İqtisadçı: Növbəti bahalaşma dalğasına hazır olun

”Maaş-pensiya artmayıb, ancaq küləyi öz işini görüb”

Source:


”Maaş-pensiya artmayıb, ancaq küləyi öz işini görüb”

Son günlərdə marketlərdə ərzaqların qiymətində artım müşahidə olunur. Son günlər sosial şəbəkələrdə daha çox bu mövzuda yazırlar. Bu barədə rəsmi məlumat olmasa da, səbəbi açıqlanmasa da, iqtisadçılar qiymət artımının olduğunu söyləyirlər.

İqtisadçı Rövşən Ağayev deyir ki, insanlarda inflyasiya gözləntisi var. Maaş, pensiya və təqaüd artımından dolayı dövriyyəyə daxil olacaq izafi pul kütləsinin təsiri kimi:

“Əmtəə bazarlarında sağlam rəqabətin, mal təklifi kanallarının tam açıq olduğu, monopol təsirlərin olmadığı, gömrükdə qiymətyüksəldici addımların baş vermədiyi şəraitdə pul kütləsinin 3-5 faizlik artımı ciddi inflyasiya təzyiqi yaratmamalıdır”.

Hökumət pensiya-təqaüd artımını əhalidən dolayı yolla geri alır

İqtisadçı əlavə edir ki, sadaladığı neqativ faktorların hamısı birlikdə, ya da ayrı-ayrılıqda Azərbaycan iqtisadiyyatında var:

“Əks halda, monetazisasiyanın son dərəcə aşağı olduğu iqtisadiyatın inflyasiyaya həssaslığı da çox aşağı olardı. Amma indi nə baş verir? Maaş-pensiya artımı nəticəsində pul kütləsinin fiziki artımı hələ baş verməyib, amma sanki küləyi öz işini görür. Cəmi 1 həftə öncə 16.5 manata olan 5 kiloqramlıq yuyucu toz artıq 18.5 manat, 0.89 manatlıq sabunlar 0.92 manata peyda olub”.

Rövşən Ağayev
Rövşən Ağayev

Rövşən Ağayev bildirir ki, əgər qiymətlər artacaqsa, hökumət büdcədən maaş-pensiya-təqaüd artımına yönəltidiyi vəsaitləri əhalidən dolayı vergilər formasında geri alacaqsa, əhalinin real gəlirləri və sosial müdafiəsi klassik əməkhaqqı-qiymət spiralının təkərləri altında qalacaq.

Heç bir nəzarət qaçaqmalçılığın qarşısını tam ala bilməyəcək

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli siqaretin, tütün məmulatlarının qiyməti artmasından danışır. Deyir, bəli, qiymət qalxıb. Ancaq deyəsən bu, sosial məsələ, etiraz ediləcək addım deyil. Sosial məsələ olmadığından dünyanın əksər ölkələri tütün və alkaqollu içkilərə böyük vergi və rüsumlar tədbiq edirlər və bu da cəmiyyət tərəfindən normal qarşılanır:

“Azərbaycan kontekstində bu məsələyə baxarkən 2 nüansa diqqət etmək lazımdır. Əvvəla, qonşu ölkələrdə olan qiymətlər nəzərə alınmalıdır. Azərbaycanda siqaterin qiyməti çox qalxsa, qonşu ölkədən çox baha olsa, qaçaq yolla gətirilən siqaretlərin həcmi, sayı da artacaq. Bu isə büdcəyə dolayısıyla ziyan vuracaq. Dünyada pulun və ideyanın qarşısını tam kəsmək mümkün deyil. Heç bir nəzarət qaçaqmalçılığın qarşısını tam ala bilməyəcək”.

Tütün məmulatları da bahalaşıb

İqtisadçı əlavə edir ki, bir çox ölkədə tütün məmulatlarının qiymətini artırarkən, vergi və rüsumlarını yüksəldərkən əlavə yığılan vəsaitin konkret ünvana xərclənməsi öncədən elan edilir:

Natiq Cəfərli
Natiq Cəfərli

“Məsələn, siqaretin qiyməti 30 qəpik artır, hər qutu siqaretdən əlavə gələn 30 qəpiyin 10 qəpiyi uşaq idman klublarına, 10 qəpiyi aztəminatlı ailələrə ödənişlərə, 10 qəpiyi isə müəyyən qrup xəstə insanların pulsuz müalicəsinə sərf edilməlidir. Bu cür yanaşma olarsa, tütün məmulatlarında qiymət artımı, ümumiyyətlə, heç bir etraz və neqativ reaksiya doğurmaz”.

Bir çox malın bahalaşması gün məsələsidir

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev də marketlərdəki qiymət artımının nəzərəçarpan dərəcədə yüksək olduğunu söyləyir. Deyir, alış-veriş elədiyi marketdə şorun, xamanın (smetan) kiloqram qiyməti 3 manat 20 qəpikdən 4 manat 10 qəpiyə yüksəlib. Bahalaşma 28 faizdən çoxdur:

“Qiymətlərin firmalar tərəfindən qaldırılması bildirilir. Digər malların da bahalaşması gün məsələsidir. Bu qədər bahalaşma heç də yaxşı başlanğıc deyil. Növbəti bahalaşma dalğasına hazır olun”.

Pensiyaya əlavə edilən 3 manatın dadını çıxarmağa imkan vermədilər

İqtisadçı deyir ki, 3 faizlik pensiya artımı pensiyaçının əlinə çatmamış onun 57 faizlik bahalaşmanın güdazına gedib:

Nemət Əliyev
Nemət Əliyev

“Rəsmi açıqlamaya görə bu ilin yanvarında istehlak bazarında qiymətlər 1,7 faiz bahalaşıb (1,7:3∙100≈57 faiz). Belə getsə, növbəti bir-iki aya yerdə qalan 43 faizdən də əsər-əlamət qalmayacaq. Heç olmasa, hər 100 manat pensiya məbləğinə əlavə ediləcək o 3 manatın dadını çıxarmağa da imkan vermədilər”.

Ana səhifəXəbərlərİqtisadçı: Növbəti bahalaşma dalğasına hazır olun