Kəlağayı

Source: Ələkbər Aza

Caption: Kəlağayı

Kəlağayı ustası: UNESCO-nun siyahısına alınsaq da, dövlətdən yardım almamışıq

“Bəzi işbazlar ipəyi Türkmənistandan, İrandan, Çindən gətirib Şəki ipəyi adı ilə ucuz qiymətə satır”

“İpək bizə hazır gəlir, biz də başlayırıq üstündə işləməyə. Əvvəlcə onun naxışlarını vururuq. Qəlibi yağa batırırıq, 45 saniyə gözlədikdən sonra basırıq naxışı ipəyin üstünə. Özü də bu qəlibləri mənasız hesab etməyin ha, hər birinin böyük mənası var”, - Abbasəli usta kəlağayı hazırlamağa başlayıb.

İsmayıllının Baskal kəndində kimdən soruşsan ki, burada kəlağayını kim düzəldir, iki ustanın adı çəkilir. Onlardan biri də Abbasəli ustadır. Abbasəli Talıbov birinci sinfə gedəndən bəri bu işlə məşğuldur. O, hər gün səhər saat 8-dən həyat yoldaşı və tələbələri ilə birlikdə iş başında olur.

Abbasəli Talıbov birinci sinfə gedəndən bəri bu işlə məşğuldur

Abbasəli Talıbov birinci sinfə gedəndən bəri bu işlə məşğuldur

Source: Ələkbər Aza

Babadan qalan miras

Kəlağayı sənəti 62 yaşlı Abbasəli Talıbova babalarından miras qalıb. İndi onun qızı da bu sənətlə maraqlanır. Buna görə də onun ali təhsil seçimi Dövlət Mədəniyyət və İncəsənət Universiteti olub.

Abbasəli usta naxışları vurduqdan sonra ağ ipəyi rəngləyir. Daha sonra rəngli kəlağayını qurumaq üçün ipə atıb bir neçə saat gözləyir. Quruyan rəngli ipək sabunlu qaynar su ilə yuyulur. Ən son mərhələdə ipək sıxılır.

Kəlağayı istehsalında istifadə edilən rənglər də təbiidir. Müxtəlif bitki növlərindən - sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və başqa bitkilərdən boyaqlar hazırlanır.

Usta deyir ki, ipək onlar üçün müqəddəsdir: “Biz bunu peyğəmbər əmanəti hesab edirik”.

Bir-birindən rəngli kəlağayıların asıldığı iplik küləyin təsiri ilə yellənir, ipəklərin arxasından əllərinin qabarlarına müxtəlif rənglər dolmuş qadın quruyan kəlağayıları ipdən alaraq çiyninə atır.

Burada kəlağayı sabunla yuyulur

Burada kəlağayı sabunla yuyulur

Source: Ələkbər Aza

Gəl, ay müştəri...

Abbasəli usta da yuyulan kəlağayıları asmağa başlayır.

Bir tərəfdən də müştərilər emalatxananın qapısını döyür.

- Neçəyə verirsiniz?

- 50 manatdır

- Qiyməti çox yaxşıdır, şəhərdə 60-dan başlayır qiymətlər. Amma yerli adamam, əslimiz Basqaldandır. Sən allah, bu, həqiqə ipəkdir? Bir dəfə aldım, cuna kimi çıxdı, bir dəfə də aldım, adamın ətinə batırdı.

- Xanım, əmin olun ki, bu, Şəki ipəyidir. Bizim saxtakarlıqla işimiz olmaz.

Abbasəli ustanın həyat yoldaşı ərə gedəndən sonra ömür gün yoldaşından bu sənəti öyrənib. Ondan əvvəl isə xalçaçılıqla məşğul olub. O, müştərini yola salıb gileylənməyə başlayır. Deyir, bazarda o qədər saxtakarlar var ki, müştəriləri inandırmaq da olmur:

Deyir, bazarda o qədər saxtakarlar var ki, müştəriləri inandırmaq da olmur

Deyir, bazarda o qədər saxtakarlar var ki, müştəriləri inandırmaq da olmur

Source: Ələkbər Aza

“Bəzi işbazlar ipəyi Türkmənistandan, İrandan, Çindən gətirib Şəki ipəyi adı ilə ucuz qiymətə satır. Türkmən ipəyi çox keyfiyyətsizdir. Hətta mən deyərdim ki, o, ipək deyil, elə bil pambıqdır. Qəşəng qutuya qoyurlar, üstünə ingiliscə yazırlar, 3-4 model qızın başında şəkillərini çəkirlər. Reklamlarını da sosial şəbəkədə elə aparırlar ki, camaat deyir, yəqin ən yaxşı kəlağayı bunlardadır. Aldıqdan sonra da peşman olurlar. Biz isə Şəki ipəyindən istifadə edirik. Şəki ipəyi çox keyfiyyətlidir. Qiyməti də bahadır. Xam Şəki ipəyinin qiyməti 30 manatdır, türkmənlərinki isə 16 manat. Bəzi işbazlar da türkmən ipəyini boyayıb, Şəki ipəyi adı altında satır. Sovet vaxtı ucuz yaylıqlar istehsal edilməyə başlandı. Kəlağayı baha olduğu üçün ona tələbat azaldı. Fabrikdə toxunan kəlağayılar da keyfiyyətsiz idi. Kəlağayı zibilliklərdə gəzirdi. Bizim emalatxana ilə üzbəüz sovetdən qalan kəlağayı sexləri var idi. Sonradan hamısı bağlandı. Rəna İbrahimbəyli Kəlağayının dəyərini insanlara çatdırmağa başladı. İndi bizim hazırladığımız kəlağayılar UNESCO-ya qədər gedib çıxıb”.

Rəna İbrahimbəyli

Rəna İbrahimbəyli

Source: Ələkbər Aza

“Qazın qiymətində fərq olsun”

Abbasəli usta deyir ki, kəlağayının xərci də çoxdur. Dayanmadan qazdan istifadə edilir. Həm sabunun, suyun, yağın qaynadılması ayın sonu gələn qaz borclarını kəllə-çarxa da çıxarır. Usta dağ rayonları ilə Bakıya qazın eyni qiymətdə satılmasını da ədalətsiz hesab edir:

“Bakıda sərt qış 3 ay keçirsə, dağ rayonlarında yay aylarına kimi qazdan isifadə edilir. Bu səbəbdən ismayıllılara qaz gərək daha ucuz satılsın”.

Emalatxana Abbasəli usta və həyat yoldaşının ixtiyarında olsa da, onlar burada sadəcə işçidirlər. Deyirlər ki, bu 50 manatdan onlara sadəcə 5 manat çatır. Aldıqları 5 manatı da 3 nəfər arasında bölürlər. Həyat yoldaşı deyir ki, bu pul onların ehtiyacını qarşılamır:

“Yoldaşıma baxın, əsl sənətkardır. Gedin bir də bizim evə baxın. Yaşayışımız sıfır səviyyəsindədir. Yoldaşım xərçəng xəstəsi idi. Müalicəsinə, dava-dərmanına borc-xərc edib nə qədər pul tökdük. İstəyərdik ki, kəlağayıya xüsusi dövlət qayğısı olsun, biz də daha rahat yaşayaq”.

"Həm sabunun, suyun, yağın qaynadılması ayın sonu gələn qaz borclarını kəllə-çarxa da çıxarır"

"Həm sabunun, suyun, yağın qaynadılması ayın sonu gələn qaz borclarını kəllə-çarxa da çıxarır"

Source: Ələkbər Aza

UNESCO-nun siyahısı və ...

Azərbaycan mədəniyyəti növlərindən olan ”Azərbaycan kəlağayısı sənəti” Basqal kəlağayısının timsalında 2014-cü ildə UNESCO-nun qeyri maddi-mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

Lakin buna baxmayaraq, kəlağayı ustalarına dövlət tərəfindən hansısa yardım və subsidiyalar ayrılmayıb.

...Abbasəli usta kəlağayıları ipdən alıb gətirir. Kəlağayılar taxta məngənə arasında 2-3 saat ərzində sıxılmış vəziyyətdə saxlandıqdan sonra onların bir üzünü açıb ipə asırlar. Daha sonra yenidən ikinci dəfə məngənəyə verirlər. Kəlağayılar ən sonra qatlanıb paketlənir.

“Biz bunu peyğəmbər əmanəti hesab edirik”.

“Biz bunu peyğəmbər əmanəti hesab edirik”.

Source: Ələkbər Aza

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/1t0sis

Most Viewed