“Hökumət, əgər gələn il vergi dərəcələrini artırmağı düşünürsə, çox böyük səhv edir”

“Ancaq anlaya bilmir ki, bu, nəyin hesabına, hansı sahələrdə vergilərin artırılması bahasına başa gələcək”

Foto: Meydan TV


Natiq Cəfərli: “Əgər hökumət vergi “ağardılması” hesabına yığımı artıracağını düşünürsə, bu da inandırıcı deyil”

2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon, xərclərinin 28 milyard 974 milyon, kəsirin isə 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır.

Maliyyə Nazirliyi 2022-ci ilin ilkin büdcə parametrlərini açıqlayıb. Sənəddə 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozlar, büdcə-vergi siyasətinin əsas istiqamətləri, dövlət büdcəsinin prioritet gəlir və xərcləri, dövlət borcuna dair əsas məlumatlar var.

Sənəddə bildirilir ki, 2022-ci ildə dövlət büdcəsinin 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılan gəliri ÜDM-in 32,5 faizini təşkil edəcək. Üstəlik, növbəti il üçün gəlirlərin proqnozlaşdırılan həcmi bu ilin göstəricisinə nəzərən 3,8 faiz çoxdur.

Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcəyi bildirilir. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi bildirilir.

Vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaların artımını 2021-ci ilin təsdiq olunmuş göstəricisinə (Mərkəzi Bankın mənfəətindən ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert çıxılmaqla) nəzərən 1 milyard 844 milyon manat və ya 19,3 faiz proqnozlaşdırmağa imkan verir.

2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha 45 ABŞ dollarına bərabər götürülüb.

2022-ci ildə dövlət büdcəsinin xərcləri 2021-ci ilin göstəricisindən 1,5 faiz artıqdır – 28 milyard 974 milyon manat məbləğində (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılıb. Xərclərin 68,7 faizini cari xərclər, 24,7 faizini əsaslı xərclər, 6,6 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir. Qeyd olunan dövrdə əsasən əməyin ödənişi və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5 faizlik artımı, əsaslı xərclərin 14,1 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin isə 13,0 faiz azalması proqnozlaşdırılır.

Dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə strukturunda ən çox paya iqtisadi fəaliyyət (18,64 faiz), müdafiə və milli təhlükəsizlik (15,5 faiz), ümumi dövlət xidmətləri (14,7 faiz), təhsil (12,9 faiz), sosial müdafiə və sosial təminat (12,4 faiz) xərcləri malikdir.

2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilə baxanda 17,6 faiz az olmaqla – 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır. Bu da ÜDM-in 3,2 faizini təşkil edəcək.

2022-ci ildə icmal büdcənin gəlirləri 26 milyard 967,7 milyon manat, xərcləri 32 milyard 145,9 milyon manat, kəsiri isə 5 milyard 178,2 milyon manat səviyyəsində proqnozlaşdırılır.

İqtisadçı Natiq Cəfərli deyir ki, 2022-ci il büdcə daxilolmaları ilə bağlı bir məqam diqqətini çəkib:

“2021-ci il büdcəsində vergilər xətti ilə 7 milyard 250 milyon manat daxilolmalar nəzərdə tutulub. Çox güman, ili təqribən 7,5 mln. manat yığımla başa vuracağıq. Amma 2022-ci il büdcəsində vergilər xətti ilə daxilolmalar 9 milyard 138 milyon manat proqnozlaşdırılır. Bu il ilə fərq 1 milyard 888 milyon manat təşkil edir. Sözün qısası, hökumət gələn il 2 mlrd. manata yaxın daha çox vergi toplamağı planlaşdırır”.

natiq cafarli.jpg
Natiq Cəfərli

İqtisadçı düşünür ki, bu, çox ciddi artımdır, böyük rəqəmdir. Ancaq anlaya bilmir ki, bu, nəyin hesabına, hansı sahələrdə vergilərin artırılması bahasına başa gələcək:

“Bu suala cavab yoxdur. Hökumət, əgər gələn il vergi dərəcələrini artırmağı düşünürsə, çox böyük səhv edir. Onsuz da biznes pandemiyadan zülm çəkib, onlara əlavə vergi yükü gətirmək, yumşaq desəm, insafsızlıqdır. Əgər hökumət vergi “ağardılması” hesabına yığımı artıracağını düşünürsə, bu da inandırıcı deyil – tək “ağarma” ilə 2 mlrd. əlavə vergi toplamaq mümkün deyil. Yox əgər hökumət, nəhayət ki, ƏDV-ni Gömrük Komitəsindən alıb, Vergi Xidmətinə vermək istəyirsə, bu doğru qərar olar. Məhz bu zaman belə kəskin vergi artımı proqnozu məntiqli və yerində ola bilər”.

Natiq Cəfərli deyir ki, burada da problem var. 2020-ci ildə Gömrük Komitəsi 2 mlrd. 741 mln. 485 min manat ƏDV yığıb. İqtisadçı düşünür ki, bu, nonsesndir, adı vergidir, amma Gömrük Komitəsi yığır:

“Sonra da iş adamları əvəzləşdirməkdə zülm çəkirlər. Deməli, əgər ƏDV Gömrük Komitəsindən alınıb Vergi Xidmətinə (İqtisadiyyat Nazirliyinə) verilməsi nəzərdə tutulursa, o zaman vergi daxilolmalarının 1,88 mlrd.manat yox, 3 mlrd. manata yaxın artımı nəzərdə tutulmalı idi. Deməli, bu məsələ də deyil. Belə çıxır ki, Azərbaycan hökuməti gələn il həm əhali, həm də biznes üçün vergi yükünü kəskin artırmağı düşünür. Bunun başqa izahı yoxdur”.

Natiq Cəfərli bildirir ki, hazırda bütün dünya pandemiyaya görə iqtisadi aktivliyin artırılması üçün vergi-gömrük güzəştləri, biznesə, əhaliyə böyük yardım paketləri qəbul edir. Ancaq Azərbaycan hökuməti əhalini və biznesi daha çox “soymağı” düşünür:

“Hökumət çıxsın normal açıqlama versin ki, vergi daxilolmalarının 2 mlrd. manata yaxın artırmağı hansı mənbəələr hesabına nəzərdə tutur”.

Ana səhifəİqtisadiyyat“Hökumət, əgər gələn il vergi dərəcələrini artırmağı düşünürsə, çox böyük səhv edir”