Source: Meydan TV

Hüseyn Abdullayev: Məni xaricdəki biznesimə görə vergidən yayınmaqda ittiham edirlər

Sabiq deputat ifadə verərkən göz yaşlarını saxlaya bilməyib

Ötən ilin aprelində Türkiyədə saxlanıb Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayev aprelin 25-də öz məhkəməsində ifadə verib. Milyonlarla manatlıq vergidən yayınma, hədə-qorxu ilə tələbetmə, dələduzluq və başqa maddələrlə ittiham olunan Hüseyn Abdullayevin işinə Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyilə baxılır.

H.Abdullayev anası Zeynəb Abdullayeva və daha 7 nəfərlə birlikdə mühakimə olunur.

Məhkəmədə vergidən yayınma ittihamı barədə danışan H.Abdullayev bildirib ki, əsassızdır, ondan xaricdəki biznesinə, orada qazandığı gəlirə görə vergi tələb edirlər. Sabiq deputatın sözlərinə görə, Azərbaycanda həm özünün, həm də anasının biznesinə görə vergi ödənilib:

"Mənə ittiham verilib ki, guya 2000-2018-ci illərdə metal biznesi ilə məşğul olub vergidən yayınmışam. Bir nəfər gətirin, desin ki, məndən 1 kilo metal alıb, ya da mən ondan 1 kilo metal almışam. Əgər olsa, mən günahkaram.

Məhkəmədən, cənab prokurordan xahiş edirəm ki, mənə qarşı irəli sürülən ittihamı izah edin. Deyin görək metal, pul məsələləri ilə bağlı ittihamlar hardan gəlir, səbəb nədir? Mən vaxtilə əlvan və qara metal biznesi ilə məşğul olmuşam. Bu, 1991-1998-ci illərdə olub. O zaman Ukraynada metal biznesi ilə məşğul olmuşam, oradan əlvan və qara metalı başqa ölkələrə ixrac etmişəm. Ən çox mal ixrac edən biznesmenlərdən biri idim. Həmin ərəfədə 1991-ci ildə Culfa ilə İran sərhəddində geniş ticarət əlaqələri qurdum və biznesə orada da davam elədim.

Mənə ilk ittiham Nəriman Nərimanovun heykəlinin yanındakı başıbəlalı binaya görə verilib. 2005-ci ildə deputat seçildiyim üçün qanun mənə bizneslə məşğul olmağa icazə vermirdi. Buna görə də biznesimi anamın və atamın adına keçirtdim. Onlar bu işi davam etdirdilər. Həmin ərəfədə isə cəmi bir bina, diqqətlə dinləyin, cəmi bir bina tikdilər. O binanın da bütün ödənişləri edilib, vergilər ödənilib".

H.Abdullayevə vergi ittihamı verilən epizodlardan biri onun anasının adına olan "Araz" MMC-nin fəaliyyəti dövründə 1 milyon 269 min manat vergidən yayınmasıyla bağlıdır. Amma məhkəmədə həm H.Abdullayev, həm də anası vergini tam ödədiklərini bildirib. Deyirlər ki, vergi orqanı o məbləği alsa da, rəsmiləşdirməyib.

H.Abdullayev həmçinin Şıxov çimərliyi yaxınlığında 13.8 hektarlıq ərazinin 2011-2017-ci illər üçün 171 min 500 manqtlıq torpaq vergisini ödəməməkdə təqsirləndirilir. Bundan başqa, sabiq deputat ayrıca fiziki şəxs kimi də 22 milyon vergidən yayınmaqda ittiham olunur.

H.Abdullayev ifadəsində bu ittihamları da rədd edib: "Əvvəla, o torpaq sahəsi 13.8 hektar yox, 4.3 hektardır. Rəsmi sənədlər var. O ərazi bizdə olan vaxta qədər də vergisi ödənilib. 2013-cü ildə o ərazini zəbt ediblər. İndi orada yük maşınları saxlanılır. Bizim olmayan torpağa görə vergi ödəməli idik? Məni xaricdəki biznesimə görə vergidən yayınmaqda ittiham edirlər. Mən Azərbaycanda ancaq deputat olana qədər bizneslə məşğul olmuşam. Burada utopik rəqəmlər, fikirlər var. Başa düşmürəm ki, bu rəqəmlər haradan çıxıb? Xaricdə qazanıramsa, ölkədəki vergidən yayınıram? Ailəmin, qohumlarımın adına olan əmlaklar, xaricdə olan bank hesablarımdan, xaricdəki biznesimdən pul köçürmələrinin hamısını üst-üstə gəlib, özlərindən rəqəmlər düzəldiblər. İsveçrə və Almaniyada olan hesablarımın bura nə dəxli var?"

Ötən il aprelin 21-də Türkiyədə qanunsuz saxlanıb Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verildiyini deyən H.Abdullayevin sözlərinə görə, o, heç "İnterpol" xətti ilə axtarışa verilməmişdi: "Bu addımla BMT-nin Cenevrə Konvensiyasının şərtləri pozulub".

Sabiq deputat keçmiş fəaliyyətindən də danışıb: "1992-ci ildən doğulduğum Naxçıvan Muxtar Respublikası ağır blokadada olanda İnkişaf və Müdafiə Fondunun əsas sponsorlarından biri olmuşam. O zaman etdiyim yardımlarla əsgərləri geyim və ərzaqla təmin etmişəm. Bununla da hər zaman fərx etmişəm. Diqqətinizə çatdırım ki, ölkənin rəsmi olaraq, ilk milyonçularından biri olmuşam".

Sabiq deputat ona verilmiş hədə-qorxu ilə tələbetmə ittihamına münasibət bildirərkən bunu "biabırçılıq" adlandırıb: "Mən necə bir insan olduğumu, hansı imkanlara sahib olduğunu qeyd etdim. Sizcə, belə bir adam kimdənsə 3 min manatı hədə-qorxu ilə tələb edər, belə utancverici iş görər? Mən o günə qalmışam? Bu biabırçılıqdır. Mənim anamın və atamın adına olan mülklərin qanunsuz yollarla əldə edilmiş pullarla alındığı yazılıb. Axı bu qədər ədalətsizlik, haqsızlıq, belə bir biabırçılıq olmaz".

Danışarkən göz yaşlarını saxlaya bilməyən H.Abdullayev ifadəsinin davamında 2013-cü ildə Almaniyadan siyasi sığınacaq almasından danışıb: "Qanunsuz təzyiqlərdən sonra sığınacaq istədim. Almaniya hökuməti də sağolsun ki, ədalətli araşdırma aparıb razılıq verdilər".

Sabiq deputat ifadəsinin sonunda deyib ki, vaxtilə dəstək verdiyi, kömək etdiyi insanlar elədiklərini unutdular: "Amma eybi yoxdur. Buna görə təəssüflənmirəm də.

Hamının nəzərinə çatdırmaq istəyirəm ki, mən bütün gəncliyimi dövlətçiliyimizə qurban vermişəm. Onun möhkəmlənməsinə, qorunub saxlanmasına xidmət etmişəm. Ölkədə kriminal dəstələrin baş qaldırdığı zamanda özümün, ailəmin həyatını təhlükəyə ataraq fəaliyyət göstərmişəm. Heç vaxt buna görə peşman olmamışam. Hamı bilsin ki, bircə dəfə də olsun dövlətimizə xəyanət etməmişəm. Dövlətçiliyin əleyhinə bir addım belə atmamışam. Mənə olan təzyiqlərin nəticəsi olaraq atamı itirdim, əmlaklarım zəbt edildi. Bütün bunları Allah götürməz. Mən məhkəmədən razıyam. Məhkəmənin ədalətinə inanıram..."

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/50ayjv

Most Viewed