Seymur Həzi

Source: Meydan TV

Caption: Seymur Həzi

Kremlin “at gedişi”

Niyə indi və niyə məhz Sahibə Qafarova?

Rusya XİN rəhbərinin Azərbaycan parlament nümayəndə heyəti ilə görüşü zamanı səsləndirdiyi təklif maraq doğurmaya bilməz. Əlbəttə bu təklif köhnədir və dəfələrlə səsləndirilib. Hətta bir neçə dəfə ilkin format kimi müzakirə də olunur. Söhbət əvvəlcə Azərbaycanın işğal olunmuş rayonlarından keçmiş DQMV-nə aid olmayan yeddisinin və ya beşinin qaytarılmasından, kommunikasiya və nəqliyyatın bərpasından, sülməramlıların bölgəyə yerləşdirilməsindən gedir. Bu təklif köhnə olduğu halda maraq doğuran tərəfləri nədir?

Moskva bu təklifi kimə edir?

Azərbaycanda Parlamentin necə formalaşdığı heç kimə sirr deyil. Onun arxasında milli iradənin olmadığı hər kəsə bəllidir. Üstəlik hakimiyyət bölgüsü elə ciddi çevrilmələrə məruz qalıb ki, Azərbaycan parlamenti siyasətdə dördüncü yerdə durur. Əgər ölkə bir vitse- prezidentlə kifayətlənsə. Bununla belə, Lavrovun belə bir təklifi Sahibə Qafarovaya verməsi onu siyasətdə ciddiyə almaq deməkdir. Bu yolla faktiki olaraq Lavrov Primakovun irsinə böyük rəğbət göstərən Slavyan Universiteti professorunun siyasi çəkisini artırmaq üçün gediş edib. Azərbaycan hakimiyyətinə bir mənada demək istəyib ki, biz bu ünvanla da danışa bilərik. Hətta ən ağrılı məsələ ilə bağlı ən ciddi təklifimizi də buradan verə bilərik.

Təklif nə zaman edilir?

İkinci maraqlı məqam təklifin zamanı ilə bağlıdır. İlham Əliyev Ermənistanın böyük müharibəyə hazırlaşdığını deyir. Bunun ardınca Azərbaycan hərbçiləri ermənilərə məxus PUA vururlar. Bu dəfə də Ermənistanın hədəfində təmas xəttindəki bölgələr deyil, Şəmkir rayonudur. Azərbaycanda heç kimə sirr deyil ki, Ermənistanın belə cəsur davranışlarının arxasında Rusiya durur və Kremlin dəstəyi, eyni zamanda icazəsi olmadan İrəvan bu cür risklərə getməz. Yaxın savaş tarixindən, silahlı qüvvələrin gücünün müqayisəli təhlilindən də bəllidir ki, düşmən ölkənin Azərbaycanla münasibətdə heç bir şansı yoxdur. Bu zaman sual yaranır: Rusiya həm Ermənistana cəsarət verib, həm Azərbaycana danışıqlar təklif edir? Bəli, görünən budur ki, Rusiya 5 rayonun qaytarılması ilə özünün silahlı qüvvələrini yenidən Cənubi Qafqaz siyasi konyukturasına hakim etmək istəyir.

Azərbaycan nə edir?

Rusiyanın yenidən Azərbaycan və Ermənistan arasında hərbi aktivlik əldə etməsi yolveriləndirmi? Əlbəttə, yox. Azərbaycan bununla razılaşmır. Bəzi addımlar atır. Amma bu addımlarda cəsarət çatışmazlığı hiss edilir. Rusların bu cür nümayişkaranə təklifi bölgəyə fiziki qayıdış iddialarıdır. Rəsmi Bakı bunun qarşılığı kimi Türkiyə silahlı qüvvələrinin Azərbaycanda qalmasına dair ictimai kampaniya aparır. Bu kampaniya Kremlin iddialarından çəkilməsinə səbəb olurmu? Qətiyyən. Bəs buna qarşı nə etmək lazımdır? Rusiya bilir ki, bu kampaniyaların arxasında ciddi siyasi dəstək və ictimai həmrəylik dayanmır. Xüsusilə, Moskva uzun illərdir Azərbaycanda milli demokratik düşərgə ilə hakimiyyət arasında bütün körpülərin yanması üçün əlindən gələni edib. Nəticə nəinki ürəkaçan deyil, hətta siyasət adına qorxuncdur. İlham Əliyev 14-15 iyul 2020-ci il aksiyasından müxalifətə qarşı istifadə etməklə bu uçurumu daha da dərinləşdirdi. Bu isə təbii ki, Kremlin burada əl-qolunun açılmasına yardımçı oldu. Azərbaycan hakimiyyətinin bu məsələdə ən ciddi silahı milli birlik və ictimai həmrəyliyi təmin etmək olmalıdır. Bunun üçün atılacaq addımların özü belə Rusiyanı burada neytrallaşdıra bilər. Azərbaycanda tarixən hansı qüvvələrin Moskvanın qarşısına çıxdığı barədə daha geniş yazmağa ehtiyac yoxdur. Hər halda Rusiya qoşunlarını Azərbaycandan çıxaran bir təşkilatla və onun varisləri ilə savaşaraq Rusiyaya müqavimət təşkil etmək çətin olacaq.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/9ifd8a

Most Viewed