Məhkum hüquqşünasın şikayəti rədd edildi

Əliabbas Rüstəmovun islah olunmaması qənaətinə gəlinib

Source: Meydan TV


Əliabbas Rüstəmovun islah olunmaması qənaətinə gəlinib

Bakı Apelyasiya Məhkəməsi martın 1-də 6 il azadlıqdan məhrum edilmiş hüquqşünas Əliabbas Rüstəmovun şikayətinə baxıb. Ə.Rüstəmov 2/3 ilə azad olunması üçün şikayət verib.

Hakim Habil Məmmədovun sədrlik etdiyi prosesdə Əliabbas Rüstəmov vəsatət qaldırıb. O, digər hakim Həsən Əhmədovun onun işində iştirakına etiraz edib. Hakim Ə.Rüstəmovun “Ə.Həsənov haqqımda qondarma cinayət işində hakimlik etdiyi üçün prosesdən kənarlaşdırılmalıdır” söyləməsinə etiraz edəndə məhbus hüquqşünas “mənim çıxışıma qadağa qoyacaqsınız” deyə cavab verib. Hakim heyəti qısa müşavirədən sonra vəsatəti rədd edib.

Prosesdə 10 saylı Cəzaçəkmə Müəssisəsinin sənədi açıqlanıb. Orada bildirilir ki, ötən ilin dekabrın 24-də Ədliyyə Nazirliyi yanında komissiya Ə.Rüstəmovun 2/3 ilə azad olunması haqda müraciətinə baxıb. Komissiya Ə.Rüstəmovun islah olunmaması haqqında qərar verib. Ancaq Ə.Rüstəmov vəsatət qaldıraraq tələb edib ki, komissiya üzvləri prosesə qatılsınlar, onun islah olunmadığını əsaslandırsınlar. Çünki onda belə bir iclasın olduğu haqda məlumat yoxdur, əgər olsaydı, o da dəvət edilməliydi: “Komissiyanın islah olunmamağımla bağlı protokolu harda hazırlanıb? Əgər Cəzaçəkmə Müəssisəsində hazırlanıbsa, həbsxanadakı kamera çəkilişləri məhkəməyə gətirilsin, yənin sübut edilsin ki, belə bir iclas keçirilib”.

Prosesdə bildirilib ki, komissiya üzvləri Orxan Qasımov, Rəşid Səfərov, Fariz Hüseynov, Faiq Dadaşov və Səadət Bənənyarlıdır.

Qısa müşavirədən sonra hakim vəsatəti rədd edib.

Bu zaman Əliabbas Rüstəmov bildirib ki, o, cinayətkar olsaydı, 5 ay əvvəl rüşvət verib azad olunardı. Bu açıqlama hakimin etirazı ilə qarşılanıb. Zalda olan yazıçı Zümrüd Yağmurun olayı gülüşlə qarşılamasına hakim “bura məhkəmədir, mimikanızı yığışdırın və zalı tərk edin” deyə növbətçilərə göstəriş verib. Z.Yağmur deyib ki, onu çıxartmağa ehtiyac yoxdur, məhkəmələr mimikaya da nəzarət edəcəksə, orda oturmağa ehtiyac qalmır.

Ə.Rüstəmov növbəti vəsatəti həbsxanada Dəstə Məhbus Şurasının onun barəsindəki mənfi rəyi haqda olub:

“Bildirilir ki, guya şuranın iclası keçirilib və orda mən cinayətlərimi qismən etiraf etmişəm. Əvvəla, bu yalandır, belə yalanla yaşamaq olmaz. Birinci, iclas keçirilibsə, həbsxanalarda kamera müşahidələri var, çəkilişlər prosesdə göstərilsin. Rəydə şuranın sədrinin məhbus İsgəndər Nəcəfquliyev olduğu qeyd olunub. Ancaq həmin məhbusdan onun şura sədrinin olub-olmadığını soruşmuşam, o, sədr olmadığını söylədi. Əgər belə bir şura varsa, araşdırsın, 10 saylı Cəzaçəkmə Müəssisəsində 1000-ə yaxın məhbus var, amma yeməkxanaya 30 məhbus gəlir, bəs dövlətin qida üçün ayrıdığı vəsait hara gedir? Bu, artıq korrupsiyadır və məsələ haqda Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla müvafiq qurumlara müraciət etmişəm. Bunlara görə mənə sui-qəsd cəhdi də olub…”.

Bu məqamda hakim məhbusun sözünü kəsərək mahiyyəti üzrə danışmasını istəyib.

Ondan sonra Cəzaçəkmə Müəssisəsinin Pərviz adlı nümayəndəsinə söz verilib. O, Dəstə Məhbus Şurasının rəyinə haqq qazandıraraq bildirib ki, Əliabbas Rüstəmov müəssisədəki mədəni-kütləvi tədbirlərə qatılmır. Vəkil Cavad Cavadov “mədəni-kütləvi tədbirlər ifadəsi abstrakt bir şeydir, fikrinizi konkretləşdirin, hansı tədbirləri nəzərdə tutursunuz”- deyə sual verib. Cəzaçəkmə Müəssisəsinin rəsmisi 31 dekabr Ümumdünya Azərbaycanlıları ilə bağlı tədbiri xatırladanda vəkil Ə.Rüstəmovdan “həmin tədbirə qatılmısınızmı” soruşub. Məhbus hüquqşünas “bəli” deyərək tədbirdə iştirakını təsdiqləyib. Bundan sonra vəkil vəsatət qaldırıb ki, həmin tədbirin videoçəkilişi məhkəməyə gətirilsin. Həbsxananın nümayəndəsi hakimin videoçəkiliş olub-olmaması sualına “bilmirəm” cavabını verib.

Hakimlər qısa müşavirədən sonra bu vəsatəti də rədd ediblər.

Ardınca Ə.Rüstəmov vəsatət qaldırıb ki, onun cinayət işindən 160-dan çox material oğurlanıb:

“Bu məsələ araşdırılsın və cinayəti törədənlər cəzalandırılsın”. Amma hakim deyib ki, cinayət işi proses bitəndən sonra ona və vəkilinə tanışlıq üçün təqdim olunacaq, o zaman hər şey bilinəcək. Hakim bu vəsatəti də rədd edib.

Sonda məhkəmə Əliabbas Rüstəmovun 2/3 ilə azad olunması haqda şikayətini rədd edib və əvvəlki instansiya qərarını qüvvədə saxlayıb.

Komissiya üzvü Səadət Bənənyarlı Meydan TV-yə deyib ki, Monitorinq Qrupu Ə.Rüstəmovu siyasi məhbus siyahısına salmayıb və onu siyasi məhbus kimi tanımırlar.

S.Bənənyarlı komissiyanın iclasının keçirilməsi barədə suala belə cavab verib:

“Əliabbas Rüstəmovun işi komissiyaya təqdim olunmayıb, məhkəmədə deyilənlər yalandır. Mən, ümumiyyətlə, komissiyada Əliabbas Rüstəmovun işinə rast gəlməmişəm".

Ə.Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanınmış hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

2017-ci ilin iyulunda Ali Məhkəmə Əlabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib.

İttiham aktına görə, “Yasavul” MMC-nin direktoru Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Əliabbas Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb.

Vəkil bütün bunların qurama olduğunu bildirir və ittihamları rədd edir. Yerli və xarici hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.

Əliabbas Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.

Ana səhifəXəbərlərMəhkum hüquqşünasın şikayəti rədd edildi