Yadigar Sadıqlı

Source: Foto: Meydan TV

Caption: Yadigar Sadıqlı

Heydrixin qətli və Lidiçe qırğını

Almanlar bütün cəhdlərə baxmayaraq, diversantların izinə düşə bilmədilər

1938-ci il sentyabrın 29-dan 30-na keçən gecə İngiltərə və Fransa Hitlerin ultimatumu qarşısında biabırçı mövqe sərgiləyərək Münhen müqaviləsini imzaladı (Almaniya və İtaliya ilə birlikdə). Sənədə əsasən Çexoslovakiyaya məxsus, sakinlərinin əksəriyyəti almanlar olan Sudet vilayəti Almaniyaya verilirdi. Bunun müqabilində İngitərə və Fransa Çexoslovakiyanın təhlükəsizliyinə təminat verdilər.

1939-cu ilin martın 14-də Slovakiya ayrılaraq müstəqilliyini elan etdi. Martın 15-də isə Almaniya Çexiyanı işğal etdi, Bohemiya və Moraviya protektoratlığı adı altında Üçüncü reyxin tərkibinə qatdı. İngiltərə və Fransa da verdikləri təhlükəsizlik təminatının bütöv Çexoslovakiyaya aid olması, dövlətin parçalanması üzündən qüvvədən düşməsi kimi daha bir birabırçı mövqe tutdular.

Protektoratlıq guya muxtariyyətə malik idi, onu etnik çexlər idarə edirdilər, Çexoslovakiyanın prezidenti Emil Haxa indi protektoratlığın prezidenti sayılırdı. Gerçək hakimiyyət isə Berlindən təyin edilən canişinə - reyxsprotektora məxsus idi. İşğaldan 6 gün sonra, martın 21-də Almaniyanın keçmiş Xarici işlər naziri Konstantin fon Neyrat ilk reyxsprotektor təyin edildi. 1941-ci ilin sentyabrında Hitler Neyratın guya mülayim siyasətindən narazı qalaraq İmperiya Təhlükəsizliyi Baş İdarəsinin (Reichssicherheitshauptamt - RSHA) rəisi Reynhard Heydrixi ona müavin təyin etməyi qərara aldı.

Heydrix nasist rejimində əsas başkəsənlərindən biri hesab olunurdu və təsadüfi deyil ki, Neyrat bu təkliflə razılaşmayaraq istefa verdi. Amma Hitler istefanı qəbul etməyərək onu müddətsiz məzuniyyətə göndərdi. Heydrix isə reyxsprotektorun səlahiyyətlərini icra etməklə müavin təyin olundu.

Onun dövründə nasist rejimin çexlərə münasibətdə siyasəti xeyli sərtləşdi. Protektoratlığın Baş naziri Alois Eliaş həbs edildi, hökumət daha almanpərəst adamlardan təşkil olundu və marionetkaya çevrildi. Yəhudilərin vəziyyəti ağırlaşdı, onlar üçün Çexiya ərazisində Terezin həbs düşərgəsi yaradıldı. Etibarsız hesab edilən çexlər də həbs olundular.

***

Münhen sazişi imzalanarkən Çexoslovakiyanın prezidenti Edvard Beneş idi. O, əvvəlcə bu sazişə etiraz etdi, amma alman-çexoslovak müharibəsinin başlayacağı halda İngiltərə və Fransanın bitərəf qalacaqları barədə xəbərdarlığından sonra şərtləri qəbul etdi. Oktyabrın 5-də isə istefa verərək mühacirətə yollandı.

İkinci dünya müharibəsinin başlanmasından 1 ay sonra, 1939-cu ilin oktyabrında Beneş mühacir Çexoslovakiya hökumətini yaratdı. Bu hökumət tədricən antihitler koalisiyası tərəfindən Çexoslovakiyanın qanuni təmsilçisi kimi tanındı. Beneş hökuməti istər ölkə daxilindəki müqavimət hərəkatının, istərsə də İngiltərə və SSRİ qoşunlarının tərkibində döyüşən çexoslovak dəstələrinin rəhbəri sayılırdı.

İngiltərə ərazisindəki çexlər və slovaklardan Çester yaxınlığındakı düşərgədə diversantlar hazırlanırdı. Mühacir hökuməti öz nüfuzunu qaldırmaq üçün onlardan istifadə edərək Çexoslovakiya ərazisində diversiyalar təşkil etməyi planlaşdırırdı. Belə diversiyalardan biri də Reynhard Heydrixin qətli olmalı idi.

"Antropoid əməliyyatı" adını alan qətlin icraçılarının birinin çex, digərinin isə slovak olması nəzərdə tutulurdu ki, bunun da simvolik mənası vardı. Əvvəlcə slovak Yozef Qabçik və çex Karel Svoboda seçildilər. Amma sonuncu məşqlərdən birində xəsarət aldığı üçün başqa bir çexlə, Yan Kubişlə əvəzləndi.

Qabçik və Kubiş 1941-ci il dekabrın 28-də digər iki qrup diversantla birlikdə İngiltərədən uçdular və 4 saat sonra paraşütlə Çexiya ərazisinə endilər. Burada onlar öncə Plzen, sonra isə Praqaya gedərək Müqavimət hərəkatının yerli nümayəndələri ilə əlaqə yaratdılar.

Yerli nümayəndələr qətl planı ilə tanış olduqda buna etiraz etdilər. Onlar Londonla əlaqə saxlayaraq Heydrixin öldürülməsinin ümumi işə elə bir xeyir verməyəcəyini, əvəzində almanların əhaliyə qarşı repressiyalarının güclənəcəyini söylədilər. Amma Beneş etirazları qəbul etmədi.

***

Əməliyyatın planını hazırlamaq beş ay çəkdi. Bir neçə variant gözdən keçirildikdən sonra Heydrixi şəhər kənarındakı iqamətgahından iş yerinə gələrkən öldürmək qərara alındı. Bu yolun bir hissəsində sərt dönüş vardı, üstəlik eniş idi və buna görə sürücü avtomobilin sürətini dayanmaq həddinə qədər azaldırdı. Məhz həmin zaman sui-qəsd həyata keçirilməli idi.

Mayın 27-də Heydrix iqamətgahından çıxaraq Praqaya doğru hərəkət etdi. Onun üstüaçıq (kabriolet) avtomobilində özündən başqa yalnız sürücü var idi. Protektoratda hər şeyin öz nəzarətində olduğunu, Müqavimət hərəkatını məhv etdiyini düşünən canişin mühafizəyə ehtiyac görmürdü. Qarşıda isə onu silahlı diversantlar gözləyirdi.

Qabçik və Kubiş tək deyildilər. Daha bir diversant - Yozef Valçik döngədən təxminən 100 metr öndə gözləyirdi və saat 10.30-da Heydrixin maşınını uzaqdan görən kimi kiçik güzgü ilə günəş şüasını yönləndirərək sui-qəsdçilərə işarə verdi.

Avtomobil döngədə sürətini minimuma qədər azaltdıqda Qabçik onun önünə keçərək əlindəki Sten avtomatı ilə Heydrixi güllələmək istədi, amma avtomat ilişdiyindən atəş açılmadı. Bu zaman Heydrix həlledici səhvə yol verdi. O, sürətlə hadisə yerindən uzaqlaşmaq əvəzinə avtomobili durdurdu və tapançasını çıxararaq Qabçiki güllələmək istədi. Amma bu zaman Kubişin atdığı bomba sağ arxa təkərin yanında partladı. Onun qəlpələri ilə yanaşı avtomobilin metal qırıntıları Heydrixin bədəninə daxil olaraq yaraladı.

Heydrix və sürücüsü sui-qəsdçiləri təqib etməyə çalışdılar. Amma peysxprotektor yaralar üzündən taqətdən düşərək dayandı. Sürücünü isə Qabçik ayağından yaraladı. Beləcə, hər iki diversant hadisə yerindən qaça bildilər. Bir qabırğası sınan, ağ ciyəri və dalağı zədələnən Heydrix yoldan ötən bir avtomobil vasitəsilə Bulovka hospitalına gətirildi.

Burada əməliyyat olunan canişinin dalağı çıxarıldı. Heydrixin bilavasitə rəisi olan Henrix Himmlerin şəxsi həkimi də həmin gün özünü Praqaya yetirdi. O, ağrıları azaltmaq üçün morfin vurulmasını tapşırdı. Xəstənin vəziyyəti bir müddət yaxşılığa doğru getdi, amma iyunun 3-də komaya düşdü və ertəsi gün keçindi. Ölümə səbəb olaraq sepsisdən doğan poliorqan çatışmazlığı göstərildi. ABŞ-da artıq kütləvi istehsal olunan, lend-lizlə SSRİ-yə də ötürülən penisillin almanlarda da olsaydı, "holokostun memarı" xilas edə bilərdi.

***

Heydrixə qəsddən dərhal sonra Praqadakı SS və polis qüvvələrinin rəisi Karl Frank fövqəladə vəziyyət elan etdi və əhaliyə qarşı repressiyalara başladı. Canişin ölənə qədər artıq 157 çex güllələnmişdi. Onun ölümündən sonra güllələnənlər arasında isə keçmiş Baş nazir Alois Eliaş da vardı. Hitler qisas olaraq 10 minə qədər çexin öldürülməsini istədi, amma yaxınları ilə məsləhətləşmələrdən sonra belə bir addımın zərərli olacağı qənaətinə gəldi.

Almanlar bütün cəhdlərə baxmayaraq, diversantların izinə düşə bilmədilər. Belə olduqda onlar hər hansı bir faydalı informasiya üçün 1 milyon reyxsmarka həcmində mükafat təyin etdilər. Olduqca böyük olan bu məbləğ Müqavimət hərəkatının üzvlərindən birini, 1942-ci ilin martında paraşütlə Çexiyaya atılan Karel Çurdanı həvəsləndirdi.

O, iyunun 16-da Praqadakı gestapo şöbəsinə gələrək çexoslovak vətənpərvərlərinə kömək edənlərin adlarını açıqladı. Heydrixin qatilləri bu ünvanlarda tapılmasalar da, həbs olunanlardan işgəncə yolu ilə Kubiş, Qabçik və daha 5 nəfərin Müqəddəs Kiril və Mefodi kilsəsində gizləndiklərini öyrənmək mümkün oldu.

Kilsəni mühasirəyə alan almanlarla paraşütçülər arasında 8 saat davam edən atışma oldu. Almanlar əlverişsiz mövqeni nəzərə alaraq birbaşa hücuma keçmir, düşməni itkisiz zərərsizləşdirməyə çalışırdılar. Yalnız tapançaya malik olan çexoslovaklardan 6 nəfər son patronu özlərinə saxlayaraq intihar etdilər. Yalnız Kubiş döyüşdə aldığı yaralardan həlak oldu.

Almanlar Kubişin bütün ailə üzvlərini həbs edərək güllələdilər (Qabçikin qohumları "müstəqil" Slovakiyanın vətəndaşları sayıldıqlarından onlara toxunulmadı). Ümumilikdə Çurdanın xəyanəti nəticəsində 254 nəfər həyatını itirdi. Amma daha dəhşətli cinayət onun xəyanətindən və sui-qəsdçiləri yeri hələ müəyyən olunmamış baş vermişdi.

***

İyunun 3-də gestaponun əlinə keçən bir məktuba əsasən diversantlara Praqadan 20 km uzaqlıqda yerləşən Lidiçe sakinlərinin kömək edə biləcəyi şübhəsi yarandı. Amma araşdırmalar bu şübhələrin əsassız olduğunu və sözügedən məktubun Heydrixə qəsdlə heç bir əlaqəsi olmadığını ortaya qoydu.

Bununla belə Karl Frank və Heydrixin yerinə təyin olan Kurt Daluge Lidiçedə qisas aksiyası həyata keçirməyi qərara aldı. İyunun 9-da Heydrixin dəfn mərasimində Hitlerlə görüşən Frank öz planını açıqladı və fürerdən təqdir aldı. O, özü Çexiyaya qayıtmamış müvafiq göstərişlər verdi.

Həmin gün axşam Lidiçe kəndi almanlar tərəfindən mühasirəyə alındı. Kəndə giriş və çıxış qapandı. Ertəsi gün 15 yaşdan yuxarı kişi cinsindən olan sakinləri güllələndi. Həmin gün 173, sonrakı günlərdə isə daha 19 (dindirilmə üçün saxlanılanlar və qətliam zamanı kənddə olmayanlar) kişi öldürüldü.

203 qadın və 105 uşaq Lidiçe məktəbində saxlanıldılar. Daha sonra qadınlardan 184 nəfəri Ravensbrük həbs düşərgəsinə göndərildilər. Ümumən 60 lidiçeli qadın repressiyalar nəticəsində həyatını itirdi.

105 uşaqdan 23 nəfər alman ailələrinə verilmək üçün ayrıldılar. Onlardan da altısı alman uşaq evlərində vəfat etdi. 82 uşaq isə Polşanın Lodz şəhəri yaxınlığındakı Xelmno ölüm düşərgəsinə gətirildilər və burada qaz kamerasında öldürüldülər. Beləcə, Lidiçe cinayətinin qurbanlarının sayı 340 nəfər oldu. Almanlar sakinlərin öldürülməsi ilə kifayətlənməyərək kəndin bütün tikililərini yandırdılar və uçurdular. Onlar Lidiçenin adının silinməsinə nail olmaq istəyirdilər.

İyunun 24-də isə cəmi 8 evdən ibarət olan Lejaki kəndinə divan tutuldu. Heydrixin qətlində iştirak edən diversantların ratsiyası bu kənddən tapılmışdı. Kəndin 15 yaşdan böyük olan 33 nəfər kişili-qadınlı əhalisi güllələndi. 13 uşaqdan yalniz ikisi alman ailəsinə verilmək üçün götürüldü. Qalanları isə Xelmnoda qaz kamerasında öldürüldülər.

Nasistlərin qisas aksiyası nəticəsində ümumən 201 qadın olmaqla 1331 nəfər çexin öldürüldüyü iddia olunur. Tarixçilər və digərləri belə qurbanlar fonunda Heydrixin öldürülməsinin nə qədər gərəkli olduğu barədə indiyə qədər mübahisə edirlər.

***

Karl Frank müharibənin sonlarında amerikalılar tərəfindən əsir alındı və 3 ay sonra çexoslovaklara təhvil verildi. Törətdiyi cinayətlərə görə ölüm cəzasına məhkum edildi və 1946-cı il mayın 22-də asıldı.

Kurt Daluge isə 1946-cı ilin yanvarında Çexoslovakiyaya verildi. O, öz cinayət yoldaşı Karl Frankdan 5 ay sonra, oktyabrın 23-də asıldı.

Karel Çurda da satqınlığının cəzasını çəkdi. Ölkədən qaçmaz istəyərkən həbs olundu və 1947-ci il aprelin 29-da asıldı.

Lidiçe isə öz əvvəlki yerindən bir qədər (300 m) aralıda bərpa edildi. 2019-cu il statistikasına görə kənddə 581 nəfər yaşayır. Köhnə Lidiçenin yerində isə memorial və muzey fəaliyyət göstərir. Burada ən təsirli eksponatlardan biri qaz kamerasında öldürülən 82 uşağa qoyulan abidədir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/xtbvmm

Most Viewed