”Natiq Kərimovun casus olduğu inandırıcı deyil”

İlham İsmayıl: “Bu cür ittiham yüzdə-yüz olmasa da, müəyyən dəlillərə əsaslanır”

Source:


İlham İsmayıl: “Bu cür ittiham yüzdə-yüz olmasa da, müəyyən dəlillərə əsaslanır”

Yanvarın 7-də  Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbslə bağlı yaydığı açıqlamada göstərilib ki, Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq, 2016-cı il yanvarın 7-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Natiq Kərimovun həbsi ictimaiyyət nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb.

Siyasi şərhçi Azər Rəşidoğlu hesab edir ki, Natiq Kərimovun həbsi daha irimiqyaslı həbslərə hazırlığın bir mərhələsidir:

“Nəzərə alaq ki, Natiq Kərimov vaxtilə Milli Şura üzvü olub və kimlərsə MŞ-nı bu olaylarla bağlamaq istəyir. Lakin hazırkı mərhələdə düşünmürəm ki, həbslərlə nələrəsə nail olmaq mümkün olsun. İqtidar demokratik açılıma getməli və ölkədə ciddi islahatlara başlamalıdır, əks təqdirdə, ölkədə xaos yaşana bilər”.

Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin sədri, ilahiyyatçı İlqar İbrahimoğlu Natiq Kərimovun həbsinə özünün facebook səhifəsində reaksiya verib. İlqar İbrahimoğlu yazır ki,  Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimovun həbsini Azərbaycan üçün çox zərərli hesab edir:


“Kərbəlayi Natiq Kərimovu mömin və vətənpərvər bir insan kimi tanıyıram. Onun Vətənə xəyanət kimi maddələrlə ittiham olunmasını, ağlasığmaz bir hal kimi dəyərləndirirəm. Hesab edirəm ki, həmişə problemlərin məntiq və təmkin üzərində cözülməsinə çalışan bir insanı, nəinki həbs etmək, əksinə onun müdrik ağsaqqal sözünə daha diqqətlə və sayğı ilə yanaşmaq məntiqli olardı. Bütün bunlardan əlavə, sırf prosessual baxımından, səhhətində ciddi problemi olan ahıl insanı azadlıqdan məhrumetmə ilə bağlı qətimkan tədbirinə məruz qoymaq – qətiyyən anlaşılan deyil. Uca Allahdan bütün müşküllərin təcili həllini diləyirəm”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə hesab edir ki, dövlətə xəyanət kimi ağır cinayətdə ittiham sadə məsələ deyil:

“İstintaqın hansı nəticəyə gələcəyi məlum olmasa da, o aydındır ki, bu cür ittiham yüzdə-yüz olmasa da, müəyyən dəlillərə əsaslanır. Bu, həbs xətrinə həbs ola bilməz. Azərbaycanda kimisə zərərsizləşdirmək məqsədilə bəzən narkotika, vergi, dələduzluq kimi populyarlaşmış cinayətlərlə saxta ittiham etmək kimi zərərli təcrübənin şahidi olmuşuq. Amma Nardaran kənd sakini Məşədi Natiq Kərimov barədə ittiham irəli sürməzdən əvvəl də bu kənddə söz sahibi olan N.Kərimovun İran sevgisi, İran yolu, İrana xüsusi simpatiyası cəmiyyətə məlum olan fakt idi. Görünür bu “sevgi” Azərbaycan Respublikasına xəyanət etməyə qədər gəlib çatıb”.

İlham İsmayıl deyir ki, Natiq Kərimovun həbsində Rauf Mirqədirov kombinasiyasını görmür. Onun sözlərinə görə, N.Kərimov bu maddə ilə ittiham olunan ilk nardaranlı deyil: “Nardaranda İran İslam Respublikasının xeyrinə N.Kərimovun fəaliyyət göstərməsi cəmiyyətdə sanki gözlənilən hal kimi qarşılanıb. Ölkədə iqtisadi krizisdir. Bu ağır durumdan yararlanmaq istəyən bir xeyli xaricdən dəstək alan qüvvələr var. Hesab edirəm ki, bu həbs həm də belə qüvvələrə mesajdır. Dövlət bu istiqamətdə hazırlıq görmək istəyənləri zərərsizləşdirmək gücündə olduğunu həm daxilə, həm xaricə xəbər vermiş oldu”.

Həbsdə olan jurnalist, siyasi məhbus Xədicə İsmayıl Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsi məsələsinə münasibət bildirib: “Mən şantajla üzləşəndə Nardaran Ağsaqqallar Şurası və Natiq Kərimov ateist jurnalistə dəstək göstərmişdilər. Məşədi Natiq dünyəvi yanaşmasıyla fərqlənən dindarlardan biridir. Onun İran kəşfiyyatı, yaxud dini strukturlar ilə əlaqəsi barədə deyilənlər cəfəngiyyata bənzəyir. Zatən hər bir müxalifə, tənqidçiyə heç olmasa bir dəfə xarici casus damğası vurulmayıbmı? Nə mən, nə də ağlı başında olan başqa adamlar yalançı casus nağıllarına inanmırıq. Görünən budur ki, MTN-in sadəcə adı dəyişib, mahiyyətcə DTX Mahmudov-Çovdarov bandasının üslubunu davam etdirir. Mən, ateist, dünyəvilyin təəssübkarı İranın təsirindən ehtiyatlanan bir adam kimi bu ittihamı təbəssümlə qarşıladım”.

Vəkil Cavad Cavadov da Natiq Kərimova qarşı irəli sürülən bu ittihamı inandırıcı hesab etmir:

“Natiq Kərimov Milli Şuranın üzvü, Nardaran Ağsaqqalar Şurasının sədri olmaqla daim siyasi-ictimai proseslərdə aktivliyi ilə seçilirdi və Nardaran hadisələrindən sonra dəfələrlə ola bilsin ki, kimlərinsə xoşuna gəlməyən açıq və sərt danışıb. Bu da kənddə tutduğu statusdan və inancından irəli gəlirdi. Оnun Cinayət Məcəlləsinini 274-cü maddəsi ilə ittiham olunmasına dair rəsmi qurumun açıqlamasından görünür ki, guya o, uzun müddət dövlətin zərərinə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq, casusluq edib. Casusluq etmək üçün Natiq Kərimovən azından hansısa məlumat daşıyıcı olmalı idi, yəni elə bu məqam ittihamın inandırıcı olmadığını göstərir”.

Ana səhifəXəbərlər”Natiq Kərimovun casus olduğu inandırıcı deyil”