”Mart hadisələrini görən adam bolşeviklərin oyunlarına getməməli idi”


Cəmil Həsənli: ”Nərimanov Azərbaycan tarixində qalacaq, o, tarixi şəxsiyyətdir, amma Məhəmməd Əmin Rəsulzadə deyil


Aprel ayının 14-ü Nəriman Nərimanovun doğum günüdür. Tarixçilər yazır ki, o, Azərbaycana “28 aprel” işğalını gətirənlərdən biridir. “Azərbaycanın xoşbəxt gələcəyi Rusiyayla bağlıdır” deyən şəxs barədə sovet illərində çoxlu elmi və bədii əsərlər yazılsa da, siyasi fəaliyyətinin Bakı və Moskva dövrü tam açılmadı. Ötən əsrin 80-ci illərinin sonunda “Ucqarlarda inqilabımızın tarixinə dair”

məktubları

kitab şəklində nəşr olunandan sonra onun barəsində müzakirələr intensivləşdi.


Professor Cəmil Həsənli ilə söhbətimizdə N.Nərimanovun Azərbaycan oxucusuna hələ də naməlum qalan məqamları açmağa çalışdıq.



– Cəmil müəllim, Nəriman Nərimanovun bolşevik Rusiyasının Azərbaycanı işğalından sonrakı Moskva dövrü hələ də naməlumluğunu saxlayır. Bəlkə söhbəti bu məsələnin qapalı qalmasının səbəblərindən başlayaq?

– Baxmayaraq ki, Nəriman Nərimanov 1925-ci ilin martında təmtəraqlı şəkildə Kreml divarları yanında dəfn edildi və vəfatından sonra onun xüsusi arxiv fondunun yaradılması, bütün materialların bu fonda toplanılması haqda qərar qəbul olundu, bir az sonra SSRİ-də cərəyan edən proseslər onun irsinin əslində qadağan edilməsi ilə nəticələndi. Bu gedişatda “Nərimanovşina” deyilən ittiham ortaya atıldı, ona yaxın olan kadrlar işdən çıxarıldı, böyük əksəriyyəti 1937-ci ildə bu ittihamla repressiya olundular. Milli kommunistlər Nəriman Nərimanovu özlərinin lideri hesab edirdilər.




Onlar kimlər idi?

– Onlar Nərimanovun yaxın silahdaşları sayılan azərbaycanlı bolşeviklər – Möhsün Qədirli, Həmid Sultanov, Qəzənfər Musabəyov, Dadaş Bünyadzadə, Eyyub Xanbudaqov, Əliheydər Şirvani (Mustafabəyov) və başqaları idilər. Bu adamlar Nərimanovun simasında Şərqdə kommunizmin liderini görür və bolşevizmə bir az millətçilik qatırdılar. 1920-1921-ci illərdə Gilan hadisələrinə böyük önəm verməsi və bu məsələyə münasibətdə Sovet Rusiyasının xarici işlər komissarı Çiçerinlə üz-üzə gəlməsi, onu Şərqin inqilab çırağını söndürməkdə ittiham etməsi Nərimanovun Şərqin Lenini olmaq arzularının təzahür formalarından biri idi. Lakin həmin vaxt Şərqin qapısında mayak olacağı iddia edilən Azərbaycan, sovetləşmənin ilk günlərində öz çırağını yandırmağa neft tapa bilmirdi.

 Nərimanov niyə Ermənistanın və Gürcüstanın sovetləşməsin israrla tələb edirdi? Çünki…



 – Axı bolşevizmlə millətçilik ideoloji baxımdan tamamilə bir-birinə zidd yanaşmalardır…

– Əvvəla, Nərimanovun “milli kommunizm” deyilən bir illüziyası var idi və özü buna iddialı idi. Elə sovetləşmənin ilk illərində bu iddia iflasa uğradı. Onun tez-tez Azərbaycanı yadların idarə etməsindən şikayətlənməsi də məhz bununla bağlı idi. İkincisi, Nərimanov öz rəhbərliyi ilə ölkədə azərbaycanlılardan ibarət bolşevik-sovet dövləti qurmağı arzulayırdı. O, mərkəzdən Bakıya göndərilən adamları Azərbaycan üçün böyük təhlükə hesab edirdi, lakin həmin adamlar Azərbaycana təhlükə olmaqla yanaşı, ilk növbədə, Nərimanovun öz hakimiyyəti üçün təhlükə idi.

Cəmil Həsənli
Cəmil Həsənli



– Bəlkə söhbətimizi konkretləşdirək…?

– Məsələn, Nərimanov Behbud bəy Şahtaxtinskini Azərbaycanın səlahiyyətli nümayəndəsi kimi Moskvaya göndərəndə, deyirdi ki, sən, yoldaş Leninə izah edərsən, bir ayağı Bakıda, bir ayağı İrəvanda olan bolşeviklərlə Azərbaycanı qoruyub saxlamaq mümkün deyil. Bir az əvvəl dediyim kimi, azərbaycanlı bolşeviklərin böyük bir hissəsi ilk vaxtlar Nərimanovu özlərinə lider hesab edirdi. Aprel hadisələri ərəfəsində Serqo Orconikidze Moskvaya göndərdiyi teleqramlarda haray salırdı ki, doktoru tez göndərin, burada işlər onsuz keçmir. Amma aprel çevrilişindən sonra, hələ Nərimanov Bakıya gəlməmişdən əvvəl, mayın əvvəllərində Moskvaya növbəti teleqramlarında Nərimanova çox səlahiyyətlər verilməməsini istəyirdi. Məsələ onda idi ki, Nərimanov müsəlman kommunistlərin nəzarətində olan müstəqil Sovet Azərbaycanı düşünür və arzulayırdı, müsavatçılardan da hakimiyyəti bu şüarla, “Müstəqil Sovet Azərbaycanı” şüarı ilə almışdı. Bakıya gələndən az sonra gördü ki, onun fikirləşdiyi müstəqil sovet Azərbaycanından əsər-əlamət yoxdur. Sual yaranır; Nərimanov niyə Ermənistanın və Gürcüstanın sovetləşməsini israrla tələb edirdi? Çünki Nərimanov başda olmaqla Azərbaycan bolşevikləri özlərini çox narahat hiss edirdilər. Onlar öz milli hökumətlərini birinci devirmişdilər, ölkənin ərazi bütövlüyünü təhlükə altında qoymuşdular. Nərimanov etiraf edirdi ki, həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış, onun müstəqilliyi 1920-ci ilin avqustunda Sovet Rusiyası tərəfindən tanınmış və üstəlik Azərbaycanın ərazilərini almışdır, indiyə qədər ikili siyasət aparan Gürcüstan müstəqillik əldə etmişdir, 1920-ci ilin mayında onun müstəqilliyi bolşevik Rusiyası tərəfindən tanınmış, üç Cənubi Qafqaz respublikadan birinci olaraq Sovet Rusiyasının ağuşuna atılmış Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirmişdir.

 Zəngəzurun və Naxçıvanın Ermənistana verilməsi ideyasını Orconikidze ortaya atdı



– Torpaq məsələsinin üzərində qalmağımız vacibdir. Ermənistan sovetləşəndə Nərimanov nə üçün dedi ki, Zəngəzur və Naxçıvan Ermənistana verilir?

– Bunun birinci səbəbi sovetləşmədən sonra Azərbaycanın öz müstəqilliyini itirməsi, ikincisi isə Nərimanovun dekorasiyaya çevrilməsi ilə bağlıdır. 1920-ci ildə Moskvaya danışıqlara gedən Kamalçı Türkiyənin ilk xarici işlər naziri Bəkir Sami Kunduh Rusiyaya səfər edərkən, öz gözləri ilə görmüşdü ki, bolşeviklərin Azərbaycanda elan etdiyi “Müstəqil Sovet Azərbaycanı” tamamilə formal xarakter daşıyır və o, Ankaraya döndükdən sonra demişdi ki, Azərbaycanda heç bir “respublika” yoxdur, birinci qarşısına çıxan qırmızı əsgərə təzim edən bəstəboy – Nərimanov vardır. Nərimanov özü isə bu fikri daha yumşaq formada belə ifadə edirdi: “Azərbaycanın müstəqilliyindən bir Nərimanov qalmışdır”. Naxçıvan və Zəngəzurun Ermənistana peşkəş edilməsi, ilk növbədə, müstəqilliyin itirilməsi ilə bağlı idi. Digər tərəfdən Nərimanov Ermənistanın sovetləşməsini çox istəyirdi. İkinci isə Moskva sovet respublikalarının bəlli bir sərhədlər daxilində müstəqilliyinə müvəqqəti, keçici bir hal kimi baxırdı. Hələ, 1920-ci ilin noyabrında Stalin Bakıya gələndə müstəqilliklə bağlı çox maraqlı ideya irəli sürmüşdü, həmin vaxt Azərbaycanın müstəqilliyinin perspektivləri müzakirə ediləndə, Stalin dedi ki, Azərbaycanın müstəqilliyi müvəqqətidir, kommunistin kommunistə müstəqilliyi olmaz. Əlavə etdi ki, bu müstəqilliyi Moskva Şərqə, ilk növbədə, İrana və Türkiyəyə göstərmək üçün saxlayıb. Cənubi Qafqaz sovetləşəndən sonra buna ehtiyac olmayacaq. Biz hamımız kommunistiksə, hamımız bolşevikiksə, nə müstəqillik, kimdən müstəqil olmalıyıq?! Stalin sonrakı dövrlərdə, SSRİ yaranan prosesdə də milli haqlar məsələsində məhz kommunistin kommunistə müstəqilliyi olmaz meyarı ilə yanaşırdı. Həmin vaxt Sovet Rusiyası ciddi şəkildə Ermənistanın Qərbin təsiri altında qalmamasına çalışırdı. Ona görə də Ermənistana çox şeylər vəd etməklə erməniləri öz təsirlərində saxlayırdılar. Amma bu vədlərin böyük hissəsi Azərbaycanın hesabına idi. 1920-ci ilin avqust ayının 10-da Türkiyə ilə Antanta arasında Sevr müqaviləsi imzalanandı, Sovet Rusiyası da tələsik həmin gün Ermənistanla müqavilə bağladı və ona öz sərhədlərini genişləndirmək imkanları verdi. Hələ Stalinin Bakı səfəri zamanı müzakirələrdə hamı Zəngəzur və Naxçıvanın Ermənistana verilməsinin əleyhinə oldusa, 1920-ci ilin noyabrında türklər Gümrüyə yaxınlaşanda bolşeviklər 1918-ci ilin təkrar olunmasından həyəcanlanmağa başladılar. Söhbət türklərin Bakıya quru yolunun bağlanmasından gedirdi. Türklərin Bakıya yolunu bağlamaq və 1920-ci ilin noyabr ayının sonlarında erməni kommunistlərinin hakimiyyətə gəlişini dayanıqlı etmək üçün Qafqazın bolşevik “canişini” Serqo Orconikidze Zəngəzurun və Naxçıvanın Ermənistana verilməsi ideyasını ortaya atdı. Stalin Bakı müşavirəsindən sonra hələ Moskvaya çatmamışdı, Serqo Orconikidze onunla səsli danışığa girdi və dedi ki, indi Zəngəzuru, Naxçıvanı Ermənistana verib türklərin Bakıya quru yolunun bağlanmasının əsl vaxtıdır. O, bu təklifi təcili olaraq, Bakıdan Moskvaya qayıdan və hələ yolda olan Stalinə çatdırdı. Noyabr ayının 23-də Postovdan Leninlə əlaqəyə girən Stalin Orconikidzenin Bakı üçün “narahatlığını” ona bildirdi. Orconikidzenin məlumatına istinad edərək Stalin qeyd edirdi ki, indi Bakı üçün əsas təhlükə türklərin Azərbaycanla ümumi sərhədlərə cəhd göstərmələrindən irəli gəlir və Orconikdze təklif edir ki, Zəngəzuru Ermənistana verməklə türklərin niyyətlərinə mane olmaq lazımdır.

Kirov, Stalin, Orconikidze, Mikoyan
Kirov, Stalin, Orconikidze, Mikoyan

Stalin özünün də bu təklifə tərəfdar olduğunu Leninə bildirirdi. Bolşevik Rusiyasını bu məsuliyyətdən kənarda qoymaq üçün Orconikidze belə hesab edirdi ki, Zəngəzurla bağlı təşəbbüs Sovet Azərbaycanının birinci şəxsindən, Azərbaycan İnqilab Komitəsinin sədri Nərimanovdan gəlməli idi. Qeyd etmək lazımdır ki, hələ 1920-ci ilin yayında Sovet Rusiyası ilə Ermənistan arasında müqavilə imzalanana qədər Orconikidze Çiçerinin təzyiqi ilə N. Nərimanovu Naxçıvan, Ordubad və Şərur-Dərələyəzi Ermənistana güzəştə getməyə məcbur etmək istiqamətində ilk cəhdi göstərmişdi. Çiçerinin göstərişlərini alan Serqo Orconikidze tələsik Nərimanova məlumat verirdi ki, “Qarabağ və Zəngəzurla bağlı mən indicə Çiçerinlə danışdım. Mən təklif edirəm, təcili və danışıqsız bu vilayətlər Azərbaycana birləşdirilməlidir. Siz digər vilayətlərə (Naxçıvan, Ordubad, Culfa və Şərur-Dərələyəz) iddianızdan imtina etməlisiniz, habelə Qarabağ və Zəngəzura muxtariyyət verməlisiniz. Yeri gəlmişkən sonuncu məsələ heç bir halda sülh müqaviləsində (Sovet Rusiyası ilə Ermənistan arasında 1920-ci ilin avqust ayının 10-da imzalanacaq müqavilə nəzərdə tutulur) göstərilməməlidir, bilavasitə sizdən gəlməlidir”. Həm Stalin, həm Orconokidze mərkəzi daim türk təhlükəsi altında saxlamağa üstünlük verirdilər. “Birdən 1918-ci il təkrarlanar, türklər yenidən Bakıya gələr və biz Azərbaycan üzərində nəzarəti itirərik, müsavatçılar Gəncədə ofis qurublar” qorxusu altında bu ideyalar ortaya çıxmışdı. Orconikidze belə fikirləşirdi ki, erməni kommunistləri erməniləri bolşeviklərə tərəf çəkmək üçün, yeni kommunist hökumətini dayanaqlı etmək üçün İrəvana tarixi bir hədiyyə ilə getməlidilər. Qazaxda elan olunmuş Ermənistan Sovet Hakimiyyəti Dilicana, oradan da İrəvana məhz daşnakların uzun müddət əldə edə bilmədikləri bu “tarixi hədiyyə” ilə gedirdi. Yeri gəlmişkən, daşnakların Türkiyə ilə müharibədə məğlub olmasından sonra Ermənistanda hakimiyyəti götürmək üçün kommunistlərdən ibarət iki inqilab komitəsi yaranmışdı, onun birini ruslar, ikincisini isə türklər yaratmışdılar. Dünya inqilabının cazibəsinə düşən Nərimanov Ermənistanın sovetləşməsi naminə nəinki Bakı neftini hər iki respublikanın sərvəti elan etməyə, hətta Azərbaycan torpaqlarının bir hissəsini yeni qurulan erməni sovet hökumətinə güzəştə getməyə hazır idi. Bu hazırlıq mərkəz və xüsusilə Orconikidze tərəfindən hazırlanmışdı. Almaniyanın Humbolt Universitetinin professoru Yorq Baberovski yazır ki, hələ 1920-ci ilin yayında Orconikidzenin təzyiqi ilə Nəriman Nərimanov Zəngəzur, Qarabağ və Naxçıvanın Ermənistana güzəşt edilməsinə vəd vermək məcburiyyəti qarşısında qalmışdı. 1917-ci ildən daşnaklar Qarabağ, Zəngəzur və Naxçıvan üçün silahlı mübarizə aparırdılar, sovetləşməyə hədiyyə olaraq Azərbaycan kommunistləri elan etdilər ki, bu ərazilər Sovet Ermənistanının ayrılmaz tərkib hissəsidir. Orconikidzenin tapşırığı ilə Azərbaycan İnqilab Komitəsinin sədri Nərimanovun Ermənistanda Sovet hakimiyyətinin qurulması münasibəti ilə dekabr ayının 1-də Bakı Sovetinin təntənəli iclasında geniş çıxışı oldu və onun bəyanatı elan olundu. Bəyanatda deyilirdi: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın – kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir. Qarabağın dağlıq hissəsində isə referendum nəticəsində ermənilər öz taleyini müəyyən etməlidir”. Amma erməni kommunistlərinin qəzeti və “Pravda” bu açıqlamanı saxtalaşdırdı. Həmin mətbuat orqanlarında qeyd edildi ki, Nərimanovun noyabr ayının 30-da elan etdiyi bəyanatla Azərbaycan Naxçıvanı, Qarabağı, Zəngəzuru Ermənistana verdi. Halbuki, Nərimanov Qarabağda məsələnin referendum yolu ilə həll edilməsini demişdi. Nərimanovun bəyanatı İrəvanın bir neçə kilometrliyinə gəlib çıxmış türklər üçün gözlənilməz oldu.

Voroşilov, Stalin və Orconikidze
Voroşilov, Stalin və Orconikidze

Həmin vaxt Gümrüdə Kazım Qarabəkrlə erməni daşnak hökuməti nümayəndələri arasında danışıqlar gedirdi, Behbud Şahtaxtinski, Cəlaləddin Korkmazov və Budu Mdivani bolşeviklər tərəfindən türk-erməni danışıqlarında “vasitəçi” olmaq, prosesi izləmək missiyası ilə Gümrüyə göndərilmişdi, onda Kazım Qarabəkir Şaxtaxtinskiyə dedi ki, Azərbaycan İnqilab Komitəsi gərək taktiki mülahizələrə görə, heç olmasa konfrans qurtarana qədər (Gümrüdəki sülh konfransı nəzərdə tutulur) bu məsələni həll etməyə tələsməzdi. Belə ki, bu akt Rusiyanın təsirini artırır, doktor çox tələsir, biz bu torpaqları azad etmişik, amma o, bu əraziləri Ermənistana verdiyini elan edir.



– Cəmil müəllim, Nərimanovda bolşevizmə vurğunluq o dərəcədə idimi ki, öz torpaqlarından belə imtina edirdi?

– Həmin dövrdə Nərimanovda Stalinin “kommunistin kommunistə müstəqilliyi olmaz” əhval-ruhiyyəsi vardı. O elə bilirdi ki, kommunizm qurulandan sonra sərhədlər götürüləcək. Daha doğrusu, təşəbbüsü əldən verib Moskvanın, onun nümayəndəsi Orconikidzenin əlində bir vasitəyə çevrildiyi üçün o, özünü buna inandırmağa çalışırdı.

 Naxçıvanın Azərbaycanda qalması birbaşa Atatürkün xidməti idi



 – Amma “müstəqil sovet Azərbaycanı” ifadəsini də işlətmişdi…

– Bəli, bu şüarla Nərimanov və Azərbaycan kommunistləri milli hökumətin devrilməsi, müstəqil respublikanın rus bolşevikləri tərəfindən işğal olunmasında məşum rol oynamışdılar.



– Deməli, təzad var…

– Bu, təzad yox, çox kobud səhv və mərkəzin oyununa getmək, onun əlində vasitəyə çevrilmək idi. Nərimanov özü də sonralar bunu başa düşdü. Əslində, Nərimanov tərəfindən Ermənistana hədiyyə edilmiş Naxçıvanın Azərbaycanın himayəsinə qaytarılması bilavasitə Türkiyənin xidmətləri idi. 1921-ci ildə Türkiyə nümayəndələri Yusif Kamal, Doktor Riza Nur və Əli Fuad paşa Moskva danışıqlarında bu məsələni çox kəskin qoydular və bir addım da geri çəkilmədilər.



– Bu məsələni konkret Mustafa Kamal Atatürk, yoxsa Kazım Qarabəkir qoyurdu?

– Yox, bu Mustafa Kamal paşadan gəlirdi. Hələ, Moskvaya yola düşmək ərəfəsində nümayəndə heyətinin başçısı Yusif Kamal bəy Mustafa Kamal paşa ilə görüşərkən ondan soruşmuşdu: “Paşam, ruslar Naxçıvan üzərində israr edərlərsə, nə edək?” Kamal paşa cavab vermişdi ki, “Naxçıvan türk qapısıdır. Bunu xüsusi olaraq nəzərə alaraq, əlinizdən gələni ediniz”.

  Rusiya rəhbərliyi Dağlıq Qarabağın Ermənistana verilməsi üçün yollar axtarırdı




Cəmil müəllim, bu gedişatda bəzi məqamların detallarına varmağa ehtiyac var. Dağlıq Qarabağ məsələsinin ətrafında erməni tarixçiləri tez-tez Nərimanovun adını hallandırırlar. Bu məsələdə arxivlər nə deyir?

-Nərimanov 1920-ci ilin dekabrında məlum bəyanatı verəndən sonra 1921-ci ilin iyununda ondan imtina etdi. Ermənistanın sovetləşməsinin doğurduğu inqilabi pafos fonunda Zəngəzurun bir hissəsi ermənilərə verilsə də, məhz Nərimanovun dirənişi nəticəsində Qarabağın İrəvana birləşdirilməsi ideyası baş tutmadı. RK(b)P MK-nın Qafqaz Bürosu 1921-ci ilin iyun ayının 3-də Qafqaz Bürosunun üzvləri Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov, Orexalaşvili, Nazaretyan, Fiqatner və üzvlüyünə namizəd Azərbaycan KP MK-nın katibi Kaminski, habelə Gürcüstan KP MK-nın üzvü Eliavanın iştirakı ilə keçirilən plenumunun axşam iclasının gündəliyində “Zəngəzur məsələsi” salınmışdı. Zəngəzur məsələsi haqqında Qafqaz Bürosunun 7 bənddən ibarət qərarı “tamamilə məxfi” qrifi ilə qəbul edilmişdi. 7 bənddən ibarət gizli qərarın 6 bəndi bilavasitə Zəngəzura aid olsa da, onun 5-ci bəndi Zəngəzura tamamilə dəxli olmayan “Dağlıq Qarabağ” haqqında idi. Həmin 5-ci bənddə qeyd edilirdi: “Ermənistan hökumətinin bəyanatında Dağlıq Qarabağın Ermənistana məxsus olması haqqında göstərilsin”. Yəni “tamamilə məxfi” formada Ermənistana tapşırdı ki, hökumət bəyanatı ilə çıxış edib Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu göstərsin. Bu qərara uyğun Ermənistan İnqilab Komitəsi Askanaz Mravyanı Dağlıq Qarabağa müvəkkil təyin etmişdi. Nərimanov onu Qarabağa buraxmadı. 1921-ci ilin iyunun 27-də Nərimanov Orconikidze və Myasnikova teleqram göndərərək bildirdi ki, Dağlıq Qarabağ haqqında məsələnin yalnız Ermənistan İnqilab Komitəsi tərəfindən həll edildiyini, Ermənistan XKS-ində onun hələ müzakirə edilmədiyini və baxılmadığını nəzərə alaraq, Azərbaycan XKS yekdilliklə Mravyan yoldaşın Ermənistanın Dağlıq Qarabağda fövqəladə müvəkkili kimi peyda olmasını misli görünməmiş siyasi və taktiki səhv hesab edir, onun dərhal geri çağırılmasını xahiş edir.




Erməni tarixçiləri yazırlar ki, guya Nərimanov Dağlıq Qarabağı Ermənistana vermişdi, amma Stalin gəlib təzədən Azərbaycana qaytardı. Bu fikrin əsası varmı?

-Erməni tarixçiləri məqsədli şəkildə Stalinin adını bu məsələyə qatırlar və bundan spekulyasiya məqsədi ilə istifadə edir, Dağlıq Qarabağın guya Stalin siyasətinin qurbanı olduğu kimi yalanlar danışırlar. Stalinin bu məsələyə heç bir dəxli yoxdur. Düzdür, həmin vaxt Nalçikdə dincələn Stalin Qafqaz Bürosunun 4-5 iyul 1921-ci ildə keçirilən iclaslarına gəlmişdi. Lakin Qarabağ məsələsinə görə yox. O, Gürcüstanda bir az müstəqillik göstərən Filip Maxaradzeni rəhbərlikdən çıxarmaq, daha sözə baxan Budu Mdivanini onun yerinə təyin etmək üçün Tiflisə gəlmişdi. İyunun 3-də və iyulun 4-də Qafqaz Bürosunun iclaslarında Dağlıq Qarabağın Ermənistana verilməsi ideyası Moskvadan gəlirdi. 1921-ci ilin martında Rusiya ilə Türkiyə arasında imzalanan Moskva müqaviləsində Naxçıvanın Azərbaycanın protektaratlığında saxlanılması həll edildikdən sonra kompensasiya kimi Rusiya rəhbərliyi Dağlıq Qarabağın Ermənistana verilməsi üçün yollar axtarırdı. Qafqaz bürosuna bu tapşırıq Xarici İşlər Komissarlığından gəlmişdi. Bunu Rusiya Xarici İşlər Komissarlığının IX Sovetlər qurultayı üçün hazırladığı hesabat aydın şəkildə ortaya qoyur. RSFSR Xalq Xarici İşlər Komissarlığının IX Sovetlər qurultayına 1920-1921-ci illər üçün hazırlanmış hesabatında Dağlıq Qarabağla bağlı maraqlı bir məqam vardır. Orada göstərilir ki,1921-ci ilin “iyulunda Dağlıq Qarabağın Sovet Ermənistanının tərkibinə daxil edilməsi haqqında Azərbaycanla müqavilə bağlanmışdır”. Halbuki belə bir müqavilə olmamışdı və bunun qarşısını Nərimanov almışdı.




Necə, hansı yolla?

– Qafqaz Bürosunun 4 iyul iclasında Orconikidze və Kirov məsələni səsverməyə qoyub Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında qərarı keçirə bildilər. Lakin Nərimanovun dərhal həmin iclasda məsələyə dair son qərarın RK(b)P MK tərəfindən verilməsi haqqında bəyanatla çıxış etməsi iclas iştirakçılarını fakt qarşısında qoydu. O dedi: ”Qarabağ məsələsinin Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq, onu RKP MK-nın qəti həllinə verməyi zəruri sayıram”. Yalnız Nərimanovun qəti etirazından sonra iyulun 4-də keçirilmiş iclas belə qərara gəldi: “Qarabağ haqqında məsələ ciddi fikir ayrılığı doğurduğuna görə, RKP MK-nın Qafqaz Bürosu həmin məsələni RKP MK-nın qəti həllinə verməyi lazım bilir”. Göründüyü kimi, eyni iclasda 5-ci məsələ kimi “Qarabağ məsələsi”, 6-cı məsələ kimi Nərimanovun bəyanatı müzakirə edildi və Nərimanovun bəyanatı ilə bağlı qəbul edilən qərar 5-ci məsələ üzrə keçirilmiş səsverməninin nəticələrini ləğv etmiş oldu. Lakin 4 iyul qərarı RK(b)P MK-nın müzakirəsinə verilmədi. İlk növbədə, ona görə ki, Orconikidze bir gün sonra özünün səhv mövqeyindən imtina etdi və o, 4 iyul iclasında Qarabağın Azərbaycanın tərkibində saxlanmasına səs vermiş Nazaretyanla birlikdə “Qarabağ haqqında qərara yenidən baxması haqqında” məsələ qaldırdı. Məhz, onların təklifi ilə Qafqaz Bürosu plenumunun iyul ayının 5-də keçirilən iclasının gündəliyində ikinci məsələ kimi müzakirə edilən “Qarabağ məsələsi” haqqında belə bir qərar qəbul edildi:


a)

müsəlmanlarla ermənilər arasında milli sülhün zəruriliyini, yuxarı və aşağı Qarabağın Azərbaycanla iqtisadi bağlılığını, yuxarı Qarabağın Azərbaycanla daimi əlaqələrini nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın, inzibati mərkəzi muxtar vilayətin tərkibindəki Şuşa şəhəri olmaqla ona geniş vilayət muxtariyyəti verilsin;


b)

Azərbaycan MK-ya tapşırılsın ki, muxtar vilayətin sərhədlərini müəyyən edib, təsdiq üçün RKP MK-nın Qafqaz Bürosuna təqdim etsin.

Bax, erməni tarixçiləri ustalıqla bu qərara əl gəzdirib “Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın” ifadəsini, “Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarına verilsin” ifadəsi ilə əvəz edirlər. Nərimanov Qarabağla bağlı oyunların Stalin və Orconikidzedən gəldiyini bilir və yaxşı başa düşürdü ki, Azərbaycanın başına gələn müsibətlər bununla bitmir. O, haqlı olaraq Dağlıq Qarabağa muxtariyyət verilməsini Azərbaycanın fəlakətlərinin sonu deyil, başlanğıcı hesab edirdi və yazırdı: “Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir. Mənim zərrə qədər də şübhəm yoxdur ki, Serqo və Stalinin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyi erməni daşnaklarına tapşırılır”. Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsi ilə başlanan uzunmüddətli faciənin kökündə də məhz, sovetləşmədən sonra Azərbaycanın taleyinin, Nərimanovun dili ilə desək, yadlara etibar edilməsi ilə bağlı idi. Orconikidzenin hələ, 1920-ci ilin iyul ayında irəli sürdüyü “Qarabağda muxtariyyət elan edib, erməni əhalisini təşkilatlandırmaq” ideyası son nəticədə zamanın “sınağından” çıxdı və Qarabağ məsələsi yeni dövrdə, sovetlərin dağılmasından sonrakı dövrdə, regiona nəzarət baxımından Rusiyanın əlində güclü təsir vasitəsinə çevrildi.

 O SSRİ-nin 4 rəhbərindən biri idi

 –


Qayıdaq Nəriman Nərimanovun Moskva dövrünə, o illərə ki, tam açıqlanmayıb. Onu 1922-ci ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçirlər. O, öz istəyi ilə həmin vəzifəyə getdi, yoxsa məcbur oldu?






Nərimanov kifayət qədər yüksək vəzifəyə təyin olunmuşdu. O, faktiki olaraq, sovet dövlətinin 4 rəhbərindən biri idi, digərləri isə Petrovski, Çernyakov və Kalinin idi. Amma sovet ittifaqında, yaxud sovet Rusiyasında hər şeyi Siyasi Büro (SB) həll edirdi və Nərimanov büronun üzvü deyildi. Həmin 4 nəfərdən yalnız Kalinin SB üzvü idi. Təsəvvür edin ki, Sovet dövlətinin başçılarından üçü Siyasi Büronun üzvü deyildi. Burda önəmli bir məsələ var, Nərimanov Bakıda artıq sovet siyasəti üçün başağrısına çevrilmişdi, Tbilisiyə, Zaqafqaziya Sovet Federativ Respublikasının başçısı vəzifəsinə, sonra Moskvaya böyük vəzifəyə aparılmasında məqsəd onu Azərbaycandan uzaqlaşdırmaq idi. Bakıda Xalq Komissarları Soveti Zaqafqaziya Sovet Federativ Respublikasının başçısı Nərimanova tabe idi. Ancaq Nərimanov Bakıda sovet siyasəti üçün arzuolunmaz adama çevrilmişdi. Məsələn, o, 1922-ci ildə Genuya konfransından qayıdandan sonra gördü ki, Azərbaycanda qoyub getdiyi siyasi mühit yoxdur, hər şey rus dilinə keçib, məktəblərdə türk dili dərsləri azaldılıb. Həmin vaxt “Bakinskiy raboçiy” qəzetində o, türk dili haqqında məqalə yazdı. Nərimanov türk dili dərslərinı azaltmaq istəyənlərə məsləhət görürdü ki, özləri o dili öyrənib, türk Sabirin peygəmbərcəsinə yazılmış şeirlərini oxumaq imkanını əldə etsinlər. Nərimanova görə, bəzi məsul işçilər Sabirin şeirləri ilə tanış olsaydılar, “bu çətin zamanda “hansısa Sabirə abidə qoymaq nəyə lazımdır” sözlərini deməzdilər. O, qeyd edirdi ki, bu, iki şeydən biridir: ya, bu yoldaşlar Azərbaycan şəraitini bilmir və səhvlər edirlər, ya da, Marksı pis mənimsəyiblər və Marksın çoxdan yazdığı məsələlərdən heç cürə baş çıxara bilmirlər”. Nərimanov qeyri-azərbaycanlı məsul işçiləri “köçəri quşlar” adlandırır və belə rəhbər işçilərə xatırladırdı ki, türk dili Azərbaycanda dövlət dili elan edilib və o, bu dilin bütün hüquq və üstünlükərindən istifadə etməlidir: “Heç kəs bunu dəyişdirmək gücündə deyildir. Azərbaycan məlum siyasi və iqtisadi mülahizələrə görə, öz ərazisini, təbii sərvətlərini güzəştə gedə bilər, lakin öz ana dilindən imtina edə bilməz və heç kəsə icazə verə bilməz ki, Azərbaycanda bu dilin əhəmiyyətini aşağı salsın. Qoy müxtəlif adlar altında Azərbaycanda türk dilinin əleyhinə çıxanlar bunu yaxşıca bilsinlər”.



Orconokidze: “Nərimanovun millətçiliyinin heç bir qorxusu yoxdur, o, əhəmiyyətsiz bir vücuddur”



– Tarixçilər yazır ki, həmin illərdə Bakı Partiya Komitəsi kommunist cildinə girmiş erməni şovinstlərinin nəzarətindəydi. Bəs digər postlarda əsas söz sahibi kimlər idi?

– Xalq Komissarlar Sovetindəkilərin hamısı Nərimanovun adamları idi. Ancaq Orconokidze onları Nərimanovun əleyhinə çevirə bilmişdi. Bilirsiniz, Serqo intriqa ustası idi, o, tək siyasi baxımdan deyil, mənəvi baxımdan da əxlaqsız bir adam idi. Hələ 1920-ci ildə 14-cü ordunun Hərbi İnqilab Şurasının üzvü olanda tez-tez sərxoşluq və arvadbazlıq etdiyinə görə onun məsələsi Siyasi Büronun müzakirəsinə çıxarılmış, Leninin təklifi ilə tənbeh edilmişdi. Orconikidze Nərimanovun yaxın adamlarını öz tərəfinə çəkib onu təkləmişdi. Keçmiş komandası ilə onun arasında böyük uçurum yaratmışdı. O, Nərimanovu millətçilikdə damğalayıb onu gözdən salmaq üçün bütün natəmiz əməllərə gedirdi. Sovetləşmədən sonra Moskvanın nümayəndəsi kimi Bakıya göndərilmiş Nikolay Solovyov 1920-ci ildə Leninə yazırdı: “Azərbaycan İnqilab Komitəsinin sədri Nərimanovun yanına hər gün dəstə-dəstə müsəlman qadınları şikayətə gəlir, göz yaşı tökürdülər, lakin Nərimanovun işə əncam çəkmək təşəbbüsü ona millətçi və “sağ ünsür” damğası vurulması ilə nəticələnir”. 1920-ci ilin sentyabr ayının 20-də Orconikidzenin Leninə məktubu Solovyovun fikrinin bilavasitə təsdiqi idi. O yazırdı: “Mən bir aya yaxındır ki, Azərbaycanda deyiləm. Kirov məlumat verir ki, bu müddət ərzində Nərimanov çox güclü şəkildə millətçilik girdabına yuvarlanıb. Açıq demək lazımdır ki, qoca (Nərimanovu nəzərdə tutur) heç nəyə yaramır. Onun millətçiliyinin heç bir qorxusu yoxdur, o əhəmiyyətsiz bir vücuddur”.

Stalin Orconikidzeni ancaq bir məqsədlə Azərbaycanda saxlayırdı, Nərimanova nəzarət etsin və Bakıya gələn türkləri güdsün. Stalinə görə Gürcüstanın sovetləşməsindən sonra RK(b)P MK-nın Qafqaz Bürosunun yaranması və Tbilisidə yerləşən bu Büroya rəhbərlik etmək üçün Orconikidzenin Bakıdan Gürcüstan paytaxtına gəlməsi tamamilə yanlış addım idi. Stalin 1921-ci ilin sonlarında Leninə göndərdiyi məktubda təklif edirdi ki, RK(b)P MK-nın Təşkilat Bürosunun qərarı ilə Orconikidzeni Tbilisidə deyil, daimi olaraq Bakıda oturtmaq lazımdır. Stalin yazırdı: “Orconikidzeyə təlimat verilməlidir ki, Bakıya səpələnmiş Türkiyədən olan “mehriban adamları” diqqətlə izləsin və sonra, mütləq onları Azərbaycandan qovsun. Nəzərə alın ki, Bakıya cəncəl iş türklərdən gəlir”. Orconikidze Behbud Şahtaxtinski, Əliheydər Qarayev, Ruhulla Axundov, Mirzə Davud Hüseynov, Sarkis Danelyan və digərləri vasitəsi ilə Nərimanovun əl-qolunu bağlaya bilmişdi. 1923-cü ildə Nərimanovun “Ucqarlarda inqilabımızın taleyinə dair” Mərkəzi Komitəyə məktubu müzakirə ediləndə “gənc bolşeviklər” onu müsavatçılıqda ittiham edirdilər. Həmin müzakirə zamanı Nərimanov Ruhulla Axundovun eser keçmişini yada salanda, o dedi: “Kommunist və keçmiş eser olmaq daha yaxşıdır, nəinki, Nərimanov kimi müsavatçı olmaq”. Ruhulla Axundov xəbərdarlıq etdi ki, Azərbaycanda nərimanovçuluq bəlasının kökü bir dəfəlik kəsilməsə, bizi artıq həbs edilmiş “sultan-qaliyevçilik” təhlükəsi təhdid edəcək. Mirzə Davud Hüseynov isə komissiyanın iclasında qeyd edirdi: “Əks-inqilabçıları başına toplayıb, əleyhimizə kitab çap etdirən Rəsulzadənin bizim əleyhimizə quduz kampaniya apardığı bir vaxtda, Nərimanov da bizə qarşı öz quduz kampaniyasını genişləndirir. Mən, əlbəttə, fikirləşmirəm ki, Nərimanovun Rəsulzadə ilə əlaqəsi var. O, Rəsulzadənin dəlillərini sözbəsöz təkrar edir”. Həmin toplantıda Mikoyan Nərimanovu dəli adlandırmışdı. Onun əleyhinə Bakıda və Moskvada toplanmış materiallar partiya araşdırmasından daha çox, istintaq materialına bənzəyirdi. Fəhlə kollektivlərində komissiyanın onun əleyhinə təşkil etdiyi iclaslarda müsəlman kommunistlərindən bəziləri onun əleyhinə çıxış edərək deyirdilər: “Nərimanov bizə dedi ki, nə düşmüsünüz ermənilərin ardına, 1918-ci il yadınızdan çıxıb”. Bütün bu ittihamlara baxmayaraq, Nərimanov komissiyanın 13 iyun 1923-cü il tarixli protokolu ilə tanış olduqdan sonra iclasın katibi Yakobsona yazdı ki, aşağıdakı fikri protokola əlavə etsin: “Mikoyan, Sarkis və Mirzoyanın siyasətini mən Azərbaycan üçün ziyanlı hesab etmişəm və ziyanlı hesab edirəm. Belə ki, onlar Azərbaycanı simasızlaşdırmağa cəhd göstərirlər”.



Stalin: “Nərimanov bizə dekorasiya kimi lazımdır”



– Sadaladıqlarınız Nərimanovun ziddiyyətli adam olduğunu təsdiqləmirmi?

 – Bəli, Nərimanov kifayət qədər ziddiyyətli adam idi. O, bir tərəfdən Şaxtaxtinski vasitəsilə Leninə məktub yazırdı ki, ermənilərə görə türklərlə qarşıdurmaya getmək lazım deyil, o biri tərəfdən Moskvaya gedən türk nümayəndə heyətinə deyirdi ki, əgər siz imperializmlə sazişə getsəniz, biz ermənilərlə birləşib sizə qarşı vuruşarıq. 1919-cu ildə Stalinin Nərimanov barədə çox sərrast bir ifadəsi var. O zaman Rusiya Xarici İşlər Komissarlığının şərq şöbəsinə Karaxan rəhbərlik edirdi. Stalin komissar Çiçerinə yazır ki, şərq müsəlmanlardan ibarətdir, erməni Karaxanla şərqdə sovet siyasətini aparmaq olmaz. Həmin şöbəyə Nərimanov kimi adam lazımdır, amma siyasət yeritməyə yox. Nərimanov bizə dekorasiya kimi lazımdır. Siyasəti Mərkəzi Komitə yeridəcək, Nərimanovu əlimizdə bir görüntüyə çevirməliyik. Bax, sovet hakimiyyətinin müsəlmanlara münasibəti bu cürdür. Çox təəssüflər ki, sovet hakimiyyəti ölümünə qədər Nərimanovdan dekorasiya kimi istifadə edə bildi.

 1923-cü ildə Nərimanovun həbsi haqda order hazırlanmışdı



– Dediniz ki, Nərimanov sovet ittifaqının dörd rəhbərindən biri idi. Bəs həmin vaxtlar onun Leninlə təmasları barədə arxivlər nə deyir?

– Həmin vaxt Lenin artıq siyasəti müəyyən etmirdi. 1923-cü ildən onun səhhətində ciddi problemlər yaranmışdı. Elə həmin vaxt Nərimanovu həbs etmək istəyirdilər. Bir hadisə baş vermişdi, 1923- cü ilin iyununda onun Stalinə və Mərkəzi Komitəyə ünvanladığı “Ucqarlarda inqilabımızın tarixinə dair” tarixi məktub Mərkəzi Komitəyə təqdim edilməklə yanaşı, eyni zamanda axtarış zamanı həmin dövrdə həbs edilmiş başkir kommunisti Mirsəid Sultan-Qaliyevin evindən çıxmışdı. Əvvəlcə bunu əsas tutub, Mirsaid Sultan-Qaliyevlə birlikdə Nərimanovu da həbs etmək istəyirdilər. Lakin Stalin buna razılıq vermədi. Məktubun araşdırılmasına böyük zərurət də məhz, buradan yaranmışdı. Bu məktubu araşdırmaq üçün Yemelyan Yaroslavski başda olmaqla yaradılmış RK(b)P Partiya Nəzarəti Komitəsinin sənədləri Nəriman Nərimanovun sovet elitasında və şəxsi həyatda artıq, tək qaldığını göstərdi. Bu qalmaqalla bağlı əleyhdarları ilə yanaşı kiçik istisnalarla keçmiş tərəfdarları da Nərimanovun əleyhinə ifadə vermişdilər. Yörg Baberovski haqlı olaraq yazırdı: “Mərkəzin emissarları, göründüyü kimi, Nərimanovun silahdaşlarını siyasi cəhətdən neytrallaşdıra bildi. Gizli təhdidlər və siyasi vədlər onun dostlarını düşmənlərinə çevirməyə imkan verdi”. Məktub Sultan-Qaliyevin evindən çıxandan sonra Nərimanovun həbsi haqda order hazırlanmışdı. Təsəvvür edin ki, Stalin istisna olmaqla Siyasi Büronun bütün üzvləri Nərimanovun həbsinə etiraz etməmişdilər. Stalin açıq şəkildə dedi ki, Nərimanov sovet dövlətinin başçılarından biridir və onu həbs etmək olmaz. Nərimanov ziddiyyətli adam idi və bu ziddiyyətin yarısı müsbət, yarısı mənfi mənadadır. Məsələn, Qarabağ, Zəngəzur və Naxçıvanla bağlı məlum bəyanatı verən Nərimanov, eyni zamanda Anastas Mikoyanla Sərkis Danelyanı da Azərbaycandan çıxarmışdı.

Nərimanov həyat yoldaşı Gülsüm xanımla
Nərimanov həyat yoldaşı Gülsüm xanımla

1921-ci ilin avqust ayında RK(b)P MK-nın Qafqaz Bürosu Nərimanovun tələbi üzrə Sarkis və digərlərinin fraksiyaçı əməllərini mühakimə edən qərar qəbul etdikdə, Sarkis həmin qərara tabe olmaqdan imtina etmişdi. Belə olduqda, Nərimanov 1920-ci ilin sentyabrında Anastas Mikoyanı Bakıdan yola saldığı kimi, Sarkisi də zor gücünə qapalı vaqona oturdub, Bakıdan qovmuşdu. Az sonra Behbud Şahtaxtinskinin Yaroslavski komissiyasına yazdığı izahatda bələ bir ifadə var: “Nərimanov Azərbaycanı özünə “tabe etmək” istəyirdi ki, “məsuliyyətsiz” ermənilər ölkəni dağıtmasınlar. Şahtaxtinski ilə Nərimanov arasında mübahisə “Naxçıvan qızılları” üstündə olmuşdu. Şahtaxtinski Qars konfransına yola düşəndə, o, həm də Naxçıvan Xalq Komissarları Sovetinin sədri təyin edildiyi üçün Nərimanov xəzinədən Naxçıvana ayrılmış qızılları ona vermişdi. Lakin bu qızıllar yoxa çıxmış və Şahtaxtinski yazılı izahat vermişdi ki, qızılları Kazım Qarabəkir paşanın xanımına hədiyyə edib. Sonrakı araşdırmalar göstərmişdi ki, Kazım paşa həmin vaxt, ümumiyyətlə, evli olmayıb. Bu hadisə Nərimanovu bərk əsəbləşdirmişdi.

 Onun zəhərlənməsi haqda deyilənlər şayiədir



 – Nərimanovu Moskvada zəhərləmələri barədə ehtimalları necə qiymətləndirirsiniz?

 -Yox, bu, həqiqətəuyğun deyil. Onun 1925-ci ildə zəhərlənməsi barədə deyilənləri şayiədir. Əslində, Nərimanovu içində öz vicdanıyla apardığı mübarizələr öldürdü. Yaroslavski komissiyasındakı müzakirələrdən sonra Stalinin təşəbbüsü ilə Siyasi Büro Nərimanova tam etimad göstərilməsi haqqında qərar qəbul etsə də, işdən getmək ərizəsini geri götürmək barədə ondan xahiş etsə də, Nərimanov bu hadisədən çox sarsıldı. Beləliklə, onun komandası əleyhinə çıxdı və o, faktiki tək qaldı. O, Moskvada Sovet dövlətinin başçısı kimi yüksək vəzifəsindən getmək barədə Siyasi Büroya ərizə yazmışdı. Doğrusu, həmin dövrdə Sovet sistemində Mərkəzi İcraiyyə Komitəsi nəyisə həll etmirdi, siyasəti Siyasi Büro müəyyənləşdirirdi və Xalq Komissarlar Soveti də yerinə yetirirdi. Mərkəzi İcraiyyə Komitəsi sovet hakimiyyət arabasının “beşinci təkəri” idi. Məsələn, Komitənin üzvü Kalinin heç bir siyasi mövqeyi, rolu olmayan adam idi, o, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri olanda Stalin onun arvadını həbs etmişdi. Deməli, sovet dövlətinin başçısının arvadı həbsdəydi, onun buna etiraz etmək cəsarəti çatmırdı. Bu adam həyat yoldaşının həbsi ilə barışmışdı.

Nərimanovun durumuna qayıdaq. Məlum hadisədən sonra o, Bakıya dönmək istəyirdi. Bununla bağlı Siyasi Büroya müraciət edirdi ki, Moskvanın iqlimi onun və ailəsinin sağlamlığı üçün əlverişli olmadığına görə ona Bakıya qayıtmağa icazə verilsin. Hətta, Nərimanov Bakıya qayıtmaq üçün Sovet dövlətinin rəhbərliyində tutduğu yüksək vəzifədən getməyə belə hazır olduğunu bildirirdi. O yazırdı: “Hələ, ötən il Moskvada keçirdiyi ağır ürək tutmasından sonra həkimlər Moskvanın iqliminin mənim, xüsusilə, tənəffüs yollarının iltihabından tez-tez xəstələnən uşağımın səhhəti üçün əlverişli olmadığı fikrini söyləmişdilər”. Lakin hadisələrin gedişi tezliklə aydınlaşdırdı ki, Nərimanovun Bakıya dönmək arzusu Moskvanın təbii iqlimindən daha çox, siyasi iqlimi ilə bağlıdır. Onun Bakıya dönüşünü müdafiə etmək üçün Nərimanov Stalinə yazırdı: ”Çox hörmətli, yoldaş Stalin! Sizdən çox rica edirəm, mənim Siyasi Büro qarşısında ərizəmi müdafiə edəsiniz, belə ki, övladımın səhhəti məni belə bir addım atmağa məcbur edir. Fikirləşirəm ki, mənim 30 illik ədəbi-ictimai fəaliyyətim və partiyanın göstərişi ilə 8 il ərzində tutduğum məsul vəzifələr mənə bizim partiyanın Siyasi Bürosuna belə bir xahişlə müraciət etməyə hüquq verir. Tibbi arayış təqdim etməklə xahiş edirəm, Siyasi Büro mənim Bakıda yaşamağıma icazə versin. Əgər mənim SSRİ MİK-in sədri kimi tutduğum vəzifə buna mane olursa, xahiş edirəm, məni tutduğum vəzifədən azad edəsiniz”. Bu ağrılı məktub balaca Nəcəfin xəstəliyindən daha çox, doktor Nərimanovun şəxsi faciəsinin yekunu idi.

Nərimanov elə bilirdi ki, özü ölkənin başçısı olacaq



 – Nərimanov bolşevizminin ideyasının əsasında milləti tanımamaq, beynəlmiləlçiliyi əsas götürmək olduğunu bildiyi halda, niyə kommunist düşüncə tərzinə bu dərəcdə bağlanmışdı? Axı kommunist millətçiliyi ola bilməz, bu, absurd bir şeydir…

– 1920-ci ilin aprelində hakimiyyət müsəlman kommunistlərinə verilir və onlar Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq barədə öhdəlik götürürlər. Nərimanov elə bilirdi ki, özü ölkənin başçısı olacaq və inandığı idealları, istəkləri, sosial bərabərlik zəmində bir dövlət yaradıb, xalqı xoşbəxt edəcək. Onun bu istək və arzuları sovet şərtləri daxilində bir az xülyaya bənzəyirdi. Doğrudur, Nərimanov Azərbaycanda olanda bəzi şeylərin qarşısını aldı. Lakin 1918-ci ilin mart hadisələrini görən adam bolşeviklərin oyunlarına getməməli idi. Nərimanovun ən böyük səhvi bundan ibarət idi. Ona görə də Nərimanovun qiymətləndirilməsində bu məsələ mühüm həlledici rol oynayır. Deyə bilərik ki, Nərimanov fəal iştirak etmirdi, qırğının qarşısını almağa təşəbbüs etdi, ancaq martda baş verənlər insanlıq adına həqarət idi. Məsələn, hümmətçilər ermənilər gələndə deyirdilər ki, onlar bolşevikdirlər, amma ermənilər cavab verirdi ki, bolşevik-zad tanımırlar, təkcə müsəlman olmağın yetərlidir. Müsavatçını yanan odun içinə atdıqları kimi hümmətçinin də əl-qolunu bağlayıb həmin davranışı sərgiləyirdilər. Mart hadisələri hazırlananda Şaumyan hümmətçilərin məsələdən xəbər tutmaması üçün xüsusi göstəriş vermişdi. Çünki hümmətçiləri Bakını xilas etməyə gələn türklərə qarşı vuruşmaq üçün cəbhəyə göndərmişdilər. İlk imkan düşən kimi də onlar türklər tərəfə keçmişdilər. Ona görə Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin Nərimanova etimadı yox idi. Amma bununla bərabər Nərimanov Bakıda baş verənlərdən düzgün siyasi nəticə çıxarmadı. Şaumyanı da, daşnakları da tənqid etdi, ancaq Bakıda bu tənqidlərdən daha ağır hadisələr baş vermişdi. Əslində, öz siyasi yollarını müəyyən etməsi üçün mart hadisələr Azərbaycan kommunistləri üçün böyük dərs idi. Lakin onlar bu dərsdən nəticə çıxarmadılar.

Gülsüm xanım oğlu Nəcəflə Nərimanovun məzarı önündə
Gülsüm xanım oğlu Nəcəflə Nərimanovun məzarı önündə




Nərimanovun Moskva dövrü ilə bağlı alman tarixçisi Babirovskinin yazdıqları var ki, Azərbaycan oxucusu bunlardan xəbərsizdir. Bu barədə nə deyə bilərsiniz?

– Qəribə bir məqam var, Yörg Babirovski, Audrey Altsdadt və digər xarici tədqiqatçılar araşdırmaların gedişində Nərimanovun cazibəsinə düşürlər. Onlar bolşevik antibəşəri ideyaların içərisində Nərimanov simasında normal insan görürlər. Mənim bu yaxınlarda Amerikanın Yuta Universitetində “Azərbaycanın Sovetləşməsi: Cənubi Qafqaz Rusiya, Türkiyə, İran üçbucağında, 1920-1922” adlı kitabım nəşr olunub. Amerikalı redaktor əlyazmanı redaktə edəndə israrla bildirdi ki, materiallar xronoloji çərçivədən kənara çıxsa da, Nərimanovun həyat hekayəsini yarımçıq saxlamaq olmaz, bunu vermək lazımdır. Onda da mormanların məskunlaşdığı Yuta Universitetində cənab John Alleyin də Nərimanovun taleyin biganə qalmadığını gördüm. Əminliklə deyirəm, Babirovski Nərimanovu hər bir azərbaycanlının tədqiq edə biləcəyindən daha mükəmməl araşdırıb. Belə deyək, Babirovski Nərimanovun bolşevik zəfəri ilə milli faciəsini çox ustalıqla əlaqələndirə bilib. Bax, bu cür: onun adıyla bağlı sovetləşmə və sovetləşmənin doğurduğu böyük fəlakətlər, bunların içərisində aldandığını hiss edib məyus olmuş doktor Nərimanov.



Stalin: “Bu axmaqlar hələ də mənim gürcü olaraq qaldığımı düşünürlər”




Stalin, Orconikidze və Nərimanov, hər üçü qafqazlı olub, xalqlarının 100 ildən artıq çar Rusiyasının əsarəti altında qaldığını görmüşdülər. Yəni bu adamlarda milli hiss o qədərmi yox idi?

– Nərimanov barəsində bunu demək olmaz. Bəlkə Nərimanov da 30-cu illərə qədər yaşasaydı, elə olacaqdı. Bir faktı xatırladacam, 1938-ci ildə Moskvada gürcü mədəniyyət günləri keçirilirdi, Gürcüstan nümayəndələri Stalinlə görüşəndə onunla öz dillərində danışmağa başladılar. Stalin bundan çox əsəbləşdi, hətta nümayəndə heyəti onun kabinetindən çıxandan sonra dedi ki, bu axmaqlar hələ də mənim gürcü olaraq qaldığımı düşünürlər.



-Millətə bağlılıqdan bu səviyyədə imtinanın kökündə hansı amillər dayanırdı, yalnız bolşevizmin cazibəsimi?

– Bilirsiz, Stalin 300 illik Romanovlar imperiyasının taxtında oturmuşdu. O, yeni rus imperiyasının başçısı idi, bolşeviklər ideyadan çox öz hakimiyyətlərini və hakimiyyətin onlara verdiyi imtiyazları qoruyurdular. Bolşeviklərin böyük hissəsi həmin imtiyaza görə hakimiyyətə siğə olunmuş adamlar idi. Hakimiyyət onlar üçün var-dövlətdən ibarət deyildi. Adamlar layiq olmadıqları vəzifələri tutmuşdular, bir matros Rusiyanın dünyada tanınmış alimlərini, ictimai xadimlərini qabağına qatıb həbs yerinə aparırdı. Bu məsələdə hakimiyyət yalnız pul və sərvəti ehtiva etmir, bu, həm də rəyasətlikdən ibarətdir. Onun doğurduğu mənəvi dividenti pulla ölçmək olmaz.




Yekuna gələk, bu il Cümhuriyyətin 100 illiyidir və respublikanı yaradan şəxslərdən birincisi Məhəmməd Əmin Rəsulzadədir. Onunla Nərimanovu müqayisə etməyə ehtiyac varmı?

– Nərimanov Azərbaycan tarixində qalacaq, o, tarixi şəxsiyyətdir, amma Məhəmməd Əmin Rəsulzadə deyil. Məhəmməd Əmin Rəsulzadə millətin varlığıdır, milli diriliyidir, həm dünənidir, həm bugünüdür və həm də sabahı olacaq. Nərimanov barəsində bunu demək olmaz.

Ana səhifəVideo”Mart hadisələrini görən adam bolşeviklərin oyunlarına getməməli idi”