İqtisadçı: Dövlətin borcuna görə ən çox itirən sıravi vətəndaş olur

İqtisadçı xarici borcların necə azaldılması ilə bağlı da məsləhət verib.

Source: Specify Source


“Çünki onların sosial müdafiəsinə ayrılacaq vəsait məhdudlaşır”

“Bu gün hər bir Azərbaycan vətəndaşına 900 dollar və ya 1545 manat xarici borc düşür. Bu, yalnız dövlət zəmanəti ilə alınmış və icraçıya ötürülmüş borclardır”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir. Bildirir ki, Azərbaycanın iri dövlət şirkətlərinin də xarici borcları var. Onlar hesaba alınsa, borc daha yüksəkdir:

“Məsələn, SOCAR-ın borcu ayrıca götürdükdə adambaşına 1000 manatı ötüb, eyni zamanda AZAL, “Azərenerji”, Azərbaycan Dəmir Yolları, “Azərsu” da borcu çox olan dövlət təşkilatlarındadır”.

İqtisadçı deyir ki, bu borcları icraçılar istifadə etsə də, onun bir hissəsi büdcədən qaytarılır. Bu zaman dövlətin üzərinə düşən və öhdəlik yaradan xərc yaranır:

“Məsələn, 2020-ci ilin büdcəsindən bu məqsədlə 1188,9 milyon manat vəsait nəzərdə tutulub. Bu, cəmi büdcə xərclərinin 4,4 faizinə bərabərdir”.

Qubad İbadoğlu bildirir ki, belə olan halda büdcənin imkanları məhdudlaşır. Onda da ən çox itirən sıravi əhali olur. Çünki onların sosial müdafiəsinə ayrılacaq vəsait məhdudlaşır:

“Yeri gəlmişkən, 2021-ci ildə büdcənin borclara xidmət xərcləri daha da artacaq. Xarici borcun artması ölkəyə onu qaytarmaq üçün daha çox valyuta əldə etməsi deməkdir. Hazırda neftin qiymətlərinin ucuzlaşdığı şəraitdə bu əlavə maliyyə yükü yaradır. Tədiyyə balansının kəsirini artırır, manatın devalvasiya təzyiqlərini çoxaldır”.

qubad-ibadoqlu.jpg
Qubad İbadoğlu

İqtisadçı xarici borcların necə azaldılması ilə bağlı da məsləhət verib. Deyir, bunun üçün hökumət gizli iqtisadiyyatı leqallaşdırmalı, korrupsiyaya və inhisarçılığa qarşı mübarizəni gücləndirməli, qeyri-neft sektorunun ixrac potensialını yüksəltməlidir.

2020-ci il yanvarın 1-nə olan

məlumat

a görə, Azərbaycanın dövlət borcu 9.091,0 milyon ABŞ dollarıdır. Bu, 2019-cu il üzrə Ümumi Daxili Məhsulun 18,9 faizini təşkil edib.

Maliyyə Nazirliyi bildirir ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

Ana səhifəİqtisadiyyatİqtisadçı: Dövlətin borcuna görə ən çox itirən sıravi vətəndaş olur