Source: Meydan TV

Məcburi evlilik

Məcburi evlilik

Niyə Azərbaycanda birgə yaşamağa qərar vermiş subay gənc cütlüklər evsiz qalmaq riski ilə qarşılaşırlar?

Əsli və Nurlan Qəhrəmanlı bir il öncə evləniblər. Onların altı aylıq oğulları və bir pişikləri var. Çütlük Bakıda kirayə ikiotaqlı mənzildə yaşayır. Bir çox gənc valideynlər kimi onlar da xoşbəxt görünürlər. 

Bununla belə, gənclər etiraf edir ki, ilk başda onlar sadəcə nikah olmadan birgə yaşamaq istəyiblər, ancaq Azərbaycanda, bu, göründüyü kimi o qədər də asan olmayıb. 

“Başlanğıcda biz həqiqətən də evlənmək istəmirdik, - Əsli danışır. – Amma işə gəldikcə məlum oldu ki, rəsmi nikah kağızı olmadan biz mənzil kirayələyə bilmirik”. 

Nurlan deyir ki, birgə yaşamaq qərarını həm də xərclərə qənaət etmək məqsədi ilə veriblər:

“Hələ evlənməzdən öncə də günümüzün böyük hissəsini birgə keçirirdik. Ayrı-ayrılıqda yaşadığımızdan, mənzil kirayələməyə xərcimiz çox çıxırdı. Bu səbəbdən də birgə qalmağa qərar verdik, amma nəticədə belə bir çətinliklə qarşılaşdıq”.  

“Normal insanlar bu cür yaşamır”

Hələ 10 il öncəyə kimi Azərbaycan cəmiyyətində subay gənclərin birgə yaşamasından söhbət belə gedə bilməzdi. Lakin indi gündən-günə daha çox gənc evlənmədən birgə yaşamaq istəyir, indi də onlar mənzil problemi ilə qarşılaşırlar. Azərbaycanda mənzil kirayə verməzdən müştərilərdən rəsmi nikah haqda şəhadətnamə tələb edilməsi, demək olar ki, birgə yaşamağa qərar verən hər bir gənc cütlüyün qarşılaşdığı adi haldır. 

“Çox güman ki, siz də mənzillərin kirayə verilməsi haqda elanlarda bir məqama rast gəlmisiz, onların əksəriyyəti ancaq evlilərə kirayə verilir”, - əmlakçı Mərdan Tükanov deyir və eyni zamanda əlavə edir ki, o bunu, çox yaxşı anlayır. 

“Heç bir normal azərbaycanlı ailəsi razı olmaz ki, onun oğlu və ya qızı – xüsusən də qızı – nikahsız gedib kimləsə hardasa yaşasın. Həm də normal insanlar belə yaşamazlar və bunun üçün də mənzil kirayələməzlər. Belələri adətən yaxşı ailələrdən deyillər”. 

Nurlan rəsmi nikahı gərəksiz bir rəsmiyyət adlandırır. Lakin mənzil sahibləri hesab edir ki, Nurlanın şəxsi həyatına müdaxilə etməklə ictimai əxlaqi dəyərləri qorumuş olurlar.  

“Azərbaycanın mentaliteti nikahdankənar seksual münasibətləri birmənalı şəkildə qadağan edir. Bu səbəbdən də insanlar qəbul etmirlər, necə olur ki, nikah olmadan qızla-oğlan bir yerdə yaşasın? Əmlakçı və ev sahibləri də belə cütlüklərə ev kirayə vermirlər”, - deyə Nurlan Qəhrəmanlı gileylənir. - Əgər mənzili yalnız öz adına kirayələsən və ev sahibi qəfil evdə qızı görsə, qalmaqal başlayacaq. Mənim başıma belə bir hadisə bir dəfə gəlib. Əsli mənə qonaq gəlmişdi, gündüz vaxtı idi. Oturub birgə çay içirdik. Başqa heç bir şeylə məşğul olmurduq, heç düşünmürdük də (gülür). Birdən ev sahibi əri ilə birgə təşrif buyurdu və qırğın-qiyamət saldı. Deyir, biz tərbiyəli ailəyik, sən də evə qız gətirmisən, bu,nə olan işdir? Mən də deyirəm, dayanın görüm, axı nə baş verir?! Biz çay içirik, lap tutalım başqa nə isə edirik, bundan sizə nə? Kirayə haqqı ödənilib. Bir sözlə, dava düşdü və mən həmin mənzildən köçməli oldum, ödədiyim pulun bir hissəsi də beləcə batdı”.

“Nikah şəhadətnamən yoxdursa, toydan fotolarını göstər”

Rəsmi evliliyi təsdiq edəcək sənədi olmayanlardan ev sahibləri müsəlman qaydaları ilə nikah sənədi tələb edə bilərlər. Bu cür nikah molla tərəfindən bağlanır və onun Azərbaycanda heç bir qanuni qüvvəsi yoxdur. Ölkədə çoxarvadlılıq qadağan olunduğundan, belə bir hala yol verməmək məqsədi ilə mollalara yalnız cütlüklərin rəsmi evlilik haqda sənəd olduqda nikah bağlamaq tövsiyə edilir.  Lakin bu, yalnız tövsiyə xarakterli olduğundan və buna əməl edilməməsi heç bir cəza nəzərdə tutmadığından, müsəlman nikahını arzulayanların demək olar ki, hər biri əldə edə bilir. 

Bundan əlavə, Meydan TV-yə müsahibəsində Mərdan Tükanov izah edir ki, rəsmi evlilik və ya müsəlman nikahı haqda heç bir sənəd belə olmadıqda, cütlüklərin birgə toy mərasimindən olan fotolar da ev kirayələməkdə işə yaraya bilər. Ev sahibləri əmin olmaq istəyir ki, çütlüklər evləndiklərini cəmiyyətə elan ediblər. Bunu etməyin yeganə yolu isə  toy mərasimi təşkil etməkdir.

“Mənim təcrübəmdə bir neçə dəfə olub ki, onlar toy mərasimindən fotoları göstəriblər, - söyləyir Mərdan Tükanov. -  Ancaq bu faktın doğruluğunu bizə həm də qızın və ya oğlanın valideynləri də təsdiq etməlidir. Elə hallar da olub ki, müəyyən səbəbdən rəsmi nikahı ertələyiblər və bizə söz veriblər ki, bir neçə aya onlar münasibətlərini rəsmiləşdirəcəklər. İstənilən halda bunu valideynlərdən hansısa biri təsdiq etməlidir”. 

“Bizi çərçivələrə qoyurlar”

Düşündük ki, madəm başqa çıxış yolumuz yoxdu, evlənək. Əgər alınmazsa, o zaman da boşanarıq, - deyə, Əsli evliliklərinin tarixçəsini nəql edir. – Ancaq bildiyiniz ki, nikahı ərizə verdikdən bir ay sonra qeydiyyata alırlar. Bu müddət ərzində məsələdən valideynlərimiz də xəbər tutdu və hətta bizə toy da etdilər, hansını ki, biz ümumiyyətlə ağlımızdan keçirmirdik. Bundan sonra biz toy fotolarımızı ev sahiblərinə göstərib and verdik ki, bir ay sonra rəsmi nikah haqda şəhadətnaməni da alacağıq. Ancaq belə bizə ev verməyə razı oldular”.

2019-cu ildə Azərbaycanın Ədliyyə Nazirliyi 62 min 484 nikah və 14 min 857 boşanma halı qeydiyyata alıb. 2020-ci ilin yanvarından sentyabrına qədər bağlanan 26 min 312 nikahdan təxminən yarısı, 11 mindən çoxu pozulub. Əslinin düşüncələrinə görə, boşanmalar əsasən cütlüklərin nikahdan öncə birgə yaşayıb biri-birini daha yaxından tanımaq imkanları olmaması səbəbi ilə dağılır:     

“Əgər cütlüklər uzun müddət görüşsələr və ya nişanlı olsalar da, birgə eyni dam altında yaşamağa başladıqdan sonra şübhəsiz onlar hansısa xoşagəlməz sürprizlərlə qarşılaşa bilərlər. Məsələn, hər gün bayıra olduqca səliqəli geyimdə çıxan insan evdə çox dağınıq ola bilər. Və yaxud buna bənzər digər problemlər yarana bilər. Həmçinin bizdə –  nəinki bölgələrdə, hətta böyük şəhərlərdə də –  gənclərin əksəriyyəti hələ də görücü üsulu ilə, yəni valideynlərinin onlar üçün tapdığı şəxslərlə ailə qururlar. Bu cür evlənirlər və çox keçmir, boşanırlar. Bu da, məhz onunla bağlıdır ki, insanlar bir-birini tanımır. Yaxşı olar ki, onlar öncə birgə yaşamağa başlasınlar, sonra evlənməyə qərar versinlər”.   

Əsli həmçinin hesab edir ki, mənzil kirayələyərkən nikah haqda sənəd tələb olunması onları içində yaşamaq istəmədikləri çərçivələrə qoyur:

“Nikah kağızını alırsan belə, deyirsən ki, eybi yox, biri-birimizi yaxından tanıyaq, alınmazsa boşanarıq. Amma belə alınmır. Çünki nikah kağızında elə bir hikmət var ki, sanki evləndikdən sonra insanların çiyninə bir məsuliyyət qoyur. Artıq sən çiynində bir ər, yaxud bir arvad məsuliyyəti daşıyırsan. Bundan əlavə, evləndikdən sonra insanlar ailə həyatına daha da çox müdaxilə etməyə başlayır. Soruşurlar - nə vaxt uşağın olacaq? Yaxud da cəmiyyət də başlayır danışmağa - ərin bunu elədi, arvadın bunu elədi. Yəni sənin çiyinlərinə bu cür məsuliyyətlər qoyulduğundan, bu şəkildə –  nikahdan sonra – biri-birini tanımaq alınmır”. 

Otelə də nikahsız olmaz

Mənzil kirayələməyin mümkünsüzlüyü – Azərbaycanda subay gənclərin qarşılaşdıqları yeganə problem deyil. Onları otelə də yaxın buraxmırlar. Bu cür duruma bir dəfə İnarə Camal və əri də düşüb: 

“Biz onda artıq ailə qurmuşduq. Düzdü, toyumuz hələ olmasa da, rəsmi nikah bağlamışdıq. Bakıdakı otellərindən birində gecələmək istəyirdik. Ressepsionda bizdən nikah şəhadətnaməsi tələb etdilər. Biz təəccübləndik   – axı bu şəxsiyyət vəsiqəsi deyil ki, daim üstümüzdə gəzdirək. Otelin işçisi bildirdi ki, onlara otelə gələn cütlüklərdən, xüsusən də, əgər gəncdirlərsə və yanlarında uşaq yoxdursa, nikah haqda sənəd tələb etmək tapşırılıb. Telefonumuzda nikah şəhadətnaməsinin fotosu var idi, nəticədə onu göstərdik”.

İnara Camal ixtisasca hüquqşünasdır. İnsanlara problemlərini hüquqi müstəvidə həll edə bilmələrinə yardımçı olur. Özünün qarşılaşdığı bu problemi isə cəmiyyət tərəfindən qoyulan qanunlarla bağlı olduğunu hesab edir:

 “Buna hansısa başqa bir izah tapa bilmirəm. Amma bunu düzgün hesab etmirəm. Avropada, hətta Türkiyədə belə buna rast gəlməmişəm. Mən bu yanaşmanı absurd hesab edirəm, çünki bunun heç bir hüquqi əsası yoxdur. Bu, sadəcə otellərə kimin verdiyi bəlli olmayan bir göstərişdir. Eyni zamanda mənə elə gəlir ki, bu, heç bir ictimai qınaq da yaratmır. Əksinə, cəmiyyətin böyük bir qismi bunun lehinədir. Mənim bir tanışım (özü və ailəsi çox mühafizəkardır), bu haqda eşidəndə səmimi olaraq heyrətləndi: “Axı burda nə var ki, belə də olmalıdır”. Mən onun niyə belə hesab etdiyini soruşanda cavab verdi:“Axı rəsmi evli olmayan şəxslər niyə birgə oteldə yaşamalıdırlar?!” Hesab edək ki, insanlar orda sadəcə istirahət edir. Mən bunda heç bir problem görmürəm və çox normal qarşılayıram. Amma cəmiyyətdə nədənsə buna münasibət mənfidir. Və insanların münasibəti dəyişmədikcə, bu məsələdə “yazılmamış qanunlar” da dəyişməyəcək”. 

2020-ci ilin avqustunda Ləman Məmmədova və Elçin Həmidli Lənkəranın Günəşli kəndində dincəlməyi planlaşdırırlar və öncədən onlayn qaydada üç günlük qalmağa yer kirayələyirlər. Lakin nikah şəhadətnamələri olmadığından istirahət planları baş tutmur. 

“Biz hansısa dağlıq bölgələrin birində istirahət etmək istəyirdik. Biz artıq bilirdik ki, otellər evli olmayan cütlükləri qəbul etmirlər. Bu səbəbdən də internetdə rəyləri oxumağa və turistlərin əsasən hansı evlərdə qaldığını müəyyən etməyə çalışdıq. Bizim düşüncəmizə görə bu cür evlərin sahibləri daha müasir dünyagörüşlü olmalı və nikah haqda sənəd tələb etməməli idilər. Uyğun bir ev tapdıq, haqqında məlumatlarla tanış olduq. Nikah şəhadətnaməsi haqda heç nə deyilmirdi. Lakin gələndə ev sahibi evli olmadığımız üçün bizi qəbul etmədi. Pulumuzu da geri qaytarmadı. Dedi ki, evində qeyri-rəsmi münasibətdə olanların qalmasını istəmir. İnanmıram ki, o xairici turistlərə də bu cür deyərdi. Amma özümüzünkülərə gələndə, bizim camaatın şam tutmaq arzusu yaranır”, – Ləman Məmmədova deyir.

“Qız öz nüfuzunu düşünməlidir”

Meydan TV-nin jurnalisti Günəşli kəndindəki sözügedən evin sahibi ilə əlaqə saxlayıb. O təsdiq edir ki, turistlərdən nikah haqda şəhadətnamə tələb etmir. Lakin Bakıdan olan nikahsız cütlüklərə ev vermək istəmir. Buna səbəb isə Azərbaycan adət-ənənələridir. 

“Bəzən olur ki, gənclər gəlir və deyir ki, onlar nişanlıdırlar. O zaman deyirəm ki, madam belədir, o zaman toyunuz olana kimi gözləyin, ondan sonra sizə heç kim mane olan deyil. Qız öz nüfuzunu düşünməlidir. Əgər o, bunun qeydinə qalmırsa, o zaman bunu düşünmək mənə qalır. Mən öz evimdə bu cür əxlaqsızlığa yol verə bilmərəm. Turistlər qoy ürəkləri nə istəyirsə, onu da etsin, lakin biz müsəlmanıq və öz namusumuzun qeydinə qalmalıyıq”.

Nurlan isə hesab edir ki, əgər iki şəxs biri-birini sevirsə və birgə xoşbəxtdirlərsə, bu haqda cəmiyyətə və dövlətə elan etməli və hansısa sənəd almalı deyillər:  

“Mənim fikrimə görə, iki sevən cütlük,- burada yalnız qızla-oğlandan söhbət getmir, bu, LGBT fərdləri də ola bilər, - əgər birlikdə xoşbəxtdirlərsə, bunu dövlətə bildirməyə, dövlətdən hər hansısa bir sənəd almağa məcbur hiss etməməlidir. Bu, absurddur və məntiqsizdir”.

“Media Şəbəkəsinin” dəstəyi ilə

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/8dweoi

Most Viewed