Kalvalı sakini: Dədəgünəş meşəsini meşəbəyinin əlindən alın

“Heydər Əliyev demişdi ki, əgər kimsə sağlam ağacı kəsirsə…”

Source: Specify Source


Kənd sakinlərinin iddiasına görə, meşədəki ağac kəsimlərinin başında elə meşəbəyi dayanır

“Bir kəndli evini qızdırmaq üçün meşədən çır-çırpı yığanda tutub incidirlər, cəriməylə yükləyirlər. Ancaq meşə kütləvi qırılır, iri diaqonallı və çoxillik ağaclar kəsilir, bizə məlum olmayan istiqamətlərə daşınır, aidiyyəti qurumlar kor-kar olub, sanki heç nəyi görmürlər, kəndlilərin səsini eşitmirlər”.

Ağsu rayonu, Kalva kənd sakinləri Mühasib Nuriyev və Oraz Kazımov Meydan TV-yə bildirir ki, Şamaxı Meşə İdarəsinin ərazisinə düşən Dədəgünəş meşəliyinin 6 saylı dolayında uzun müddətdir çoxillik və nadir ağaclar kəsilir. Onların deməsinə görə, ağacların kəsilməsində xüsusi elektrik avadanlıqlardan istifadə olunur.

photo-2021-05-27-14-57-37.jpg
“İri diaqonallı və çoxillik ağaclar kəsilir”


“Ermənini qınayırıq, içimizdəki yaşıllıq qatilləriylə bacara bilmirik”

“Ağaclar ən son elektrik avadanlıqlarla səliqəli şəkildə kəsilir, doğranır, maşınlara yüklənir. Çox yəqin ki, doğranan ağaclar hansısa taxta emalı sexlərinə daşınır. Biz erməninin Qarabağda yaşıllığı məhv etməsinə etiraz edə-edə öz içimizdəki yaşıllıq qatilləriylə bacara bilmirik. Meşələrin qırılması ekologiyanın çökməsi deməkdir, su mənbələrini itirmək deməkdir”, – şikayətçilər deyir.


“İşin başında meşəbəyi dayanır”

Onların iddiasına görə, işin başında meşəbəyi və onu himayə edən Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyi dayanır:

photo-2021-05-27-14-57-48.jpg
“Yaşıllıq qatilləriylə bacara bilmirik”

“Ağacların kəsilməsində birbaşa Meşə Təsərrüfatı İdarəsinin rəisi Əfqanın iştirakı var. Çünki biz ona deyəndə ki, meşəbəyi meşəni qırıb talayır, o, meşəbəyini müdafiə edir. Ona dəfələrlə iradımızı bildirmişik, cavabında deyib ki, siz kimsiniz meşənin işinə qarışırsız. Meşə təsərrüfatının başında dayanan adam hələ bilmir ki, bu ölkənin hər qarışı, ağacı, suyu, torpağı bu xalqa məxsusdur. Uzun müddətdir meşəni şəxsi mülkiyyətləri kimi bir ucdan qıra-qıra gedirlər. Prezident aparıb Qarabağda erməninin məhv etdiyi yaşıllığın yerində ağac əkir, bunlar burnumuzun ucundakı meşəliyi məhv edirlər”.


“Meşəni meşəbəyinin əlindən alın”

Kənd sakinləri kömək tələb edirlər:

photo-2021-05-27-14-57-46 (1).jpg
“Bir ucdan qıra-qıra gedirlər”

“Heydər Əliyev demişdi ki, əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də, siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız. İndi biz də hər ağacın qorunması üçün mübarizə aparırıq, səsimizi aidiyyəti qurumlara çatdırın, gəlib Dədəgünəş meşəsinin 6 saylı dolayını meşəbəyinin əlindən alsınlar. Qısa müddətdən sonra orda bir ağac da qalmayacaq”.

Şamaxı Meşə Mühafizəsi və Bərpasını Müəssisəsinin rəisi Əfqan Qəribov Meydan TV-yə bildirib ki, Mühasib Nuriyev və Oraz Kazımovun dedikləri həqiqətə uyğun deyil: "O fotoları, videoları mənə də gönədrmişdilər, hamısı başqa ərazidə çəkilmiş fotolar, videolardır. Ekologiya cə Təbii Sərvətlər Nazirliyi komissiya təşkil edib, gəlib qeyd olunan əraziyə baxış da keçirib və deyilənlərin həqiqət olmadığı təsdiqlənib. Sadəcə, Oraz Kazımovun meşəbəyi ilə qərəzi var, uzun illərin söhbətidir, yola getmirlər, Oraz Kazımov da məndən tələb edirdi ki, meşəbəyini işdən çıxarım. Mühasib Nuriyev özü əvvəllər həmin meşə zolağının işçisi olub, qanunsuz ova görə barəsində cinayət işi də olub o vaxtlar, indi orada işləyənlərə qarşı ədavətləri var deyə, hara gəldi yalan məlumatlar yazıb göndərirlər, yoxlama gəlir və yazdıqlarının heç biri təsdiqini tapmır".

photo-2021-05-27-14-57-39.jpg
“Qısa müddətdən sonra orda bir ağac da qalmayacaq”.

Dədəgünəş meşəsi Ağsu və Şamaxı rayonlarının sərhər ərazisinə düşür.

Azərbaycanın ümumu meşə fondunun sahəsi 1 milyon 213 min hektardır ki, bu da ölkə ərazisinin ümumilikdə 14 faizini, meşə ilə örtülü sahələrin isə cəmi 12 faizini təşkil edir. Meşələrin qorunması, daha səmərəli idarə edilməsi və meşə sektorunun inkişaf etdirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiqlənən "Meşə fondu torpaqlarının icarəyə verilməsi” Qaydaları var. Həmin qaydalarda deyilir ki, meşə bitkiləri ilə (ağac, kol, yarım kol) örtülü olmayan ərazilər, ancaq meşə bərpası məqsədi ilə icarəyə verilə bilər və proses yerli icmanın maraqları nəzərə alınmaqla, imtiyazlı şəxslərə üstünlük verməklə ancaq aşkarlıq şəraitində baş tutmalıdır.

photo-2021-05-27-14-57-46.jpg
“Meşələrin qırılması ekologiyanın çökməsi deməkdir”
photo-2021-05-27-14-57-38 (1).jpg
“Heydər Əliyev demişdi ki, əgər kimsə sağlam ağacı kəsirsə…”
Ana səhifəBölgəKalvalı sakini: Dədəgünəş meşəsini meşəbəyinin əlindən alın