Heydər Əliyevin seçkidəki vəkili terrorçuluqda ittiham olunur

Vəkil: “Ortada heç bir sübut yoxdur”

Source:
Heydər Əliyev və Ter-Petrosyan
Heydər Əliyev və Ter-Petrosyan


Vəkil: “Ortada heç bir sübut yoxdur”

“Nardaran işi -3” adlandırılan 12 nəfərlik qrupun apelyasiya şikayəti üzrə məhkəmə aprelin 13-də davam etdirilib.

Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə Nardaran ağsaqqallarından sayılan Eldar Bünyadovun vəkili Elxan Şükürov çıxış edib. Bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı heç bir mötəbər sübut olmadan dövlət çevrilişinə cəhd, ölkənin konstitusion quruluşunu dəyişmə, terrorçuluq kimi ittihamlar irəli sürülüb. Vəkil bildirib ki, E.Bünyadov Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə icra nümayəndəsi olub. O, eyni zamanda, mərhum prezident Heydər Əliyevin seçkilərdə vəkili olub: “Eldar Bünyadovu indi belə ağır cinayətlərdə ittiham etmək heç bir məntiqə sığmır. Ortada da heç bir sübut yoxdur. Ümumiyyətlə, adamı ittiham eləmək üçün sübut olmalıdır. Belə ağır, dövləti cinayətlərdə ittiham eləyəndə isə sübutlar ikiqat olmalıdır”.

Vəkil qeyd edib ki, E.Bünyadov təqsirsizdir və ona bəraət verilməlidir.

2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü, ilahiyyatçı Taleh Bağırzadə və digərlərinin həbs olunduğu əməliyyat E.Bünyadovun mərhum qardaşının evində keçirilib. Əməliyyatda ölənlərdən ikisi – Fərail və Rəfael Bünyadovlar onun digər qardaşının oğlanlarıdır.

Əməliyyat keçirilən evin sahibi olan qardaşının oğlu Əbülfəz Bünyadov isə həmin gün aldığı iki güllədən sonra hərəkət qabiliyyətini tamamilə itirib.

Lənkəranda fəaliyyət göstərmiş ilahiyyatçı Elman Ağayevin vəkili Akif Əliyev də çıxış edərək bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı ittihamlar saxtadır. Təqsirləndirilən şəxslərdən etiraf ifadələrinin işgəncə altında alındığını deyən vəkil hesab edir ki, konkret adamlar vardı ki, onları həbs eləmək əvvəlcədən planlaşdırılmışdı. Nardaran hadisələri bunun üçün bəhanə oldu:

“Balaca bir qəsəbənin sakinlərinin çevriliş etmək istədiyi barədə yazılanlar gülməlidir. Dövlət çevrilişi Türkiyədə olanlar idi. Nardaran hadisələrində məqsədin nə olduğunu demək çətindi. Əgər Amerikaya, Avropaya nəyisə göstərmək istəyirdilərsə, o ölkələrin səfirliklərinin nümayəndələri Nardaran işi üzrə bütün qrupların məhkəmələrini gəlib müşahidə elədi, ittihamların yalan olduğunu gördülər. Hətta ABŞ Dövlət Departamenti illik hesabatında da Nardaran işindən, tutulanlara verilən işgəncələrdən yazıb. Bu adamlara əvvəlcə dövlətə xəyanət ittihamı da vermək istəyirdilər. İran məsələsini də çox hallandırırdılar. Amma sonra bu məsələdən imtina etdilər. Bəlkə də iki ölkə arasında nələrsə oldu”.

Vəkil A.Əliyev qeyd edib ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının adamların evinə silah atıb onları həbs eləmək təcrübəsi var və bu, MTN əməkdaşları haqqında araşdırmalarda da sübuta yetirildi.

Müdafiəçi Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun ilahiyyatçı E.Ağayev haqqında verdiyi xasiyyətnamədən də danışıb. Bildirib ki, icra başçısı E.Ağayevi müxtəlif cinayətlərdə ittiham etməklə kifayətlənmir, xasiyyətnamədə onun cəmiyyətdən təcrid edilməli olduğunu yazır.

Məhkəmədə icra başçısı T.Qaraşovun, ilahiyyatçı T.Bağırzadənin məhkəmədə şahid qismində dindirilməsi barədə vəsatətlər qaldırılsa da, təmin edilməyib.

“Nardaran işi-3” üzrə təqsirləndirilən şəxslərdən Zülfüqar Mikayılov 17 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Elman Ağayev, Mehman Quliyev, Faiq Allahverdiyev, Ramil Seyfullayev və Mübariz İbrahimov 13 il, Mehman Məmmədov, Əli Hüseynov, Eldar Bünyadov və Elxan Həsənov 12 il 3 ay azadlıqdan məhrum edilib. Onlar özlərini təqsirli bilmirlər və hökmdən apelyasiya şikayəti veriblər.

Ana səhifəXəbərlərHeydər Əliyevin seçkidəki vəkili terrorçuluqda ittiham olunur