Maygülü kimi ol!

İnsan çətin varlıq olmasaydı, bu qədər kitablar yazılmaz, filmlər çəkilməz, incəsənət öz mesajlarını ötürmək üçün bu qədər dəridən-qabıqdan çıxmazdı

Source: Meydan TV


İnsan çətin varlıq olmasaydı, bu qədər kitablar yazılmaz, filmlər çəkilməz, incəsənət öz mesajlarını ötürmək üçün bu qədər dəridən-qabıqdan çıxmazdı

Bu yazını məşhur şəxslərin səyahət barədə olan sitatları, aforizmləri ilə bəzəməyəcəyəm. Düzdür, yazdıqlarım analoqsuz, misilsiz, tayı-bərabəri olmayan, əndrəbadi cümlələrdən də ibarət deyil. Çünki bu kimi şeylər artıq yazılıb. Yazı da incəsənətin o sahələrindəndir ki, burda da çəkinmədən “dünyadakı hər şey təkrardır” ifadəsini işlədə bilərsən. Bunun əksini iddia edənlər də gedib paraşüt ilə tullansınlar! Bu, ən azı boş-boş çərənləməkdən yaxşıdır. Həm də paraşüt ilə tullanmaq faydalı şeydir. Onun hesabına əldə olunan adrenalin, emosiyalar insanı fərqli düşünməyə də təhrik edir. Özünü quş kimi, bir bayquş kimi, qartal, hətta maygülü quşu kimi də hiss edə bilərsən. Seçim etmək sərbəstdir. Hansı quş kimi hiss etmək istəyirsən, buyur hiss et.

Yeri gəlmişkən, bu yaxında Milli Elmlər Akademiyasının növbəti iclasında müzakirəyə çıxarılmış 20 quş adı dəyişdirilib. Elə “maygülü” adlandırılan quş növünün adı da dəyişdirilərək “batağan” kimi qəbul olunub. Qeyd edim ki, bu quş suyun dərinliklərinə baş vurmaq xüsusiyyətinə malikdir. Bir şey dəqiqdir ki, Elmlər Akademiyasının iclası analoqsuz şəkildə səmərəli keçib.

Maygülü, oy çaşdım bu batağan quşu var haa, olduqca fəal həyat tərzinə malikdir. Bu quş növünün nümayəndələri Antraktidan başqa, hər yerə yayılıblar. Onlar səyahəti, yer dəyişməyi xoşlayan quşlardandılar. Hələ yaxşı ki, quşun adı “batağan” əvəzinə, “gəzəyən” olaraq dəyişdirilməyib.

Batağanı bir az kənara uçuraq, keçək səyahətə. Bəli, səyahət özünü inkişaf etdirmək üçün əla vasitələrdəndir. Doğurdan da, “çox gəzən – çox bilər” ifadəsi özünü doğruldur. Heç vaxt olmadığın yerlərə getmək, oraları və ordakıları müşahidə etmək insana dünyanı fərqli bucaqlardan görmə imkanı verir. Bu sayaq imkanlar, dünyagörüşünü avtomatik genişləndirməyə başlayır. Dünyagörüşü genişləndikcə, biz geniş insan kütlələrini, daha doğrusu, özümüzdən fərqli düşüncəyə malik kəslərə də dözümlü olmağa çalışırıq. Bu bizim üçün o qədər vacib məsələdir ki, hətta səyahət etməyi dayanmadan təbliğ etməyin çox zəruri olduğuna əminəm.

Bir çox halda adam özünün dar çərçivəli dünyasında yaşayır və düşünür ki, hamı onun kimi olmalı, dünyaya o çərçivələrdən baxmalıdır. Belə kəslər ətraflarında bir az fərqli düşünənə, daha geniş çərçivələrə malik olan birinin davranışlarına dözümsüz yanaşır. Bu da konfliktlərə yol açır. Hə, insan çətin varlıqdır. İnsan çətin varlıq olmasaydı, bu qədər kitablar yazılmaz, filmlər çəkilməz, incəsənət öz mesajlarını ötürmək üçün bu qədər dəridən-qabıqdan çıxmazdı. Mürəkkəblik azaldıqca, konfliktlər də azalır. Həmin çətinliyi, mürəkkəbliyi az da olsa aradan qaldırdıqda, daxıla sanki pul gəlir. Bənzətməm maddi olsa da, bu insanı xoşbəxt edən şeylərdəndir.

Çünki pul yığıb, səyahətə getmək olur. Həmin səyahət ki, səni nəinki inkişaf etdirməyə vasitəçi olacaq, həm də həyat dəftərində unudulmaz anlar kimi yadda qalacaq. Həyat isə keçən günlər yox, yadda qalan günlərdir.

O dəfə belə bir sualla qarşılaşdım: İki seçiminiz olsaydı: ya təyyarəyə heç vaxt minməyəcəksiniz, ya da heç vaxt internetə giriş imkanınız olmayacaq. Hansını seçərdiniz?

Heç şübhəsiz internetdən imtina edərdim. Çünki səyahət etməyi çox sevirəm.

Eyni ailədə, eyni şərtlər altında böyüyən iki qardaş tanıyıram. Biri sadəcə bir-iki dəfə səyahət etdiyi, başqa ölkə gördüyü üçün həyatın hər sferasında qardaşından irəlidədir.

Gəzməyi, səyahəti sevməyən adamlar var, bu, təbii şəkildə fərdi zövq ilə bağlı olur. Ancaq və lakin pulu və imkanı olub, pulsuz səyahətə “yox” deməyənlərə, heç səyahətə çıxmayanlara yazığım gəlir. Hətta aşağı pulla da olsa səyahət etmək olar, əsas istək olsun. Düşünürəm ki, Elmlər Akademiyamız bu adamlara da bir ad tapıb qoşa bilər.

Hə, yeri gəlmişkən, bir xoş xəbərin də müjdəsini verim: Milli Elmlər Akademiyasının Zoologiya İnistitutunun direktoru Elman Yusifov bildirib ki, Azərbaycanda 700 quş adının dəyişdirilməsi barədə layihə hazırlanıb. Urraaa!!!

Sonda oxuculara kiçik tövsiyə – Çoxlu gəz, səyahət elə, maygülü kimi ol!

Ana səhifəXəbərlərMaygülü kimi ol!