”Kəndin yarısına qaz xətti çəkilib, yarısına yox”

Göyçay sakinləri ayrı-seçkilikdən şikayətçidir

Source:


Göyçay sakinləri ayrı-seçkilikdən şikayətçidir

Göyçayın Hacıağabəyli kəndinın sakinlər ayrı-seçkiliklə üzləşdiklərini deyirlər. Onlar kəndin yarısına qaz xətti çəkilib, qaz verildiyini, qalan bir hissəsinə isə xəttin çəkilməsinin dayandırıldığını deyirlər. Buna görə dəfələrlə aidiyyatı qurumlara müraciət də ediblər. “Başlanıbsa, çəkiləcək”, – cavabı alıblar. 3 ildən artıqdır gözləyirlər, çəkilmir ki, çəkilmir.

Ağasəlim Bəşirov
Ağasəlim Bəşirov

“Deyirlər, ağacları kəsməyin, olmaz, cinayətdir. Eyni zamanda, kəndin yarısına qaz verirlər, qalan yarısı qalır. Bəs bu camaat nə ilə isinsin? İşıq da az qala hər gün keçir”, – kənd sakinlərindən Ağasəlim Bəşirov belə deyir.

A.Bəşirov bildirir ki, odun yox, qaz yox, işıq da yazır, ödəmək olmur:

“Baxın, kəndin yarısında qaz var. Bu, harada görülüb? Çox yox, 10 metrlik bir boru çəkmək neft-qaz ölkəsi üçün nə qədər çətin bir şeydir ki, kəndin yarısı qazsızlıqdan əziyyət çəkir? Camaat qışda soyuqdan donur”.

Sakinlər deyirlər ki, kəndin qazsız qalan küçələrindəki evlərin sayı çox deyil, 50-60 olar. Bu qədər insanı razı salmaq çətin olmamalıdır, ancaq etmirlər.

“Düz küçənin başınacan boru gəlir. Ordan bir xətt ayırıb digər evləri də qazla təmin etmək nə çətin işdir? Biz də insanıq, yaşamaq istəyirik. Hökumət nümayəndələri televiziyalarda qazlaşdırmadan, kəndlərə yol çəkilməsindən danışırlar. Bizdə heç biri yoxdur”, – sakinlərdən Validə İbrahimova belə deyir.

Kəndin yolları da pis vəziyyətdədir. Yolun ortasındakı kiçik çalalar su ilə doludur, kələ-kötür yollardan isə maşınlar çətinliklə gedib-gəlir:

“Vallah, dəfələrlə müraciət etmişik İcra Hakimiyyətinə, bələdiyyəyə, prezidentə. Nəticəsini görürsüz, qazsız, yolsuzuq hələ də. Kolxoz dövründə pambığı birinci bizə əkdirib, bizə yığdırırdılar. Harda nə çətin iş var, bizə gördürürdülər. İndi necə olur ki, yaxşı bir şey olanda biz geridə qalırıq? Qırılıb-batırıq soyuqdan. Elektrikdən də çox istifadə edə bilmirik. Bir evdə yandırırıq, qalan otaqlar hamısı soyuq qalır. Bizim o qədər imkanımız yoxdur ki, hər otağa bir elektriklə çalışan soba qoyaq. Onsuz da belə vəziyyətdə işıq pulu çıxır kəllə-çarxa”, – Validə İbrahimova əlavə edir.

Sakinlərdən Rasim Fətəliyev tez-tez rayona gedib-gəlir. Deyir, yollar bərbad olduğundan, bu, ona ikiqat xərc hesabına başa gəlir:

“Yollarımız da bərbad gündədir. Ən son 20 il əvvəl olardı, 1-2 maşın daş töküblər. Baxın, görün də, belə vəziyyətdə adam yaşayar? Yol yox, iz yox, qalmışıq pis vəziyyətdə. Yolun bir üzündə qaz var, digər üzündə yoxdur. Çəkib xəttin ayağını qoyublar körpünün üstünə. Qalan yerlər qalıb qazsız. Belə ayrı-seçkilik olar? Niyə kəndin yarısına qaz verilib, digər yarısı qalıb? Niyə qonşu kəndlərə yol çəkilir, biz qalırıq? Anlamıram, bəlkə bizim milliyyətimiz fərqlidir? Elədirsə, biz də desinlər, biz də bilək. Yoxsa belə ayrı-seçkilik olmaz”.

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, həmin kənddəki yol problemi ilə bağlı məlumatları yoxdur. Ancaq qazla bağlı vəziyyətdən xəbərdardılar:

“O kəndə qaz çəkilib. Bir xeyli evlər artıq istifadə edir. Ancaq bəzi yeni tikilmiş, sonradan salınmış məhəllələr var ki, onlara da yaxın zamanlarda qaz xətləri çəkiləcək və onlar qazdan istifadə edə biləcəklər. Yaxın zamanda belə bir problem qalmayacaq”.

Ana səhifəBölgə”Kəndin yarısına qaz xətti çəkilib, yarısına yox”