İlham İsmayıl: Bizə silahı satırlar, Ermənistana isə bağışlayırlar

“Ancaq Azərbaycanın imkanı daha genişdir, Ermənistan isə bunun üçün elə Rusiyanın özündən kredit götürməlidir”

Source:


Azad İsazadə: “Azərbaycan Rusiyadan silah almaqla Ermənistana iqtisadi zərbə vurur”

Rusiya ilə Azərbaycan arasında yeni hərbi-texniki saziş imzalana bilər.

Bu bəyanatı Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda verib.

O, bu yöndə müəyyən fikirlərin olduğunu qeyd edib.

Diplomat bildirib ki, hərbi-texniki əməkdaşlıq Moskva və Bakı arasındakı strateji tərəfdaşlığın vacib sahələrindən biridir.

Sergey Lavrov hesab edir ki, ölkəsi hərbi-texniki əməkdaşlığı beynəlxalq hüquq normalarına tam uyğun şəkildə inkişaf etdirir, regiondakı qüvvələr balansını və sabitliyin qorunmasının əhəmiyyətini nəzərə almaqla aparır.

Hərbi ekspert Azad İsazadə Meydan TV-nin sualına cavab olaraq bildirib ki, Rusiyada iqtisadi böhran yaşandığından bazara silah çıxartmaqda maraqlıdır.

“Bu ölkə sanksiyalar altında yaşadığından silahını satmağa məcburdur. Ona görə Azərbaycana daha müasir silah növlərini təklif edə bilər. Bakı isə qiymət və keyfiyyət baxımından fürsətdən istifadə edə bilər. Belə müqavilələrdə Azərbaycan qismən Rusiyadan asılı olur. Amma başqa dövlətlərdən də silah alındığına görə bu asılılığı azalda bilərik. Sadəcə, Rusiyadan silah alınması siyasi xarakter daşıyır.

Azad İsazadə
Azad İsazadə

İstər-istəməz silah alışı Rusiyanı Qarabağ məsələsində müəyyən qədər neytral mövqeyə vadar edir”.

Azad İsazadə Sergey Lavrovun “Bakı və Moskva arasındakı hərbi əməkdaşlıq regiondakı qüvvələr balansı nəzərə alınmaqla aparılır” fikirlərini doğru hesab edir:

“Əvvəllər də belə olub, ancaq indi açıq bəyan edirlər. Çünki Azərbaycana silah satırlarsa, Ermənistana da silah satmalı olacaqlar. Ancaq Azərbaycanın imkanı daha genişdir, Ermənistan isə bunun üçün elə Rusiyanın özündən kredit götürməlidir. Bununla da Ermənistan Rusiyaya daha da bağlanır. Əslində, Azərbaycan Rusiyadan silah almaqla Ermənistana iqtisadi zərbə vurur”.

Hərbi təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, Sergey Lavrovun sözləri Ermənistana da aiddir:

İlham İsmayıl
İlham İsmayıl

“Lavrov demək istəyir ki, Azərbaycana silah satırlarsa, Ermənistana da verəcəklər. Yəni onlara silahı bağışlayırlar, bizə isə satırlar. Lavrovun çıxışında ikibaşlı başqa məqam da var. Diplomat deyir ki, Qarabağ problemi Helsinki yekun aktına əsasən həll olunacaq. Yekun aktında ərazi bütövlüyü ilə bərabər millətlərin öz müqəddaratını həll etmə prinsipi də var. Lavrov əlavə edir ki, bu işlər uzunmüddətli olacaq. Bu, o deməkdir ki, mövcud hakimiyyət Qarabağ məsələsini həll etməyəcək”.

Dağlıq Qarabağ münaqişəsi müasir mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in (ATƏM) Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.

Ana səhifəSiyasətİlham İsmayıl: Bizə silahı satırlar, Ermənistana isə bağışlayırlar