Source: Meydan Tv

“Müstəntiq cinayətin əsas səbəbkarını ört-basdır edir”

3 həftə əvvəl bıçaqlanan Gədəbəy sakini istintaqdan narazıdır

“Dayısı uşağın əlinə bıçaq verib, qollarımı tutub, uşağa deyib, bacınla bağlı nalayiq sözlər deyib, vur bunu, ölsün. İndi uşağa cinayət işi qaldırıblar, dayının adı çəkilmir. Araşdırmışam ki, işi aparan müstəntiqlə qohum olduğuna görə onu məsuliyyətdən kənarda saxlayır, əməllərini ört-basdır edir”.

Gədəbəyin Çobankənd kənd sakini, 25 yaşlı Ceyhun Fətəliyev Meydan TV-yə danışır ki, iyunun 4-də həmkəndlisi İbrahim Məmmədov tərəfindən bıçaqlanıb. Vaxtında xəstəxanaya götürülməsi və tibbi müdaxilə edilməsi nəticəsində sağ qalıb. 20 gündən çoxdur ki, Gədəbəy Rayon Polis Şöbəsi bu hadisə ilə bağlı cinayət işi başlayıb. Ancaq istintaqı aparan baş müstəntiq İbrahim Hüseynovun təqsirləndirilən tərəflə qohumluq əlaqələri olduğuna görə hadisənin əsas səbəbkarı və iştirakçısı olan şəxs istintaqdan kənarda qalıb:

“Uşağa dedi, nə durmusan, vur...”

“Yekə kişini kənarda saxlayıb, 15 yaşlı uşağa cinayət işi açıblar. O uşaq bıçağı əlinə öz fikriylə götürməyib, onu dayısı göndərmişdi, sonra da dalıyca gəldi, məni yumruqladı, qollarımı tutdu, uşağa dedi, nə durmusan, vur...”

Ceyhun Fətəliyev deyir, iyunun 4-də bir qonşusuyla kartof sahəsini dərmanlayırmış. Bu vaxt sahənin yaxınlığında yaşayan həmkəndlisi Hafiz Məmmədov sahəyə gəlib:

“Ondan əvvəl Hafizin bacısının ailəsində bir məsələ olmuşdu, o barədə danışdıq, Hafiz də bacısının qarasınca deyindi, belə şeylərə görə bacısıyla küsülü olduğunu dedi, getdi. Az sonra Hafizin 15 yaşlı bacısı oğlu bıçaqla sahəyə gəldi bildirdi ki, dayısı onlara gedib, danışdıqlarımı çatdırıb. Mən uşağın biləyindən tutdum, dedim, dayının sözünə aldanma, sən uşaqsan, belə söhbətlərə qarışma, bıçaqla oynama. Bu vaxt dayısı da qaça-qaça gəldi, üzümdən yumruqla vurdu, mən uşağın biləyini buraxdım, dayısı qollarımı tutdu, uşağa göstəriş verdi ki, vur bunu. O da bıçağı ciyərimə vurdu. Məni sahədə atıb qaçdılar”.

“Qanitirmədən öləcəkdim”

Ceyhun Fətəliyev deyir, onunla birlikdə kartof sahəsinə gəlmiş qonşusu olmasaydı, elə sahədəcə qanitirmədən öləcəkdi:

“Adilin böyrəyini təzəlikcə əməliyyatla götürüblər. Ona görə də bunlar məni bıçaqlayanda, o yaxın dura bilmədi. Onlar gedəndən sonra məni maşına qoyub xəstəxanaya çatdırdı“.

Ceyhun Fətəliyev İbrahimin dayısının da cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

Gədəbəy Rayon Polis Şöbəsindən bildirilib ki, İbrahim Məmmədov istintaqa verdiyi ifadəsində Ceyhun Fətəliyevin onun ailə üzvü ilə bağlı nalayiq ifadələr işlətdiyinə görə vurduğunu bildirib. İbrahim Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkmiş Ceyhun Fətəliyevin təqsirləndirilən şəxsin yaxın qohumu Hafiz Məmmədovla bağlı təqdim etdiyi bütün xüsusatlar araşdırılır. İstintaq davam etdiyi üçün əlavə məlumat verilməyib. Bu iş üzrə cinayət işi başlanması və icraata qəbul edilməsi ilə bağlı qərarı Gədəbəy Rayon Polis Şöbəsinin İstintaq Qrupunun rəisi, baş müstəntiq İbrahim Hüseynov imzalayıb.

O da bildirilib ki, hazırda istintaqı aparan baş müstəntiq İbrahim Hüseynov yox, Nicat Rüstəmovdur.

Sənəd

Sənəd

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/xdnsn8

Most Viewed