Yenqoyanlar ailəsi

Source: Meydan Tv

Caption: Yenqoyanlar ailəsi

Müharibənin izləri: Həyata yenidən başlayanlar

Article was updated on :  4 May 2021

Məqalənin I hissəsini buradan oxuya bilərsiz

2020-ci il sentyabr-noyabr aylarında Azərbaycanla Ermənistan arasında baş verən 44 günlük müharibədən geriyə nələr qalıb? Evini, əzizini itirənlər, psixoloji travma alanlar baş verənləri necə xatırlayır?

Həm Ermənistan, həm də Azərbaycanda müharibənin qoyduğu izləri hökumətlər hansı formada silə bilib?

“Müharibənin başladığına inana bilmirdik”

“Evimizdən şəkillərdən başqa heç nə götürə bilməmişik”

Xocavəndin Mets Tager (red: azərbaycanca Böyük Tağlar) kəndinin sakinləri 44 yaşlı Armen Voskanyan və 35 yaşlı Narine Hakobyan üç qızları və anaları ilə birgə Yerevan ətrafında üçotaqlı kirayə mənzildə məskunlaşıb.

Ailənin bildirməsinə görə, hər şeylərini - ev, dükan, fermalarını indiyə qədər yaşadıqları Böyük Tağlar kəndində qoyub gəliblər. Hazırda isə aylıq kirayə haqqını belə çox çətinliklə qarşılaya bilirlər.

Evin xanımı Narine Hakobyan telefondakı şəkillərini göstərir və kəndlərini xatırlayır:

“Burada kənddə toy olan vaxtdır. Bu isə evimizin qarşısındakı həyətdir. Götürə bildiyimiz də elə bunlardır. Evimizdən qalan bir neçə foto. Bir baxın, evimizin qarşısındakı bağdır, bu da 120 yaşlı armud ağacıdır”.

Narine Hakobyan şəkilləri göstərməyə davam edir. Kənddə olanda həm də arı saxlayırmışlar. Həmin arı ailələrinin qutularını göstərir:

“Bir baxın, burada da uşaqlar çayın kənarında oynayırlar”.

“Müharibənin başladığına inana bilmirdik”

Narine deyir ki, əslən Xocavəndin Tumi kəndindəndir. Ailə qurduqdan sonra Böyük Tağlara köçüb. Burada düz 12 il yaşayıb:

“Sentyabrda bacım uşağınının doğum günü idi, mən də tort bişirirdim. Bombaları səhər tezdən atmağa başladılar. Düzünü desəm, əvvəl müharibənin başladığına inana bilmirdik. Həyat yoldaşım könüllü olaraq cəbhəyə getdi. Bir neçə gün kənddə qayınanam və uşaqlarımla birgə qaldıq”.

44 yaşlı Armen Voskanyan və 35 yaşlı Narine Hakobyan

44 yaşlı Armen Voskanyan və 35 yaşlı Narine Hakobyan

Source: Meydan Tv

“Uşaqlar qorxub, travma alıblar”

Ana deyir ki, uşaqlar və yaşlı qadınla tək qalmaq ona asan olmayıb. Bombaların səsi bu gün də qulağından getmir:

“Uşaqlar da çox qorxub, travma alıblar. Sonra bacım zəng edib dedi ki, kəndimizə (Tumiyə) get, ana və atamızla qal. Bildirdi ki, belə vəziyyətdə uşaqlarla kişisiz evdə tək qalmaq təhlükəlidir. Onun məsləhətindən sonra bir neçə gün də evdə qaldıq. Amma sonra düşündük ki, artıq Xocavənddə qalmaq təhlükəlidir. Ermənistana köçmək qərarına gəldik”.

“Yolboyu dronlar başımızın üzərindən uçurdu”

Narine Hakobyan deyir ki, onlar bu qərara gələndə kəndlərində, ümumilikdə Xocavənddə çox az adam qalıbmış. Vəziyyət daha da pisləşəndə qardaşı kəndə gedib. Bu zaman bir neçə nəfəri oradan çıxara bilib:

“Biz kənddən çıxanda “Ford” markalı maşına 30 nəfər yerləşmişdik. Bütün gecə və gündüzü yolda keçirdik. Ermənistana sağ çatacağımıza da inanmırdıq, çünki yolboyu dronlar başımızın üzərindən uçurdu”.

“18 nəfər qaçqın bir evdə qalırdıq”

Qadın həmin günləri xatırlayır, xatırladıqca da gərginləşir. Deyir, gəldikləri gün Ermənistanda heç kim onları qarşılamayıb. Məcbur qalıb qardaşının evinə gediblər:

“18 nəfər idik - bacım və uşaqları, xalam və uşaqları, digər qohumlarımız... Hamımız qardaşımın kiçik evinə toplanmışdıq. Beləliklə, Abovyan şəhərində yaşayan qardaşımın evində 2 ay qaldıq. Ancaq orada da çox qala bilməzdik. Qardaşım mənzildə kirayə qalırdı, həm də qohumlarımızdan bəziləri artıq kirayə ev axtarmağa da başlamışdılar”.

“Dövlətin verdiyi pul çoxdan tükənib”

Ailə ilk başda Yerevanın Movses Xorenatsi küçəsində kirayə mənzil tapıb ora yerləşib. Bu zaman dövlət onlara dəstək olub:

“Dövlət hər ailə üzvünə 300 000 dram (təxminən 565 dollar) ödəyirdi, həmin pula da evin kirayəsini, kommunal xərcləri ödəyirdik. Həmçinin uşaqlara geyim, məktəb üçün dəftər, qələm və digər ləvazimatlar da aldım. Uşaqpulu verilsə də, artıq hamısı xərclənib, çünki evi tərk edəndə pasport, sənəd, zinət əşyalarımı götürə bilməmişdim”.

“Qaldığımız mənzilin pulunu ödəyə bilmirik”

Armen Voskanyan deyir ki, artıq dövlətin onlara verdiyi yardım xərclənib, bitib. Ona görə də məskunlaşdıqları kirayə evinin pulunu ödəmək çətinləşib və oradan çıxmaq məcburiyyətindədirlər:

“Bu evi də tərk etməliyik. Nə edəcəyimizi bilmirəm. Anamın səhhətində problemlər var, uşaqlar da məktəbə getməlidirlər. Yerevan bələdiyyəsində qeydiyyatdan keçmişik. İlk gələndə bizi yeməklə təmin edirdilər, indi isə o da bitdiyinə görə yemək verə bilmirlər. Xocavənddə öz marketimiz, inək və donuzlardan ibarət ferma və 30 bal arısı olan ailəmiz vardı. İndi isə heç nəyimiz yoxdur. Həyata sıfırdan başlamağa çalışırıq”.

“Dövlət bizə yerləşməyə yer versə, yaxşı olar”

Narine Hakobyan kəndlərindəykən tikinti materialları mağazasında çalışırmış. Deyir, əslində müəllimədir. Ancaq iş tapa bilmədiyindən mağazada çalışıb. Pis dolanmayıblar. İndi isə nə iş var, nə də qalmağa yerləri:

“Açığı, işimi çox sevirdim. Çox ümid edirəm ki, bir gün geri qayıdacağıq və mən oradakı işimə qaldığım yerdən davam edəcəyəm”.

“Qaçqın statusu verilməyib”

Ailə bildirir ki, hələlik, qaçqınlıqla bağlı heç bir statusları yoxdur. Ancaq ən azı dövlət onlara yerləşmək üçün bir yer verə bilər:

“Cəbrayıldan Xocavənd ərazisinə daxil olduqca günbəgün bizə daha da yaxınlaşırdılar. Əsgərlər bizim kəndə də daxil olmuşdular. İtkinsiz ötüşmədi, xalam oğlu həlak oldu, Yerevanda bizimlə olan oğlanlardan da həlak olanlar var. Cəsədləri bu yaxınlarda tapılıb. Nə bilim… Daim geri çəkilirdik. Bombaları dronlardan tökürdülər. Dronlar həddindən artıq çox idi” – deyir, Armen Voskanyan.

“Heç anlaya bilmədik ki, nə baş verdi”

Narine Hakobyan isə hələ də geri qayıdacaqlarına ümid bəsləyir. Deyir, bu ümid onlara nəyi necə edəcəklərini düşünməyə imkan vermir:

“Həyatımızı başqa cür necə davam edəcəyik, bilmirəm. Hər şey çox qeyri-müəyyəndir. Ümid edirəm kəndimizi geri qaytarar və ora geri dönərik. Bizim kəndimiz, Tumi həmişə təhlükəsiz olub. Cəbhəyə yaxın olmadığı üçün hətta digər kənd sakinləri belə orada gəlib qalırdı. Azərbaycanlılar heç vaxt Tumidə və Tağlarda olmayıblar. İndi isə heç anlaya bilmədik ki, nə baş verdi, necə baş verdi. Heç kənddən çıxacağımızı və geri dönə bilməyəcəyimizi ağlımıza gətirmirdik”.

“Bilsəydim dönməyəcəyik, kəndimizdən bir ovuc torpaq götürərdim”

Narine Hakobyan deyir ki, əgər geri dönə bilməyəcəyini öncədən bilsəydi, kəndlərindən bir ovuc torpaq götürərdi:

“Xocavənddə doğulmuşuq, bütün həyatımız boyu da orada yaşamışıq. Hadrutdan vaxtında çıxa bilməyən qohumlardan bir qadın və oğluna işgəncə vermişdilər. İşgəncə və alçaldıcı hərəkətlərlə üzləşənlərin sayı çox olsa da, heç bir ölkə buna görə şərh vermədi. Müharibə dustaqlarımız var və hələ də bu məsələlər həll edilməyib. Məncə, bu qədər şeydən sonra azərbaycanlılarla birgə, sakit yaşamaq mümkün olmaz. Onlarla birgə eyni yerdə qala bilmərik. Kəndlilərdən biri itkin düşüb. Ondan hələ də bir xəbər yoxdur”.

“Birgə yaşamağa başlansa, tarix təkrarlanacaq”

Narine Hakobyan birgə yaşayışdan qorxur. Deyir, əgər yenidən birgə yaşamağa başlansa, tarix təkrarlanacaq. Yenə də eyni müharibə, eyni situasiya olacaq:

“Füzulidə yaşasalar belə, yenə də təhlükəsiz olmayacaq. Məsələn, mənim üç qızım var. Necə onları götürüb orada yaşaya bilərəm? Azərbaycanlıların qonşuluqda yaşadığını bilib özümü necə təhlükəsiz hesab edə bilərəm? Bu problem həll yolunu taparsa, Qarabağa status verilərsə, hamımız evimizə, torpağımıza geri qayıda bilərik. Bütün xatirələrimiz oradadır, xatirə üçün foto da çəkə bilmədik. Bu gün atamın ölümünün 10 illiyidir, ancaq gedib ziyarət edə biləcəyimiz bir məzar belə yoxdur”.

“Şuşaya gedə bilmərik, ancaq yenə də Qarabağa qayıtmaq istəyirik”

65 yaşlı Marlen Vardanyan həyat yoldaşı Susanna Xaçatryanla (63 yaş) Şuşadan gəliblər. Onlar doğulduqları gündən həyatlarını Şuşada keçirdiklərini deyirlər. İndi isə Dağlıq Qarabağda bir sığınacağa köçəcəklərinə ümid edirlər:

“Şuşaya gedə bilmərik, ancaq yenə də Qarabağa qayıtmaq istəyirik. Ora bizim evimizdir”, - Marlen Vardanyan deyir.

Yaşlı cütlüyün həyatı oğullarını xərçəng xəstəliyindən itirdiklərinə görə ağır olub. Ancaq yenə də onlar övladlarının ölümü ilə barışıb, həyatlarına davam ediblər:

“Torpaq sahəmiz vardı, orada işləyirdik. Göydən bombalar yağanda belə bostana girib bir az sarımsaq topladım. Yoldaşım deyirdi ki, sarımsaq nəyinə lazımdır? Düşünürdüm ki, bir neçə gün sonra atışmalar bitər yəqin, amma qış üçün sarımsaq lazım olacaq. Haradan bilərdim ki, durum bu qədər dəyişəcək?”

“Şuşanı tərk edəcəyimiz ağlımıza belə gəlmirdi”

Susanna Xaçatryan xatırlayır. Onlar bu müharibənin də 2016-cı ilin aprelində olduğu kimi qısa bir zamanda dayanacağını və hər kəsin həyatına qaldığı yerdən davam edəcəyini düşünüblər. Ancaq belə olmayıb:

“Situasiyanın düzələcəyini zirzəmilərdə, maşınlarda qala-qala gözləmişik. Şuşanı tərk edəcəyimiz ağlımıza belə gəlmirdi”.

Ailə müəyyən müddət sonra evlərini tərk etməli olub. Bağlarına düşən bombanın partlayışından Marlen Vardanyan uzun müddət huşsuz qalıb:

“Partlayışdan sonra anladım ki, biz evimizi tərk etməliyik. Həmçinin xəbər də yayılmışdı ki, azərbaycanlılar artıq Şuşaya çox yaxınlaşıblar”.

Ailələrin bir çoxu artıq Dağlıq Qarabağa geri qayıdıb. Hökumət insanları Stepanakert (Xankəndi-red.) və Azərbaycanın nəzarətində olmayan digər ərazilərə yerləşdirməyə çalışır.

''Dronlar və smerçlər hər yeri bombalasa da, yoldaşım dedi ki, bizi Yerevana aparacaq''

“Kənddən digər uşaqlara da çıxmağa yardım etdik”

Yenqoyanlar ailəsi isə oktyabrın 30-da Hadrutun Haykavan kəndini tərk ediblər. Hmayak və Astghik Yenqoryan 7 kiçik övladları ilə birgə çətin şərtlər altında Ararat rayonunun Arbat kəndində birotaqlı kabində yaşayırlar. Hmayak Hadruta 1995-ci ildə köçüb və müharibəyədək orada yaşayıb. Hadrutda evləri və fermaları da olub, müharibədən sonra isə hər şeyi itiriblər.

“7 övladım, həyat yoldaşım və qayınanam ilə birgə yaşayırıq. Sentyabrın 28-də müharibə başlayan gün 3 uşağı götürdük, 3-ü isə evdə qaldı. Yeddinci uşaq hələ doğulmamışdı. Qaynım cəbhədən zəng edib dedi ki, evi tərk edək. Hərşeyimizi qoyub çıxdıq, evimizi, fermamamızı, inək və donuzları” – deyir, 27 yaşlı Astghik.

Astghik Yenqoyan deyir ki, Haykavanda inəkləri olub, təsərrüfatla məşğul imişlər:

“Uşaqlarımızı böyütmək üçün əlimizdən gələni edirdik. Fermada 17 donuzumuz, 17 arı ailəmiz, 11 qazımız, 16 ördəyimiz, 4 inəyimiz və 30 toyuğumuz var idi. Yoldaşımın işlədiyi dəyirman da vardı. Evimiz dörd otaqlı idi. Əşyalarımız da hamısı yeniydi”.

Astghik Yenqoyan evlərindən çıxdığı günü yaxşı xatırlayır. Deyir, dəhşətli gün idi:

“Qorxulu idi. Dronlar və smerçlər hər yeri bombalasa da, yoldaşım dedi ki, bizi Yerevana aparacaq. Kənddən digər uşaqlara da çıxmağa yardım etdik”.

Müharibədə Astghikin qaynı həlak olub. Adı Rubo imiş. Onun 57 yaşlı anası Gayane Mkrtchyan deyir, həlak olmamışdan iki gün əvvəl danışıblar:

“Necə olduğumu, nə etdiyimi soruşdu. Dedim ki, hinduşkalara baxıram. “Onları yaxşıca kökəlt ki, mən qayıdanda birgə bişirib yeyək”, - dedi. İki gün keçdi, zəng gəlmirdi, biz özümüz də onunla əlaqə saxlaya bilmədik. Viber nömrəsinə də zəng etdim, cavab yox idi. Sonra xəbər aldıq ki, pis bir şey baş verib. İnana bilmirdik”.

Ailəsi Rubonun cəsədini axtarmağa başlayıb. Bu, 20 gündən çox sürüb:

“Daha sonra eşitdik ki, cəsədini Yexneqnadzora aparıblar. Qohumlarımız ora getdilər. Onlara tapşırdım ki, ovcunda bir çat var. Uşaqlığında Qarabağda olanda nəsə baş verib, partlayış olmuşdu, ona görə bədənində çat izləri vardı. Bir əlində asanlıqla görünən çat izləri və digər əlində isə bir döymə vardı. Qohumlarım onu çat izləri, döyməsi və sənədlərini də üstündə tapdılar. Boynundan yuxarı başı yox idi… başı partlamışdı…”, - Gayane Mkrtchyan deyir.

Ana təxmin edir ki, bu, bəlkə də oktyabrın 6-da baş verib. Deyir, oğlu orduda könüllü kimi 5 illik müqavilə ilə xidmət edirdi:

“37 yaşı vardı, ailəsi və 5 qızı vardı. Uşaqlarının ən kiçiyi 6 yaşındadır. Onlar da eyni kənddə, Haykavanda yaşayırdılar. Bizə zəng edib, evdən çıxmağı deyən o idi, yoxsa çıxmaq artıq gec olardı. Snayper idi. Oktyabrın 7-si doğum günü olacaqdı. İndi həyat yoldaşı və 5 qızı Sisyanda kirayə evdə yaşayırlar. Dövlətin yoldaşına görə verdiyi təminatla və yardıma ehtiyacı olanlara verilən təminatla dolanırlar. Bilmirəm. Bura gəlməyi demişdim, amma gəlmədilər”.

Rübabə Cəfərova

Rübabə Cəfərova

Source: Meydan Tv

Rübabə Cəfərova isə Gəncənin Muxtar Hacıyev küçəsində yaşayır. Oktyabrın 17-də gecə saatlarında Ermənistan ərazisindən atılan raket zərbəsi onun yaşadığı məhəlləyə düşüb. 3 evi tamamilə yox edib, qalanlarını da uçurub-dağıdıb.

Rübabə Cəfərova həmişə inanırmış ki, Gəncə şəhərinə heç nə olmaz: “Çünki bura İmam Hüseyn şəhəridir. Necə deyərlər, ağlımıza gəlməyən başımıza gəldi. Həmin gecə hamımız yıxılıb yatmışdıq. Gecənin bir aləmi asta bir səs eşitdim. Ardınca isə elə bil dünya dağıldı. Dəhşətli anlar yaşadıq. Evimiz-eşiyimiz dağıldı”.

“Hamımız səksəkə içindəyik, travma almışıq”

Rübabə Cəfərova deyir ki, hadisənin soyuq qış günü olması işlərini daha da ağırlaşdırıb. Aylarla pəncərələrə sellofan tutub yaşayıblar. Düzdür, dövlət yataqxana ilə təmin edib. Ancaq orada cəmi bir gecə qala biliblər:

“Nəvələrim qorxdular, ağladılar ki, həyət evi dağıldı, altında qalmadıq. Amma bina hündürmərtəbəlidir, dağılsa, salamat çıxmayacağıq. Uşaqların hamısı travmalıdır. Çöldən xırda bir səs gəlir, göz bəbəkləri böyüyür, əsirlər. O dəqiqə “harasa partladı? Gələn səs nədir?” deyə sual edirlər. Əslində elə biz böyüklər də onlardan geri qalmırıq. Hamımız səksəkə içindəyik”.

“15 nəfər qəzalı evdə çətinliklə yaşayırıq”

Rübabə Cəfərova kirayə mənzillə təmin olunmaq üçün bir neçə dəfə müraciət edib. Deyir, müraciətinə baxan olmayıb. Nəticədə qəzalı evinə geri dönməyə məcbur qalıb:

“Hacı Nuran bizə 800 manat yardım göndərdi. Üstünü pensiyamla düzəldib pəncərələri taxdıq. Qalan hər şey olduğu kimi qalıb. Ev çatlayıb, əşyalarımız zərər görüb. Evi tamamilə dağılan oğlum, qızım da ailələri ilə birgə bizə gəliblər. 15 nəfər qəzalı evdə çətinliklə yaşayırıq”.

“Dağılmış evin altından 6 nəfəri sağ çıxara bildilər”

Rübabə Cəfərova problemlərindən danışır. Arada da qəzanın olduğu günü xatırlayır, həyəcanlanır. Deyir, oğlu onlardan 5 ev aralıda yaşayır. Hadisə baş verəndə elə bilib oğlu ölüb. Çölə ayaqyalın qaçıb. Bu zaman ayağını şüşə kəsib, yarası bu gün də sağalmayıb:

“Şəkərəm, gərək yaralanmayım, yoxsa sağalmır. Getdim ki, oğlum təkcə küçədə durub və əllərini göyə qaldıraraq fəryad çəkir. Dostunun evi çökmüşdü. 11 nəfər altında qalmışdı. Oğlum çağırırdı ki, kömək edin, dostum içində öldü. Dağılmış evin altından 6 nəfəri sağ çıxara bildilər. Qalan 5 nəfər ölmüşdü. Oğlumun evində isə bircə dənə salamat əşya qalmamışdı. Elə bil o yeni təmir etdiyi ev yox, xaraba idi yerində”.

Partlayışdan dağılan ev

Partlayışdan dağılan ev

Source: Meydan Tv

“Bizimlə maraqlanan yoxdur”

Rübabə Cəfərova deyir ki, ev-eşikləri dağılıb, travma alıblar, ancaq onlarla maraqlanan yoxdur. O düşünür ki, icra başçısı bu olanlardan xəbərsizdir, eləcə də Prezident İlham Əliyevin bu haqsızlıqlardan xəbəri yoxdur:

“Prezident sərəncam imzalayıb ki, zərərçəkmişlərə kompensasiya verilsin. Bizim bu boyda zərərimizə gəlib 1000 manat yazıblar. Hadisə zaman televizorum da xarab olub. Elə təkcə onu 1 il əvvəl 1200 manata kreditlə almışdıq. Pulunu yeni bitirmişik. Deməyim odur ki, komissiyanın müəyyən etdiyi pul heç televizorun qiyməti deyil”.

“Gecənin bir aləmi elə bil dünya dağıldı”

“Evdə hər şey deşik-deşik idi”

Rübabə Cəfərova 4 aydır zülm içində yaşadıqlarını, həm mənəvi, həm də maddi baxımdan əziyyət çəkdiklərini deyir:

“Elə bil evin pərdələrini qayçı ilə doğramışdılar. Evdə hər şey deşik-deşik idi. Artıq 4 aydır ki, 15 nəfər bir damın altında yaşayırıq, heç nəyi çatdırmaq da olmur. Qonşunun damından bir daş düşəndə uşaqlar qışqırır ki, amandır gəldilər. Hələ aldığımız psixoloji travmalardan danışmıram”.

“Vəsaitlər ayırıb, ancaq bizə çatdırmırlar”

Elbir Cəfərov da Gəncə sakinidir. Komissiya dağılmış evinin təmirə ehtiyacı olduğunu yazıb. Özü isə bununla razılaşmır, deyir, ev sökülüb, yenidən tikilməlidir. Çünki içində ələ gələn nəsə qalmayıb:

“Partlayış günü gecə TRT mənim evimdən canlı yayım edirdi, evin nə halda olduğunu bütün dünya gördü. Ancaq mənə deyirlər ki, evə təmir lazımdır. Ən gülməlisi də buna görə 1000 manat vəsait ayırmalarıdır. Mən həmin puldan imtina etmişəm. Görünür, Prezidentin bu işlərdən xəbəri yoxdur. Çünki o vəsaitlər ayırıb, ancaq bizə çatdırmırlar”.

“İsti yataqlarımızda yatdığımız zaman baş vermişdi hadisə”

Elbir Cəfərov deyir ki, 30 ildir müharibə şəraitində yaşadığını yaxşı bilir. Ancaq ilk dəfəydi ki, müharibəni belə yaxından görüb, qanı və canı ilə dərk edib:

“Hərbi xidmətdə olmuşam. Özü də lap sərhəddə. Bilirsən ki, üz-üzəsən və kimsə çıxsa ya ölməli, ya öldürməlisən. Amma burada olan ona oxşar bir şey deyildi. Gecənin bir aləmi, isti yataqlarımızda yatdığımız zaman baş vermişdi hadisə. Ən əsası, bura Gəncədir, Qarabağ deyil. Yəni münaqişədən tamamilə kənar bir şəhərdir. Heç kim gözləmirdi. Ona görə də isti yatağında yatan uşaqlar öldü, qonşularımızı, dostlarımızı itirdik. Oğlumun otağı yoxdur, uçub. Yaxşı ki, uşaq içində olmayıb. Bir neçə gün əvvəl nənəsigilə gödərmişdik. Rəhmətlik dostum Bəxtiyarla 40 dəqiqə əvvəl söhbət edib, ayrılmışdıq. Evinə bomba düşdü və o, artıq yoxdur. Bu, bilirsiniz nə deməkdir?”

Elbir Cəfərov

Elbir Cəfərov

Source: Meydan TV

“Evimdən geriyə heç nə qalmayıb, 1000 manat ayırıblar”

Elbir Cəfərov həmin gecəni xatırlayır. Deyir, hamı yüksək səs gəldiyini iddia edir. Amma o, çox asta bir səs eşidib. Ardınca isə evə ağac, daş, torpaq, beton yağıb:

“Raketin düşdüyü evin bütün parçaları bizim evlərimizə tökülüb, hər şeyi uçurmuşdu. Burda insanlar öldü, yaxınlarımızı itirdik. Belə bir ağır psixoloji durumda biz durub kompensasiya haqda danışmamalıyıq. Onu qeyd-şərtsiz, insanları incitmədən verməlidirlər. Çünki bizə olan olub. Onlarsa nə edib? Təmir yazıb, 1000 manat ayırıblar. Evimdən geriyə heç nə qalmayıb. Kim özünə 1000 manatla yeni həyat qura bilər? Pis, yaxşı yaşayırdıq, evimiz, şəraitimiz var idi. Özü də evi yenicə təmir etdirmişdim. İndi mənə deyirlər ki, 40 ilə qurduğun şəraiti yenidən qur və bunu 1000 manata başa gətir. Bu, insafsızlıqdır”.

“Evdən bir dənə salamat əşya çıxmayıb”

Elbir Cəfərov təxmini hesablayıb. Deyir, evinə azı 25-26 min manatlıq ziyan dəyib:

“Anlayıram, hökumətin gücü hamısını ödəməyə çatmaz. Amma bu yaxınlarda Prezident fərman imzaladı. “Hər evə 6 min, ev sakinlərinə isə 1500 manat kompensasiya verilsin”, - dedi. Bu hesabla bizə 10 mindən artıq kompensasiya düşür. Axı heç onu da vermirlər. Gətirib bizə 1000 manat yazıblar. Evdən bir dənə salamat əşya çıxmayıb. Prezident az-çox pul ayırır. Amma həmin vəsaitlər ünvana çatmır. Bunu deyirəm ki, özü də baxsın və bilsin. Bilsin ki, həyatımız bitib. Kasıbçılıqla, zülmlə, qəpik-qəpik üstə qoyub qurduğumuz həyatımız batıb”.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.

44 günlük hərbi əməliyyat daha nələrə səbəb oldu?

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi. Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qaldı.

Müharibənin nəticələri – 6 mindən artıq itki

Yanvarın 11-dək Azərbaycan tərəf müharibədə həlak olan 2841 hərbi qulluqçusunun dəfn edildiyini açıqlayıb. Eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim edib. Ancaq bu günədək müharibədə nə qədər hərbçinin əlillik qazanması ilə bağlı rəsmi açıqlama olmayıb.

Azərbaycan tərəf 44 günlük əməliyyat zamanı ölkənin 100-ə yaxın dinc sakininin öldüyünü, 400-dək insanın yaralandığını, 40 mindən çox insanın köçkün düşdüyünü bildirib.

Baş Prokurorluğun isə mülki əhaliyə dəyən zərərlə bağlı açıqlamasında deyilir ki, müharibə zamanı Azərbaycan tərəfində 4186 ev yararsız hala düşüb. Qurum habelə 135 çoxmənzilli yaşayış evinin, 548 mülki obyektin yarsız vəziyyətə düşdüyünü açıqlayıb.

Dağlıq Qarabağdakı eskalasiyada Ermənistanın 3360 hərbi qulluqçusu həlak olub.

Ermənistan Səhiyyə Nazirliyi bildirir ki, hələ də kimliyi müəyyən edilməyən yüzlərlə hərbçi var. Müharibədə 1600 nəfər itkin düşüb, 8300 nəfər yaralı var.

Ancaq müharibədə hər iki tərəfdən təxminən 5600-dən çox adamın öldüyü təxmin edilir .

“Human Rights Watch” təşkilatının Dağlıq Qarabağ müharibəsi ilə bağlı yaydığı hesabatda https://www.hrw.org/news/2020/12/11/azerbaijan-unlawful-strikes-nagorno-karabakh deyilir ki, Xankəndində hədəfsiz atılan raket və quru zərbələri mülki strukturlara ziyan vurub. Hazırda əməliyyatlar dayanıb, amma mülki əhali hələ də infrastruktura dəymiş ziyanın əziyyətini çəkir.

Hesabatda deyilir ki, oktyabrın əvvəlinədək Xankəndidə yaşayan 50 mindən çox sakin Gorus və Yerevan şəhərlərinə köç edib.

Tanınmamış Dağlıq Qarabağ Respublikası səlahiyyətlilərinin verdiyi məlumata görə, müharibə zamanı və sonrasında Qarabağda yaşayan təxminən 90 min insan evlərini tərk etməli olub. Onların əksəriyyəti məhz müvafiq yaşayış məntəqələri Azərbaycanın nəzarətinə verildikdən sonra evlərini itirənlərdir.

Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən açıqlanan məlumata görə, noyabrın 24-dən etibarən 52 278 nəfər erməni Dağlıq Qarabağa geri dönüb.

Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Xocavənddən çıxan köçkünlər isə ya tanınmamış "DQR" ərazisindəki və Ermənistandakı qohumları, tanışlarının evlərinə sığınıb, ya da otellərdə, məktəb və bağça binalarında yaşayırlar. Məsələn, Qarabağa ən yaxın olan Ermənistanın Goris şəhərindəki bütün otellər indi qaçqınlarla doludur.

Müharibənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan hökuməti nə edib?

Azərbaycan müharibədə həlak olan hər bir hərbçinin ailəsinə 11 min manat (6475 dollar) məbləğində sığorta ödəyir. Bundan əlavə, Prezident İlham Əliyev müharibə vaxtı mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat (3532 dollar), şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat (883 dollar) ödənməlidir. Digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat (589 dollar) məbləğində maddi yardım ödəniləcək. Ancaq görünən odur ki, bu yardımlar ünvanına çatmayıb.

Bundan əlavə, Azərbaycan 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunan ərazilərin bərpasına 2.2 milyard manat (1,3 milyard

dollar) ayırıb .

2020-ci ilin sonunda isə Füzulidən Şuşaya yol çəkilməsinin (Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu) layihələndirilməsi və tikintisinə 50 milyon manat (29,5 milyon dollar) ayrılmışdı.

Ermənistanda müharibənin fəsadlarının aradan qaldırılması

Ermənistan hökuməti Azərbaycanın nəzarətinə keçən bölgələri tərk edən qaçqınlarla bağlı vəziyyəti humanitar fəlakət adlandırıb. Hər köçkünə birdəfəlik 300 min dram (təxminən 565 dollar) ödəyib. Qarabağda yaşayan ermənilərə isə yanvarın 1-dən kommunal xidmətlərin ödənişsiz olduğu açıqlanıb.

Ermənistan hökuməti Qarabağdan gələn köçkünlərə ev tapmaqda da kömək edir . Hər köçkünə aylıq 68 min dram (təxminən 140 dollar) ödənəcək. Ermənistanda öz daşınmaz əmlakı olmayanlar əlavə 15 min AMD əlavə [təxminən 30 dollar] alırlar.

Eyni zamanda, Ermənistan hökuməti köçkünlər üçün ikinci dövlət dəstəyi proqramı da hazırlayıb. Proqram çərçivəsində atəş nəticəsində evlərini itirmiş və ya evləri Azərbaycana təhvil verilmiş ərazilərin sakinlərinə 250 min dram (500 dollar) və 300 min dram (600 dollar) ödənəcək.

Ermənistan hökuməti döyüşlərdə həyatını itirmiş hərbçilərin ailələrinə isə 10 min dollar sığorta ödənməsi nəzərdə tutulub. Bundan əlavə, Ermənistanın baş naziri Nikol Paşinyan döyüşlərdə xəsarət alan hərbçilərə də dəstək göstərmək üçün dövlət proqramlarının nəzərdə tutulduğunu açıqlayıb. Həmin proqram vasitəsilə ehtiyacı olanların müalicəsi, protezlərin alınması və s. nəzərdə tutulub.

Hökumətlər müharibənin izlərini silmək, zərər görmüş əhalinin durumunu düzəltmək üçün müəyyən yardım kampaniyaları həyata keçirdikləri ilə bağlı açıqlamalar veriblər. Görünən odur ki, bu tədbirlər müharibədən sonra həyatı tamamilə dəyişən insanlara tam kömək ola bilməyib.

Qeyd: Bu məqalə Meydan TV-nin "Bölgədə müharibədən sonrakı toparlanma" layihəsi əsasında hazırlanıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  4 May 2021
Featured in:  
Shortlink:   http://mtv.re/o3hdxq

Most Viewed