Yadigar Sadıqlı

Source: Meydan TV

Caption: Yadigar Sadıqlı

Livan vətəndaş müharibəsinin başlanması

Article was updated on :  2 February 2021

Livanın daha bir zəif nöqtəsi ordu idi

1943-cü ildə, Livanın müstəqilliyi ərəfəsində ölkənin üç ən böyük konfessiyalarının nümayəndələri arasında Milli Pakt adını alan şifahi razılaşma əldə olundu. Bu razılaşma 11 il əvvəl keçirilən siyahıyaalmanın nəticələrinə istinad edirdi. Ölkə prezidenti ən çoxsaylı konfessiya olan xristian maronitlərdən seçiləcəkdi. Baş nazir sünni müsəlman, parlamentin spikeri isə şiə olacaqdı. Parlamentdə xristian və müsəlmanlar arasında 6:5 nisbəti nəzərdə tutulurdu – 99 yerdən 54-ü xristianlara, 45-i müsəlmanlara çatırdı.

İlk baxışda elə görünə bilər ki, Milli Pakt hakimiyyətin ədalətli bölgüsünü təmin edirdi. Əslində isə həmin sənəd Livan əhalisinin konfessional bölgüsünü daha da sərtləşdirdi, milli inteqrasiyanın, vahid Livan millətinin fomalaşmasının qarşısını aldı. Ölkədəki konfessional qruplar özlərinə daha da qapandılar.

Burada yaradılan siyasi partiyalar adından və ideologiyasından asılı olmayaraq ilk növbədə konfessional bağlılığı ilə seçilirdi. Başqa sözlə, solçu və sağçı olması yox, maronitlərinmi, sünnilərinmi, druzlarınmı olması önəmli idi. Partiya rəhbəri vəfat etdikdə (və ya öldürüldükdə) onun yerinə, bir qayda olaraq, oğlu keçirdi. BƏƏS-çilər, kommunistlər kimi həqiqətən siyasi ideologiyaya söykənən partiyalar isə marginal idilər.

Konfessiyaların xarici siyasət təmayülləri də müxtəlif idi. Maronitlər Avropa və Amerikaya meyl edirdilər, sünnilər ərəb dövlətlərilə inteqrasiyaya və İsrail ilə müharibəyə can atırdılar, əvvəllər passiv olan şiələr isə İslam inqilabından sonra İranın timsalında himayəçi əldə etdilər və fəallaşdılar.

Üstəlik, 1932-ci il siyahıyaalmasında təsbit edilən demoqrafik vəziyyət dəyişkən idi. Xristianlarda doğum aşağı, müsəlmanlarda yüksək idi. Xristianlar Avropa və Amerikaya mühacirətə meylli idilər, müsəlmanlar isə yox. Ölkədə gərginliyə səbəb olmamaq üçün yeni siyahıyaalma keçirilməsə də, müsəlmanların artıq çoxluq təşkil etməsi şübhə doğurmurdu.

***

Nəkbə, yəni fəlakətlə nəticələnən 1947-1949-cu illər ərəb-yəhudi müharibəsindən sonra Livana xeyli fələstinli qaçqın gəldi. BMT hesabatına görə, 1965-ci ildə Livanda 162,5 min fələstinli yaşayırdı, onun cüzi hissəsi pravoslav xristianlar, çox hissəsi isə müsəlman sünnilər idi. 1967-ci ildə baş verən altıgünlük müharibədən sonra qaçqınların sayı bir az da artdı.

1970-ci ilin sentyabrında isə İordaniya öz ərazisindəki fələstinli qaçqınları qovdu. Onlar, eləcə də Fələstin Azadlıq Təşkilatının (FAT) mənzil-qərargahı Livanın cənubuna köçdü. Ölkədəki fələstinlilərin sayı 400 minə çatdı. FAT tezliklə Livanda “dövlət içində dövlətə çevrildi”. Hətta ölkənin cənubu “Fəthlend” adını aldı (bir neçə təşkilatın birləşdiyi FAT-da FƏTH ən böyük və ən nüfuzlu təşkilat idi).

Bu prosesdə Livan hakimiyyətinin günahı da az deyildi. Hələ 1969-cu ildə Misir prezidenti Camal Əbdül Nasirin vasitəçiliyi ilə Livan və FAT arasında Qahirədə imzalanan razılaşma ikinciyə fələstinlilər yaşayan Livan ərazilərində geniş səlahiyyətlər verirdi. Üstəlik, 1970-ci ildə prezident seçilən Süleyman Franje İkinci büro adlı hərbi kəşfiyyat qurumunu ləğv etdi, çünki onun əməkdaşlarını özünün ideoloji rəqibi Fuad Şihabın tərəfdarı hesab edirdi. Bununla da Livan hökuməti özünü FAT haqqında informasiya toplaya biləcək, ona nəzarət edəcək qurumdan məhrum etdi.

FAT və qaçqınların çoxunun məskunlaşdığı cənubi Livanda yerli əhalinin çoxunu şiələr təşkil edirdi. Onlar isə ölkələrində gəlmə fələstinlilərin öz qaydalarını tətbiq etmələrindən, vergilər toplamalarından, hətta yollarda buraxılış məntəqəsi yaradaraq xərac yığmalarından heç də məmnun deyildilər. Bundan əlavə, fələstinli döyüşçülər (fədainlər) Livanın cənubundan tez-tez İsrailə qarşı hücumlar həyata keçirir, İsrailin cavab zərbələri nəticəsində isə həm də şiələr zərər görürdü. 1968-1974-cü illərdə İsrail Livanın cənubuna 3000 zərbə endirdi və ya reyd keçirdi.

Livan sünniləri, eləcə də Fələstin təşkilatlarının əksəriyyəti kimi solçu partiya (Tərəqqipərvər Sosialist Partiyası) yaradan druz lideri Kamal Cumblat isə silahlı fələstinlilərin mövcudluğundan məmnun idilər. Onların köməyi ilə FAT 1970-ci illərin ortalarına yaxın Beyrutun qərb hissəsində də xeyli möhkəmləndi.

Livanın daha bir zəif nöqtəsi ordu idi. Konfessiyaların heç biri güclü orduda maraqlı deyildi. Xristianlar hesab edirdilər ki, orduda müsəlmanlar çoxluq təşkil edəcəklər və belə vəziyyət onlar üçün təhlükəlidir. Müsəlmanlar isə prezidentin (həm də Ali Baş komandanın), eləcə də yüksək rütbəli hərbçilərin xristian olmasını nəzərə alır və buna görə güclü ordunu özlərinə təhdid sayırdılar. Bunun əvəzində hər məzhəb özünün silahlı dəstələrini yaratmağa can atırdı.

Ölkədəki ağır iqtisadi vəziyyət, dövlət strukturlarında geniş yayılan korrupsiya halları da narazılığı artıran amillərdən idi.

***

1975-ci ilin əvvəllərindən başlayaraq xristianlarla fələstinlilər arasında ziddiyyətlər kəskinləşdi. Fədainlərin növbəti hücumuna cavab olaraq İsrail Livanın cənubuna reyd keçirdi və bu, yerli əhalinin kütləvi şəkildə öz yerlərini tərk etməsinə səbəb oldu. Ölkədə fələstinlilərdən və onların etdiklərindən narazılıq çoxaldı. Maronitlərin ən güclü əşirətinin və Kətaib (Livan falanqası) partiyasının başçısı Pyer Jmayel fələstinlilərin tərkisilah edilməsinə çağırdı.

Aprelin 13-də bazar günü Beyrutun xristian məhəllələrinin birində Kətaib Partiyasının fəal üzvlərindən birinin oğlu üçün xaç suyuna salınma mərasimi keçirirdi. Pyer Jmayel də bu ayində iştirak edirdi və mühafizəçilər təhlükəsizliyi təmin etmək üçün həmin ərazidə yolu bağladılar. Bu zaman oradan keçən və marşrutu dəyişməkdən imtina edən fədainlərlə əvvəlcə mübahisə, sonra atışma baş verdi. Fələstinlilərdən birinin öldüyü, ya da yaralandığı söylənilir.

Bir saat sonra ayin bitdikdə və iştirakçılar kilsədən çıxdıqda həmin ərazidə üzərində Fələstin Xalq Qurtuluş Cəbhəsinin (FXQC) emblemləri olan iki maşın dayandı. Maşından düşənlərin açdığı atəş nəticəsində xaç suyuna salınan körpənin atası və Jmayelin üç mühafizəçisi öldürüldü. Cavab atəşi açıldıqda hücumçular maşınlarına oturub uzaqlaşdılar.

Bundan sonra Beyrutun xristian məhəllələrində “fövqəladə vəziyyət” elan edildi. Kətaib üzvləri (falanqaçılar) və onların köməyinə gələn müttəfiqləri yollarda blokpostlar qurdular, maşınları yoxlamağa başladılar. Hər şey daha sakit yekunlaşa bilərdi, əgər bir təsadüf olmasaydı.

Həmin gün Fələstin Xalq Qurtuluş Cəbhəsi – Baş komandanlıq (FXQC-dən ayrılan bir qrup) təşkilatının üzvləri İsrailin Kıryat Şmona şəhərində həyata keçirdikləri, 2 hərbçi və 16 dinc sakinin ölümü ilə nəticələnən terror aktının bir ili münasibətilə Səbra qaçqın düşərgəsində mitinq keçirirdilər. Kilsə qarşısında baş verən hadisələrdən xəbəri olmayan həmin fələstinlilər Səbradan qayıdarkən yollarını həmin ərazidən saldılar (onların buraya qəsdən yönləndirilmələri ehtimalı da var).

Pyer Jmayelin oğlu Bəşir silahlı fələstinlilərin gəlməsini yeni hücum hesab etdimi, yoxsa sadəcə səhər baş verənlərin qisasını almaq istəyirdimi, məlum deyil. Hər halda, onun əmri ilə avtobus gülləbarana tutuldu. Nəticədə 22 nəfər FXQC-BK döyüşçüsü olmaqla 27 nəfər öldürüldü.

Həmin gün Pyer Jmayelə hücum edənlərin kim olması 45 ildir ki, Livanda müzakirə edilən əsas mövzudur. İllər ötdükcə belə qənaətə gəlinir ki, hücumçular əslində nə FXQC-nın üzvləri idilər, nə də başqa bir Fələstin təşkilatının. Həmin təxribatı faşistyönümlü Suriya Sosial-Nasionalist Partiyasının (SSNP Livanda fəaliyyət göstərirdi, amma Livanın da daxil olduğu Böyük Suriyanın yaradılmasına çalışırdı) törətməsi ən çox ehtimal olunan variantdır.

“Avtobus qırğını”ndan sonrakı üç gün ərzində xristianlarla fələstinlilər arasında toqquşmalarda 300 nəfərə qədər adam öldü. Üç gündən sonra tərəflər arasında atəşkəs imzalandı. Amma cin artıq şüşədən çıxmışdı və 15 il ərzində hələ çox atəşkəslər imzalanacaq, heç biri də uzunömürlü olmayacaqdı.adı.

Maşından düşənlərin açdığı atəş nəticəsində xaç suyuna salınan körpənin atası və Jmayelin üç mühafizəçisi öldürüldü.

Maşından düşənlərin açdığı atəş nəticəsində xaç suyuna salınan körpənin atası və Jmayelin üç mühafizəçisi öldürüldü.

Source: Vikipediya

Atəşkəsdən sonra toqquşmalar səngisə, tam dayanmadı. Döyüşlərdə bir tərəfdə fələstinlilər, digər tərəfdə isə xristianların Kətaib (Jmayel klanı), Milli Liberal Partiya (MLP, Şamun klanı), Marada (Franje klanı), “Sidr keşikçiləri” və “Tənzim” təşkilatlarının silahlıları arasında gedirdi.

1975-ci ilin oktyabrında yerli müsəlmanların silahlı qüvvələri fələstinliləri dəstəkləməyi qərara aldılar. Bunlar Tərəqqipərvər Sosialist Partiyasının (druzlar), Murabitun (nasirçilər), eləcə də Livan Kommunist Partiyasının (LKP), BƏƏS, SSNP-nin daxil olduğu “Livan milli-vətənpərvər qüvvələri” bloku idi.

Oktyabrın 24-də hərbi əməliyyatlar yenidən qızışdı və “Otellər savaşı” adını alan mərhələ başladı. Bu zaman Beyrutun mərkəzində yerləşən və hündürlüklərinə görə strateji əhəmiyyətə malik olan otel binalarını ələ keçirməyə cəhd göstərilirdi. Hadisələr Murabitun döyüşçülərinin Murr bürcünü tutması ilə başladı.

“Otellər savaşı” tez-tez imzalanan atəşkəslər və qısa sürən nisbi sakitliklərlə 1976-cı ilin aprelinə kimi davam etdi və müsəlmanların qələbəsi ilə yekulaşdı. Otellər yerləşən hissələr onların nəzarətində qaldı. Xristianlar Beyrutun şərq hissəsinə çəkildilər və burada müdafiə istehkamları qurdular. Paytaxtın mərkəzi və qərb hissəsi isə müsəlmanların nəzarətində idi. Suriyanın tələbilə aprelin 2-də imzalanan atəşkəslə Otellər savaşı sona çatdı.

***

1976-cı ilin qışında bir sıra önəmli hadisələr baş verdi. Bunlardan biri daha əvvəl sadaladığım xristian təşkilatların 1976-cı ilin yanvarında “Livan qüvvələri” adlı birgə silahlı qüvvələrini yaratmaları oldu. Mart ayında isə Livan ordusunda gözlənilən parçalanma baş verdi. Xristianlar polkovnik Antuan Bərəkətin rəhbərliyi altında Azad Livan ordusunu, müsəlmanlar isə leytenant Əhməd Xətibin başçılıq etdiyi Livan ərəb ordusunu yaratdılar.

Vətəndaş müharibəsi tərəflərin başqa dindən olan dinc əhaliyə qarşı amansızlıqları ilə müşayiət olunurdu. Belə cinayətlərə ilk günlərdən rast gəlindi. Böyük miqyasda isə ilk dəfə 1975-ci il dekabrın 6-da baş verdi. Dörd xristian gəncin öldürülməsinə cavab olaraq Beyrut küçələrində saxlanılan yüzlərlə (200-600 arasında) dinc müsəlman öldürüldü. Bu hadisə Qara şənbə adını aldı.

Yanvarın 18-də isə Beyrutun Karantina adlanan rayonundakı fələstinli qaçqınlar düşərgəsi (bura həm də fələstinli döyüşçülərin bazası idi) xristian döyüşçülərin hücumuna məruz qaldı. Nəticədə böyük əksəriyyəti dinc sakinlər olan 1000-1500 nəfər öldürüldü. İki gün sonra əhalisi xristian olan Damur şəhərini müsəlmanlar tutdular və Karantinanın qisası olaraq 150-582 arasında dinc sakini öldürdülər. Ölkədə arxaik “göz əvəzinə göz” prinsipi işləməyə başlamışdı.

İyunda Livandakı hadisələrə Suriya hərbçiləri müdaxilə etdilər. Maraqlıdır ki, suriyalılar müsəlmanların deyil, xristianların tərəfində əməliyyatlara qoşuldular. Bunun bir səbəbi Suriya prezidenti Hafiz Əsədin Livanda radikal müsəlmanların qələbəsini öz rejimi üçün arzuolunmaz hesab etməsi, digəri isə prezident səlahiyyətlərini hələ də icra edən Süleyman Franjenin Əsəd ailəsilə yaxın şəxsi münasibətləri idi (mayda İlyas Sərkis prezident seçilmişdi, amma Franje prezident sarayını tərk etmirdi, Sərkis yalnız sentyabrda öz səlahiyyətlərinin icrasına başlaya bildi).

İyulun 5-də müsəlmanlar Livanın şimalındakı Çekka şəhərciyinə hücum edərək ən azı 117 nəfəri öldürdülər. Xristianların qisası bir ay sonra və daha böyük miqyasda baş verdi. Şərqi Beyrutda yerləşən və fədainlərin bazasına çevrilən Tel Zaatar qaçqın düşərgəsi 50 günlük mühasirədən sonra avqustun 12-də alındı. Bu zaman 2000-2200 dinc sakinin öldürüldüyü söylənilir. Çekkada olduğu kimi burada da qadınların zorlanması və başqa vəhşiliklər oldu.

Bəzi tarixçilər və şahidlər iddia edirlər ki, FAT rəhbəri Yasir Ərəfat müəyyən siyasi maraqları səbəbindən Tel Zaatarın müdafiəsinə yardım göstərmədi. Ərəfat sonradan sağ qalanlara baş çəkmək üçün gedəndə fələstinli qadınlar buna görə onu daşa basdılar. Tel Zaatar döyüşü vətəndaş müharibəsinin brinci mərhələsinin son önəmli hadisəsi oldu.

***

Livan vətəndaş müharibəsində cərəyan edən hadisələr olduqca qarışıqdır və onları bütün təfərrüatları ilə nəinki bir, hətta bir neçə məqalədə nəql etmək mümkünsüzdür. Əgər müharibənin əvvəlində tərəfləri xristianlara və müsəlmanlara, ya da ki, sağlara və sollara bölmək mümkün idisə, sonrakı dövrdə bu aydın cizgilər itdi. Tezliklə eyni din, hətta eyni məzhəb nümayəndələri arasında toqquşmalar başladı.

Heç bir dini və ya siyasi kimliyi olmayan cinayətkar dəstələr ortaya çıxdı və maraqlarına uyğun gah bir, gah digər tərəfə qoşuldular. Ölkədə muzdlu qətllər, pul almaq üçün adam oğurluğu, narkotiklərin qanunsuz dövriyyəsi və b. ağır cinayətlər baş alıb getdi.

1977-ci ildə Kamal Cumblat öldürüldü. Özünün qatı antisuriya baxışları ilə tanınan druz liderini məhz Suriya xüsusi xidmət orqanlarının öldürdüyü ehtimal olunur. Bu hadisədən sonra müsəlmanların koalisiyası dağıldı. Atasının yerinə keçən Valid Cumblat 1982-ci ildə Suriyanın müttəfiqinə çevrildi (Livan vətəndaş müharibəsində istər ölkədaxli koalisiyalara, istərsə də Suriyaya münasibətdə belə kəskin dönüşlər adi hal idi, elə Suriya özü də sabitqədəmliyi ilə seçilmir, tez-tez dəstək ünvanını dəyişirdi).

Fələstinlilərin 1978-ci il martın 11-də İsrailin şimalında həyata keçirdiyi, 13-ü uşaq olmaqla 38 israillinin və 1 amerikalının öldürüldüyü terror aktına cavab olaraq üç gün sonra İsrail ordusu Livanın cənubuna müdaxilə etdi və Litani çayına qədər olan ərazidə “təhlükəsizlik zonası” yaratdı. BMT, SSRİ və ABŞ-ın etirazlarından sonra İsrail həmin ərazini müttəfiqi olan xristian mayor Səəd Həddadın Cənubi Livan Ordusuna təhvil verdi və iyunda ölkəni tərk etdi.

Həmin il Kətaib və Marada arasında münasibətlər pisləşdi. Keçmiş prezidentin oğlu Toni Franjenin göstərişi ilə iyunun 8-də Kətaibin komandirlərindən biri öldürüldü. Beş gün sonra onun Beyrutun Eden məhəlləsində yerləşən malikanəsi Kətaib döyüşçülərinin hücumuna məruz qaldı. Toni Franje özü, arvadı və azyaşlı qızı, eləcə də 25 Marada döyüşçüsü öldürüldü. Kətaib 6 nəfər itki verdi.

Eden qırğınından sonra Marada xeyli zəiflədi, Kətaib və Bəşir Jmayelin mövqeləri gücləndi. Deyilənlərə görə, Süleyman Franje öz rəqibi Pyer Jmayelə eyni aqibəti yaşamağı arzuladı. Onun qarğışı 4 il sonra həyata keşdi. Bəşir Jmayelin qətli, bundan sonra baş verən Səbra və Şətila qırğını barədə növbəti məqalələrimdə bəhs edəcəyəm.

Marada ilə birlikdə Suriyanın da Kətaibə və onun xristian müttəfiqlərinə münasibəti dəyişdi. 1978-ci ilin iyul-oktyabr aylarında Livan xristianları ilə Suriya arasında Yüzgünlük müharibə adını alan şiddətli toqquşmalar baş verdi. Müsəlmanların qarışmadığı bu savaşda xristianlar qələbə qazandılar.

1980-ci ildə xristian düşərgəsindəki daha bir qüvvənin, Şamun klanının rəhbərlik etdiyi Milli Liberal Partiya ilə Kətaib arasında münasibətlər pozuldu. İyulun 7-də Beyrut yaxınlığındakı Safra kəndində baş verən döyüşdə falanqaçılar MLP “pələnglər”ini məğlubiyyətə uğratdılar. Əsir alınanlara qarşı münasibət müsəlmanlara edilən vəhşiliklərdən geri qalmırdı, onların hamısı güllələndi. Döyüşdə 200 “pələng”in və 80 falanqaçının öldüyü təxmin olunur.

Amma Eden qırğınından fərqli olaraq, Bəşir Jmayel Safrada hücumu elə həyata keçirdi ki, klan başçısının oğlu Dani Şamuna bir şey olmasın, Jmayel və Şamun klanları arasında qan düşmənçiliyi yaranmasın. Bu da klanın ağsaqqalı Kamil Şamuna Kətaibin hegemonluğunu qəbul etməyə və öz döyüşçülərini onun ixtuyarına verməyə imkan yaratdı.

***

Livan şiələri ilk illərdə vətəndaş müharibəsində fəal iştirak etmirdilər. Onlar bu dövrdə ayətullah Musa Sədrin Məhrumlar hərəkatı və ərəbcə həm “ümid” mənasını verən, həm də Afwâj al-Muqâwama al-Lubnâniyya (Livan müqavimət bölükləri) sözünün abbreviaturası olan Amal təşkilatının ətrafında birləşmişdilər.

Vətəndaş müharibəsi yeni başlayarkən Musa Sədr onun durdurulmasına çalışırdı və bu məqsədlə üçgünlük aclıq aksiyası keçirdi. Həmin aksiya qısamüddətli atəşkəsin bağlanmasına səbəb oldu. Sədr 1978-ci ilin yayında vətəndaş müharibəsini durdurmaq üçün daha bir cəhd etdi. O, bu dəfə Livandakı hadisələrə təsir edə biləcək müsəlman liderlərlə görüşmək üçün əvvəlcə Suriyada oldu, avqustun sonlarında isə Liviyaya getdi. Bundan sonra nə Sədri, nə də onu müşayiət edən iki nəfəri görən olmadı. Onların Qəddafinin göstərişi ilə, hətta Qəddafinin özü tərəfindən öldürüldükləri ehtimal olunur.

Amalın ikinci rəhbəri Hüseyn Hüseyni də təşkilatı vətəndaş müharibəsindən kənarda saxlamağa çalışırdı, amma iştirak tərəfdarları getdikcə çoxalırdı. Amalı qana bulamaq istəmədiyini deyən Hüseyni 1980-ci ilin iyununda istefa verdi. Onun yerinə keçən Nəbi Berrinin zamanından Amal vətəndaş müharibəsində fəal iştirak etməyə başl

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  2 February 2021
Featured in:  
Shortlink:   http://mtv.re/6nva66

Most Viewed