Metronun yaxınlığına tökülən torpaqdan insan sümükləri çıxır

İcra hakimiyyətindən: “Torpaq ləğv edilmiş köhnə məzarlıqdan gətirilib”

Source:


İcra hakimiyyətindən: “Torpaq ləğv edilmiş köhnə məzarlıqdan gətirilib”

Nərimanov rayonu, “Ulduz” metrostansiyasının təxminən 500 metrliyində yerləşən “İpəkSu” şirkətinin yaxınlığındakı geniş bir ərazi insan skeletinin sümükləri ilə doludur.

Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, təxminən 2 ay öncə gecə saatlarında ərazidəki boş sahəyə yük maşınları ilə torpaq tökülüb. Boşaldılan torpaq insan skelet hissələri – kəllə, çanaq, qabırğa və sair sümüklərlə doludur. Sakinlərin sözlərinə görə, torpağın içərisində insan sümükləri ilə yanaşı, qadın paltarı, həmçinin kişi ayaqqabısına da rast gəlinib. Gördükləri mənzərədən təşvişə düşdüklərini deyən sakinlər Daxili İşlər Nazirliyinin (DİN) “102” qaynar xəttinə zəng ediblər.

“Heç gəlib maraqlanmadılar. İndi də həmin sahəyə küçə itləri darışıb. Xof içindəyik. Bilmirik nə edək. ARB və “Xəzər” telekanallarına müraciət etdik. “Xəzər” kanalından gəlib çəkdilər, amma yayımlamadılar” – sakinlər Meydan TV-yə deyiblər.

Nərimanov Rayon İcra Hakimiyyətinin özünü Həsən müəllim kimi təqdim edən əməkdaşı Meydan TV-yə deyib ki, həmin torpaq ləğv edilmiş köhnə qəbiristanlıqlardan birindən gətirilib:

“Bir neçə il öncə dövlət əhəmiyyətli infrastruktur layihələrin həyata keçirilməsi üçün Nərimanov ərazisində məzarlıq ləğv edilib. Həmin məzarlığın yerində bina tikilir. Sözügedən əraziyə tökülmüş torpaq binaların bünövrəsindən çıxanlardır”.

“Bəs niyə torpaq sakinlərin yaşadığı həmin əraziyə tökülüb” sualına icra hakimiyyətinin nümayəndəsi “harasa tökülməlidir də”- cavabını verib. Qurumdan bununla bağlı hər hansı tədbirin görülüb-görülməyəcəyi ilə bağlı suala aydınlıq gətirilməyib.

Son illər infrastruktur layihələrlə bağlı Bakı şəhərində bir neçə qəbiristanlıq köçürülüb. Onların arasında Nərimanov ərazisində yerləşən Keşlə və “erməni qəbiristanlığı” kimi tanınan məzarlıqlar da var.

Ərazidə yaşayan sakinlər isə insan skeletlərindən vahimələndiklərini, tezliklə bununla bağlı tədbir görülməsini, torpağın oradan daşınmasını istəyirlər.

Ana səhifəXəbərlərMetronun yaxınlığına tökülən torpaqdan insan sümükləri çıxır