”Məscid təmirə dayandı, sonra həyətindəki sahələr satılmağa başlandı”

Xudatlılar məscidin açılmasını istəyir

Source:


Xudatlılar məscidin açılmasını istəyir

“On səkkiz ildir ki, məscidi bağlayıblar. Bəhanə gətirdilər ki, guya qəzalı binadır, təmirə bağlayırıq. Nə təmir etdilər, nə də imkan vermirlər ki, öz vəsaitimiz hesabına məscidi düzəltdirək”.

Xudat şəhəri Axundov küçəsində yerləşən Mərkəzi Cümə Məscidi 2001-ci ildən bağlanıb. Şəhər sakinlərinin Meydan TV əməkdaşına dediyinə görə, 1995-ci ildə inşa olunan məscid gözlənilmədən bağlanıb.

“Buranı işlək formada bağladılar. Bizə dedilər ki, məscidin tavanı və döşəməsi sıradan çıxıb. Divarlarında isə iri çatlar əmələ gəlib. Bu səbəbdən də məscidi təmirə bağlayırıq. Məscidin həyətində, həndəvərində təmizlik işləri aparırıq ki, xarabaya çevrilməsin. Amma içəri girib, namaz qıla bilmirik. Bağlandıqan sonra isə məscidin həyətindəki torpaq sahələri satılmağa başlandı. Bura geniş bir ərazi idi”, – deyə şikayətçi Yusif Əmirbəyov belə deyir.

Yerli camaatın bildirdiyinə görə, illərdir yararsız olan məscidin müqəddəratıyla heç bir qurum maraqlanmır. Bu səbəbdən də yerli sakinlər qonşu kənddəki məscidə üz tuturlar. Onlar ibadət evinin tezliklə təmir olunmasını istəyirlər.

Tofiq Hüseynov deyir ki, məsələ ilə bağlı dəfələrlə Qafqaz Müsəlmanları İdarəsində (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK), həmçinin Xaçmaz Rayon İcra Hakimiyyətində olub.

“2013-cü ildə Həcc ziyarətində olanda, Allahşükür Paşazadə orada idi. Ona müraciət etdim ki, bəs belə bir əhlu-sünnə məscidimiz var, bağlayıblar. O da dedi ki, çalışarıq, açaq. 2013-cü ildən bu vaxta kimi biz yollardayıq. Allahşükür Paşazadənin yanına, bir dəfə də Bakıya getdim. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salmanla da görüşdüm. Amma nəticəsi olmadı. Adını qoydular ki, təmirə ehtiyacı var. Məscidin guya günbəzi dəyişilməlidir. Dövlətimiz yaxşıdır. Sakitlik, stabillikdir. Biz istəyimiz də budur”,- Yusif Əmirbəyov deyir:

“Bir neçə il sonra Mübariz Qurbanlı Qubaya gəlmişdi, görüşdüm. Məni çox yaxşı qəbul etdi, dinlədi və başa düşdü. Ona bildirdim ki, məscidin yalnız qapı və pəncərəsi yoxdur. Dedim ki, onu da özümüz həll edərik. O, da “ağsaqqal, gedin, icmanızı yaradın, namazınızı qılın”- dedi. Sonra da DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayevə məscidin sənədləşməsinə kömək elə ki, dini icma yaratmaq mümkün olsun. Eynulla müəllim də yardım edəcəyinə söz verdi. Dini icmanı yaratmaq məqsədilə üç yüz manat xərc çəkib, 50 nəfəri toplayıb, imza təsdiqləmək üçün apardım. Təəssüf ki, müxtəlif tutarsız, xırda bəhanələr gətirib, əngəl törətməyə başladılar. Məcbur olub, iki dəfə Mübariz Qurbanlının qəbuluna getdim, lakin düşə bilmədim. Müavinləri ilə görüşdüm, onlar da söz verdilər ki, müraciətimi ona çatdıracaqlar. Lakin yenə də heç bir nəticəsi olmadı. Uzun illərdir ki, 3 km məsafədə yerləşən kənddəki məscidə gedirik. Həmin məscid də əlli nəfərlikdir. Üç yüz nəfər namaz qılır. Səcdəyə gedəndə , başımızı yerə qoya bilmirik. Olmazmı ki, namazımızı orada deyil, burada qılaq? Həm yaxındır, həm genişdir. Buranın genişliyi o birisindən iki dəfə böyükdür. Əslinə qalsa, buranın elə də böyük təmirə ehtiyacı yoxdur”.

Yusif Əmirbəyov
Yusif Əmirbəyov

Yusif Əmirbəyovun sözlərinə görə, istifadəsiz olan məscid inyeksion narkotik istifadəçilərin daimi məkanına çevrilib:

“Ətrafı təmizləyəndə çoxlu sayda şpris, iynəyə rast gəlirik. Bağlı yerdir, narkomanlar yığışır, axşamlar burada iynə vururlar. Mən 50 nəfərdən ibarət icma yaratmışam. Həmin adamlardan hələ hansısa bir qələt etməyib. Nə Suriyaya getməyib, nə də ki, buralarda hansısa terror yaratmayıb. Bizim radikallarla işimiz yoxdur. Yeganə arzumuz var ki, məscid açılsın. Deputatlara namizədlər seçkilər dövründə gəlirlər, hərəsi bir yalan danışıb, vəd verib, gedir. Boş vədlər verirlər, heç nə də etmirlər”.

DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev Meydan TV-yə açıqlamasında bildirdi ki, aidiyyatı qurumların mütəxəssisləri məscidə texniki baxış keçirərərək, qəzalı vəziyyətdə olması qənaətinə gəliblər:

“Həmin məscid yararsızdır, fundamenti yoxdur, Allah eləməsin, uçar, camaat altında qalar. Xudatın başqa məscidi var. İbadəti gedib, digər məsciddə etsinlər. İndiyə qədər bərpa olunmamasının səbəbini Xaçmaz Rayon İcra Hakimiyytindən soruşun. Təmirdən sonra məscidin fəaliyyətinin bərpası haqqında nəsə demək olar. Məscidin qeydiyyata alınması və icmanın yaranmasına gəlincə, bizə heç bir müraciət olunmayıb. Əlli nəfərin sənədlərini yığıb, QMİ-nə müraciət etsinlər. Müraciət olunsa idi, sənəd bizə gəlib, çıxmalı idi. Şeyx baxır, sonra bizim üstümüzə göndərir”.

Xaçmaz Rayon İH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Musayev isə Meydan TV-nin suallarını cavablandırmaq istəmədi.

“Məscidin açılması ilə bağlı bizə rəsmi müraciət ediblər, biz də onlara rəsmi cavab yazmışıq. Həmin adamların özündən müraciətdə nə yazıldığını öyrənə bilərsiz. Onlar özləri də cavabımızdan razı qalıblar”, – deməklə kifayətləndi.

Ana səhifəBölgə”Məscid təmirə dayandı, sonra həyətindəki sahələr satılmağa başlandı”