Müvəqqəti ömrün əbədi problemi

Ölüm cəzasının tətbiqi məsələsi çox mübahisəli mövzu olaraq qalır

Source:
Edam cəzasına hazırlıq
Edam cəzasına hazırlıq

Professor İlham Rəhimovun ictimaiyyətə təqdim etdiyi “Ölməz ölüm cəzası” monoqrafiyası hüquq elmini, xususilə kriminologiya elmini zənginləşdirən, böyük nəzəri və praktiki əhəmiyyətə malik olan əsərdir.

Hörmətli alimimizin yeni monoqrafiyası cinayət hüququnun və kriminologiyanın bu istiqamətdəki yaradıcılığının davamıdır. Belə ki, alim İ.Rəhimov son illərdə “Cinayətkarlıq və cəza” (2012-ci il) “Cinayət və cəzanın fəlsəfəsi” (2013-cü il), “Cəzanın əxlaqiliyi haqqında” (2016-ci il) adlı monoqrafiyaları elmi ictimaiyyətə təqdim edib. Həmin əsərlərdə cinayət və cəzanın hüquqi, fəlsəfi, pisxoloji, sosioloji aspekləri tədqiq edilib.

“Ölməz ölüm cəzası” monoqrafiyasında alim yaradıcılıq ənənələrini davam etdirərək ardıcıllıqla ölüm cəzasının tarixini, fəlsəfəsini, sosiologiyasını, pisxologiyasını təhlil edib. Monoqrafiyanın maraqlı cəhətlərindən biri ondan ibarətdir ki, alim ölüm cəzasının gələcəyi adlı yekun fəsildə bu problemə dünyada, ayrı-ayrı ölkələrdə kriminogen durumun tendensiyalarından asılı olaraq konkret yanaşma tələb etdiyini əsaslandırır.

Ölüm cəzasının tətbiqi məsələsi çox mübahisəli mövzu olaraq qalır. Ölüm cəzasının tətbiqinin ədalətliliyi, əxlaqiliyi, faydalılığı və s. barədə onun tərəfdarları və əleyhdarlarının öz arqumentləri vardır. Və maraqlıdır ki, həmin arqumentlər də özlüyündə ciddi suallar doğurur. Buna bir maraqlı tarixi hadisəni misal göstərmək olar. Tarixçilər yazırlar ki, 1718-ci ildə Rusiya çarı I Piyotrun oğlu Aleksey atasına qarşı qiyam sui-qəsdi ilə ittiham olunur. Bu zaman I Piyotr cəza məsələsində tərəddüd edir və ona görə də ali ruhanilərə cəza məsələsində rəy bildirməyi tapşırır. Ruhanilər uzun zaman məsələni müzakirə edirlər və müqəddəs kitablar əsasında bir- birinə zidd rəylər verirlər. Çara məsləhət görürlər ki, əgər “Əhdi-ətiq” əsasında hərəkət etməli olsa, oğlu ona xəyanət etdiyinə görə ölüm cəzasına məhkum olunmalıdır. “Əhdi-Cədid”ə istinad olunsa isə oğlunu bağışlamalıdır. Bir-birinə zidd rəylər I Piyotru dilemma qarşısında qoyur və o, uzun və əzablı düşüncələrdən sonra, nəhayət, oğluna ölüm cəzası verir.

Ölüm cəzasının tətbiq edən ölkələrin arealı azalır. Lakin onun təbiqi barədə mübahisələr isə davam etməkdədir və görünür ki, bunun üçün hələ əsaslar mövcuddur.

Hazırki dövrdə 95 ölkə ölüm cəzasının bütün növ cinayətlər üzrə, 9 ölkə sülh vaxtında törədilən cinayətlərə görə ləğv edib, 35 ölkə isə onu, ümumiyyətlə, tətbiq etmir. Göründüyü kimi, ölüm cəzasının praktikası azalır. Tarixilik baxımından bu aparıcı tendensiyaya çevrilib. Misal üçün, İngiltərədə 19 əsrin əvvəllərində 200 cinayət növünə görə ölüm cəzası tətbiq olunurdu. Hətta bəzi xırda oğurluğa görə belə ölüm cəzası tətbiq edilirdi.

Ölüm cəzasının tətbiqi prosesi cəmiyyətin və insanların inkişaf səviyyəsindən aslıdır. Həmin cəzanın tətbiqinə səbəb olan cinayət əməlləri aradan qalxmalıdır. Həmin səbəblər yəni, insan və insanlıq əleyhinə nə qədər ki, amansız cinayətlər mövcuddur, bu cəzanın tətbiqindən geri çəkilmək məqsədə uyğun deyildir.

Çünki ədalətlilik baxımından günahsız insanı amansızlıqla həyatdan məhrum edən şəxs həmin andan da özünün yaşamaq hüququnu itirir və kriminal, qeyri-insanı əməllərə yol verdiyindən cəmiyyətdə anti-əxlaqi nümunə yaradır.

Ölüm cəzasının tətbiqini qeyri-məqsədə uyğunluğunun bir arqumenti var və bu arqumentlə razılaşmaq olar. Bu, məhkəmə səhvləridir. Məsələn, tədqiqatçıların bildirdiyinə görə demokratik sistemə və müstəqil məhkəmə hakimiyyətinə malik olan ABŞ kimi dövlətdə səhvən 349 ölüm hökmü çıxarılıb, onlardan 23 ölüm hökmü icra olunub. Bu fakt, yəni məhkəmə səhvləri ölüm cəzasının tətbiqinə qarşı ən əsaslı, nəzərə alınmalı arqumentdir.

Bu baxımdan monoqrafiyanın nəticə hissəsində müasir dövrdə ölüm cəzasının tətbiqinə kriminogen durumun tendensiyasına uyğun olaraq konkret yanaşma ümumilləşdirməsi maraqlıdır.

“Düşünürük ki, hazırkı dövrdə ölüm cəzasının təkcə əxlaqi cəhətdən deyil, həmçinin sağlam düşüncə və ölkədə kriminogen vəziyyətin qiymətləndirməsi baxımından faydalılığının daha dərindən tətqiq etməyə ehtiyac vardır. Bizim fikrimizcə, ölüm cəzası yalnız zəruri və faydalı olduqda tətbiq edilməlidir. Bu mövqe həmin cəza tətbiqinə münasibətdə əxlaqiliyin yeganə dominant əsası olmadığını, ondan başqa “hər kəsə lazımı əvəzin verilməsini” tələb edən ədalət prinsipinin lazım olduğunu ifadə edir”.

“Həm ədalətlilik hissi, həm də sağlam düşüncə baxımından iki nəfərdən çox şəxsin ölümü ilə nəticələnmiş ağırlaşdırıcı hallarda törədilən qəsdən adam öldürmə cinayətlərinə görə, təbii ki, əməlin subyektiv cəhətini nəzərə almaq şərtilə, ən yüksək cəza tədbiri kimi ölüm cəzasının tətbiq edilməsini düzgün hesab edirik. Digər qəsdən adam öldürmə cinayətlərini törətmiş şəxslər üçün isə ölüm cəzası ilə yanaşı, ömrlük azadlıqdan məhrumetmə cəzasının da nəzərdə tutulmasını məqsədəuyğun hesab edirik”.

Cinayət və cəza hüquq elminin əbədi problemidir. Həmin problemə hər dövrün tarixi yanaşması olmuşdur. Professor İ.Rəhimovun monoqrafiyasında problem müasirlik baxımından müxtəlif aspektlərdən ətrafı araşdırılıb. Ona görə də monoqrafiya hüquqşunaslar, filosoflar, sosioloqlar üçün qiymətli mənbədir.


Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəMüvəqqəti ömrün əbədi problemi