyindən danışır:

“İnanın, qohumlara zəng vurub deyirəm ki, acından ölürük. Qohum-qonşu kömək eləməsə, bu gündən sabaha çıxa bilmirik. Bu dəqiqə evimizdə bir qəpik də yoxdu. Kənddə Gülnaz müəllimə var, nə qədər kömək eləyir bizə. O gün uşağın birinə ayaqqabı alıb gətirmişdi. Ərzağı nisyə alırıq. Kənddə bütün mağazalara borcumuz var. Gəlib qapını döyürlər, ölüb yerə girirəm. Camaat qənd, çay alıb verir. Evdə nə qaz var, nə də su. Bir azdan uşaqlar dərsdən gələcək, bu dəqiqə yavan çörək yoxdu ki, onlara verim”.

Cahan həyatından danışır. Bir yaşı olanda anasını itirib. Dediyinə görə, anasından sonra evdə döyülməkdən psixikası korlanıb. Pul olmadığından müalicə ala bilmir.

Sevil xanım da bu haqda danışır:

“Evdə möhkəm döyürdülər onu. Başına vururdular. Yazığım gəldi, gedib dedim ki, verin, alacam oğluma. On ildi gəlin gətirmişəm”.

Cahan deyir ki, iki il sosial yardım alıb, keçən ilin martından vermirlər:

“Ayda 180 manat alırdım. O puldan az-az yığıb soyuducu aldım. Keçib çəkə bilərsiz, indi içi boşdu...”

Bizi ümidlə yola salırlar. Düşünürlər ki, onlara kömək edən tapılacaq. Telefon nömrəsi istəyirlər. Rəqəmləri deyəndə məlum olur ki, Cahan nə yazmaq bilir, nə də oxumaq:

“Mən oxuya bilmədim, heç olmasa, uşaqlar oxusun. Acından ölməsələr...”

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/10z24y

Most Viewed