Nazirlik saytdan Əli Həsənovla bağlı xəbərin çıxarılmasını tələb edir

”Mənə aidiyyatı olmayan saytdan necə yazı silə bilərəm?”

Source:
Vüqar Qurdqanlı
Vüqar Qurdqanlı


”Mənə aidiyyatı olmayan saytdan necə yazı silə bilərəm?”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzindən az.24saat.org saytına xəbərdarlıq məktubu gəlib.

Məlumatı Meydan TV-yə saytın baş redaktoru Vüqar Qurdqanlı verib.

Bildirib ki, məktub onun poçtuna gecə saat 1-ə işləmiş çatıb:

“8 saat da vaxt veriblər. Söhbət “Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər” – başlıqlı xəbərdən gedir. Nazirlik həmin xəbərin silinməsini tələb edir”.

Vüqar Qurdqanlı Elektron Təhlükəsizlik Mərkəzinin tələblərini qanunsuz sayır. Deyir, buna görə mərkəz məhkəməyə də müraciət edə bilməz:

“Heç onların tələb etdiyi saytın mənə aidiyyatı da yoxdur. Yəni az.24saat.org.az adındakı sayt mənim deyil. Əmr elə gəlib ki, gecə saat 1-də yazdıqları məktublarında saytların adlarını da düz yazmayıblar. Bir daha deyirəm, mənə aidiyyatı olmayan saytdan necə yazı silə bilərəm? Ən əsası, mərkəzin yazını saytdan sildirmək tələbi ilə çıxış etmək səlahiyyəti də yoxdur. Mən mərkəzin qaydalarına baxmışam, bu qurum virusların yayılması məsələlərinə baxır. Hətta səlahiyyətləri olsa belə, xəbərin böhtan olduğunu sübut edə bilməzlər. Əli Həsənovun AZTV-yə sədr göndərilməsi yalan ola bilər, amma böhtan deyil. Bunun üçün də təkzib vermək olar, yazını silmək yox”.

V. Qurdqanlı deyib ki, 24saat.org və az.24saat.org eyni saytlardır. Son günlər birinci açılırdı, indi ikinciylə açılır:

“Bir məsələni də vurğulayım, nə qədər bloklasalar da, 56 domenim var, yenisində açacağam”.

24saat.org və az.24saat.org 2016-cı ilin aprelin 20-də açılıb. 2017-ci ilin mayın 5-də bloklanıb.

Ana səhifəXəbərlərNazirlik saytdan Əli Həsənovla bağlı xəbərin çıxarılmasını tələb edir