Kristin Kiler – Britaniyada hökumət dəyişikliyinə səbəb olmuş casus qadın

Məxfiliyi ləğv edilmiş dosyelərdə hadisənin Amerikada da ciddi narahatlıq doğurduğu görünür

Source: meydan.tv


(birinci hissə)


“Profümo işi” Britaniyada siyasətçilər və mətbuat arasında fundamental və həmişəlik dəyişikliklərə səbəb oldu. Davenport-Hayns diqqəti bu işin uzunmüddətli nəticələrinə yönəldir – sayğıyla bağlı ənənəvi təsəvvürlərin tədricən yox olmasına: “Təmənnasızlığına, bacarığına və təcrübəsinə baxmayaraq 1963-cü ilin iyunundan sonra hökumətlərə daha çox şübhəylə yanaşdılar, nəinki güvənlə”.


“The Economist”, 16 mart 2006

İlk baxışda buna adi həyat hadisəsi də demək olar – gənc və gözəl bir qızı casusluq işinə cəlb edib yüksək çinli məmuru özünə məftun etməyi, hərbi məsələlərlə bağlı dövlət sirlərini öyrənməyi tapşırırlar; o, işinin öhdəsindən asanlıqla gəlir, amma bir müddət sonra məsələnin üstü açılır, məmur vəzifəsindən, qız sakit həyatından olur.

Əslində isə bu tarixçə adi casusluq olayı deyil: birincisi, məmur-casus əlaqəsinin aşkara çıxması ölkədə hökumət dəyişikliyilə nəticələnir; ikincisi və daha faciəlisi isə budur ki, keçmiş məmur ömrünün axırına kimi cəmiyyət və hətta kraliça tərəfindən də böyük sayğı gördüyü halda, qadın həyatını tək və əzab içində başa vurur…

****

Kristin Marqaret Kiler 1944-cü ildə, Londonun qərbindəki Aksbric şəhərində anadan olmuşdu. Bundan bir il sonra atası Kolin Kiler ailəni atıb getmiş, anası Culi Peyn ikinci dəfə ərə getdiyi üçün qızcığaz atalığının yanında, yoxsulluq içində böyümüşdü.

1951-ci ildə Kristini Littlheptondakı istirahət evində göndərmişdilər, çünki məktəb müfəttişi onun yaxşı qidalanmadığını təsbit etmişdi.

15 yaşına çatanda atalığı və onun dostları tərəfindən təcavüzə məruz qalan Kristin az sonra məktəbi atmış, geyim mağazasında model işləməyə başlamışdı. 17 yaşında ABŞ HHQ-sinin afro-amerikalı serjantıyla tanış olan qızın ondan oğlu olmuş, amma vaxtından əvvəl doğulmuş bu körpə 6 gün sonra ölmüşdü.

Həmin yay Kristin Beyker-stritdəki restoranlardan birində ofisiant işləməyə başlayır, orda Petrsi Mürreyin gecə klubuna işləyən Morin Okonnorla tanış olur və az sonra özü də orda çalışmağa başlayır.

Sonrakı illərdə qələmə alacağı avtobioqrafik “Sirrlər və yalan” kitabında Kiler o dövrü belə xatırlayacaqdı:

“1959-cu ilin yayında – 17 yaşım olanda Londona gəldim və heç fərqində olmadan soyuq müharibə, gizli ordular və casuslar dünyasına düşdüm. 60-cı illərin sonunda Britaniya və Amerika kəşfiyyatları SSRİ-nin Qərbi Avropadakı təxribatçı fəaliyyətinə fokuslanmışdılar”.

Bu klubda Kristin osteopat və rəssam Stiven Uordla rastlaşır. Həm həkimlik praktikasıyla, həm də çəkdiyi rəsmlərlə bəlli səviyyədə uğur qazana bilmiş bu şəxs yüksək vəzifəli şəxslərlə durub-otururdu.

Çox keçmir ki, Kristin onun evinə köçür. O, kitabında Stivenlə intim yaxınlığı olmadığını yazacaq, həmin illərdə Uordun ikili agent olduğunu iddia edəcəkdi:

“Bu kitabda mən bütün daşları özü yerinə oturdacam. İlk növbədə bunu bəyan edirəm ki, mən o vaxt agent olsam da, öz ölkəmə xəyanət etməyi ağlıma belə gətirməmişəm. Məni bu işə ağıllı, xarizmatik və son dərəcə təhlükəli bir adam cəlb eləmişdi, hansı ki, həm sağlığında, həm də ölümündən sonra kəşfiyyat xidmətlərini axmaq yerinə qoymağı bacarmışdı. Stiven Uord Britaniya hökumətinin ən məşhur simalarıyla, aristokratlarla və hətta krlaiyyət ailəsinin üzvləriylə dostluq edirdi.

Onun Uimpol-myuz küçəsindəki evinə Amerikanın Britaniyadakı keçmiş səfiri Averell Harriman da gəlirdi, dünyanın ən varlı və ən xəsis adamlarından biri Pol Getti də, sovet casusu Entoni Blant da, çahzadə Marqaret də. Həmin evdə olanlar arasında Moskvanın agenti Yevqeni İvanov (SSRİ-nin Britaniyadakı səfirliyinin hərbi attaşesi, “QRU” zabiti – A.Y.) da vardı. Onu gördüyüm gün həyatımın dönüş nöqtəsi oldu. İvanovun əsas işinin nədən ibarət olduğunu mən sonralar anladım: Stivendən aldığı məlumatları və sənədləri Mərkəzə göndərmək. Stiven Uord isə ikili agent idi: həm ruslara, həm ingilislərə işləyirdi”.

****

1961-ci ildə, lord Bill Astorun malikanəsində Stiven Uord Kristini Mühafizəkarlar Partiyası hökumətinin hərb naziri Con Profümoyla tanış edir.

Kristin Kilerin kitabından:

“…Həmin qonaqlığın qurbanı hərb naziri Con Parfümo yox, məniydim.

O isti yay axşamında malikənədə 40-a yaxın qonaq vardı – Pakistanın prezidenti Eyyub xan, Mühafizəkarlar Partiyasının bir qrup deputatı və Con Profümo. Lord Astor bizə malikanənin mərmər hovuzunda çimməyə icazə verdi. Mən çimərlik paltarımı evdə unutmuşdum, amma dərd etmədim, dəsmal götürdüm. Bu, çox kiçik bir dəsamlıydı, onunla ya sinəmi, ya da ombalarımı örtə bilərdim.

kristin kiler-2 (1).jpeg
Kristin Kiler

Bir azdan lord Astor və Con Prafümo da hovuzun yanına gəldilər. Əvvəl içki içdilər, sonra da gülərək dəsmalı üstümdən çəkməyə başladılar. Mən şampan şərabı içmişdim, mən də bu oyuna gülür və əylənirdim.

Əyləncəmiz onların arvadları hovuza yaxınlaşana qədər davam etdi. Onların uzun ziyafət paltarları mənimkindən necə də fərqlənirdi!

Oyunumuzu bitirməli olduq. Ancaq təxminən yarım saat sonra Con Profümo mənə malikanəni gəzməyi təklif etdi. Elə ilk otaqda belimdən aşağını sığallamağa başladı.

Stiv məni Profümonun qucağına itələyirdi, istəyirdi ondan öyrənəm ki, Almaniyaya nüvə silahını nə vaxt yerləşdirəcəklər. Hərçənd həmin gün onun əsas məqsədi məni İvanovun yatağına uzatmaq idi. Qonaqlar arasında İvanov da vardı və biz malikanədən birlikdə çıxdıq”.

Beləliklə, Kristin Kiler əvvəlcə sovet casusunun məşuqəsi olur, bu isə vətənə xəyanətdə günahlandırılmaq “şansı” qazanmaq idi.

Sonrakı gün evdə Uord qıza deyir ki, Profümoya onun telefon nömrəsini verib. Kristinin Yevgeniylə də “dostlaşmasına” sevinən Stiven elə hey təkrarlayırmış ki, “Bu ikisiylə birlikdə sən dünya müharibəsi başlada bilərsən”.

Kilerin yazdığına görə, o gecə baş verənlər barədə Uord dərhal Mİ5-ə (Briyaniyanın əkskəşfiyyat idarəsi) məlumat verib: “Mənim Yevgeniylə yatmağımdan və Profümonun mənə olan marağından Britaniya əkskəşfiyyatı baş nazir Harold Makmillandan və digərlərindən ən azı 18 ay əvvəl xəbər tutub”.

Kitabda Kiler həmçinin qeyd edib ki, ertəsi gün Con Profümo böyük bir limuzində şəxsən özü onun dalınca gəlib (Başqa bir mənbədə bu maşının nazirlikdə işləyən vikont Con Heyrə məxsus “Bentli” olduğu və bu görüşün sonrakı tarixlərdə baş tutduğu bildirilir).

Həmin gün nazirin onu öz evinə apardığını yazan Kristin Kiler son pərdə də daxil olmaqla, o görüşü kifayət qədər detallı təsvir edib: “Qonaq otağına aparıb hətta kraliçanın da onlara nahara gəldiyini dedi”. Sonra Profümo Kristinə kabinetini və ordakı qeyri-adi telefonu göstərib, bu aparat vasitəsilə baş nazirlə əlaqə saxladığını bildirib (Görünür, 46 yaşlı nazir özündən iki dəfədən də çox kiçik olan bu qızda özüylə bağlı təəssüratı gücləndirməyə ehtiyac duymuşdu). İki il sonra Profümoyla əlaqəsi barədə istintaqa ifadə verəndə Kiler evin və otaqların görüşünüşünü təsvir etmiş, nazirlə intim münasibətdə olduğunu doğrulayan faktlardan biri də bu olmuşdu.

****

Beləliklə, həmin gündən etibarən Britaniyanın hərb naziriylə eskort qız arasında intim münasibət başlayır. Onların hansı aralıqda bir yerdə olmaları barədə fərqli məlumatlar var. Bəzi mənbələrdə qeyd olunur ki, Uordun ətrafındakılarla yaxınlığın mümkün təhlükələri barədə xəbərdar edildiyi üçün Profümo bir ay sonra Kilerlə əlaqəsini kəsib, digərləri onların dekabr ayına qədər görüşdüyünü yazırlar. Qadın düşgünü olan nazirin bu qızla iki ildən çox bir yerdə olduğunu iddia edənlər də var.

Hərb nazirini təhlükə barədə xəbərdar edən şəxs avqustun 9-da ondan qeyri-rəsmi izahat almış ser Norman Bruk (Nazirlər Kabietinin katibi) olmuşdu. Bruk Profümoya MI5-də Uordun etibarlılığına dair şübhələr yarandığını demiş, İvanovun “zərərsizləşdirilmısiylə” bağlı ondan bu quruma dəstək xahiş etmişdi. Dəstək təklifinə razılıq verməyən Porfümo Brukun Kiler haqqında (onunla intim münasibətləri barədə) da məlumatlı olduğunu təxmin edərək qıza “Əzizim..” müraciətiylə başlayan məktub yazıb sabahkı görüşü təxirə salmışdı.

Bəzi şərhçilər bu ikisi arasında münasibətin məhz həmin məktubdan sonra bitdiyini qeyd edirlər, ancaq Kiler sonrakı illərə aid bütün şüfahi və yazılı açıqlamalarında israr edib ki, Profümo Uordun evindən çıxıb onun tutduğu mənzildə qalmasını tələb etdyi, o isə buna razılıq vermədiyi üçün ayrılıblar.

Yeri gəlmişkən, Profümoyla eşq macərası haqqında Kristinin ilk ifadəsini polis əməkdaşları nə Mİ5-ə, nə də digər hüquq mühafizə orqanlarına çatdırmışdılar. Halbuki nazirin eskort qızla əlaqəsi və ona məktubu barədə şaiyələr artıq bir çox dairələrələrə yayılmışdı. Həmin günlərdə böhtan ittihamıyla məhkəməyə verilməkdən ehtiyat edən mətbuat bu məsələ haqqında açıq yazmaqdan çəkinsə də, Kilerin Profümodan öyrəndiyi sirləri İvanova ötürməsiylə bağlı şübhələr leyboristləri hərəkətə keçməyə məcbur etmiş və onlar məsələnin dövlət təhlükəsizliyinə aid olduğunu əsas gətirərək naziri açıqlama vermək üçün parlamentə çağırmışdılar (Leyboristlər məsələdən elə Kristinin özü sayəsində xəbər tutmuşdular – o, barların birində təsadüfən bu partiyanın keçmiş deputatı Con Lyuislə rastlaşmış və başına gələnləri ona da danışmışdı. Bundan sonra leyboristlərin fəaliyyətdə olan deputatı Corc Viqq məsələni şəxsən özü tədqiq etməyə başlamışdı). Beləliklə, Profümo ora getmək və Kilerlə seksual əlaqədə olduğunu təkzib etmək məcburiyyətində qalmışdı. Onda həm baş nazir, həm hökumətdəki digər yüksək çinli məmurlar, həm də partiyanın parlamentdəki müfəttişi onun təkzibinə inanmışdılar.

Sonrakı illərdə (2010) ABŞ informasiya azadlığı haqqında qanununa əsasən “Profümo işi”nə aid materialların məxfiliyini ləğv edəndə məlum olacaqdı ki, o vaxt sovet hökuməti bu məsələ haqqında Britaniya hökumətindən daha çox şey bilirmiş, çünki “KQB” əməkdaşları yataq otağına yerləşdirdirdikləri “böcək” vasitəsilə Britaniyanın hərb nazirinin öz məşuqəsinə nə dediyinə qulaq asırlarmş (“The Daily Mail” qəzeti, Ceyson Lyuis, 24 iyul 2010). Amerika xüsusi xidmət orqanlarının sənədlərində həmçinin qeyd olunubmuş ki, “KQB” agenti Yevqeni İvanov Kristin Kileri dilə tutaraq Profümodan Britaniyanın nüvə arsenalı barədə məlumat toplamasını istəyib. “İstintaq materiallarından görünür ki, ruslar Qərbin təhlükəsizliyini zəiflədə biləcək xeyli informasiya əldə ediblər” yazan Ceyson Lyuis “Profümo işi”nin Britaniyaya heç bir zərər vurmamasıyla bağlı ənənəvi versiyanın doğru olmadığını qeyd edib.

Sənədlərdə yüksək cəmiyyət nümayəndələrinin toplaşdığı məclislər də təsvir olunub, bildirilib ki, bəzi hallarda bu məclislər qızğın seks gecələrinə dönüb və hətta onlardan birində hansısa nazir lüt soyunaraq ofisiant finksiyasını icra etməyə başlayıb.

kristin kiler.jpeg
Kristin Kiler

Məxfiliyi ləğv edilmiş dosyelərdə hadisənin Amerikada da ciddi narahatlıq doğurduğu görünür: 1963-cü ilin iyun ayında FTB-nin direktoru Edqar Quver ABŞ-ın baş prokuroru, prezidentin qardaşı Robert Kennediyə bir kəşfiyyat materialı təqdim edib, “etibarlı informatora” istinadən yazılmış həmin hesabatda qeyd olunub ki, SSRİ-nin BMT-dəki nümayəndəliyində çalışan bir polkovnik “Profümo işi” haqqında radioda səsləndirilən xəbəri eşidəndə rusların ondan xeyli məlumat topladığını və mənzilinə də dinləmə aparatları quraşdırıldığını deyib.

“Sirlər və yalan” kitabının yeni nəşrində Kristin Killer də FTB sənədləri haqqında yazıb:

“60-cı illərin əvvəllərində nələr baş verdiyini mən çox illər sonra bildim və başa düşdüm. ABŞ və SSRİ, Kennedi və Xruşşov nüvə silahlarını bir-birilərinə tuşlamışdılar. Britaniyanın böyük planları vardı, mənsə eyni vaxtda həm bu ölkənin hərb naziriylə, həm də sovet casusuyla yatırdım.

Bu yaxınlarda mənə FTB-nin sənədlərini göstərdilər. O vərəqlərə yazılanlardan belə məlum olur ki, prezident Kennedi diqqətlə mənim seksual əlaqələrimi izləyirmiş. Səhifələrin çoxunda FTB-nin direktoru Edqar Quverin və baş prokuror Robert Kennedi imzası vardı. Onlar hətta bunu da müzakirə ediblərmiş: mən prezident Kennediylə də yatmışammı?”

Ana səhifəXəbərlərKristin Kiler – Britaniyada hökumət dəyişikliyinə səbəb olmuş casus qadın