Ketrin Qrem – Amerika jurnalistikasının birinci ledisi

1998-ci ildə o, on il ərzində yazdığı avtobioqrafik “Şəxsi tarixçə” kitabına görə Pulitser mükafatı alır.

Source: meydan.tv


ABŞ hökumətinə meydan oxumuş və prezident Riçard Niksonun istefaya göndərmiş jurnalist

Ketrin Qrem – Amerika jurnalistikasının birinci ledisi, “Vaşinqton Post” (“The Washington Post”) qəzetinin keçmiş sahibəsi və baş redaktoru; “Pentaqonun sənədləri”ni və “Uotergeyt” materiallarını dərc etməklə ABŞ hökumətinə meydan oxumuş və prezident Riçard Niksonun istefaya göndərmiş; bir neçə media qurumundan ibarət şirkətinin gəlirlərini 1 milyard dollardan da çox artırmaqla aksiyalarının fantastik dərəcədə bahalanmasına nail olmuş, “Assoşieyted Press” (“Associated Press”) və digər nüfuzlu media qurumlarının ilk qadın Şura üzvü seçilmiş; ABŞ-ın ən yüksək mülki təltifi “Prezidentin Azadlıq medalı” da daxil olmaqla, çox sayda mükafata layiq görülmüş; “Amerika jurnalistikasının birinci ledisi, əyilməz, amma təvazökar; qüdrətli, amma sadə; bütünlüyü, geniş ürəyi və səxavətiylə tanınan əsl lider və əsl xanım” (R.Reyqan).

Böyük təzyiqlərə baxmayaraq Ketrin Qrem ABŞ-ın siyasi tarixini formalaşdıranlardan biri olmağı bacarmış, o dönəmdə Amerikanın ən nüfuzlu qadınlarından birinə çevrilmişdi. Onun televiziyada canlı yayımlanan dəfn mərasimini bütün amerikalılar izləmişdilər. Prezident Reyqan və xanımı Nensi, keçmiş dövlət katibi Henri Kissincer, tanınmış siyasətçilərin və ictimai xadimlərin böyük əksəriyyəti, bəzi xarici ölkə rəhbərləri mərasimdə bu sərt-kövrək qadın haqqında xoş sözlər söyləmişdilər.

****

Ketrin 1917-ci ildə Nyu-Yorkda anadan olub. O, yəhudi mənşəli məşhur maliyyəçi-milyonçu, bir müddət FES-in (Federal Ehtiyatlar Sistemi, ing. FED) rəhbəri olmuş Yucin Meyerin 5 övladından 4-cüsüydü.

İncəsənətə marağı və bohema həyat tərziylə tanınan mənşəcə alman anası Aqnes Ernst Meyer həm də Respublikaçılar Partiyasının üzvüydü, Ogüst Roden, Mariya Küri, Tomas Mann, Albert Eynşteyn, Eleonora Ruzvelt və digər məşhur adamlarla dostluq edirdi.

Meyerlərin ölkənin müxtəlif yerlərində evləri vardı, amma onlar daha çox Vaşinqtondakı malikanələrində və Vestşesderdəki qəsrlərində yaşayırdılar.

Uşaq vaxtı Ketrin valideynlərini az görüb – onlar çox vaxt səyahətdə və dostlarının əhatəsində olurdular. Ketrini əsasən dayələri və mürəbbiyələri tərbiyə edib. Deyilənə görə, Aqnes Ketrini çox da sevməyib və anasının ona qarşı soyuq-təkəbbürlü davranışı qızcığazda ciddi özünəinamsızlıq kompleksi yaradıb.

Müflis olmuş “Vaşinqton Post” qəzetini atası Ketrin hələ Qrinueydəki (Virciniya) Madeyra məktəbində oxuyanda, 875 min dollara auksiondan almışdı – artıq təqaüddə olan Yucin ölkənin milli məsələlərində bu dəfə mətbuat vasitəsilə iştirak etmək istəyirdi. Onda Ketrin məktəb qəzetinə məqalələr yazırdı.

Onun “Vaşinqton Post”la ilk “tanışlığı” Pokipsidəki (Nyu-York ştatı) Vassar Kollecində təhsil aldığı illərə təsadüf edir – yay təcrübəsi dönəmində atasının qəzetində işləmişdi. Çikaqo Universitetində bakalavr dərəcəsi alandan sonrasa Ketrin San-Fransisko qəzetində çalışmağa başlayır.

Təhsil illərində cəmiyyətin aşağı təbəqələrindən olan insanlarla dostlaşan və əmək problemlərinə xüsusi maraq göstərən Ketrin bu qəzetdə estakada fəhlələrinin genişmiqyaslı tətili haqda material hazırlanmasında iştirak edir. 1938-ci ildə o, rəsmən “Vaşinqton Post”da işə başlayır.

****

Bir müddət sonra gənc qız Harvardın hüquq fakültəsinin məzunu, Ali Məhkəmə hakiminin katibi Filipp Qremlə tanış olur. 1940-cı ildə onlar evlənirlər. İkinci dünya müharibəsində Filipp orduya yazılır, müxtəlif hərbi bazalarda xidmət etdiyi dövrlərdə Ketrin onu müşayiət edir. Sonra Filippi xaricə hərbi ezamiyyətə göndərirlər və Ketrin qəzetdəki işinə qayıdır. Sonrakı illərdə onların bir qızı, üç oğlu dünyaya gəlir.

1946-cı ildə Yucin Meyer çox sevdiyi kürəkəninə “Vaşinqaton Post”un assosiativ naşiri olmağı təklif edir. İki il sonra o, işdən çəkilib biznesini tamamilə Filippə həvalə edir. Özünün avtobioqrafik “Şəxsi tarixçə” kitabında Ketrin sonralar bu haqda belə yazacaqdı:

“Atamın məni yox, Filippi seçməsindən qətiyyən narahat olmadım. Əksinə, bu mənim ürəyimcəydi. Əslində, heç vaxt ağlıma gəlməmişdi ki, atam məni elə vacib işin öhdəsindən gələcək biri kimi görə bilər”.

Sonrakı illərdə Filipp Qrem bir neçə radio və televiziya kanalını, “Nyusuik” (“Newsweek”) jurnalını alıb biznesi böyüdür, şirkətin beynəlxalq xəbər xidmətinin yaradılmasına yardım edir.

Həmin dövrdə Ketrin könüllü olaraq özünü arxaplana çəkir, həyatını ərinin arzu və ambisiyalarının gerçəkləşməsinə həsr edir: “O, jurnalistikada və siyasi dairələrdə önə çıxdıqca, mən özümü daha çox onun çərpələnginin quyruğu rolunda görürdüm. Buna nə qədər çox kədərlənirdimsə, vəziyyət o qədər dərinləşirdi”.

****

Filipp və Ketrin Qremlər Vaşinqton ictimai-siyasi səhnəsinin önəmli personalarından idilər; Con və Jaklin Kennedilərlə, Robert Kenediylə, Lindon Consonla, Robert Maknamarayla, Henri Kissincerlə, Ronald və Nensi Reyqanlarla və başqalarıyla dostluq edirdilər. Ketrin öz kitabında yazır ki, 1960-cı ildə Consonun Demokratlar Partiyasından vitse-prezidentliyə namizəd göstərilməsi həm də Filipp Qremin ciddi dəstəyi sayəsində mümkün olmuşdu.

Amma belə qüdrətli adamın həm alkoqoldan asılılığı, həm də psixoloji problemləri vardı. Ailəyə yaxın olanların dediyinə görə, maniakal depressiyadan əziyyət çəkən Filipp o vaxt tez-tez Ketrini aşağılayırmış.

1962-ci ildə Ketrin ərinin ona xəyanət etdiyini öyrənir. Filipp bunu təsdiqləyərək “Nyusuik” jurnalına yazan sevgilisiylə evlənmək üçün ondan boşanmaq istədiyini deyir, ailəyə məxsus aktivlərin bölünməsi üçün hüquqi prosedur başladır.

Amma proses yarımçıq qalır – mətbuat işçilərinin Finiksdə (Arizona) keçirilən bir tədbirində Filipp əsəb tutması keçirir, ona yuxu iynəsi vurub Vaşinqtona qaytarırlar və psixiatrik klinikaya yerləşdirirlər.

Müalicədən sonra Marşalldakı (Virciniya) malikənələrinə yerləşən Filipp 1963-cü ilin yayında ov tüfəngindən açdığı atəşlə özünü öldürür (Bir neçə il sonra onların oğullarından biri də həyatına bu şəkildə son vercəkdi). Ketrin bir daha ailə qurmur.

****

Ərinin ölümündən sonra “Vaşinqton Post”a Ketrin rəhbərlik etməyə başlayır. O, kitabında yazır ki, ilk dövrlərdə bu işi bacarağına çox da inanmırmış, öz biliklərinə şübhəylə yanaşırmış. Deyilənlərə görə, bu yeni rolu onu o qədər həyəcanlandırırmış ki, hətta hər hansı auditoriya qarşısında çıxış etməzdən əvvəl saatlarla güzgünün qabağında məşq edirmiş. Bugünümüzdən baxanda bir az anlaşılmaz görünən bu həyəcan o dövr üçün çox da qəribə deyildi – onda rəhbər vəzifələrdə ancaq kişilər təmsil olunmuşdular, redaksiyalarda kollekivin ancaq 20%-ni qadınlar təşkil edirdi. Hətta 9 il sonra da (1972) “Fortune 500” siyahısına daxil edilmiş ən böyük 500 Amerika şirlkətinin rəhbərləri arasında yeganə qadın Ketrin Qrem idi.

Ketrinin xatirələrində belə bir epizod var – həmişə qadınlardan yalnız onun olduğu tədbirlərin birində təşkilatçı bir-bir hamıya yaxınlaşıb müzakirə olunan məsələylə bağlı fikirlərini soruşurmuş, amma Ketrinə çatanda susub, özünü sanki onu heç görmürmür kimi aparıb.

Əslində xüsusi bir iddiası və ambisiyası olmayan, rəhbərliyi təhvil vermək üçün övladlarından birinin yaşının çatmasını gözləyən bu həlim xasiyyətli qadın, cox güman, elə bu cür yanaşmalara görə özünütəsdiq ehtiyacı hiss edib və “qollarını çirməyərək” az sonra “Vaşinqton Post”u ölkənin iki ən yaxşı qəzetindən çevirəcək iradə nümayiş etdirməyə başlayıb.

1963-cü ilin sentyabrından etibarən “The Washington Kompany”-nin prezidenti və de-fakto naşiri olan Ketrin Qrem 1969-79-cu illərdə rəsmən naşir statusu daşıyıb, 1973-91-ci illərdəsə Direktorlar Şurasının sədri vəzifəsini icra edib.

Qəzetin nəşrini oğlu Donalda həvalə edəndən (1979) sonra da o, redaksiya siyasətinin müəyyənləşdirilməsində və şirkətə daxil olan bütün digər qurumlar üçün də (“Nyusuik”, “Trenton Tayms”, 4 televiziya kanalı və s.) iş planının hazırlanmasında yaxından iştirak edir. “Vaşinqton Post” təkcə Amerikada yox, xaricdə də siyasi proseslərə və ictimai rəyə böyük ölçüdə təsir edə bilən mətbuat orqanı səviyyəsinə qalxır. Dövlət başçıları, siyasətçilər, mətbuat işçiləri və incəsənət xadimləri zaman-zaman Ketrinin Corctaundakı evinə və Virciniyadakı malikanəsinə toplaşıb gündəm mövzularını müzakirə edirlər.

****

Bütün bunlara Ketrin çətin “imtahanlardan” keçərək nail olur.

O, şirkətə rəhbərlik etməyə başlayandan cəmi iki ay sonra yaxın dostu – prezident Kennedi öldürülür (Kitabında Ketrin onunla bağlı xatirələrini də yazıb. Onlardan biri hansısa əyləncə gecəsində Kennediylə çılğıncasına tvist oynaması və möhkəm tərlədiyi üçün yan otağa keçib qızının köməyilə tərini qurutması haqqındadı).

Bütün Amerikanı (və təbii ki, Ketrini də) sarsıtmış bu hadisə onun bir media rəhbəri kimi sonuncu sınağı olmur.

1971-ci ildə “Pentaqonun sənədləri” adlı qalmaqal baş verir. Hərbi analitik Daniel Ellsberqin “Nyu-York Tayms” (“The New York Times”) qəzetinə ötürdüyü həmin sənədlərdə Amerikanın 1945-67-ci illərdə Vyetnamdakı fəaliyyətiylə bağlı (Cənubi Vyetnamın kommunist Şimali Vyetnam tərəfindən işğalına mane olmaq üçün) faktlar əks olunmuşdu; göstərilmişdi ki, ABŞ Vyetnam müharibəsi zamanı hərbi əməliyyatları genişləndirərək qonşuluqdakı Laos və Kambocanı da bombalayıb, Şimali Vyetnamın ərazisinə müdaxilələr edib, amma hökumət bu haqda nə Konqresə, nə də ictimaiyyətə məlumat verib.

İnformasiya L.Conson və C.Kennedi hökumətlərinə aid olduğu üçün prezident Nikson əvvəlcə məsələyə qarışmaq fikrində olmur, amma dövlət katibi Henri Kissincer onu inandırır ki, bu hadisə gələcəkdə dövlət sirləri üçün neqativ presedent yarada bilər. Beləliklə, “Nyu-York Tayms”a sənədlərin dərcini durdurmaq tövsiyə edilir, qəzet rəhbərliyi tövsiyəyə əməl etmədiyi üçün Nikson və baş prokuror buna dairə məhkəməsinin qadağa qərarıyla nail olurlar. Qəzet sənədlərin yayımını durdurmaq məcburiyyətində qalıb qərardan Ali Məhkəməyə şikayət edir.

“Pentaqon sənədləri”nin davamı bu dəfə “Vaşinqton Post”a göndərilir. İctimaiyyətə düzgün informasiya çatdırılmasına böyük önəm verən, bunun üçün dəfələrlə ABŞ-ın Vyetnamdakı hərbi bazalarına getmiş olan Ketrin Qrem bəzi həmkarlarının xəbərdarlığına baxmayaraq ABŞ hökümətinə qarşı çıxmaqdan çəkinmir və qəzetin gələcək taleyini təhlükə altına atan qərar verir: dərc edilsin.

sjfDSq1_g7U.jpg
Ketrin Qrem

Beləliklə, 18 iyunda sənədlər “Vaşinqton Post”da dərc olunur. 26 iyunda daha 15 qəzet onların dərcinə start verir. İyunun 30-da Ali Məhkəmə dairə məhkəməsinin qadağa qərarını ləğv edir, mətbuat hökumətə qalib gəlir

****

Bir il sonra “Vaşinqton Post” və hökumət arasında daha bir tarixi qarşıdurma yaranır. Qəzetin müxbirləri Bob Vudvard və Karl Bernstayn Demokrat Partiyasının “Uotergeyt” otelindəki qərargahına dinləmə qurğuları yerləşdirilməsində məşhur respublikaçıların iştirakını araşdırmağa başlayırlar. Onların məqalələri qeyri-qanuni izləmənin daha geniş şəbəkəsini aşkara çıxarır. Nikson komandasının son dərəcə ciddi təzyiqlərinə baxmayaraq Ketrin işçilərinin arxasından çəkilmir.

Baş prokuror Con Mitçell onu publik şəkildə hədələyir: “O araşdırma dərc edilsə, Keti Qrem öz döşünü böyük paltarsıxanın arasında görəcək”. “Vaşinqton Post” onun sözlərini manşetə verir (İcracı redaktor Benjamin Bredli “döş” sözünü ixtisar etmişdi). Sonralar Ketrin deyəcəkdi ki, “Mənim üçün ən təəccüblüsü onun məni Keti adlandırmasıydı, çünki mənə heç kim belə demirdi”.

O dövrdə “Uoltergeyt” haqda yazan yeganə qəzet “Vaşinqton Post” olur. Nikson hökumətinin 40-dan çox nümayəndəsi istefa vermək məcburiyyətində qalır. İctimai təzyiq nəticəsində 2 il sonra Nikson özü də istefaya gedir, Vurd və Brenstayn Pulitser mükafatına layiq görülürlər. Ketrin Qremsə bu ağlasığmaz qanunsuzluğun ifşasına şərait yaratdığı üçün Amerika xalqının böyük təqdirini qazanır.

Bütün bunlar onu ABŞ mətbuatının ən nüfuzlu şəxsinə çevirir. Sonrakı dövrdə (1975-85) şirkətin gəlirləri hər il 20%-dən də çox artmağa başlayır.

****

O dövrdə Ketrin jurnalistikayla məşğul olmağa da vaxt tapır – müxtəlif ölkələrə gedib prezidentlərdən müsahibələr alır. 1985-ci ildə SSRİ prezidenti Mixail Qorbacovla söhbəti Ketrinin həmin dönəmdəki müsahibələri arasında ən çox sensasiya yaradanı olur. Kitabında Ketrin yazır ki, Sov.İKP-nin baş katibi “Vaşinrton Post”un komandasını gümrah qarşılayıb, amma Siyasi Bürodakı intriqalar haqqında sualdan sonra qanı qaralıb. Ketrin ondan SSRİ-də insan haqlarının vəziyyəti barədə soruşanda (say etibarilə 5-ci sualda) müsahibəni yarımçıq kəsib.

Sonrakı gün “Vaşinqton Post”un Moskva bürosuna – Ketrinin yanına gələn Georgiy Arbatov (SSRİ-nin Amerika üzrə bir nömrəli mütəxəssisi) xahiş edib ki, Yeqor Liqaçovla bağlı hissəni müsahibədən çıxarsın. Ketrin ona belə cavab verib: sizin rəhbərinizin dediyini biz heç öz prezidentimiz üçün də etmərik.

****

1980-ci illərin ikinci yarısında ABŞ-da daha bir siyasi qalmaqal baş verir. Məlum olur ki, Ronald Reyqan hökumətinin üzvləri İrana qarşı embarqonu pozaraq bu ölkəyə silah satışını təşkil ediblər. Sonrakı araşdırmalar bu əməliyyatlardan əldə edilən gəlirlə Nikaraquda Daniel Orteqa hakimiyyətinə qarşı vuruşan üsyançıların maliyyələşdirildiyini ortaya çıxarır (Bu, daha bir qanun pozuntusuydu, çünki Konqres buna da qadağa qoymuşdu).

“İran-kontras” (həmçinin “İrangeyt”) adıyla məşhurlaşan qalmaqal zamanı Ketrin Qrem Federal Təhqiqatlar Bürosunun (ing. FBI) yüksək rütbəli nümayəndələri qarşısında çıxış edərək (1988) bunları deyir: “Biz kirli və təhlükəli dünyada yaşayırıq. Bəzi şeylər var ki, geniş publika onlardan xəbərdar olmamalıdır. Mən hesab edirəm ki, demokratiya hakimiyyət öz sirlərini qorumaq üçün qanuni addımlar atanda, mətbuatsa bildiklərini çap edib-etməməklə bağlı qərar verə biləndə çiçəklənir”.

****

1991-ci ildə Ketrin “Vaşinqton Post”un idarəçiliyini tamamilə oğluna həvalə edir. O dönəmdə qəzet ABŞ-ın ən böyük şirkətləri siyahısında 217-ci yeri tuturdu. Çox-çox illər əvvəl atası Yucin Meyer “Vaşinqton Postu” satın alanda bu mətbu orqanın missiyasını belə müəyyənləşdirmişdi: “Qəzet öz sahiblərinin şəxsi maraqları qarşısında yox, öz oxucuları və geniş ictimaiyyət qarşısında məsuliyyət daşıyır”. Ola bilsin, Ketrin Qremin böyük uğurunun səbəblərindən biri bu “ata nəsihəti” olmuşdu.

1998-ci ildə o, on il ərzində yazdığı avtobioqrafik “Şəxsi tarixçə” kitabına görə Pulitser mükafatı alır. Öz həyatı və ərinin psixoloji problemləriylə bağlı səmimyyətinəə, o cümlədən, qadınların cəmiyyətdəki rolunun dəyişməsiylə bağlı təsbitlərinə görə ekspertlər də, oxucular da kitabı çox yüksək qiymtləndirirlər. Qısa müddət ərzində kitab bestsellerə çevrilir.

Ketrin mükafatı alıb redaksiyaya qayıdanda “redaksiya zolağı”nın şefi Meq Qrinfild ona jurnalistlərin gülüşlə qarşıladığı “Yaxşı kitab yazdığına nəhayət inandınmı” sualını verir. Bu, zarafat xətrinə deyilmiş söz deyildi. Onu tanıyanların hamısı hədsiz var-dövlətinə, ölkənin 5-ci böyük nəşriyyat imperiyasının sahibi olmasına və dünya liderləriylə tanışlığına baxmayaraq Ketrinin çox sadə və bəzən də həddindən artıq təvazökar insan olduğunu bilirdilər.

Kitabının naşiri Qotlibsə bir dəfə onun haqqında belə demişdi: “Ketrinin şəxsiyyəti özünəinamsızlığın və hüdudsuz avtoritetin möhtəşəm simbiozuydu”.

2001-ci ildə, yıxılaraq başından aldığı zədə nəticəsində vəfat edən Ketrin Meyer Qrem bir çox məşhur siyasətçilərin, iş adamlarının və incəsənət xadimlərinin qəbirlərinin olduğu məşhur Ouk-Hill qəbirstanlığında dəfn edilib.

Ana səhifəXəbərlərKetrin Qrem – Amerika jurnalistikasının birinci ledisi