Müsavat Partiyasının başqanlığına namizədlər rayonlarda polis təzyiqi ilə üzləşdiyini bildiriblər

“İmkan versələr, partiya üzvləri ilə görüşə biləcəyik”.

Source: Meydan TV


“Müsavatçılarla görüşlərin keçirilməsinə mane olurlar”

Müsavat Partiyasının başqanlığına namizədlər Tofiq Yaqublunun və Yadigar Sadıqlının rayonlarda partiya üzvləri ilə görüşlərinə maneçilik yaradılır.

Bunu Meydan TV-ə Yadigar Sadıqlı deyib.

Müsavat Partiyasının IX qurultayı oktyabrın 12-ə planlaşdırılıb.

Yadigar Sadıqlı hazırda Qəbələdə olduqlarını bildirib:

“Son iki gün ərzində olduğumuz rayonlarda hansı çayxanaya gedirdik, bağlayırdılar. Səbəbini gizlətmədən, yuxarıdan tapşırıq olduğunu deyirdilər. Bu gün Qəbələdə olduq. Restoranların birində görüşümüzün başlanmasından 15 dəqiqə sonra partiyanın Qəbələ rayon təşkilatının sədrinə və restoranın sahibinə zəng gəldi. Ofisiant gəlib obyekti tərk etməyimizi məsləhət gördü. Məcbur olub meşəliyə tərəf getdik. Amma izlənirdik. Açıq yerə çıxan kimi polislərin sayı artdı”.

Onun sözlərinə görə, Qəbələ Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin rəisi başda gəlirdi və başqanlığa namizədlərdən rayona səfərin məqsədini soruşub.

“Məsələni izah edəndən sonra, rayonu tərk etməli olduğumuzu söylədi. Səbəbi soruşanda, cavab verdi ki, ofisiantı təhqir etmisiniz, inzibati xəta törətmisiniz. Ondan soruşduq ki, əgər belədirsə, niyə rayondan çıxarırsınız. Bunu eşidən kimi dedi ki, oturun maşına, gedirik idarəyə. Amma yolda saxlayıb rayonu tərk etməyimizi qarşımızda tələb şəklində qoydu”.

Başqanlığa namizəd deyib ki, oktyabrın 3-də Şəkidə də maneçilik olub, amma müsavatçılarla ayaqüstü olsa da görüşə biliblər:

“Bizi Zaqatala rayonundan izləyirdilər. Axşamı Qaxda müsavatçının evində qaldıq və orada partiya üvləri ilə görüşə bildik. Qaxdan qayıdarkən yolda çay içmək istədik, obyektə qoymadılar. İkinci çayxanada da dedilər olmaz. Üçüncü obyektdə əvvəl normal qarşıladılar, amma sonradan çayxananı bağlayıb, dedilər ki, işləri var”.

72086405_2704583149561132_5771456922129530880_n.jpg
Qəbələ polisi müsavatçı namizədləri izləyərkən

O, növbəti görüşlərinin Şamaxıda olacağını bildirdi:

“İmkan versələr, partiya üzvləri ilə görüşə biləcəyik”.

Hazırda Müsavat Partiyasının qurultayına 3 nəfər namizədliyini irəli sürüb. Hazırkı başqan Arif Hacılı da bir sıra rayonlarda görüşlər keçirir.

Müsavat Partiyası 1911-ci ildə Məmməd Əmin Rəsulzadə və milli demokratiya ideoloqları tərəfindən təsis edilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra partiya öncə gizli, sonradan siyasi mühacirətdə fəaliyyət göstərib.

1992-ci ildə Azərbaycanda Müsavat Partiyasının fəaliyyəti bərpa edilib. Xalq Cəbhəsinin liderlərindən biri, parlamentin o zamankı spikeri İsa Qəmbər partiyanın sədri seçilib və 2014-cü ilə qədər ona rəhbərlik edib. Nizamnamədə sədrlik müddətləri üçün qoyulan məhdudiyyətlərə əsasən, İsa Qəmbər başqanlıq üçün namizədliyini irəli sürməyib. 2014-cü ildə keçirilən qurultayda Arif Hacılı partiyanın yeni sədri seçilib.

Ana səhifəSiyasətMüsavat Partiyasının başqanlığına namizədlər rayonlarda polis təzyiqi ilə üzləşdiyini bildiriblər