İcra başçısının güllələnməsindən yazmaq olmaz?

Ona görə xahiş edirik ki, ekspertiza rəyi sübut kimi qiymətləndirilməsin, sübutlar siyahısından çıxarılsın

Source:

Elçin Sadıqov: ''Bu məqalələrin müharibəyə nə dəxli var? Bunu əsaslandırmır''

“Criminalaz.com” saytının baş redaktoru, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi barədə iki yazıya görə dövlət əleyhinə çağırışlarda ittiham olunan Anar Məmmədovun məhkəməsi martın 15-də davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyilə keçirilən prosesdə jurnalistin vəkili Elçin Sadıqov çıxış edib. Vəkil bildirib ki, A.Məmmədova verilən dövlət əleyhinə çağırışlar, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları məhkəmədə də sübuta yetirilmədi. Buna baxmayaraq, prokuror A.Məmmədovun barəsində ittiham hökmü çıxarılmasını və jurnalistə 5 il 6 ay şərti cəza verilməsini istədi: “Halbuki, o ittihamların heç birinin əsası yoxdur. Həmin yazılarda nə açıq çağırış var, nə də qanunsuz əməllərə sövq etmə ilə bağlı hansısa ifadə. Məqalələrdən biri ümumiyyətlə, başqa agentlikdən götürülüb. “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun 62-ci maddəsində də yazılıb ki, başqa informasiya resurslarında yayılmış və təkzib olunmayan məlumatı yenidən yayan şəxs məsuliyyətə cəlb oluna bilməz”.

Məqalələrdə həm də güllələnən icra başçısının əhaliyə qarşı kobud davranışları, hətta buna görə Gəncənin mərhum polis rəisi Rasil Musayevlə aralarında dava-dalaş olmasından bəhs edilir. Vəkil bildirib ki, Elmar Vəliyevlə Rasim Musayevin davası haqda hələ 2013-cü ildə qəzetlər yazırdı və həmin məlumatlar təkzib olunmayıb.

“Avropa Məhkəməsi qərarlarında vurğulayır ki, ictimai maraq kəsb edən məlumatların yayılması jurnalistlərin vəzifəsidir. Bu hallarda ifadə azadlığının çərçivəsi daha geniş götürülür. Gəncədə icra başçısının güllələnməsindən sonra cəmiyyətdə narahatlıq yarandı. Jurnalistlər də hadisənin başvermə səbəblərini həmin məqalələrdə izah etməyə çalışırdılar. Bu, sırf ifadə azadlığının tərkib hissəsidir”, – deyə vəkil bildirib.

İttihamda iddia edilir ki, həmin yazılar həm də “istintaq orqanının həyata keçirdiyi tədbirlərə kölgə salmaq” məqsədi daşıyıb: “Kölgə salmaq ifadəsini ittihama hüquqi ifadə kimi salmaq nə deməkdir? Onda bütün ağacları kəsək ki, bizim üstümüzə kölgə salır?”

Yazıların bu iş üzrə şahid qismində dindirilən üç qadını həyəcanlandırması, narahat etməsi iddialarına toxunan müdafiəçi xatırladıb ki, “criminalaz.com” saytı 9 iyul 2018-ci ildə bloklanıb: “Şahid qismində tanınan qadınların ifadəsində yazılıb ki, guya onlar məqalələri oxuyandan sonra gəlib prokurorluğa şikayət ediblər. Ərizələri də 16 iyulda yazılıb, o zaman sayt çoxdan bloklanmışdı. Onlar məhkəmədə dindirilərkən məqalələrin yadlarında qalmadığını bildirdilər. Bu şəxslər VPN-dən istifadə edə bilmədikləri halda, bloklanmış sayta necə baxıb məqalə oxuyublar? Heç nəyi izah edə bilmədilər”.

Vəkil ekspertiza rəyinin də sübutlar siyahısından çıxarılmasını istəyib: “Qanunun tələbidir ki, ekspertin təcrübəsi, müvafiq təhsili olmalıdır, rəyində ədəbiyyata istinad eləməlidir, sadəcə, onun fikri əsasında adama ittiham verilə bilməz. Bu rəydə heç bir ədəbiyyata istinad eləməyib. Ümumiyyətlə, Bəxtiyar Əliyev üç müxtəlif sayt işi üzrə rəy verib, üçündə də eyni ifadələri yazıb ki, “Azərbaycanla Ermənistan arasında müharibə şəraiti var, ona görə belə informasiyaları yaymaq olmaz”. Bu məqalələrin müharibəyə nə dəxli var? Bunu əsaslandırmır. Hüquq təhsili olduğu halda, politoloji rəy verib. Ona görə xahiş edirik ki, ekspertiza rəyi sübut kimi qiymətləndirilməsin, sübutlar siyahısından çıxarılsın”.

Vəkil əlavə edib ki, A.Məmmədov vəzifəli şəxs kimi tanına bilməz, ona CM-in 309 və 313-cü maddələrilə ittiham verilməsi qanunsuzdur.

E.Sadıqov çıxışının sonunda məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş edib.

Məhkəmə prosesi martın 18-də davam edəcək.

Ana səhifəXəbərlərİcra başçısının güllələnməsindən yazmaq olmaz?