Həbsdə aclıq aksiyası keçirən redaktor həkim nəzarətindədir

Penitensiar Xidmət: “Aclıq aksiyası keçirmək onun hüququdur”

Source: google.az


Penitensiar Xidmət: “Aclıq aksiyası keçirmək onun hüququdur”

Həbsdə olan “realliq.info” saytının redaktoru İkram Rəhimov doqquzuncu gündür quru aclığı davam etdirir.

“Amerikanın Səsi” radiosunun məlumatına görə, onun səhhətində ciddi problemlər yaranıb.

Jurnalist təkrar məhkəmə istintaqı olmadan onun apelyasiya şikayətinə baxılmasına etiraz olaraq avqustun 7-də aclıq elan edib.

Onun ailəsi bildirib ki, İkram Rəhimov avqustun 15-də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsindən ailəsinə zəng vurub. O, həkim nəzarəti altındadır.

“Onun təzyiqi düşüb, başgicəllənməsi yaranıb, mədəsində kəskin ağrılar baş qaldırıb, 10 kiloqramadək çəki itirib. Səhhəti çox ağırdır. Təcridxanada qida qəbul etməsi üçün təzyiq etdiklərini dedi. İkram ona qarşı edilən haqsızlıq davam etdiyi üçün quru aclığı ölənədək davam etdirəcəyini bildirdi. Danışığımız çox qısa oldu. Çünki o, danışanda çətinlik çəkirdi, səsi çox xırıltılı idi”, deyə ailə üzvü bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən İkram Rəhimovun aclıq etdiyini təsdiq ediblər.

“İkram Rəhimov bir neçə gündür aclıq edir. Aclıq etmək onun hüququdur və bu hüququndan istifadə edir. O, quru aclıq keçirmir, su qəbul edir. Tibb-sanitar hissəsinə keçirilib, həkim nəzarətindədir. Hazırda səhhətində problem yaranmayıb. Ona qida qəbulu üçün təzyiq edilməsi barədə deyilənlər isə həqiqətə uyğun deyil. İkram Rəhimov qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir, yaxınları ilə görüşür və telefonla ailəsi ilə əlaqə saxlayır”, – deyə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildiriblər.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. O, həbsindən öncə Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Məhkəmədə bunu bir daha bildirib.İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-da Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun işi üzrə ilkin iclas olub.

Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsində şahidlərin və zərəçəkənlərin ifadələri saxtalaşdırıldığına görə onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb.Həmçinin vəkil xahiş edib ki, eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizası təyin edilsin. Lakin vəsatətlər təmin edilməyib. Növbəti iclas avqustun 21-nə təyin edilib. İkram Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını bildirib.

Ana səhifəXəbərlərHəbsdə aclıq aksiyası keçirən redaktor həkim nəzarətindədir