İnanclı fəal 25 sutka həbs cəzası alıb

“Saat 16:00 radələrindən sonra onunla əlaqə kəsilib”

Source: Specify Source


Hikmət Ağayev polisin qanuni tələbinə tabe olmamaqda təqsirləndirilir

“Müsəlman Birliyi” Hərəkatının daha bir üzvü həbs olunub. Hikmət Ağayev İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 25 sutka həbsə göndərilib. Bu barədə aprelin 12-də Xətai Rayon Məhkəməsində qərar çıxarılıb.

İnanclı fəalın atası Xeyrulla Ağayev deyir ki, aprelin 12-də məhkəmə ilə əlaqə saxlayıb, onun işinə baxılıb-baxılmadığını soruşublar. Onlara bildirilib ki, onun məhkəməsi aprelin 13-də keçiriləcək. Bu gün maraqlananda isə öyrəniblər ki, bir gün əvvəl H.Ağayevin haqqında 25 günlük inzibati həbs qərarı çıxarılıb.

Yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, H.Ağayev Suraxanıda yaşayır. Aprelin 10-da ehtiyaclı ailələrə yardım aparanda onu polis saxlayıb:

“Karantin rejimini pozmağa görə 100 manat cərimələmişdilər”.

Ailə üzvləri deyir ki, aprelin 11-də H.Ağayev satıcı işlədiyi mağazaya işə gedib. İş yeri Xətai rayonu ərazisində yerləşir. Elə oradan da “yoxa çıxıb”. Saat 16:00 radələrindən sonra onunla əlaqə kəsilib.

Yaxınları H.Ağayevin iş yerinə gediblər, amma mağazanın qapısının bağlı olduğunu görüblər. Ancaq avtomobili mağazanın qarşısında olub.

Aprelin 11-də axşam saatlarına qədər H.Ağayevin hara aparılması haqda heç bir xəbər ala bilmədiklərini deyən ailə üzvləri sonradan onun Xətai rayonundakı polis bölməsində olduğunu öyrəniblər: “Amma demədilər ki, bu adamı niyə tutub gətiriblər”.

“Müsəlman Birliyi” Hərəkatının başqa bir üzvü Samir Babayev də hazırda inzibati həbsdədir. O, İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, karantin rejiminin pozulması) maddəsilə 30 sutka həbs cəzası alıb. S.Babayev həbsindən bir gün öncə hərəkatın başqa gənc üzvlərilə birlikdə metronun “28 May” stansiyasının qarşısında epidemiya əleyhinə mübarizə məqsədilə əhaliyə pulsuz maskalar və koronavirusdan qorunmağın yolları yazılmış bukletlər paylayıb. Elə buna görə də polislər onları saxlayıb. Təşkilatın sədr müavini Elçin Qasımovun dediyinə görə, saxlanılanlar sonradan sərbəst buraxılsa da, gecəyarısı S.Babayev yenidən polis bölməsinə çağrılıb. Deyilib ki, yaddan çıxan bir sənədi imzalamalıdır. O gecə polisə gedən inanclı gənc geri qayıtmayıb. Martın 22-də isə Sabunçu Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və təşkilatın onlarla üzvü həbsdədir. Onlar dövlət çevrilişinə cəhd, terrora çağırış, qanunsuz silah saxlama kimi ittihamlarla uzunmüddətli həbsə məhkum ediliblər. Amma inanclı fəallar özlərini təqsirli bilmir, hökumətin siyasətini, korrupsiyanı tənqid etdiklərinə görə saxta ittihamlarla cəzalandırıldıqlarını deyirlər.

Ana səhifəSiyasətİnanclı fəal 25 sutka həbs cəzası alıb