“İşıq idarəsi həm rüşvət aldı, həm də cərimə yazdı”

Hüquqşünas Səbuhi Axundov deyir, məhkəmə qərarı olmadan başqasının mülkiyyətinə daxil olmaq qanunla qadağandır

Source: Specify Source


Məhəbbət Hüseynov Füzuli Elektrik Şəbəkəsiylə bağlı prokurorluğa şikayət etdiyini deyir

“Evdə olmamışıq, gecə saat 11-də giriblər həyətə, videoçəkiliş aparıblar, sonra da işığı sayğacdan ayırıb gediblər”.

Füzuli rayonunun Horadiz şəhərində məskunlaşan Cəbrayıldan olan məcburi köçkün Məhəbbət Hüseynov Meydan TV-yə danışır ki, yanvarın 7-də gecə saatlarında “Azərişıq” ASC-nin Füzuli Elektrik Şəbəkəsinin işçiləri yaşadığı həyətə özbaşına girib, mənzilə gedən işıq kabelini kəsiblər. Bunu edərkən videoçəkiliş də aparıblar. Növbəti gün evə yığılan ailə məsələdən xəbər tutub və Şəbəkəyə müraciət edib:


“Mülkiyyətimə özbaşına daxil olublar”

“Dedilər ki, sayğaca müdaxilə aşkar edilib, ancaq yalan danışırlar, sayğaca müdaxilə olmayıb. Satış şöbəsinin rəhbərliyi daş atıb başını tutdu ki, “hörmət” eləməsəniz, işıq birləşdirilməyəcək, çünki ortada akt var, özünüzə də böyük cərimə yazılacaq. Gördük yola gəlmirlər, zülmətdə, soyuqda qalmışıq, aparıb 400 manatı verdik, gəlib kabeli birləşdirdilər. Yanvarın 9-da mən icra başçısının qəbulunda oldum, məsləhət gördü ki, nə narazılığım varsa, aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edim. Mən də elə həmin gün Füzuli Rayon Prokurorluğuna ərizəylə müraciət etdim. Ərizəmdə göstərdim ki, evdə heç kəs olmaya-olmaya özbaşına evimizə daxil olublar, çəkiliş aparıblar, akt tərtib ediblər, bizim o aktdan xəbərimiz olmayıb, heç imzamız da yoxdur. Bütün bunları abonentin iştirakı olmadan ediblər. İşıq idarəsinin nümayəndələri abonentin mülkiyyətində çəkiliş apararkən bunu mütləq icra nümayəndəsinin, sahə rəisinin və ev sahibinin iştirakıyla etməlidir”.

image_from_ios (1).jpg
AKT


“Abonentlərlə ikibaşlı oyun oynayır”

Yanvarın 13-də Elektrik Şəbəkədən Məhəbbət Hüseynovun evinə akt göndərilib. Deyir, sənəd yanvarın 9-u tarixinə olan bir cərimə aktı olub. Nədənsə, Şəbəkə işçiləri yoxlamanı keçirildiyi tarixə yox, yanvarın 9-na sənədləşdiriblər. Aktı alan Məhəbbət Hüseynov bu dəfə rüşvətlə bağlı prokurorluğa ərizə verib:

“Satış şöbəsinin müdiri bir tərəfdən rüşvət alır, işığı bərpa edir, o biri tərəfdən cərimə yazıb göndərir. Əgər mənə cərimə yazacaqdısa, rüşvəti niyə alırdı? Adam abonentlərlə ikibaşlı oyun oynayır. Məskunlaşdığımız ərazidə kimi dindirsəniz, Şəbəkənin satış şöbəsindən narazıdır”.

Füzuli Elektrik Şəbəkəsindən bildirilib ki, Məhəbbət Hüseynovun yaşadığı ünvanda gecə rejimi zamanı sayğacdan kənar naqildən istifadə edildiyi aşkar olunub. Naqildən keçən yükün həcmi müəyyən edilərək bununla bağlı sənəd tərtib edilib və abonentə göndərilib. Şəbəkədən vətəndaşın rüşvətlə bağlı dediklərini yalanlayıblar.

Füzuli Rayon Prokurorluğundan bildirilib ki, Məhəbbət Hüseynovun Füzuli Elektrik Şəbəkəsinin əməkdaşlarıyla bağlı şikayət ərizəsi araşdırılır.

Hüquqşünas Səbuhi Axundov deyir, məhkəmə qərarı olmadan başqasının mülkiyyətinə daxil olmaq qanunla qadağandır:

“Mülkiyyətçinin icazəsi olmadan mülkiyyətə daxil olmaq, orda hər hansı əməliyyatlar aparmaq Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə ziddir. Həmin maddəyə görə, hər kəsin mənzil toxunulmazlığı hüququ var. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz”.

Ana səhifəBölgə“İşıq idarəsi həm rüşvət aldı, həm də cərimə yazdı”