Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı

Source: sputnik.az

Caption: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı

KTMT: Ermənistan-Azərbaycan sərhədində baş verənləri izləyirik (yenilənib)

Article was updated on :  13 May 2021

22.20. Azərbaycan XİN Ermənistanla sərhəddəki vəziyyətlə bağlı bəyanat yayıb:

"10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir”.

Bəyanatda bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd-mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır.

“Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur.

Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik".

***

Paşinyan: Azərbaycan hərbçiləri Ermənistan ərazisində 3,5 kilometr irəliləyiblər

“Azərbaycan Silahlı Qüvvələri “sərhədləri dəqiqləşdirmək” bəhanəsilə Ermənistanın Sisian və Vardenis bölgələrindən irəliləməklə növbəti dəfə Ermənistanın suveren ərazisinə qarşı təxribat törədib”. Ermənistan Müdafiə Nazirliyinin mayın 13-də yaydığı məlumatında belə deyilir.

“Sputnik Armenia” nazirliyə istinadən yazır ki, mayın 12-dən etibarən Azərbaycan Silahlı Qüvvələri sərhəd bölgələrindən birində müəyyən işlər görməyə çalışıb. Erməni birləşmələri tərəfindən görülən tədbirlərdən sonra Azərbaycan hərbçiləri bu işi dayandırıblar.

Mayın 12-də, axşam saatlarında Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirərək, Sunik (Azərbaycanda bu ərazi Zəngəzur adlandırılır) vilayətindəki Qaragöl (Sevliç) ətrafında baş verənləri müzakirəyə çıxarıb.

Qaragöl Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhədində yerləşir.

Azadıq Radiosunun Erməni xidməti “Azatutyun”un yazdığına görə, Paşinyan deyib ki, mayın 12-də səhər saatlarında Azərbaycanın Silahlı Qüvvələri Ermənistan ərazisinin 3.5 kilometrliyinə girib. Paşinyanın sözlərinə görə, Azərbaycan tərəfi gölü nəzarətinə almağa çalışıb və bunu “diversiya irəliləməsi” adlandırıb.

“Yaranmış vəziyyət qəbuledilən deyil və Ermənistan bu vəziyyətlə barışa bilməz. İlkin vəzifəmiz durumu danışıqlar, o cümlədən diplomatik yolla həll etməkdir. Ancaq bu, variantlardan yalnız biridir”, – Paşinyan deyib.

Mayın 13-də hökumətin iclasını keçirən Nikol Paşinyan bildirib ki, ərazidə vəziyyət dəyişməyib.

Onun sözlərinə görə, gölün yaxınlığında həm Azərbaycan, həm də Ermənistan hərbçiləri var. Paşinyan deyib ki, ərazidə hərbi eskalasiya, atışma, yaxud qarşıdurma baş verməyib, Azərbaycan əsgərlərinin ərazidən çıxarılması üçün iş aparılır.

O, baş verənləri planlaşdırılmış provokasiya adlandırıb: “Əllərindəki saxta xəritələrlə əsaslandırmaq istəyirlər ki, Azərbaycanın sərhədləri daxilindədirlər. Bunlar saxta xəritələrdir, bunu sovet dövrü xəritələri ilə müqayisə edəndə görmək olar. Amma saxta xəritələrin mövcudluğu onu göstərir ki, təşkil olunmuş provokasiya ilə üz-üzəyik”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da mayın 13-də Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı bəyanat yayıb, vəziyyəti izlədiklərini bildirib.

Azadlıq Radiosunun məlumatına görə, təşkilatın bəyanatında deyilir ki, KTMT-nin baş katibi Stanislav Zas yaranmış vəziyyəti Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan və xarici işlər naziri Ara Ayvazyanla müzakirə edib.

KTMT-nin baş katibi bildirib ki, təşkilat iki ölkənin sərhədində, Ermənistanın Sunik vilayətinin həmsərhəd bölgələrində yaranmış vəziyyəti diqqətlə izləyir və lazım gələrsə, KTMT-nin Nizamnaməsində kollektiv təhlükəsizliyə dair müddəalara uyğun olaraq hərəkət ediləcəkdir.

Hraparak” qəzeti yazır ki, Ermənistan hərbi rəhbərliyi Qaragöl gölünü nəzarətə götürən Azərbaycan hərbçilərinə ultimatum verib. Bildirib ki, Azərbaycan hərbçiləri geri çəkilməsə, onlara qarşı güc istifadə olunacaq. Qəzet yazır ki, Azərbaycan hərbçiləri Ermənistanın suveren ərazisini pozaraq 3,5 km irəliləyiblər.

Həmçinin bildirilib ki, Azərbaycan əsirliyində olan hərbçilərin valideynləri Rusiya sülhməramlılarına müraciət edərək, övladları ilə dəyişdirmək üçün Azərbaycan hərbçilərini əsir götürmələrini xahiş ediblər.

Qəzet mənbəsinə istinadən yazıb ki, Rusiya sülhməramlıları danışıqlarda mümkün qədər iştirak etdiklərini söyləyiblər. Sülhməramlılar güc tətbiq etməyəcəklərini, vəzifələrinin silahlı qarşıdurma olmadığını deyiblər. “Hansı ərazinin kimin nəzarətində olacağı onlar üçün vacib deyil”, - qəzet yazıb.

Ermənistanın Baş prokurorunun müşaviri Gor Abraamyan isə öz “Facebook” hesabında yazıb ki, hərbi polisə Sünik vilayətində sərhəddə nə baş verdiyini hərtərəfli aydınlaşdırmaq və hüquqi qiymət vermək tapşırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, mayın 13-də ölkənin xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov telefonla danışıblar.

Məlumatda deyilir ki, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparıblar:

“Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  13 May 2021
Featured in:  
Shortlink:   http://mtv.re/xvq68n

Most Viewed