Martin Lüter Kinq

Aprelin 4-də XX əsrin önəmli simalarından biri, ABŞ-da yaşayan qaradərili əhalinin hüquqlarının müdafiəçisi Martin Lüter Kinqin qətlindən 50 il ötür

Source:
Martin Luther King
Martin Luther King

Aprelin 4-də XX əsrin önəmli simalarından biri, ABŞ-da yaşayan qaradərili əhalinin hüquqlarının müdafiəçisi Martin Lüter Kinqin qətlindən 50 il ötür.

Martin Lüter Kinq 1929-cu il yanvarın 15-də Corciya ştatının paytaxtı Atlanta şəhərində orta səviyyəli ailədə anadan olub. ABŞ-ın digər cənub ştatları kimi Corciyada da irqçilik güclü idi. Tez-tez belə hallarla üzləşən yeniyetmə Martində sonralar özünün etiraf etdiyinə görə, ağlara qarşı ikrah hissi formalaşır.

Martin Lüter Kinq erkən yaşlarından təhsilə həvəsi və natiqlik qabiliyyəti ilə seçilir. 1944-cü ildə öz yaşıdları arasında keçirilən natiqlik yarışında qalib gəlir. Elə həmin il də kollecə daxil olur.

1940-cı illərin ortalarında Kinq sonrakı həyat yolunu müəyyənləşdirəcək 2 addım atır. O, din xadimi olmağı qərara alır və “Rəngli əhalinin inkişafına yardım milli assosiasoyası” (NAACP) adlı hüquq müdafiə cəmiyyətinə üzv olur. Bu təşkilatda Kinq afroamerikalıların hüquqları uğrunda xeyli ağdərili insanın da mübarizə apardığını kəşf edir.

Bir müddət keşiş köməkçisi olan Kinq 1953-cü ildə Koretta Skott adlı qadınla evlənir. Növbəti ildə isə qonşu Alabama ştatının paytaxtı Montqomeri şəhərində yerləşən baptist kilsəsinə keşiş təyin olunur.

ABŞ-ın bəlkə də ən irqçi ştatı olan Alabamada sərt irqi ayrı-seçkilik (seqreqasiya) qaydaları hökm sürürdü. Qaradərili əhali üçün bir çox məhdudiyyət mövcud idi. Onlardan biri də ictimai nəqliyyatla bağlı idi. Qaydalara görə, avtobuslarda ilk 4 sıra ağdərili sərnişinlər üçün nəzərdə tutulmuşdu. Qaradərili sərnişinlər isə yalnız sonrakı oturacaqlardan istifadə edə bilərdilər, ilk sıralar boş olduğu halda belə orada otura bilməzdilər.

Əksinə, ilk sıralar tutulduqda və ağdərili vətəndaş ayaq üstdə durduqda, qaradərili qalxaraq öz yerini ona verməli idi. Ağlar üçün yerlər sıra ilə müəyyən edilirdi, bir ağdərili ayaqda qalardısa, ağlar üçün hissə bir sıra genişləndirilirdi. Yəni 4 qaradərili oturmaq imkanını itirirdi.

Ayrı-seçkilik artıq girişdə başlayırdı. Ağlar ön, qaralar isə arxa qapıdan içəri daxil olurdular. Sonuncular bəzən sürücülərin təhqiramiz rəftarı ilə üzləşirdilər. Ön qapıda gediş haqqını ödəyir, lakin arxaya keçənə qədər sürücü qapıları bağlayıb avtobusu sürürdü.

1955-ci ilin dekabrın 1-də qaradərili əhalinin hüquqlarının müdafiəsi fəalı, NAACP üzvü Roza Parks avtobusda ağdərili kişiyə öz yerini verməkdən imtina etdi. Sürücünün polis çağırması nəticəsində Roza Parks saxlanıldı. Dostlarının qoyduğu girov nəticəsində buraxılsa da, dekabrın 5-də məhkəmə tərəfindən 14 dollar cərimə edildi.

Hadisə baş verən gündən etibarən Parksın da üzv olduğu “Rəngli əhalinin inkişafına yardım milli assosiasoyası”nın (NAACP) Montqomeri şöbəsi ictimai nəqliyyatın birgünlük boykot edilməsi barədə qərar qəbul etdi. Bu məqsədlə assosiasiyanın şəhərin qaradərili əhalisinə müraciəti çap olunmuş 35 min vərəqə paylanıldı. Boykot bazar ertəsi, dekabrın 5-də baş tutmalı idi.

Maraqlıdır ki, etirazçılar əvvəlcə mülayim mövqe tutaraq ayrı-seçkiliyin ləğv olunmasını tələb etmirdilər. Onlar sadəcə avtobusda ağların və qaraların yerini ayıran xəttin sabit qalmasını, hər irqin özü üçün ayrılmış oturacaqlarda əyləşməsini tələb edirdilər.

Dekabrın 5-də hava soyuq və yağışlı idi. Buna baxmayaraq, qaradərili əhali kütləvi surətdə boykotu dəstəklədi. Bəziləri taksidən, bəziləri yük avtomobillərindən istifadə etdi. Kiçikli-böyüklü əksəriyyət isə iş yerlərinə, məktəblərə qədər kilometrlərlə yolu piyada gedib-gəldilər. Deyilənlərə görə, hətta 30 km-ə qədər məsafəni qət edənlər olmuşdu.

Aksiyanın inanılmaz uğuru onun davam etdirilməsi qərarına gətirib çıxardı. Təşkilatçılar artıq ayrı-seçkilik tam ləğv edilənə qədər (seqreqasiyadan inteqrasiyaya) mübarizə aparmaq qərarı verdilər. Boykotun təşkilinə rəhbərlik etmək üçün “Montqomerinin təkmilləşdirilməsi cəmiyyəti” təsis edildi. Gənc keşiş Martin Lüter Kinq cəmiyyətin sədri seçildi.

Əslən başqa ştatdan olan, sözügedən hadisələrdən cəmi 1 il öncə Montqomeriyə gəlmiş Kinqin sədr seçilməsini onun insanlara təsir qabiliyyətinin, nüfuz qazanmaq bacarığının göstəricisi saymaq olar.

Montqomeri boykotu bütün ABŞ-da geniş əks-səda doğurdu. Ölkənin müxtəlif yerlərində boykotçulara dəstək nümayiş etdirilirdi. Bu dəstək həm mənəvi, həm də maddi şəkildə təzahür edirdi. Boykotçulara maliyyədən tutmuş piyada gəzdiklərindən tez sıradan çıxan ayaqqabılara əvəzə qədər göndərilirdi.

Qaradərili əhali Montqomeri şəhərinin 70%-ni təşkil edirdi. Maddi vəziyyətlərinin daha aşağı olması səbəbindən ictimai nəqliyyatda onların faizi daha da çox idi. Bu səbəbdən də boykot nəqliyyat şirkətlərinin qazancına ağır təsir göstərdi. Onlardan bəziləri avtobuslarda seqreqasiyanı ləğv etmək istərkən şəhər rəhbərliyinin qəti xəbərdarlığı ilə üzləşdilər.

Şəhər idarəçiləri eyni zamanda boykota rəhbərlik edənlərə qarşı da tədbirlər görür. “Sahibkarlığa əngəl törətmək” bəhanəsi ilə Martin Lüter Kinq həbs edilir. Lakin bu addım aksiyanı bütün ölkədə daha da populyarlarşdırır, ictimai rəyin diqqətinin daha çox cəlbinə səbəb olur. İki həftə sonra Kinqi azad etməli olurlar.

Azadlığa çıxan Kinq öz həbsinə səbəb olmuş davranışı haqqında bunları deyir: “Mən öz cinayətimlə fəxr edirəm. Bu cinayət xalqımın ədalətsizliyə qarşı qeyri-zorakı etirazına qoşulmaqdan ibarətdir”.

Boykotçularla mübarizə təkcə hüquqi müstəvidə aparılmırdı. Onlar irqçilər tərəfindən fiziki təzyiqlərə, hətta silahlı hücumlara məruz qalırdılar. Boykotçuları daşıyan nəqliyyat vasitələri, aksiya rəhbərlərinin, o cümlədən Kinqin evi daşqalaq edilirdi.

Belə hallardan cana doyan qaradərili əhali zorakılığa zorakılıqla cavab verməyi tələb edirdi. Lakin Kinq hər vəchlə onları bu fikirdən daşındırmağa çalışır, qeyri-zorakı mübarizəyə sadiq qalmağa çağırırdı.

Öz evinə hücumdan sonra qisas tələb edən kütlə qarşısında Kinq “Əgər sizdən kiminsə silahı varsa, onu evə aparın. Kimin silahı yoxdursa, əldə etməyə çalışmasın. Biz problemi cavab zorakılığı ilə həll edə bilmərik. Zorakılığa yalnız qeyri-zorakılıqla cavab verməliyik” – fikirlərini söyləyirdi.

Boykotçular ictimai nəqliyyatda ayrı-seçkiliyin ləğvi üçün məhkəməyə də müraciət etmişdilər. 1956-cı ilin iyunun 4-də Federal Dairə Məhkəməsi müraciəti təmin edərək mövcud qaydanın Konstitusiyaya zidd olduğunu bildirdi. Lakin ştat rəhbərliyinin qərardan daha yuxarı instansiyaya şikayət etməsi səbəbindən boykot durdurulmadı.

Noyabrın 13-də isə ABŞ Ali Məhkəməsi ilk instansiya məhkəməsinin qərarını təsdiqlədi. Çarəsiz qalan Montqomeri rəhbərliyi dekabrın 20-də qaradərili insanların avtobusda istədikləri yerdə oturmaq hüququnu tanıyan fərman verdi. Yalnız bundan sonra 381 gün davam edən boykot dayandırıldı. Ertəsi gün Roza Parks jurnalistlərin kameraları qarşısında avtobusda ön sırada oturub şəkil çəkdirdi.

Seqreqasiyasının hüquqi ləğvi dərhal faktiki nəticələrə səbəb olmadı. Montqomerinin ağdərili əhalisi buna terrorla cavab verdi. Avtobusda ön sırada əyləşənlər döyülürdülər.Boykot fəallarının evlərinə, afroamerikalılara məxsus kilsələrə od vurulurdu. Roza Parks təhdidlər üzündən ştatı tərk etdi.

Hakimiyyət orqanları, polis belə hallara göz yumurdu. Bəzən möcüzə nəticəsində məhkəmə önünə çıxarılan şübhəlilər bəraət alırdılar. Çarəsiz qalan qaradərili əhali yenə avtobusların arxa oturacaqlarına sığındılar. Lakin bunlara baxmayaraq, ictimai nəqliyyatdakı ayrı-seçkilik işi uduzulmuşdu. 1960-cı illərin əvvəllərində artıq ən irqçi insanlar belə bununla barışmalı oldular.

Montqomeri boykotunun uğurla başa çatmasında Martin Lüter Kinqin böyük xidməti oldu. Onun sayəsində aksiya yalnız və yalnız dinc üsulla davam etdirildi. Məhz bu səbəbdən boykot ABŞ ictimai rəyinin rəğbətini qazandı. Bu da onun uğurunda həlledici rol oynadı.

ABŞ tarixində xüsusi yer tutan Montqomerri boykotundan sonra Martin Lüter Kinq bütün ölkədə məşhurlaşır və təkcə ştat deyil, ölkə səviyyəsində lider kimi qəbul edilir. O, 1957-ci ilin yanvarında Cozef Louru, Ralf Abernati və digərləri ilə birlikdə “Cənub xristianlarının rəhbərliyi konfransı” (SCLC) adlı təşkilat yaradır. Təşkilatın məqsədi bütün ölkədə afroamerikalıların tam hüquq bərabərliyinə nail olmaq idi.

XIX əsrdə quldarlığın ləğvi və vətəndaş müharibəsindən sonra 1870-ci ildə ABŞ Konstitusiyasına edilən 15-ci dəyişiklik vətəndaşların irqinə, dərisinin rənginə və keçmişdə qul olmasına görə səs hüququnu (aktiv seçki hüququ) məhdudlaşdırmağı qadağan edirdi. Bununla belə, dəyişiklik gözlənildiyinin əksinə olaraq, əsasən də ştatların bu sahədəki muxtariyyəti səbəbindən qaradərili əhalinin hamısına səs hüququ tanımadı.

O dövrdə ştatlar başqa səbəblər göstərməklə səs hüququnu məhdudlaşdırmaq hüququna malik idilər. Xüsusən cənub ştatları əmlak senzi, ingilis dilini bilmək, yazıb-oxuma bacarığı və digər səbəblərlə səs hüququnu məhdudlaşdırırdılar. Bu da əsasən qaradərili əhaliyə aid olurdu. SCLC seqreqasiya halları ilə yanaşı belə məhdudiyyətlərin də aradan götürülməsi uğrunda mübarizə aparırdı.

Bu dövrdə Martin Lüter Kinq vətəndaş hüquqları uğrunda mübarizəyə bacardıqca geniş kütlələrin cəlbinə çalışır. Moizələrinin birində o deyirdi: “Biz təmiz vicdanla ədalətsiz qanunlara tabe olmaya bilərik. Çünki Şərlə əməkdaşlıqdan imtina – Xeyri dəstəkləmək qədər mənəvi borcdur”.

1950-ci illərin ikinci yarısında irqçilərin ciddi müqavimətinə baxmayaraq seqreqasiyanın ləğvi bir çox sahələri, o cümlədən məktəbləri əhatə edir. 1957-ci ilin sentyabrında Arkanzas ştatının Litl-Rok şəhərində diqqətçəkən hadisələr baş verdi.

Ali məhkəmənin məktəblərdə ayrı-seçkiliyi qanunsuz elan etməsinə baxmayaraq, ştatın qubernatoru və irqçi əhali 9 qaradərili şagirdi əvvəllər yalnız ağların oxuduğu məktəbə buraxmaqdan imtina etdi. Prezident Eyzenhauerin göstərişi ilə şəhərə 1200 nəfərlik hərbi desant qüvvələri yeridildi.

Desantçılar 9 şagirdi iki ay ərzində həm məktəbə gedib-gələrkən, həm də məktəbin dəhlizlərində mühafizə etdilər. Onlar şəhərdən çıxarıldıqdan sonra “Litl-Roklu doqquzluq” adı ilə tanınan şagirdlərə yenidən təzyiqlər başladı. Lakin doqquzluq öz hüquqları uğrunda mətanət göstərərək təhsillərini davam etdirdilər.

Bu illərdə Martin Lüter Kinq müxtəlif tərəflərdən təzyiqlərə, hətta sui-qəsdə məruz qalır. O, 29 dəfə polis tərəfindən həbs edilib. Bundan əlavə, həm irqçilər, həm də daha radikal metodlara üstünlük verən qaradərili fəallar Kinqə hücumlar təşkil edirdilər. Lakin Kinq qeyri-zorakı metodlardan imtina etmirdi.

1963-cü ilin aprelində SCLC Alabamanın ən irqçi şəhəri olan Birmingemdə etiraz aksiyaları keçirməyə planlayır. Aksiyalar dinc, lakin müəyyən mənada təxribati xarakter daşımalı idi. Afroamerikalılar qanunla onlara qadağan edilmiş yerləri tutmalı, hərəkətləri etməli idilər. Aksiya könüllü surətdə həbsə getməyə razı olan xeyli şəxsin olmasını nəzərdə tuturdu. Məqsəd bu həbslərin doğuracağı rezonansla ictimai rəyə təsir etmək idi.

Lakin sönük keçən bir neçə aksiya göstərdi ki, həbsə düşmək, işdən qovulmaq kimi perspektivlər hamının ürəyincə deyil. Bu zaman özü də həbsdə 8 sutka keçirən Kinq ciddi tərəddüdlərdən sonra tərəfdarlarından birinin aksiyalarda uşaq və yeniyetmələrdən istifadə etmək təklifinə razılıq verdi.

Mayın 2-də 3 minə qədər uşaq və yeniyetmənin iştiral etdiyi aksiya keçirildi. Onlardan 600-dən çoxu həbs edildi. Ertəsi gün növbəti aksiya zamanı iştirakçılar daha sərt amansızlıqla üzləşdilər. Şəhərin təhlükəsizlik komissarı, super-irqçi Yucin “Bull” Konnorun göstərişi ilə onların üzərinə yanğınsöndürən brandspoytlardan su vuruldu, itlərlə hücum edildi.

Amerika Birmingemdə baş verənləri televiziya ekranlarından böyük şokla izləyirdi. Cəmiyyətin ən müxtəlif təbəqələrindən etirazlar səslənirdi. “New York Times” qəzeti Birmingem polisinin davranışını “milli rəzalət” adlandırdı. Siyasətçilər, incəsənət adamları etirazçılarla həmrəyliklərini ifadə etdilər. Ölkənin müxtəlif şəhərlərində 200-ə yaxın həmrəylik aksiyası keçirildi.

Buna baxmayaraq, Birmingemdə etiraz aksiyaları da, həbslər də davam edirdi. Mayın 7-də həbs olunanların ümumi sayı 3 minə yaxın idi. Lakin amerikalıların ictimai rəyi, federal hökumətin, xüsusən də prezident Kennedinin mövqeyi etirazçıların qələbəsi, tələblərinin qəbulunu şərtləndirdi. Ən əsası isə federal səviyyədə qanunvericiliyə dəyişikliklər edilməsinin zərurətini ortaya qoydu.

Məhz Birmingem aksiyaları zamanı senator Jakob Javits vətəndaş hüquqları haqqında yeni qanunun qəbul edilməsinin zəruriliyindəndən danışdı. Polis amansızlığının əslində afroamerikalıların lehinə işlədiyinə işarə edən prezident Kennedi “Vətəndaş hüquqları uğrunda hərəkat Bull Konnora görə Allaha dua etməlidirlər. O, onlara Avraam Linkoln qədər xidmət etdi”, – sözlərini işlətdi.


(ardı var)



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəMartin Lüter Kinq