Source: Meydan.TV

Nazirlər Kabinetinin absurd qərarı

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!

Rusiyada yaşayan bir qohumum bu yaxınlarda zəng vurub xahişi olduğunu dedi: “Həyat yoldaşımın doğum haqqında şəhadətnaməsində səhv olduğundan düzəldilməsinə ehtiyac var, göndərim, onu bizə çatdır”. Köhnə sənədi göndərdi, ehtiyac olmadığı halda atasının adına etibarnamə də yollamışdı; sənədi almaq üçün. Rayon yerində belə etibarnamələrə bəzən gərək olmur, köhnə qaydalar işləyir, adamların bir-birinə sənədsiz etibarı var, yəni onsuz da keçinmək mümkündür. Ancaq, görünür, Rusiya mühiti onu nisbətən dəyişmişdi, hər şeyin qanunla həllini istəyirdi.

Sənədi rayona göndərdim, qısa vaxtdan sonra doğum haqqında şəhadətnamənin “dublikat”ını gətirdilər. Sənədi yola salmaq üçün poçta getdim, bəlli oldu ki, Nazirlər Kabinetinin hansısa qərarı var və bu qərara görə sənədin əslini başqa ölkəyə göndərmək olmazmış. Niyə? Daşdan keçən arqument gətirdilər: “Üstündə gerbimiz var, ixtiyarımız yoxdur”. Guya sənədin surətini çıxardanda gerbi üstündən silirlər... Bu qərarı hansı ağılla verdiklərini başa düşməsəm də, işimi görməli, yollar axtarmalıydım. Getdiyim poçtun birində “Azərexpresspost”-a yaxınlaşmağı məsləhət bildilər.

“Azərexpresspost”-dasa belə bir sənədin Rusiyaya göndəriş qiymətinin onlarda 47 manat olduğunu dedilər, ancaq göndərmədilər. “Bəs çıxış yolu nədir” sualıma poçt işçisi olan xanım cavab verdi: “Özəl poçtlara gedin”.

Xanımın bu məsləhəti məni lap çaşdırdı; maraqlıdır, bu, necə rəsmi qərar, qanundur ki, dövlət idarələrində ona əməl olunur, özəllərdə yox, yaxud bu necə qərardır, özəllərə onun dəxli yoxdur?

Çox təəssüf, NK-nın bu qərarını poçt şöbələrində mənə göstərən olmadı, o qərarı hansı Baş nazirin neçənci ildə verdiyini öyrənə bilmədim. Hansı deyəndə ki, biz Baş nazir kimi uzun illər Artur Rasizadəni (7853 gün Baş nazir postunu tutub) tanımışıq, İlham Əliyev (92 gün) qarışıq bir dövrdə, həm də tramplin üçün qısa zamanda (cəmi 3 ay) Baş nazir olmuşdu ki, o qısa vaxtda onun belə qərarlar imzalaması inandırıcı deyil. Təzə Baş nazirsə bu gün qərar verib sabah onu geri oxumaqla tanınır. Novruz müəllim belə bir qərar versə də, hesabla artıq onu geri oxuyub, ancaq poçtlar qüvvədə olan qərara əsaslanır. Ola bilsin, “AXC-Müsavat cütlüyü” dövründə verilib bu qərar. Onda da baş nazirlər elə tez-tez dəyişirdi ki, indi bu qərarı kiminsə boynuna qoymaq çətin məsələdir. Azərbaycan müstəqillik qazanandan - 1991-ci ildən 1996-cı ilə, yəni Artur müəllimə qədər 7 Baş nazir dəyişib. Həsən Həsənov (421 gün), Firuz Mustafayev (40 gün), Rəhim Hüseynov (261 gün), Əli Məsimov (82 gün), Pənah Hüseyn (63 gün), Surət Hüseynov (464 gün), Fuad Quliyev (652 gün) bu postda oturub. Heydər Əliyev yerini bərkidib oturuşmuş məmur sistemi yaradandan sonra durum dəyişdi. Vəzifələr əbədiləşdirildi...

Mətləbdən uzaqlaşmayaq. Sənədi tapmalıydım. Tapdım və tapmağıma peşman oldum. Poçtlar haqlıydı, NK-nın belə qərarı vardı, həm də, sən demə, 2004-cü ildən. Siz də tanış olun: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların siyahısı

  1. Azərbaycan Respublikasından beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:

2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.2.1 — 3.2.13-cü və 3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş mal və əşyalar;

2.14. Dövlət gerbi həkk olunmuş sənədlərin əsli”.

Ancaq o qərarda bunun nəyə görə verildiyinin açması yoxdu, üstəlik, kimlər, hansı təşkilatlar buna əməl etməyə borcludur kimi bənd də yox idi.

NK-nın bu qərarından baş açmadığımdan hüquq yardımına üz tutdum. Hüquqçu İntiqam Əliyev bunun qanunsuz olduğunu dedi: “Hər hansı bir qadağa qanuna, hüquqa, məntiqə söykənməlidir, legitim məqsədlər daşımalıdır. Bu absurd qərar bunların hamısına ziddir. Niyə dövlət gerbi həkk olunmiş sənədlərin əslini poçtla göndərmək olmasın ki? Göndərəndə həmin sənədə, onu imzalayan qurumlara, ümumən dövlətə hansı ziyan dəyə bilər ki? İstənilən adam təyyarə, qatar, avtobus, göyərçinlə bunu rahatlıqla göndərə və ya özü ilə apara bilərsə, niyə məhz poçt göndərişinə qadağan qoyulsun? Tamamilə qanunsuzdur. Əgər qadağa varsa, dövlət, özəl hamısına şamil edilməlidir. Belə bir qadağa isə, ümumiyyətlə, ola bilməz, olsa da, bu qərar qanunlara, hüquqa ziddir”.

NK başqa yol qoymurdu, nəsə düşünüb sənədi göndərməliydim. Əslində düşünməli bir şey də yoxdu, qərarı vecinə almayan özəllərə üz tutmalıydım. Özəl poçtlardan olan YAPS-a zəng vurub Rusiyaya sənəd (doğum haqqında şəhadətnamə)göndərmək istədiyimi dedim. 0,5 kq-a qədər olan göndərişlərin qiymətinin 99 manat olduğunu bildirdilər (Görünür, NK-nın qərarından ya xəbərsizdilər, ya da NK bu qərarı onların biznes marağını nəzərə alaraq verib). Sağollaşıb dəstəyi asdım.

Başqasını axtardım. DHL-dən belə bir sənədin göndərilməsi üçün 62,84 avro (120 AZN) istədilər. Bu məbləğ heç qane eləmirdi.

Növbəti zənglə “Royalexpress” MMC beynəlxalq kuryer xidmətini narahat elədim. Burada 83,25 manata sənədi ünvanına çatdıracaqlarını dedilər.

Başqa bir poçt (o qədər poçt gəzdim ki, bəzilərinin adını belə unutdum) bunun üçün 73 manat istədi; qısa zamanda çatdırmaq qarantiyası ilə.

Beləcə sənəd əlimdə poçtları gəzdim, zəng vurdm, sərfəlisini aradım, çünki 2 vərəqlik sənəd üçün onlar dediyi məbləği ödəmək istəmirdim. Qohumumsa israr edirdi ki, göndərim. Pul yollamaq istəyinə qarşı çıxdım, nəsə bir şey düşünəcəyimi, o qədər məbləği ödəmək fikrində olmadığımı dedim.

Başqa bir neçə özəl poçta baş vursam da, yenə məbləğdə ilişdim. Ancaq sənəd getməliydi. O səbəbdən geri addım atmaq zorunda qaldım, məbləğ yüksək olsa da, özəl poçtla göndərməyə qərar verdim. Bu qərarı verdiyim gün təsadüfən rayondan başqa bir qohumum gəlib çıxdı. Rusiyaya gedirdi, uzun illərdir orada yaşayır, ancaq o biri qohumumdan xeyli uzaq başqa bir şəhərdə. Sənədi ona verdim, təyyarə ilə axşam uçub bir neçə saatdan sonra yaşadığı şəhərə çatdı, səhəri gün zəng vurub sənədi yolladığını (həm də çox kiçik məbləğə!) dedi. Gərginlik bitdi.

İndi bir narahatlıq var, “Sənədlərin qanunsuz dövriyyəsi” adıyla cinayət işi açmasalar, yaxşıdı...

Rövşən Hacıbəyli

P.S.Kimsə 2004-cü ildə verilən qərardan indi xəbər tutmağıma irad bildirməsin, bundan hələ də xəbəri olmayanlar var.

Poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar

Poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar

Source: Meydan.tv

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/h295m9

Most Viewed