İlham İsmayıl: Rusiyanın şərtlərindən biri bu idi…

İlham İsmayıl


”Artıq bu, seçki deyil, tələsik keçiriləcək bir tədbirdir”


Prezident İlham Əliyevin 5 fevral

sərəncam

ı gündəmin əsas müzakirə predmeti olaraq qalır. Yanaşmalar müxtəlifdir, ancaq bu barədə informasiyaya malik ekspertlərdən biri İlham İsmayıl olub. Meydan TV təhlükəsizlik məsələləri üzrə mütəxəssis İlham İsmayılla söhbətdə seçkinin niyə ertələnməsi, məhz 11 aprelə keçirilməsi və başqa suallara cavab almağa çalışıb.



– İlham müəllim, siz dekabrın sonunda mənə prezident seçkisinin apreldə keçiriləcəyini bildirmişdiniz. Ancaq hakimiyyət rəsmilərinin və YAP funksionerlərinin açıqlamalarına əsaslandığımdan xəbəri ictimailəşdirmədim. Bu informasiya sizə haradan daxil olmuşdu və onu ötürənlər səbəbi izah etmişdilərmi?

– İnformasiyanın mənbəyini açmaq çox qeyri-peşəkarlıq olardı. Müxtəlif mənbələrdən sızan informasiyalar və məntiqi təhlil vardı. Mən sizə onu da demişdim ki, fevralın 11-nə qədər seçkinin vaxtını elan edəcəklər. Əgər həmin müddətdə elan etsələr, seçki 60 gün ərzində keçirilməlidi və seçki aprelin 11-nə düşəcəkdi. Bax, mən bu məqamı da düşünmüşdüm. Səbəbə gəlincə, birinci, hakimiyyət payıza qədər gərginlik yaşamaq istəmir və seçkini sakit keçirmək niyyətindədir. Hələ 2016-cı ilin referendumunda ölkə başçısına belə bir səlahiyyət verilmişdi ki, prezident seçkisini vaxtından əvvəl keçirə bilər. Seçki də 2017-ci ilin əvvəllərində nəzərdə tutulmuşdu, referendumdan sonra. Sadəcə, Rusiyanın şərtlərindən biri bu idi ki, seçkini martın 18-dən sonraya salın, yəni Putinin seçkilərindən sonra nə vaxt istəyirsinizsə, keçirin.



– Deməli, Rusiya ilə bu barədə danışıqlar olmuşdu?

– Faktiki olaraq danışıqlar 2016-cı ilin sonlarında olmuşdu. Həm də 2017-ci ilin fevralından sonra Qarabağ cəbhəsində sakitlikdir. Rusiyanın tələblərindən biri də bu idi ki, Vladimir Putinin öz seçkilərinə başı qarışdığından bu ərəfədə cəbhədə hər iki tərəfdən gərginlik yaşanmamalıdır. Patruşevin səfərlərində də bu məsələlər önə çəkilirdi.



– Seçkinin vaxtının dəyişdirilməsini Dağlıq Qarabağ məsələsi ətrafında danışıqlarla bağlayanlar da var. Həm sosial şəbəkələrdə, həm də mediada daxili və xarici ekspertlər bu barədə açıqlama veriblər.Məsələn, Rusiya Elmlər Akademiyası nəzdindəki Dövlət Qulluğu və İdarəetməsi İnstitutunda şöbə rəisi, Millətlərarası Münasibətlər üzrə Prezident Şurasının üzvü Vyaçeslav Mixaylovun

müsahibəsi

ni misal çəkmək olar…

– Ümumiyyətlə, Azərbaycanda hər hansı siyasi hadisədə Dağlıq Qarabağ məsələsinin təsiri var. Şəxsən məni də bu məsələ ilə bağlı birinci düşündürən Qarabağ problemidir. Artıq bir sıra politoloqlar seçkinin Qarabağ məsələsində müəyyən kompromislərə hazırlaşmaq üçün ertələndiyini deyiblər. Kompromis deyəndə, Ermənistanın tələbi odur ki, Laçın və Kəlbəcər də daxil olmaqla Dağlıq Qarabağa müstəqillik verilsin. ATƏT-in həmsədrlərinin də 2016-cı ilin mayından sonra və yanvarda Krakov görüşündə əsas tələbi bu idi ki, Anji Kaşpisikin ofisi genişləndirilsin və səlahiyyəti artırılsın. Artıq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu razılaşmanı müsbət dəyərləndirməsi belə müqavilənin imzalanacağına inam yaradır. Amma bu razılaşma Azərbaycan üçün çox alçaldıcıdır və hakimiyyət buna gedirsə, seçkiyə də razılıq verilib. Yəni ATƏT öz tələbini verib, yerinə yetiriləndən sonra seçkilərə göz yumacaq. Amma kimsə düşünür ki, güzəşt Qarabağın Ermənistana verilməsi olacaq, hakimiyyətin ona gedəcəyinə inanmıram. Şəxsən özüm başda olmaqla inanmıram kimsə buna razılıq versin.



– Sizin dediklərinizdən belə məntiq yarandı ki, hakimiyyət seçki ilə bağlı razılığı Rusiyadan alıb. Bəs Qərb, Vaşinqton?

– Vaşinqtonun hədəfində Azərbaycan bilirsiniz neçənci yerdədir? “Binokul”la baxsanız da, görünmür. ABŞ Azərbaycan daxilində münasibətlərin, proseslərin hansı səviyyədə olmasından o qədər də ciddi əndişələnmir. Ukrayna, Suriya və Şimali Koreyanın olduğu yerdə, Azərbaycanda demokatiya və seçkinin necə, nə vaxt keçiriləcəyi ABŞ üçün o qədər də əhəmiyyətli deyil. Vaşinqton BMT-nin arayışlarına oxşar hansısa arayışlar verə bilər. Çünki ABŞ üçün hələ Azərbaycan hədəfdə deyil.



– Bəzi təhlilçilər seçkinin ertələnməsinin hakimiyyət daxilindəki iddiaçılarla bağlayır. Məsələn,

Zərdüşt Əlizadə

belə düşünür. Siz bu barədə nə deyirsiniz?

– Hakimiyyətdaxili iddialar yox, narazılıqlar var. Daxildə indiki prezidentin yerinə keçmək iddiasında olan yoxdur. Amma daxildə qarşıdurma var və hamı bunu görür. Narazılıqların artması hansısa nazir oliqarxın işdən çıxarılıb və onun maliyyəsinin hara yönələcəyi, kiməsə dəstək olmasından irəli gəlir. Bilirsiniz, nüfuz dairəsinin genişləndirilməsi və daralması prosesi gedir, bu da istər-istəməz xüsusi narazılıq doğurur. Narazılığın bir tərəfində əsas rıçaqları olan klan dayanır. Bax, ona görə seçkini sakit keçirmək istəyirlər. Bunun içində daxili və xarici amillər, nəhayət, hamını qəflətən yaxalamaq istəyi də var. Fikir verirsən, sərəncam çaşqınlıq yaratdı, çünki hamını qəflətən yaxaladılar, müxalifət də, cəmiyyət də heç bir addım atmır. Artıq bu, seçki deyil, tələsik keçiriləcək bir tədbirdir.



– Sual yaranır, məgər hakimiyyət bütün narazılıqları boğa bilməyəcək dərəcədə özünə inamsızdır?

– Əlbəttə, inamsızlıq var. İnam olsaydı, heç bir problem olmazdı. İstər xarici siyasətdə, istərsə də daxili siyasətdə geniş inamsızlıq var. Məqsəd heç də Azərbaycan dövlətçiliyi ilə yox, hakimiyyətlə bağlı olan məsələlərdir. Rusiya da seçkinin ertələnməsinə imkan yaradıb. Halbuki, seçkinin vaxtından əvvəl keçirilməsinə əsaslandırılmış heç bir ciddi səbəb və izahat yoxdur. Sadəcə, seçkini sakit keçirmək istəyirlər.



– Bəs 5 fevral sərəncamının verilməsinə iqtisadi amillər, yaxud növbəti devalvasiya gözləntisinin təsiri mümkündürmü?

– Bütün bunlar dediyim daxili narazılığın tərkib hissəsidir. Biri var oktyabra qədər neftin qiyməti enir, manat dollar və avro qarşısında dəyərini itirir, bahalaşma artır, nəhayət, narazılıq güclənir, biri də var gərginlik olmadan bir az pul xərcləyib apreldə məsələni bitirirlər. Artıq 60 gün qalıb.

Ana səhifəVideoİlham İsmayıl: Rusiyanın şərtlərindən biri bu idi…